Nina Popovanın şeirləri - TƏRCÜMƏ | MANERA.AZ
![]()
MANERA.AZ Rusiya Yazıçılar İttifaqının və Rus Ədəbiyyatı Akademiyasının üzvü, Sergey Yesenin və Vladimir Mayakovski mükafatları laureatı Nina Popovanın şeirlərini təqdim edir:
***
Gəldiyim yer üzündən,
Köçəcəyəm bir zaman.
Tanrımla görüşməyə
Könlüm can atır hər an.
Ürəyim pıçıldayır:-
“Oyan, ey qafil”- deyə.
Qızıl söyüd yarpağı
Yolundur tərəqqiyə.
Gəlirdin xəyalıma
Tanış olmasaq da biz.
Gedirik guya birgə
Uzaqlara tutub üz.
Nə biləydim ölçülüb
Ağır tale yollarım.
Sənəə əmanətimdir
Şeirim və oğullarım.
Ürək bundan üşüyür
Keçmiş tanışları xatırlayıram,
Qəlbimdə yaralar sızlayır köz-köz.
İlk qarı kürüyüb atdığım o yer,
Qranit üstündə həkk etdiyim iz.
Məni anlamayan məsləkdaşlarım
Qoşulur müəyyən dairələrə -
Dostlar, rəfiqələr çoxalan yerdə
Şənlik ödənişi dönür kədərə.
Bərabər çəkilmir orda haqq-hesab,
Bu yükü çiyninə götürən də yox.
Ürəyi üşüdən məhz elə budur,
Bax, bundan alışır ürək həm də çox.
* * *
Uşaqlığın ətrini unutmaqdan qorxuram,
Odur ki, əl atıram ən adi üsullara.
Xəyalıma gəlir ki, guya bilet almışam
Uşaqlıq illərinə aparan bir qatara.
Bu xəyali qatara yaxınlaşıb tələsik,
Otururam – illərim bir anda axıb gedir.
Pəncərə arxasından mürgülü meşə və göl,
Bir zaman yaşadığım ev məni heyran edir.
Evin dövrəsindəki torpaq qalaqlarına,
Köndələn tirciklərə al gümüş şəfəq salır.
Şüşənin o üzündən baxıb gülümsəyərək
Sükutlu qürub çağı sakitcə layla çalır.
Elə bil doğulandan tanıyıram bu yeri,
Burda hər şey mənimdi, hər şey əzizdi mənə.
Hələ də həzin-həzin nəğmə qoşur ürəyim
Doğulduğum bu evə, bir də doğma Vətənə.
Dərə
Ayaq qoycaq körpüyə - unutdum uşaqları,
Düşünmədim arxamda duran doğma kəsləri.
O qədər gözəl idi dərə işıq selində,
Qaçaq düşmüşdü məndən sanki qorxu hissləri.
Təbəssüm... gülüş... şəkil, şəkil, yenə də şəkil...
Gurladıqca sel-sular coşurduq səadətdən.
Arxayın oturaraq dağda parlaq kahada,
Yamanlıq gözləmirdik bu dilbər təbiətdən.
Qəfil uçdu bu körpü, genişləndi boz dərə,
Bu nəhəng dalğalara necə gərəsən sinə?
Anamı səsləməyə fürsət tapmadım belə,
Günəş itdi, atıldım bir zülmət tələsinə.
Ancaq bu dar məqamda kimsə irəli düşüb
Bircə anın içində qabaqlayaraq məni
Toxunub bədəniylə kələ-kötür daşlara
Kəsdi müdhiş ölümün buz kimi nəfəsini.
Sağsan?... Sağam! Bəsə sən? – nəfəsim gəlmir artıq,
Küçüktək yalayıram üz tutub dağa-daşa.
Çağırıram, nə fayda cavab gəlmir anamdan
“Mənə kimlər qarğadı?” – bir adam yox soruşam.
Yüksəklik
Uça-uça keçirəm sonsuzluqlar içindən,
Oxşayır qulağımı şən ulduz nəğmələri.
Sərnişinlər əyləşən yumşaq kreslolara
Qurşaq kimi sarılır zərif Ağ yol kəməri.
Sanki vəşi bir quşun bətnində yüz boğazla
Çığıran balaların doğulmaq istəyi tək,
Mənim könlüm can atır azadlığa hər zaman
Səmada bircə qartal bağırtısı eşitcək.
* * *
Günəşin zərif – gözəl əsmər bilərzikləri
Qonur gözlü, dəlisov, boz səhra küləkləri...
Səadət, uzun yollar qət edib yorularaq,
Ömürlərə yol açır pişik tək cırmaq-cırmaq.
Pəncərəni taybatay açım bu göyərçinə,
Bir az zümzümə etsin, qulaq verim səsinə,
Süzüb – ötsün qərarsız yaşıl məxmər çəməndə
Yasəmən ətri qoxan dan yeri söküləndə.
Ümid əli uzatsın ümidsiz ürəklərə,
Pəncərəmi boyasın tül tək maviliklərə.
Oyansın çoxdan bəri donuq, susqun həyatım,
Ərisin ürəyimi heydən salan buz qatı.
Yuxu
Qarışaraq yağmura masmavi ənginlikdə
Buludların üstündə ayaqyalın qaçaram.
Tumarlayıb xəlvəti lilə bulanmış Ayı,
Bal tək süzülüb axan şəfəqləri qucaram.
Fırladıb göy üzündə azacıq oynatmağa
Zər ulduz yağışından qızıl hörük hörərəm,
Bu səma cənnətindən qoparıb bircə parça
Dan yeri söküləndə sənə pay gətirərəm.
Bağışlayan ürək
Sonsuzdur arzu-əməl,
Yarıya bölür fələk.
O yerdə qanad açır
Bağışlayan bir ürək.
Aparacaq o ürək
Səni maviliklərə.
Sönməyən gur ocağa,
Nəğməli küləklərə.
Bağışlayan bir ürək
Barışa qaçır ancaq.
Bilir ki, müşkül işdir
Bir qanadla yaşamaq.
Adı qayğı selindən
Keçən ağ gəmicikdir.
Bir içim sevgi uman
Bağışlayan ürəkdir.
Səadət zərrəsindən
Şəfəqlənib nurlanır.
Sənin qayğınla hər an
Şamtək alışıb yanır.
Rus dilindən tərcümə edəni: Rəfiqə Şəms