manera.az
manera.az

Torpaq xəstələri - Pərvanə Bayramqızı yazır

📅 26.02.2023 17:21

Torpaq xəstələri - Pərvanə Bayramqızı yazır
“İnsaf edək: qonşularımız ermənilərin, gürcülərin əksəri Azərbaycanca söyləməyə bu anadək həvəs etmələri, toylarında, bayramlarında öz erməni sazəndələrinə Azərbaycan şərqisi, Azərbaycan nəğmələri oxutmaları lisanımızın ahəngdar və gözəl olduğuna dəlil olmazmı?”

İnsaflıyam, Abdulla Şaiq, bəli, lisanımız ahəngdar və gözəldir. Ona görə də bu mətni xalq dilində – bayatımızın, ağımızın, atalar sözlərimizin dilində yazacam. Kimin yazısını oxuyur, kimi dinləyirsənsə, uzaq-uzaq ellərin dillərindən alınmış yeni sözlərin bolluğuna düşürsən. Bizə elə gəlir ki, nə qədər çox yabançı söz işlətsək, o qədər savadlı və intellektual təsiri bağışlayacağıq. Həmin uzun və qəliz sözləri mən də işlədə bilmirəm, amma anamın dilini unudub qonşu dilində danışmağa həvəsim yoxdur. Bir az da əvvələ gedib nənələrimizin üslubunda danışacam; deyəcəm ki, qulaq verin, görün, nə deyirəm.

Bir-birini qovub, gecənin qaranlığında, gündüzün işığında yoxa çıxan günlər ay oldu, aylar ilə çevrildi, unudulmayan dərdimiz bir yaş da böyüdü. Yaman günlərimiz çox olub. Gözümüzün suyu çörəyimizə o qədər qarışıb ki, danışdıqca adam varından yox olur. Barı bundan sonra dərd-azar görməyək.

Bineyi-qədimdən qonağa qayğımızla ad alıb, süfrə salmışıq. Qonaq el-obanın gözünün işığıdır. Bizlərdə özünə dam qaralayan adam bir göz ayırıb qonaq üçün sazladardı. Qonaq evin əziz adamı sayılır. Qapını bircə adam döydümü, ev sahibi əl-ayağa düşər, qoyundan-qoçdan kəsib süfrə hazırlayarlar. Dədəmiz Qorqud deyib evin dayağı odur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa el onu yedirər, içirər, əzizlər göndərər.

Ev-eşiyi olmayanları evli-eşikli etmişik ki, dərbədər olmasınlar. Heyif... yaxşılığı qədirbilməzlər anlamazlar. Yurdumuzda bina-bərxana quranlardan üzümüzə ağ olanlar, yağı çıxanlar oldu. Nə biləydik axmağa üz, dilənçiyə söz verilməz. Atalar yaxşı deyib: “Donsuzun könlündən doqquz top bez keçər”. Özlərinin bir qarış torpaqları, bircə koması olmadığından yağılar həmişə torpağımıza göz dikiblər. Yurdumuzu gen, el-obamızı şen görüb həvəsə gəlib özlərinə yer ayırmaq xəyalına düşüblər.

Deyir, bir kişi arvadı ilə birlikdə uzaq səfərə çıxmışdı. Bir neçə gün at sürdükdən sonra gedib bir çöllü-bərri biyabana çıxırlar. Bir kolun yanından keçəndə qulaqlarına inilti gəldi. Maraqlanıb atların başını çevirdilər həmin kola tərəf. Baxıb gördülər burada bir kor kişi oturub zar-zar zarıldayır.

Kişi atdan düşüb korun yanına gəldi. Nə üçün burada oturduğunu soruşdu.

Kor inildəyə-inildəyə dedi:

– A qardaş, burda öz kefimdən oturmamışam, məni bura atıb gediblər. İndi bir yana çıxa bilmirəm. Məni çevir balalarının başına, burda qoyma, yazığam, zəliləm.

Kişi bunun üzünə baxanda bu kordan heç almadı. Ona görə təzədən ata minib yoluna davam eləmək istədi. Arvad kişinin fikrini başa düşüb dedi:

– A kişi, sən ki həmişə əlsiz-ayaqsızların köməyi, yazıqların, zəlillərin pənahı olubsan. İndi nə oldu ki, bir koru çölün düzündə qoyub getmək istəyirsən? Bunu Allah qəbul eləyərmi?

Kişi arvadına dedi:

– Arvad, düz deyirsən, indiyə kimi heç kimdən kömək əlimi əsirgəməmişəm. Hamıya bacardığım qədər əl tutmuşam, yaxşılıq eləmişəm. Amma nədənsə bu kordan heç gözüm su içmir. Üzündən dələduzluq yağır. Ürəyimə damıb ki, bundan bizə xata gələcək.

Arvad əl çəkmədi ki çəkmədi.

– A kişi, bu ki Allahın bir yazığıdı, Bundan nə ziyan gələcək? Gəl bunu aparıb bir şenliyə çıxart. Orda buna bəlkə bir kömək duran tapıldı.

Kişi çox dedi, arvad az eşitdi, axır ki öz sözünü göyərtdi. Kişi çar-naçar koru öz tərkinə alıb yola düşdü. Nə başınızı ağrıdım, bunlar axır ki gəlib bir kəndə çatdılar. Kişi kəndin ortasında koru atdan endirib yoluna davam eləmək istəyəndə kor yapışdı bunun atının cilovundan:

– A kişi, mənim atımı haraya aparırsan, tez ol atın cilovunu burax. Kişi koru itələyib cilovu onun əlindən qoparmaq istəyəndə kor bir hay-həşir qopardı ki gəl görəsən.

- Ay camaat köməyə gəlin bu kişi mənim atımı əlimdən alır.

Səs-küyə camaat toplaşdı bunların başına. Kişinin dediyinə inanmayıb kora qəhmər çıxdılar. Çox çək-çevirdən sonra qərara aldılar ki, bunları qazının yanına aparsınlar. Yolda kişi arvadına dedi:

– Arvad, yaxşı yıxdın evimizi, gəl indi yaxamızı bu korun əlindən qurtar görüm necə qurtaracaqsan.

Arvadın sözü varıydımı ki kişiyə cavab verəydi? Başını aşağı salıb lal-dinməz dayandı.

Xülasə, bunları aparıb çıxartdılar qazının yanına. Kişiylə arvad başına gələnləri qazıya danışdılar. Bunlar sözünü deyib qurtarandan sonra qazı üzünü kora tutub soruşdu:

– A kişi, bunlar düzmü deyir?

Kor dedi:

– Qazı sağ olsun, bunlar gözünün içinə kimi yalan danışır. Bu kişi dələduzun, oğrunun biridir. Bunun nə atı var, nə də arvadı. At da mənimdir arvad da. Qazı əmr elədi bunları aparıb atsınlar zindana. Amma adamlarına tapşırdı ki, kişiynən arvadı bir gözə, koru da ayrı gözə salsınlar. Sonra gözətçilərə tapşırdı ki qapıdan qulaq asın görün bunlar nə danışır.

Kişiylə arvadın qapısına qulaq asan gözətçi eşitdi ki kişi arvadını danlayaraq deyir:

– Arvad, sənə demədimmi bu kordan bizə xeyir gəlməyəcək, gəl aparmayaq. İndi gördün başımıza nə oyun açdı?

Kor isə içəridə öz-özünə deyirdi:

– Di get, şəhərə bir qovğa salmışam ki, ya at mənimdir, ya arvad.

Gözətçilər gedib burada eşitdiklərini olduğu kimi qazıya danışdılar. Qazı kişiylə arvadı zindandan buraxdırıb dedi sizə yaxşı yol. Gedin, bir də hər tanımadığınıza rəhm etməyin.

Sonra qazı üzünü yanındakılara tutub dedi:

– Doğrudan da Allah hər kəsə əməlinə görə ruzu verir.

Bu əhvalat elə bil bizim yağılar üçün söylənilib. Onlar da bizim mərhəmətimizdən yararlanıb torpaqlarımızı yiyələndilər. “Yağı gəldi, yurd üstünə...” deyəndə adamın könlü qübar eləyir. Yurdumuzun üstünə yağı gəlməyən il olmayıb. Dönə-dönə yağmalayıblar. Qonşu sarıdan yarımamışıq. Müxənnətin yurdumuza gəlişi ХVIII əsrin əvvəllərindən başlayıb. Gəlməkləri azmış kimi üstəlik el-obanın sakinlərini qırıb-çatıb, dədə-baba yurdlarından didərgin salıblar. Ayağına yer eləyən kafir qanımıza susayıb XX əsrdə nələr törətmədilər. Sinəmizə yara üstündən yara vurdular, dağ üstündən dağ çəkdilər.

Nadir şahın taxt-tacı tarmar olandan sonra xanlıqlar yarandı. Xanlıqların zamanında yurdumuzun tarixində qanlı-qadalı illər çox oldu. İrəvan xanlığı da o zaman yaranmışdı. Qəhrəmanlıq dastanımız olan "Kitabi-Dədə Qorqud"da baş verən hadisələrin çoxu, İrəvan xanlığının ellərində olub. “Oğuznamə”dən bilirik ki, oğuz türklərinin əcdadı Oğuz xaqan Göyçə dənizi ətrafındakı torpaqlarda yaşayıb. Bu diyar Bayandur xaqanın, oğuz-türk sərkərdələrinin ata-baba yurdu olub. Göyçə eli Dədəmiz Qorqudun qopuz tutub boy boyladığı yurddur.

“Dədə getdi, at kişnədi, quşlar susdu, hənirti dağdan o yana adladı. Kişilər çiyin-çiyinə dayandılar, getdilər yağıynan vuruşmağa...” Yaxşı deyiblər: “Yersiz gəldi, yerli qaç”. Yurdun başı üstündən qara yellər əsəndən sonra soydaşlarımızı öz ellərindən zorla çıxardılar. Dədələrimizin uğrunda can qoyub qoruduğu torpağa gətirilən yağılar xaincəsinə hər şeyə sahib olmağa can atdılar. Millətimizə divan tutub ev-eşiyindən perik saldılar. Başına müsibətlər gətirilən qocalar, körpələr sarsıntılara dözmədilər. Bu şenlikli el-obada indi bir nəfər də olsun yurd sahibi yaşamır. Yağılar binə-bərxana tutub özgə elləri yiyələniblər. Düşmən sarıdan bəxtimiz gətirməyib. Düşmən olanda nə olar, gərək qanında bir az da mərdliyin ola. Gecə yatdığı yerdə əli silahsız adamlara hücüm edəndən düşmən olmaz. Beləsinə namərd deyərlər.

Pərən-pərən düşmüş elləri gördükcə nənələrimizin sinəsindən söz göynəyə-göynəyə qopub ağıya, bayatıya dönüb. Hər bayatıda bir tarix yaşayır. Söz var deyirlər, alim unutdu qələm unutmadı. Xalqımız erməninin xəyanətini unutsa da, ağrı - acılar bayatıların misralarında həmişəlik qaldı.

Dağ başını qar aldı,
Gülüm soldu saraldı,
Köç etdi el karvanı
Vətən qürbətdə qaldı.

İrəvan torpaqlarından müsibətlə qovulanların illərdir dillərindən bir-birindən yanıqlı bayatılar düşmür. İsti ocaqlarından uzaq düşən, sinələri dağlı nənələr viran qalmış yurda baxıb ah-vay elədilər:

Aşıq deyər göy çəni,
Dağ başında göy çəni.
Tale bizə qarğayıb
Düşmən tutub Göyçəni.

Eləmi görməyəydim,
Telini hörməyəydim,
Göyçənin bu gününü
Öləydim görməyəydim.

Yağı gənə kimi canımıza yapışıb yaxamızı buraxmır. İllərdi qanımızı içirlər. Bizləri Vətəndən Vətənə didərgin salırlar. Tar-mar edilən elləri görəndə könlümüz qübar eləməzmi? Bayatı çağırıb yurdun yarasını oxşamarıqmı?

Ördəyim var, gölüm var,
Ceyranım var, çölüm var,
Mənə qərib deməyin
Neçə ağlar elim var.

Bu yerlər tala yeri,
Bürc yeri, qala yeri,
Qiyamət o gün qopar,
El köçə qala yeri.

Ehh, biz bu qiyaməti çoxdan çox yaşamışıq.. “Ac yanından qaç” deyimini atalar belələrini görüb söyləyib. Bu ac millətin gözünü-könlünü yağmaladıqları torpaqlarımız, sərvətlərimiz doydurmur ki doydurmur. Gərək vaxtında onlara canıyananlıq etməyəydik, gərək qovaydıq qapıdan. Nə biləydik, bəslədiyimiz yetim qayıdıb öz ətimizi yeyəcək. Verib peşman olmaqdansa, verməyib düşman olmaq yaxşıdır. Həm malımız getdi, həm canımız. Namərd insafa gəlmədi ki gəlmədi. Əli qələm, dili söz tutanlarımızdan rəhmətlik Ələkbər Salahzadə onlara haqq yerində “ xroniki torpaq xəstələri” deyib. İnsan qandan-qırğından doymazmı?

Ustad əlin atanda,
Al geyinib kətan da,
Namərd arxa çevirər
Əli qazanc tutanda.

Yağılar unutqanlığımızdan yararlanıb təzədən qırğınlar törətdilər. Bakını Qubanı Şamaxını talan elədilər, keçənə güzəşt elədik, Xocalının müsibətindən sonra ağzımız yandı, sidqimiz sıyrıldı. Ta bağrımıza nə qədər daş bağlayaq, nə qədər dözək? Vallah-billah bunun adı erməni mərəzidir. Bu boyda dərdin arasında bir də Xocalı faciəsiylə yandı sinəmiz. Sinəsi xalqın dilindən qopub gələn sözlə dolu olan şair Zəlimxan Yaqub analarımıza, bacılarımıza qoşulub Xocalını ağladı.

Namərdi kim çağırdı?
Göydən ölüm yağırdı.
Dilnən demək ağırdı,
Layla, Xocalım, layla.

Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı,
Gözümdə yaşmı qaldı,
Layla, Xocalım, layla.

Qaçdı Novruzun tamı,
Kimdi yandıran şamı?
Yas elədin bayramı,
Layla, Xocalım, layla.

Qarabağ elindən uzaq qalan anaların, Qarabağdan uzaqda doğulan körpələrin, Qarabağ uğrunda ölən igidlərin dərdi bağrımızı yardı.

Deyilənə görə, ötənlərdə iki qonşu el varıymış. Bunlardan birinin ağsaqqalı, başbiləni Mətə adlı bir kişi olur. Mətə yerin altını da bilirmiş, üstünü də. El-oba başına and içirmiş. Günlərin bir günü qonşu elin elçiləri bunun qapısına elçi gəlir. Mətə görür gələnlər əlini çörəyə vurmadı. Fikirləşir ki yəqin bir diləyə gəliblər. Deyir sözünüzü deyin. Elçilər deyir ki, bəs atını gərək bizə verəsən. El-oba bir-birinə dəyir. Mətə görür yox, bunlarınkı davadır, öz elinin də ağzını arayır görür yox, elə bunlarınkı da davadır. Deyir hə, söz bunlara ağır gedib. Gərək sözün ağırlığını uğurluğunu yuyam.

Elçilərə qayıdır ki at istəyirsiniz bu da at. Elçilər bunu gözləmirdilər. Dönüb bir-birinin üzünə baxırlar. Kor-peşman geri dönürlər. Elə səhəri getdikləri yolla bir də qayıdırlar. Deyirlər bəs gərək atın yəhər-yüyənini də verəsən. El oba yenə də bir birinə dəyir. Başlayırlar orda-burda söz oynatmağa ki, kişi də yəhərini yüyənini əlindən verər? Bunlar çox deyirlər, Mətə az eşidir. Elçilər görür yox, bu kələkləri də baş tutmadı, bir ay keçir, iki ay keçir Mətənin qapısını yenə döyürlər. Bu dəfə də deyirlər bəs filan yerdə bir az torpaq var, onu ver bizə. Bunu deyəndə Mətə hay vurur igidlər toplanır. Deyirlər, xeyirdimi, deyir bəs yarağa sarınmalıyıq. Deyirlər, əşi atın getdi dinmədin, yəhərin getdi dinmədin, yüyənin getdi dinmədin sağ olmuş indi deyirsən bir qarış yerdən ötrü dava dava eləyək? Bunu deyəndə Mətə qayıdır ki, at da, yəhər də, yüyən də özümünküydü, torpaq elin obanındı. Bunun qarşısında söz var? Haydı atlanın. Mətə sözü o vaxtdan yurd, yurdun mərkəzi anlamında işlənir.

Yurdumuzun oğulları üçün Vətən candan irəlidir. Vətən olmadan biz nəyə lazımıq?

Gözünü açanda ilk gördüyü divarı ilkin Vətən sayır Seyran Səxavət. İlkin Vətən olmasa, Böyük Vətən də olmur deyir. “Sözün belindən gəlmişik” deyən bu söz oğlumuz Füzuli rayonunun Yağlıvənd kəndində dil açıb. O Yağlıvənd ki adına məşhur bir rəvayət var.

Deyir, Qacar Qarabağa hücum edəndə Külədərli obasının yanında düşərgə salır. Kəndin ağsaqqalları, başbilənləri yığışıb şahın pişvazına çıxırlar. Şah gələnləri qəbul edir, qabaqlarına belə bir şərt qoyur əgər mənim qoşunumu bir gün yedirib-içirsəniz, sizinlə işim yoxdur. Əks təqdirdə özünüzdən küsün. Torpağınızı at torbası ilə daşıtdıracağam.

Şahı qarşılamağa gələnlər kor-peşman kəndə dönürlər. Nələri vardı ki Qacarın qoşununa da versinlər. Qoşun əhli də bir deyil, iki deyil. Bir ucu burda, o bir ucu da hələ Xudafərin körpüsünü keçməyib. Qərəz, ağsaqqallar məsləhətləşib plov bişirtdilər. Günorta övnəliyinə oturan qoşun əhlindən kim əlini uzadıb plovdan bir pəncə alırsa elə o dəqiqə doydum deyir. Söz gedib şaha çatır. Qacar əmr eləyir ki, plovdan bir bulud gətirsinlər. Plovu gətirirlər. Şah bir tikə ağzına qoyan kimi işi başa düşür. Plov teyxa yağ idi. Əlini əlinə vurub deyir:

– Yaxşı canınızı qurtardınız, yağlı fənd işlətdiniz.

Elə həmin gündən Külədərli obasının adı Yağlıvənd qalır.

Qədim-qayım ellərimizdən illərdir uzaq düşmüşdük.Seyran Səxavətin dili ilə deyim ki, “Sən demə, Qarabağın açarı Azərbaycan əsgərinin cibindəymiş”. Ta neynəyək, yağı xoşluqla çıxmadı el-obamızdan. İgid oğullarımız bu dəfə səbir edə bilmədilər. Ellərimizi yağının tapdağından davayla çıxarmağa başladılar. Savaş başladı. Qəhrəman oğulların qabağında dayana bilməyən xainlər gecələr dinc camaatın başına od ələdilər. Gah Tərtəri nişan aldılar, gah Gəncəni.

Nağıllardakı qırx gün qırx gecəni qırx dörd eləməklə gerçəyə çevirdilər. İgidlərimiz son səbirlərini də basıb dörd gün də vuruşub ellərimizi yağılardan təmizlədilər. Yurd-yuvamızı çəkib quduzun qanlı caynağından xilas etdik.

İgidlərimiz birinci Suqovuşanı azad elədilər. O Suqovuşanı ki, bir zamanlar Nadir şah şahlıq tacını – başına orda qoymuşdu.

Qarabağ Azərbaycanın tacıdır. Tacımızı yağıdan geri aldıq. Qəhrəmanlıq göstərən oğullarımızın ruhları şad olsun. Yarımcan olanlara şəfa diləyir, qazilərimiz önündə baş endiririk.

Otu-çiçəyi yaraya məlhəm yurdumuz. Bizə həsrət yurdumuz. Qovuşdurana şükür. Viran edilən yurdun daşlarına üzümüzü sürtüb bu günə şükür oxuyuruq. Bir birinə bənzəməyən ellərimizə qayıdıb həsrətin yaramıza basdığı kösövü atırıq. Matah yurdumuzu düşmən də sevir, biz də. El-obamız həmişə şenlikli olsun.

Pərvanə Bayramqızı


Baxış sayı - 489 | Yüklənmə tarixi: 26.02.2023 17:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031