manera.az
manera.az

Meşə adamı - Nobel mükafatçısının hekayəsi

Meşə adamı - Nobel mükafatçısının hekayəsi
MANERA.AZ 1946-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Herman Hessenin "Meşə adamı" hekayəsini təqdim edir.

Ən qədim dövrün başlanğıcında, o zamanlar hələ insanlıq yer üzündə məskən salmamış meşə adamları var idi. Vəhşi tropik meşələrin alaqaranlığında onlar hövlnak, bir-birinə sığınıb, daima öz yerliləri olan meymunlarla ədavətdə yaşayırdı, davranış və varlıqları üzərində isə yalnızca mövcud bir tanrı və bir qanun dururdu: Meşə. Meşə yuva və sığınacaq, doğulduqları ocaq, yurd və məzar idi və meşədən kənar həyatı bir kimsə ağılına gətirə bilmirdi.

Meşənin ucqarlarına yaxınlaşmaqdan çəkinirdilər, əgər ovçu və ya qaçağın taleyi bu kənarlardan yolunu salırdısa, qayıdanda o, gördüyü anlaşılmaz ağ boşluqlar haqda, qızmar günəş alovundakı parlayan vahiməli Yoxluqdan ürkək və tirəyə-titrəyə danışardı. Meşə adamları arasında onilliklər əvvəl yırtıcı heyvanlardan canını qurtarıb Meşənin o kənarlarına qaçmış və həmin andaca kor olmuş bir qoca vardı. O, indi bir növ kahin və müqəddəs sayılır. Və onun adı “daxili gözlə görən” mənasını verən Mata Dalamdır. O, müqəddəs meşə barədə mahnı qoşurdu, güclü külək əsəndə və özünə itaət edəndə oxumaq üçün. O, Günəşi öz gözləri ilə görüb, amma ölməyib – bu onun şöhrəti və sirri idi.

Meşə adamları balacaboy, əsmər və sıx tüklü, beli bükük halda gəzirdilər və heyvanlara xas iti, ürkək gözlərə sahib idilər. Onlar insan kimi yeriməyi və meymun kimi ağaca çıxmağı bacarırdılar, yerdə olduğu kimi Meşənin hündür budaqlarında yaşamağa alışmışdılar. Hələ nə ev, nə bir daxma bilirdilər, tanıdıqları ancaq yaraq, bir neçə silah və bəzək əşyaları idi. Yay düzəltmək, ox atmaq, möhkəm ağacdan nizə, toppuz düzəltməyin lazım olduğunu anlamışdılar. Quru üzüm və fındıqlarla liflərdən boyunbağı gəzdirir, üstəlik, boyun və ya saçlarından zinətlərini sallayırdılar: qaban dişi, pələng dırnağı, tutuquşu lələyi, dəniz balıqqulağı.

Ucsuz – bucaqsız Meşənin yanından vəhşi suları ilə sel axırdı, ancaq hava qaralandan sonra cürət edib meşə adamları sahilə yaxınlaşardı, çoxları heç çayı görməmişdi. Cəsurlar ildə ayda bir dəfə gecə sahilkənarı sıx ağaclıqda pusquda durur və hərdənbir sahilə gəlirdilər. Buralarda toran, zəif bala fillərin çimməyini görür, sallanmış budaqlara göz gəzdirir, ürkək ormanın qollu – budaqlı manqo ağaclarında işaran parıltılı ulduzlara tamaşa edirdilər. Günəşi heç zaman görməmişdilər və yay vaxtı isə sudakı əksinin seyri sonsuz təhlükə sayılırdı.

Kor Mata Dalamın başçılıq etdiyi o meşə adamı tayfasına Kubu adlı bir dəliqanlı cavan da mənsub idi və o, başçı kimi gəncliyin və narazıların təmsilçisi idi. Mata Dalam yaşlaşıb hakimiyyət hərisinə çevriləndən bəri isə narazılar çoxalmışdı.

Əvvəllər onun digərlərindən bir üstünlüyü var idi: kor olduğu üçün onu həmtayfaları qida ilə təmin edirdi, başqaları qocanın yanına məsləhət üçün gəlir, onun Meşə nəğmələrini oxuyurdular.

Zaman keçdikcə tayfada ağır adətlər yaranırdı, guya bunları yuxuda meşə tanrısı buyururmuş. Lakin içərilərində gənc və bəzi inamsızları iddia edirdi ki, qoca yalançıdır, yalnız öz xeyrini güdür.

Mata Dalamın qoyduğu ən yeni qanun Hilal Ay bayramı idi, o gün qurulmuş dairənin ortasında oturub, üstünə öküz dərisi çəkilmiş nağaranı döyəcləyirdi. Qalan meşə adamları isə dairə boyu “qolo ela” (golo elah) çalıb oxumalı, ölümcül yorğunluqdan diz çökənə qədər oynamalı idilər. Bu zaman hər kəs tikan ilə sol qulağını deşməli idi, gənc qızlar isə qoca rahibin yanına gətirilir və o, beləcə tikanı hər birinin qulağına batırırdı.

Kubu və onun bir neçə köhnə yoldaşı birlikdə bu adətdən boyun qaçırır və səy göstərirdilər ki, cavan qızları da müqavimətə inandırsınlar, onlar qocanın dediyi ilə oturub durmasınlar. Və bir gün ümid parladı, düşündülər ki, qalib gələ və qoca rahibin hakimiyyətini yıxa bilərlər. Qoca növbəti dəfə Hilal Ay bayramında qızların sol qulağını deşirdi. Gözlənilmədən cavan qızlardan biri var gücü ilə qışqırır, qocanı itələyir və bu əsnada o, kor olur. Qız müqəddəs tikanı onun gözünə batırmış, qocanın gözü tökülmüşdü. İndi qız məyusluq içində elə çığırdı ki, hamı ona yaxın qaçdı, nə baş verdiyini anlayanlar təslim olmuş kimi yerindəcə donub qaldı, susdular. Cavanların triumf anı ara qarışdı, Kubu qoca rahibin çiynindən tutmaq istəyəndə, o, yerindən qalxdı, təbilinə sarılıb cır, qulaqbatırıcı səslə elə bir dəhşətli qarğış etdi ki, qorxuya düşüb hərə bir tərəfə qaçmağa başladı. Bu an cavanın ürəyi sanki dondu.

Hiddətlənmiş Qoca rahib heç kəsin dəqiq mənasını anlamadığı, ürküdücü tərzdə müqəddəs sözləri xatırladan, vəhşi və kobud tanrıya sitayiş, ovsun səsləri çıxardı. Bu tərzdə rahib gənclərin gözlərinə lənət də yağdırır, leşyeyən kərkəslərə yem olacaqlarını bağırırdı və içalatlarına qarğış edirdi,

O, peyğəmbərlik etdi ki, onları ucsuz – bucaqsız tarlada bir gün Günəş yandıracaq. Beləcə, bir göz qırpımında hakimiyyətini geri almış rahib ardınca əmr etdi ki, itaətdən boyun qaçıran o qızı yenidən hüzuruna gətirsinlər.

O, tikanı qızın o biri gözünə batırır, hər kəs dəhşət içində nə baş verdiyini seyr edir, heç kəs nəfəs almağa cürət belə etmirdi.

„Sən öləcəksən“ – qoca, Kubuya qarğış dedi, hamı ümidsiz halda yana çəkildi. “Çöl“ – bu vətəndən qərib düşmək, tutqun meşədən uzaq düşməkdir. “Çöl“ – Qorxu, qızmar Günəşin alovu və parlayan, ölü Boşluq demək idi.

Kubu meydanı pərt halda tərk edir. Görəndə hər kəs ondan yan gəzir, bir müddət nəhəng ağacın koğuşunda gizlənir ki, onu itmiş bilsinlər. Gecə – gündüz koğuşda uzanır, bir tərəfdən inadkarlıq, tərəddüd, digər tərəfdən ölüm qorxusu onu təqib edir, adamlar bura gələr, öldürər ya da Günəş özü izləyər, ələ keçirib tələf edər, Meşə isə məhv olar.

Nə ox, nə nizələr, nə parlaq günəş şüaları onu arayırdı, tükənmək və heyvani aclıq hissi tapmışdı. Kubu ağacdan endi, aclıq və yanaşı bir məyusluq vardı.

“Müqəddəs lənətləri ilə bir heçdir“, təəccüblə fikirləşdi, bir qədər yemək axtarmağa başı qarışdı, aclığını öldürdükdən sonra, həyat eşqi bədəninə qayıtdı, yenidən ruhunda qurur və kin oyandı. İndi Özününkülərə dönmək yox, yalqız, tək qalmaq istəyirdi, həm də qisas hissi ilə yanırdı. Kin bəslədiyi rahibə, o kor axmağa qarğış etdi.

O, ətrafı dolanır və yada salırdı, onun şübhələrini oyadan və yalan olan hər şey haqqında, ən çox da müqəddəsin barabanı, bayram haqda düşünürdü. Düşündükcə də daha çox təkliyə alışır, bir o qədər hər şeyi aydın görə bilirdi: bəli, hiylə, hər şey sadəcə və sadəcə, yalan və hiylə idi. Anladı, artıq bunlar çox- çox geridə qalıb, yaranan inamsızlıq isə tamamilə həqiqət və müqəddəs sayılan hər şeyə yönəlmişdi. Meşə tanrısı və ya ortaya çıxmış müqəddəs meşə nəğmələri necə bir şeydir? Bəli, onlar da heçdir, cəfəngiyyatdır!

Və gizli xofa qalib gəldi, Meşə nəğmələrinin rişxənd edərək istehza ilə oxumağa başladı, sözlərini bir – birinə qataraq tərsinə dedi, üç dəfə Meşə Tanrısının adını qışqırdı, bir səs çıxmadı, ətrafdakı sakitlik heç pozulmadı və nə tufan qopdu, nə ildırım çaxdı.

Azaraq bir neçə gün nabələd yerləri sərsəri kimi dolaşdı, alnında, qaşlarının üstündə qırışlar yer elədi, baxışları iti oldu. O, heç kəsin cəsarət etmədiyini etdi: Meşənin kənarına bədirlənmiş Ay işıq saçanda çıxdı. Orda əvvəlcə uzun müddət qorxusuz ayın əksinə baxdı, sonra bədirlənmiş ayın özünə və bütün ulduzlara tamaşa etdi və onunla heç bir bədbəxt hadisə baş vermədi. Bütün gecə üzünü o suyun kənarında işığın qadağan edilmiş həzzinə dalaraq oturdu, öz fikirlərini yerbəyer etdi. Qəlbində çoxlu cəsarətli və qorxulu fikirlər yarandı. O, Ay mənim dostumdur deyə düşünürdü və deyirdi ki, ulduzlar da mənim dostumdur, qoca kor isə düşmənimdir. Və deməli bu “Çöl” meşənin içindən yaxşı ola bilər və ola bilsin ki, meşənin müqəddəsliyi bir uydurmadır .

Və adamların əvvəlki nəsillərini geridə qoyaraq bir gecə o cəsarətli və qeyri – adi fikrə gəldi: bir neçə kötüyü bağlayıb, üstündə əyləşib onunla axın boyu üzmək olar. Gözləri parıldayırdı, ürəyi bərk döyünürdü. Ancaq ideya həyata keçməmiş qaldı, iş burasında idi ki – çay timsahlarla dolu idi.
Beləliklə gələcəyə yeganə yol: Meşənin hüdudlarını keçmək, əlbəttə, əgər Meşənin sonu vardısa, özünü qızaran Boşluğun hökmünə vermək, zalım “Çöl”ə inanmaq. Qorxunc Günəşin qabağında durmağı bacarmaq lazımdır. Çünki kim bilir, Günəşin pis olması haqda ulu həqiqət daha bir yalan olmayacaq?

Bu fikirlə – sonuncu sürətli isti axında – Kubunu vahimə götürdü. Hələ dünyanın bu çağına kimi, meşə adamı öz istəyi ilə meşəni tərk edərək dəhşətli Günəşə çıxmağa ürək etməmişdi. Və o günbəgün fikirlərini aşılayaraq meşədə dolaşırdı. Və nəhayət özündə güc tapdı. Günəşli günortada o, titrəyirdi, parlayan sahilə yaxınlaşdı, ehtiyatla çaya tərəf süründü və ürkək gözlərlə Günəşin sudakı əksini axtardı.

Kor olmuş gözlərini tez – tez parıltı narahat edirdi, gözlərini yummalı olurdu, ancaq bir az sonra gözlərini yenidən açmağa cürət etdi və daha bir dəfə, nəhayət, alındı. O, bacardı, o, dözdü və hətta bu onda inam yaratdı. Kubu Günəşə inandı. Günəşi sevdi, hətta Günəş onu öldürməli olsa belə, köhnə, zülmət, çürüyən Meşəyə nifrət etdi.

İndi qərarı qəti idi, bu, lap şirin meyvə kimi ələ düşən iş oldu. Təzə, yüngül dəmirağacdan hazırlanmış çəkic tamam nazik və ələ yatan formada hazırlamışdı. Növbəti gün dan yeri təzə ağaranda Mata Dalamı axtarmağa çıxdı, onun izinə düşdü, onu tapdı və çəkici başına vurdu və əyilmiş ağzından ruhunun necə aralandığını gördü. Silahını sinəsinə batırdı ki, qoy bilsinlər, qoca kim tərəfindən öldürülüb. Çəkicin hamar səthinə çətinliklə də olsa, balıqqulağı ilə bir şəkil – çoxlu birbaşa şüalarla dairə cızdı: Bu, Günəşin təsviri idi.

Cəsarətlə meşənin sərhədlərini aşmaq üçün yola çıxdı, səhərdən axşama qədər yalnız bir istiqamətdə getdi. Ağaclarda gecələyir, səhər ta o başdan dururdu. Hava işıqlananda yoluna davam edirdi. Günlərlə addımladı, bulağı və qara bataqlıqları keçdi və axır gəlib dağ yamacına, dik, yosunlu qayalara çatdı, belə torpaqları heç görməmişdi. Dağa qalxmağa başladı. Uçurumları arxada qoyub sıldırım qayaya dırmaşırdı, yüksəyə can atırdı. Sonda şübhə və kədər vardı. İçində fikirlər baş qaldırdı, bəlkə Tanrıların Meşə canlılarına doğma yerləri tərk etmək qadağası həqiqətdir. Uzun müddət zirvəyə doğru qalxdı, hava getdikcə quru olur və yumşalırdı, görünməz nöqtəyə yetişdi. Meşə bitdi, onunla birlikdə həm də torpaq qurtardı. Burada Meşə Boşluğun havasına axır, sanki bu yerdə Dünya ikiyə bölünür. Uzaqda qırmızımtıl qürub və göy üzündə bir neçə ulduzdan savayı heç nə sezilmirdi, çünki gecə düşməyə başlayırdı.

Kubu Dünyanın bu sonundan aşağı endi və özünü lianalara sarıdı ki, dərəyə yuvarlanmasın. Boz aləm və anlaşılmaz həyəcan bütün gecəni gözünü yummağa qoymadı. Səhər dan yeri söküləndə səbirsiz halda ayağa durdu və Boşluğa zilləndi və Günün çıxmasını gözlədi.

Sarı şəfəq uzaqları aydın şəkildə işıqlandırdı, sanki səma parlayaraq intizar həyəcanını-Kubunun həyəcanını dəlib keçirdi. Heç zaman Günün hava çölündə doğulmasına tamaşa etməmişdi. Sarımtıl işıq dəstələri alışdı və birdən Dünya dərəsindən göyə qarşı yandan nəhəng və qızıl Günəş sıçradı. Ucsuz –bucaqsız boz Yoxluq indi bir anda mavi-qara rəng aldı: Dəniz.

Titrək Meşə adamının qarşısında “Çöl“ açılmışdı. Ayaqları altındakı qayanı buxarlanan dərinliyə itələdi, öndəki çəhrayı və cəvahirə oxşayan qaya parçası tərpəndi, sol tərəfdə tutqun, nəhəng dəniz, kiçik ağ köpüklü sahil, başını sallamış cılız ağaclar görünürdü. Günəşin işıq seli Dünya səthinə axırdı, aləmi xoş rənglərlə yandırırdı.

Kubu Günəşin üzünə baxa bilmədi. Amma yenə də onu gördü, günəş işığı axınla parlaq rənglərlə dağa, qayalara, sahilə, üfüqdəki uzaq adalara yayılır. Həmin işıq Kubunun üzünə düşür və o, əzəmətli aləmin tanrıları qarşısında yerə əyilir.

Kimdir o, Kubu? O çirkin, balaca heyvan, onun sönük ömrü tam yarıqaranlıq, sıx meşənin ənginliklərində keçib, qorxu içində, zülmətdə yaşayıb, saxta cəngəllik Tanrılarına itaət edib. Dünya isə burada mövcud idi. Uzun, meşədəki utanc dolu yuxulu həyatından qopdu. Ruhunu azad etməyə başladı, ölü kahinin solğun şəklini unutdu.

Daşlara sarılıb dik uçurum kənarından tutaraq işıq və dəniz ilə üzləşmək üçün aşağıya düşdü. Və sanki uçuşan burulğanda günəşə itaət edən işıqlı yerin duyğuları qəlbi üzərində əsdi, o yerdə ki, Günəşin nuru altında ancaq və ancaq Günəşə təslim olan və yalnız Günəşə baş əyən azad insanlar yaşayırdı.

Tərcümə: Kənan HacıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930