Yeni tamaşa - "Dantenin yubileyi"

Anarın "Dantenin yubileyi" tamaşasının premyerası baş tutdu. Yəqin ki, əsəri hər kəs oxusa da onun tamaşa həllini daha çox maraqla gözləyirdi.
Tamaşa ilk öncə maraqlı dekorla bizi qarşıladı.
Səhnənin tən ortasında sarı avtobus və onun ətrafında var gəl edən personajlar...
Tamaşanın rejissoru Ərşad Ələkbərov gənc olmasına baxmayaraq, yəqin ki, məhz Akademik Dram teatrının - Ana teatrımızın səhnəsində tamaşa qoymaq məsuliyyətini yaxşı dərk edərək yola çıxmışdı... Əlbəttə teatrlara gənclər cəlb olunmalı, yeni ideyalara yer verilməlidi, amma məhz bu teatrın özünəməxsus sambalına, mədəniyyətimizdə tutduğu əsas mövqeyə xələl gətirmədən...
Rejissor, maraqlı dekor, düzgün aktyor seçimi, çox uğurlu, yerli yerində musiqi kompozisiyana yer verməklə tamaşanın ümumi ahənginə düzgün təsir edə bilmişdi.
Tamaşanın lakonik, yığcam olması, ayrı ayrı səhnələrin maraqla qarşılanması tamaşaçı həyəcanınının getdikcə artmasına zəmin yaradaraq, onu daha baxımlı edir.
Əlbəttə ki, rejissor ideyasının səhnədə təmsilçisi birbaşa aktyorlardır ki, bütövlükdə tamaşanın uğur yükü onların üzərinə düşür. Burda xüsusilə qeyd edim ki, illlərin təcrübəsinə arxalanan bir çox aktyor oyunu yanında, hətta rejissor dəst xətti belə sanki səthi qalır.
Üç obraz haqqında geniş danışmaq istəyirəm.
Birinci- Kəbirlinski. Sabir Məmmədovun sanki boy buxununa biçilən bir personaj. Aktyor, Kəbirlinskinin psixoloji durumunu çox gözəl dərk edir və onun bəzən özünə belə etiraf etməyib yan keçmək istədiyi inciklik, biganəlik ona qarşı olan kobud sarkazm əslində onu mənən sarsıtsa da yenə də yaşamına davam edir.
Sabir bəyin "Kəbirlinski"si çox inandırıcıdı. Bilirsiniz ki, bu obrazı vaxtı ilə Həsənağa Turabov məharətlə yaratmışdı. Ondan sonra Sabir bəyin Kəbirlinskisi özünəməxsusluğu ilə yadda qalır. Əslində Sabir bəy ona yaxın bir obraza həyat verir, can verir. Və onun keçirdiyi psixoloji sarsıntıları yaxşı anlayır. Həyatda o, özü də aktyordu... Xalq artistidi... Seviləndi... Baş rolları var... Nüfuzu var...
Amma yaratdığı obraz bütün bunlardan məhrumdu... Distiplinlidi, sənətini sevir, di gəl ki, bəxti gətirmir.
Baxın, ətrafımızda, elə teatrların özündə azdımı Kəbirlinskilər? Ətrafın onlara göstərdiyi etinasızlıq, soyuqluq nəticəsində onlar irəli gedə bilmir və bəlkə də çoxu bunu öz içində faciə kimi yaşasa da biruzə vermir... Və nəticədə də çağdaş dövrdə intiharların sayı günbəgün artır.
Feyzulla Kəbirlinski də əslində özü öz yaşadığı faciəni zaman zaman dərk etsə də yenə hər şeyə davam edirdi... Bəlkə də hamıdan uzaq bir yerə çəkilib bağırmaq, çığırmaq mən varam! Demək keçirdi qəlbindən...
Bəlkə də... Feyzulla Kəbirlinski özü də dərk edir ki, ondan yaxşı aktyor olmaz...Bəs niyə üsyan bayrağını qaldırmır? Hər kəsdən söz götürür?... Alçalır... Qürürsuzlaşır və buna alışır...
Bəlkə sənətə sevgi naminə hər şeyə dözür...?! Bir kəlmə belə olsa deyim, amma sənətdə olum...
Sabir bəyin obrazı maraqlı olduğu qədər də seviləndi, içdəndi... Aktyorun əlbəttə ki, tamaşa boyu möhtəşəm səs tembri obrazı daha yaddaqalan edərək bizə bir az da sevdirir.
Düşünürəm ki, aktyorun göstərdiyi maraqlı, çoxşaxəli performans tamaşaçı alqışından yan keçmir. Bu aktyorun növbəti uğurudur desək, yanılmarıq.
Tamaşada Həcər obrazını da xüsusi vurğulamaq istəyirəm. Sənubər İsgəndərlini hələ Gənclər teatrında çalışdığı illərdən izləyirəm. Dramatik, epik obrazlarda müvəffəqiyyətlə çıxış edən aktrisa, daha da püxtələşərək hər janrda rolların öhdəsindən gələcək bir qüvvədədir.
Baxın, bir şeyi vurğulamaq istəyirəm... Aktrisa illərdir ki, fiziki formasını qoruyur ki, bu da səhnə üçün istedad qədər olmasa da çox vacib bir şərtdir. Çünki istedadla fiziki forma uzlaşmayanda aktyor səhnədə tam uğur əldə edə bilmir.
Sənubər İsgəndərlinin "Həcər"i maraqlıdır. O da başqa qadınlar kimi ərinin uğurundan ağızdolusu danışmaq istəyir, düşünür ki, məhəllədə qürürlanmaq onun da haqqıdır.
Lakin... Sənubər İsgəndərli səhnədə çox sərbəstdi... Bu özünəgüvən, sərbəstlik onun partnyoruna da yaxşı təsir edir. Aktrisa, obrazına həssaslıqla yanaşır və tamaşaçıya onun tam dolğun cizgilərini ötürməklə, bitkin bir qadın xarakterini canlandırır. Əslində bütün günü sanki deyinməkdən başqa əlindən bir şey gəlməyən qadının daxilində başqa bir qadın da gizlənib... Sadəcə o yatmış qadını oyatmaq lazımdı vəssalam. Onun da hissləri, sevgisi var...
Düşünürəm ki, aktrisanın istedadı bütün janrlar üçün keçərlidir ki, bundan da rejissorlar yetərincə faydalanmayıblar.
Və daha bir obraz Kəbirlinskinin oğlu "Eldar" obrazının üzərində dayanaq.
Elsevər Rəhimov teatrın perspektivli gəncləri sırasındadı. Bundan öncə də onun ifasını izləmişdim. 
Böyük zövq almışdım. Əlbəttə ki, rejissor düzgün seçim edərək, aktyora bu rolu həvalə etmişdir ki, seçiminin uğuru da göz qabağındadır.
Aktyor, çox maraqlı bir oyun sərgiləyir. Atasının durumundan dolayı psixoloji travmalara məruz qalan Eldar, hər şeyə rəğmən teatrı, sənəti sevir, böyük xəyallar qurmaqdan çəkinmir. O teatrın sabahına, gələcəyinə inanır.
Elsevər Rəhimov özü hal hazırda bu böyük sənətin astanasındadır və öz istedadı, maraqlı oyun üslubu ilə bizi də inandırır ki, teatrın gələcəyi, intibahı məhz bu qəbildən gənclərin əlindədir.
Aktyor səhəyə ilk gəlişindən seçilir, sevilir və yadda qalır ki, bu da bütövlükdə tamaşanın ümumi ahənginə müsbət təsir edir.
Anar Heybətovun bu dəfəki obrazında bir az sarkazm, bir az da şirinlik var ki, tamaşacını həmən ələ alır. Səhnədə illərdi ki, Müşfiq obrazı ilə daha çox sevilən aktyoru yeni ampulada görmək böyük maraq kəsb edir. Ümumiyyətlə, Anar Heybətov öz yaraşığı, istedadı, ona məxsus oyun tərzi ilə illərdi ki, müxtəlif obrazlara layiqincə yeni həyat verir.
Sevilən digər aktyorumuz Elşən Rüstəmov, bu dəfə də bizi öz maraq dairəsində saxlaya bildi... Aktyor tədricən öz hərəkətlərindən dolayı tamaşaçını qəzəbləndir, Kəbirlinskinin acizliyinin daha qabarıq üzə çıxmasına öz oyunu ilə təkan verir.
Elşən Rüstəmovun illərə söykənən çoxşaxəli obrazlar qalereyasına məncə bu obraz xüsusi bir rəng qataraq, sevilməyi bacardı.
Daha bir aktyor, Mətləb Abdullayev də öz obrazının yükünü daşıya bildi.
Bu aktyorun da kifayət qədər rəngarəng obrazları var ki, tamaşaçı tərəfindən sevilir. Məncə, növbəti obraz da bu siyahıya daxildir.
Aktyor Ramin Şıxəliyev, tamaşada bir neçə obraz yaradır. Və hər biri ayrı ayrılıqda tamaşanın bütövlüyünə, tamlığına xidmət edir. Çünki, bu obrazlarla gündəlik həyatımızda da qarşılaşırıq və onlarla təmas qaçılmazdır. Onun tənqidçi obrazı aktyorun özünəməxsus ştrixlərlə zənginləşərək, maraq kəsb edir.
Və yaxud qapıçı obrazı... Yenə də gündəlik həyatda hər an, hər dəqiqə rastlaşdığımız tipik xarakter. Əslində bu qəbildən olan obrazlar tamaşanın duzu, bibəridir ki, yekunda əsas ideyanın tam ötürülməsinə xidmət edir. Ramin bəyin teatrın müxtəlif tamaşalarında kaloritli, tipik obrazları var ki, tamaşaçı marağından vaz keçmir.
Əlbəttə tamaşaçılara bir növ tamaşa boyu bələdçilik edən xanımlarımıza da bir xanım olaraq biganə qala bilmərəm. Xanımlar, siz tamaşa boyu bizimlə gözəl təmas qurdunuz və ayrı ayrılıqda hər biriniz tamaşaya inanılmaz rəng qatdınız. Bir daha sübut etdiniz ki, qadınlar həyatda da səhnədə də böyük qüvvədir.
Aktrisalar : Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, Məhsəti Tahirzadə, Nəzrin Abdullayeva, Lalə Süleymanova hər birinizi ayrı ayrılıqda təbrik edirik !
Həmçinin aktyorlar: Rüstəm Rüstəmov,Vüsal Mustafayev, Cümşüd Zeynalov, Tural İbrahimov rollarının öhdəsindən məharətlə gələrək, hər səhnəyə uyğunlaşa bildilər.
Baxın, tamaşada yazıçının əsərdə ötürmək istədiyi mesajı rejissor öz süzgəcindən keçirərək bizə təqdim edir. Və nəzərə alsaq ki, söhbət gənc bir rejissorun səhnə yozumundan gedir, daha həssaslıqla yanaşma tərzini seçərdik.
Qəribədir, tamaşadan sonra Federiko Fellini yaradıcılığının ən yüksək zirvəsi olan "Kabiriya gecələri" filminin final səhnəsi istər istəməz göz önümdən keçdi...
Deməli, var yoxunu, evini, illərlə yığdığı pullarını, sevgili sandığı insanın az qala öz qatilinə çevriləcək durumda görən qadının yol boyu yenidən gülümsəyərək addımlaması bəlkə də onun üsyanı idi...
O, gülərək üsyan edirdi... Sadəcə həyata,saflığına,sadəlövhlüyünə gülərək!
Bütün kollektivi təbrik edirəm və məncə bu tamaşa müəllifin - Anarın yubileyinə gözəl hədiyyədir.
Təranə Feyzullayeva