manera.az
manera.az

Mənə söz bəxşiş verilib - Balkar şairinin şeirləri

Mənə söz bəxşiş verilib - Balkar şairinin şeirləri
Muxtar Tabaksoyev (1959) – məşhur balkar şairi və tərcüməçisi, balkar ədəbiyyatının canlı klassikidir. Kabardin Balkar Respublikası Çerek rayonunun Yuxarı Balkariya kəndində anadan olub. Kabardin-Balkar Dövlət Universitetinin balkar dili və ədəbiyyatı fakültəsini bitirib. Üç poetik toplu müəllifidir. A.Puşkinin, M.Lermontovun, E.Ponun, R.Kiplinqin, bir sıra kabardin və kalmık yazıçılarının əsərlərini doğma dilinə çevirib. M.Tabaksoyev Rusiya Yazıçılar İttifaqının üzvü, “Elbrus” nəşriyyarının direktorudur. Nalçikdə yaşayır.

Tanınmış şair NURAFİZin tərcüməsində onun bir neçə şeirini oxucularımıza təqdim edirik:

DOĞRU SÖZ

Yersiz söz həyat bahasına başa gəlir.
Balkar atalar sözü

Sənin hər yarana məlhəm,
Dayaq durram taleyinə.
Sinə dolu nəfəs alsan,
Gözmuncuğun ollam yenə.

Sənin nəğmakarın mənəm.
Yıxılmağım var sinənə.
Mənə söz bəxşiş verilib,
Bəxşişimi verim sənə.

Sözlərim çox yöndəmsizdir,
Çox zəifdir səsim hələ.
Üzümü Haqqa tuturam
Hər gün səndən yana elə.

Yaydı... bircə damcı sıxıb
Atıram Göydən düzənə.
O da buxarlanıb artır,
Yenə düşür Yer üzünə.

Balkariyam! Xalq düz sözü
Sevər, amma fəna etməz.
Lap ölümdən xilas üçün
Vicdanına qarşı getməz.

MAVİ GÖL

Sakit nə varsa, sükutu pozur.
Balkar atalar sözü

Qayğı yüklərimi atıb çiynimdən,
Könlü qorumaqçün bura gəlirəm.
Sən mavi Göylərin ali elçisi! -
Səni möcüzəli bir vəhy bilirəm.

Ruhunda sükutun dərin haləsi,
Üzündə, bətnində sükut var hələ.
Göyün görkəmində - dinclik, rahatlıq,
Gərək o sükutu verməyək ələ.

Sən, ey göl, al apar mənim könlümü,
Yalnız qurban verə billəm onun özünü.
Günəş də hüsnünü görür aynada,
Bərq vurub hey döyür ölüm gözünü, -

Qoy dağlar qoynunda yol tapammasın...
Mən belə dilədim... Könlüm göynədi.
Sözümü eşitmir masmavi göylər,
Harda səhv elədik? Cəzamız nədi?

Haqqın dərgahından cavab da gəlmir,
Dünyamız, dövrümüz məhkumdur ki, var,
Necə olmalıyıq, neyləməliyik,
Cavab da, ağıl da verib Xilaskar?

Göyün bir parçası olub da göydə,
Göldə görünərsə surətim-şəklim,
Dalğalan, coş gölüm, bacararsanmı?-
Səndən son xahişim budur… Nə bilim...

HƏR İKİMİZ ALDANDIQ…

O qış aldandıq ikimiz,
Biz güldük üz-üzə onda.
Sonra qarlı cığır ilə
Birgə yola çıxdıq sonda.

Çox getmədik, sən yoruldun,
Gözləmədin yayı belə.
Nə tez bezdin birgəlikdən,
Getdin başqa cığır ilə.

Qar da qaraldı beyqafıl,
İnanmadan gözüm baxdı;
O cığırla, sənlə qoşa
Biz salmışdıq o qış vaxtı.

Qoy seçimin həmişəlik
Taleyinə uğur salsın.
Bizim qoşa izimizdən
Daha xoşbəxt cığır salsın.

Bilirəm ki, ta sevmirsən,
Təzə sevda səni bulub.
O qar basmış cığır ilə
Getdiyimiz unudulub.

O cığırdan çətin çıxam,
Dayanacam sonunda mən.
Heç olmasa, arzularda
Qovuşacam son anda mən.

İSMAYIL MİZİYEVƏ

Əsl böyük şairlər öz şeirlərilə tarixçilərin fikirlərinə çox gözəl illüstrasiyalar çəkirlər, onların şeirləri də xalq həyatının bətnindən doğulur, onun ruhunu və arzularını aşkara çıxarır.
İsmayıl Miziyev

...üçüncülər, məsələn bolqarlar qədim türklərdən də əvvəl yaranıblar...
L.Qumilyov

Doğma düzənlərə nəzər salıram,
Ağrılar, nisgillər axın-axındır.
Elmi söhbətiniz mənə nə verdi, -
Nəğmə həqiqətə daha yaxındır.

Yaddaş çəkir məni əsrin təkinə,
Klio yox, ikibaş Taurusa qatır.
Ordasa mənasız suallarınıza
Müqəddəs Elbrus qaşını çatır.

Şauay nəsliyik, azad və ali,
Kök salıb, əbədi torpaq əkmişik.
Kəsmək istəyəndə köklərimizi,
Dalbadal düşmənə hücum çəkmişik.

Bəli, biz-skiflər, nartlar, aslarıq,
Debet-peyğəmbərdir, Tanrıdır dağlar.
Qar qaplanlarıyıq, biz - alanlarıq,
Bizlər ki balkarıq - min yaşımız var.

Tanrı seçibdirsə - mahiyyət vardır,
Xeyri yox, sən necə çağırsan bizi.
Bədbəxtik, unutduq qanımızdakı
Əzəli, əbədi borc hissimizi.

Onunçün Tüeyri bizdən əl çəkib,
Qədər ondan yana bizə tərs baxır.
Şeytan ona görə bizə hökm edib, -
Alanın qılıncı alana qalxır.

“Qara günlər” deyil, bizlərə böyük
Əcdad şöhrətinin xoş mirası var.
Həm də bəzən olur “acgöz nəzərlər”
Canlı ölülərə oxlar atırlar.

Yada sal, xatırla əzəl olanı,
Dünya təmizlənib şərdən, doğuldu.
Biz hansı yerləri fəth eləmişdik,
Allahın altında firavan oldu.

Getdik gündoğana dan ağaranda,
Şər vaxtı qüruba sarı yol aldıq.
Biz neçə yol - səlib yürüşlərində
Sonra özümüzü itirdik... tapdıq.

Bütpərəst gecəyə boyun əymədik,
Hər yerdə qoyduq biz öz izimizi.
Elə ona görə ,”çəpəki gözlər”
İlahi işığa bələdi izi.

Elə ona görə daim şeytanın
Qovduğu Qərb qaçıb sədləri qırdı.
Qalıb Avropada əcdadlarımız,
Onunçün Bizansı, Romanı qurdu!

Ali qanımızla sizi bir zaman
Göylə doğma etdik, amma yenidən
Allah qəzəbindən qorxmadınız siz,
Dünya burulğana qərq oldu nədən?

Bu dünya bələndi riyakarlığa,
Dua İlahiyə təriftək gedir.
Dünyanın nizamı pozulub yoxsa,
Budursa, bəs nizam dediyin nədir?

Rus artdı... Böyüyüb Rusiya oldu,
Böyük bir ölkənin xarabasında.
Amma böyümədi ibadətəcən,
Şeytanın ayağı altdadır sonda.

Amma əbəs yerə heç təsadüfən
Qurban eləmədik özümüzü, yox:
Heç kəsə sirr deyil sağ qalanlardan,
Sizi xilas etdik çox bəladan, çox!

Sirr deyil, iyirmi birinci əsrin -
Göbəyi məhz burda kəsilib, desəm.
Hər gələn səmimi rus adamında
Bizim balkarlardan nəsə var, nəsə.

Allah qarşısında itaət də var,
İnsantək yaşamaq - ümidlədir baxt!
Bizlər də sevgi və xeyir yoluna
Elə ona görə çıxmışıq bir vaxt.

Bizlər - avar, heç də barbar deyilik,
Biz - qıpçaqlar vəhşiyikmi? Heç də yox!
Biz xəzərlər - vandalıqmı? Boş verin!
Hunlar necə? Kobuddumu? Cavab – ox!

Müqəddəs torpağın balalarıyıq! -
Adəm də, Həvva da bağrına sıxıb.
Soyuq qış gününün hüdudlarında
Yenə də alanlar yürüşə çıxıb.

...Yox, tale bizlərə qəddar olmayıb,
İlahi! Söz açıb biz olduq əmin.
İzin ver, qaytaraq öz borcumuzu,
Geri - köçümüzə qayıdaq. Amin...

Tərcümə: NURAFİZ
Mənə söz bəxşiş verilib - Balkar şairinin şeirləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031