Günəş zülmətləri qovar, öyünməz - Şeirlər
MANERA.AZ Fazil Aydının şeirlərini təqdim edir:
Şəhid atası
Papiros kimi çəkirsən
ömrünə düşən gecələri.
Dönüb dəli şimşəyə
silkələyirsən küçələri,
Silkələyirsən yatan vicdanları,
Oyatmaq istəyirsən
mənzilində rahat yatan insanları
Qar kimi əriyir dilinin ucunda sözlərinin nidası-
Şəhid atası!
Vətəni güllələrdən qorumaqçın
daş səngərdə Oğul əkdin!
Sipər oldu daş sinəsi
atılan mərmilərə,
Qeyrətə vurulan zərbələrə!
Qəlbinə bayraq tutub soraqlayırsan
Qələbə adlı Oğlunu!
İçindədir bu Zəfərin sədası-
Şəhid atası!
Şəhid atası!
Söz içindən söz çıxardır
Bu eşq odsa- qəlb isinə,
Tükənməyən sevgi- sinə.
Sevilən qız, sevgisinə-
Baxışından naz çıxardır.
Yüzü satan, biri alan,
Hünərin var yaşa, dolan!
Haqq tapdanır, haqqı olan-
Yanağından köz çıxardır!
Zülm bizə qucaq açdı,
Hamı yolda- qaçhaqaçdı.
Biri toxsa, mini acdı-
Çörək tapmır, toz çıxardır!
Yazıq Fazil, axşam- səhər,
Öz içindən çəkir qəhər.
Tutub qələmdən bir təhər-
Söz içindən söz çıxardır!...
Meşəlikdə nə qaldı kı?
Boş xəyalla yaza döndük,
Arzumuz çox, aza döndük.
Ələnməkdən toza döndük-
Bu ələkdə nə qaldı kı?
Sevgi üçün, saxta andıq,
Bu dünyada biz nə qandıq?
Ucuzlaşıb parçalandıq-
Cəmdə, təkdə nə qaldı kı?
Ömür yolundan bəllidi,
Şair sevgiyə zəlidi.
Hər bir günüm zəlzələdi-
Ev- eşikdə nə qaldı kı?
Bir oda yox, yatmaq üçün,
Bir ürək yox, batmaq üçün,
Bir ağacdan tutmağ üçün-
Meşəlikdə nə qaldı kı?...
Yüyürüb çatanda vaxta adamlar
Ölüb öz içində bir az yaşlılar
Uçur başımıza qəlbi daşlılar.
Bizə qəbir qazır bu rus başlılar
Bizə kəfən biçir taxta adamlar!
Oyan bu yuxudan gəl çırp qarını
Gözləmə namərdin etibarını.
Satır namusını, satır arını
" Kişi" bildiyimiz axta adamlar
Günəş zülmətləri qovar, öyünməz,
Qurda bax, öz qurdun haqqını yeməz.
Yetimi, yesiri udar, of deməz-
Hər gün bir don geyən saxta adamlar.
Mən qara buludam, boşalım, dolum,
Oyanıb durmuşam Vətəndir yolum.
Ya ölüm deyəcək, yadakı, olum-
Yüyürüb çatanda vaxta adamlar...
Ölüm xoş gəldin - xoş gəldin
qəm karvanın yolu açıq
göyüm yağış, yerim palçıq
bir daxmam var, uçuq- uçuq
zülüm xoş gəldin- xoş gəldin
dərd ələyən ələyim var
əl çatmayan diləyim var
isinməyə ürəyim var
gülüm xoş gəldin- xoş gəldin
keçdim həyat körpüsündən
zərbə aldım hər yüzündən
asılmışam göy üzündən
ölüm xoş gəldin-xoş gəldin...
Sağam torpağdan yuxarı
arzu əməl sürgündədi
qayğım bir dağ yükündədi
köküm yerin təkindədi
sağam torpağdan yuxarı
dostla tez- tez görünmüşəm
buludumla sürünmüşəm
gedib aya bürünmüşəm
ağam uzağdan yuxarı
şeiriyyatdan sərvətim var
nə yaxşı kı hörmətim var
el içində qeyrətim var
dağam alçaqdan yuxarı
üz- üzədir xeyirlə şər
şükür etdim mən hər səhər
əllini keçdim bir təhər
yoxam, Allahdan yuxarı...
Qayıdır Xan, kəndinə
(təcnis)
Namərd pozdu oy, andı,
Mən püskürdüm, o yandı.
Yatmış qürur oyandı
Yüz ildir, Xankəndi, nə?
Qarı düşmən yarasan,
Gərək bağrın yarasan!
Getmək olur, yar, asan-
Qucaqdır, Xankəndin, ə...
Bu buludu döy- işdən,
Sankı hər bir döyüş- dən.
Qalib çıxıb döyüşdən-
Qayıdır XAN, kəndinə!...
Şamaxı