Öz əsərini tərifləyənlər – Coys Kerol Outsun məqaləsi
MANERA.AZ məşhur ABŞ nasiri, şairi, ədəbi tənqidçisi Coys Kerol Outsun “Ən vecsiz tənqidçilər” məqaləsini təqdim edir.
Özünütənqid elə bir sənətdir ki, ona yiyələnmək hər kəsə nəsib olmur. Yazıçının öz əsərinə kənar bir gözlə baxmağa (mətnin müəllif tərəfindən cilalanması işi bu qavrama aid deyildir!) cəhdlər göstərməsi həm sadəlövhlükdür, həm də əbəsdir, çünki bir şeyə nə qədər dərindən bələdsənsə, onda hələ nə qədər naşı olduğunun fərqinə gec-tez, həm də mütləq varırsan. Başqa sözlə desək, öz ətrafı ilə müqayisədə insanın özünə bələdliyi nə dərəcədə mümkündür axı?! Göz sinirinin uc qisminə düşən işıq şüası onun qişasını qıcıqlandıra bilmədiyi kimi, görmədəki kor nöqtələr (ləkələr) də bütün insan övladlarına xasdır. Bu mənada biz hamımız öz krallığının külli-ixtiyar sahibi olan, fəqət özü barədə çox az şey bilən kral Lirə bənzəyirik.
Ədəbiyyat tarixinin uzun əsrləri ərzində yazarların öz yaradıcılıqları barədə söylədikləri ekssentrik, bəzən də özünüinkara qədər gedib çıxan xeyli açıqlamaya rast gəlinir.
İngilisdilli ilk böyük şair Çoser özünün dahiyanə əsərlərinə nəinki layiqli dəyəri verməyib, hətta onlardan imtinaya da cəhd edibmiş və bu zaman, bir xristian kimi, o, özünün fani dünyanın günahlarına bulaşdığını əsas gətirirmiş.
İngilis dilində yazılan iki misilsiz romanın - "d'Ebervillər nəslindən olan Tess"in və "Gözəçarpmayan Cud"un müəllifi olan Tomas Hardi özünün romançılıq sahəsindəki bu uğurları barədə hədsiz saymazyanalıqla danışırmış, adıçəkilən romanları da o, öz poetik yaradıcılığında yaranan "müvəqqəti maliyyə sıxıntısı"nın qaçılmaz nəticəsi sayırmış.
Frans Kafkanın özünə tənqidi yanaşması isə tədricən özünəişgəncə həddinə çatırdı və öz miqyası baxımından bu özəllik səviyyəcə onun dahiyanə əsərlərindən əsla geri qalmırdı: onun mazoxist fantaziyalarında insanın canlandırılması, şikəst edilməsi, yer üzündən izinin-tozunun silinməsi böyük üstünlük təşkil edirdi. Yarımçıq şedevrləri sayılan "Proses" və "Qəsr" romanları daxil, özünün bütün əsərlərini məhv etməyi dostu Maks Broddan xahiş eləməsi də bu baxımdan bizə əsla təəccüblü görünmür. Dostu isə, Kafkadan daha uzaqgörən bir sənət sərrafı olduğu üçün, onun vəsiyyətinə əməl eləməyibmiş.
Lev Tolstoydan sonra ən böyük rus yazarı sayılan Çexov öz qələm dostu İvan Buninə deyirmiş:
- Heç bilirsən mənim əsərlərim daha neçə il oxunacaq? Yeddi il.
Bunin ondan soruşubmuş:
- Bəs niyə yeddi il?
Bunu görən Çexov bir az da dəqiqləşdiribmiş:
- Yaxşı, olsun yeddi il yarım.
Gah son dərəcə məşhurluqdan irəli gələn, gah eqosentrizmin, gah da son dərəcə sadəliyin yekunu kimi, çəkingənlik, özünəinamsızlıq, ya da şöhrətinin zirvəsində ikən Kamyunun nümunəsindəki kimi, bunların hər ikisinin sirli qarışımı adətən yazarın yaradıcılığında tam bir tıxanmaya yol açır. Çünki C.Sviftin: "Gərəkli sözü həmişə ən uyğun yerdə işlət!" devizi kamilliyə can atan hər bir qələm sahibi üçün əsl gecə kabusuna çevrilibmiş.
Uilyam Qass deyirdi ki: "Asanlıqla qələmə aldığım istənilən cümlə mənə nə isə bir şübhə hissi aşılayır. Məhz rahat yaza bilmədiyim üçün də mən ləng yazıram. Yazdığım mətnlərin üzünü dönə-dönə köçürürəm ki, bəlkə bu sayədə orta səviyyəni, birtəhər də olsa, yaxalayım".
Yaradıcılıqdakı iqtidarsızlığı məntiqi baxımdan və öz-özlüyündə bu cür izah eləmək olar: yeni kitab (əsər) yaratmaq barədə düşünən yazar insan həyatının əbədi məsələləri üzərində də baş yormağa məcburdur. Təsadüfi deyil ki, passivlik, cürətsizlik və yaradıcılıq "impotensiyası" Hamletdən sonrakı romantik üslubda, həm də Mallarme, Bodler və "fin de siecle" (fransızca "əsrin sonu" deməkdir - A.Y.) düşüncəsiylə yazıb-yaradan digər şairlər üçün öz-özlüyündə sənətin bir predmetinə çevrilir: onlar əmindirlər ki, həyat onlara heç bir ilham-zad vermir, dil amili isə insan varlığının ziddiyyətli faktlarının ifadəsi üçün yetərsizdir.
Öz yazarlar nəslinin ən məşhur təmsilçilərindən biri sayılan Cerom Selincerin şöhrətinin ən yüksək zirvəsində qərarlaşarkən çap olunmaqdan imtina istəyi də hələlik bizim üçün bir sirr olaraq qalır. Tənqidçilərin rəyinə görə, "böyük ümidlər verən" və hətta "gözqamaşdırıcı" istedad sahiblərinin də sonradan ədəbiyyat üfüqlərindən qeybə çəkildiyinə, yazı-pozunu atdıqlarına və ya ən azından sonrakı əsərlərinin çapından imtinalarına dair də bir çox faktlar bizlərə bəllidir. Bəlkə onları belə qorxudan əvvəlki ədəbi şöhrətləri imiş? Yoxsa tənqidçilər öz tərif dolu rəyləriylə bu adamlara elə dərin inam hissi aşılayıblar ki, artıq içlərinə düşən bir şübhə qurdu onları bundan sonra daha yaxşı yaza bilməyəcəklərinə inandırıb?
Əksəriyyətin gəlmiş olduğu rəyə əsasən, öz yazarlar nəslinin ən istedadlı qələm sahiblərindən biri sayılan tanışım da son illər ərzində özündən əminlik hissini necə itiribsə, artıq heç kəslə, hətta yaxın dostlarıyla da məktublaşmır. O inanır ki, yazdığı hər bir mətn gələcəkdə daha layiqincə qiymətləndiriləcək, elə buna görə də o, adicə yazışma qeydini də edərkən xüsusi ciddi-cəhd sərgiləyir və bu üzdən özünü hədsiz dərəcədə yorub əldən salır. Bu səbəbdən o, son vaxtlar hər kəslə məhz telefonla əlaqə saxlamağa üstünlük verir.
Bəzilərimizin özünə bəslədiyi təbii şübhələrin artmasında vaxtilə eşitdiyi mənfi rəylər əsl hipnoz təsirinə malikdir. Məsələn, C.Apdayk deyirdi ki, barəsində müsbət rəy yazanlar ona hədsiz dərəcədə nəcib yanaşırlar, halbuki yerdə qalanlar onu istedadsız biri sayırlar.
Qor Vidal da bir kərə demişdi ki: "Tənqidçilərin yağdırdığı təriflərə şəxsən mən dərin şübhə ilə yanaşıram".
Ancaq çox vaxt yazarlar ətrafdakı insanların onların fəaliyyətini necə dərk elədiklərindən heç agah da olmurlar. Hələ gənc yaşlarında "Taypi" və "Omu" kimi misilsiz əsərlər yaradan Herman Melvill qadınlar üçün patriarxal üslubda yazdığı "Pyer" romanını bitirəndə ona elə gəlirmiş ki, növbəti bestsellerə imza atıb, halbuki bu son dərəcə qəddar əsər oxucularda yalnız və yalnız nifrət hissi oyandırmağa qadir idi. Daha əvvəl yazdığı "Mobi Dik" romanı kimi, bu əsər də öz müəllifini maddi iflasın eşiyinə sürükləmişdi.
Dikkens isə özünün "Böyük ümidlər" romanını hər halda bir fars (tamaşaçılarda yüngül gülüş doğurmağa hesablanmış kiçik səhnə əsəri - A.Y.) sayırmış və buna görə də yazırmış ki, əsərdə "ağlasığmaz dərəcədə və hədsiz gülüş doğuran bir xeyli məqam var", halbuki ən sıravi oxucu da bu əsərin əsl faciə olduğunu əminlik hissiylə söyləyə bilər.
Frensis Skott Fiscerald tam arxayınlıqla söyləyirmiş ki, onun "Şəfqət dolu gecə" romanı misilsiz əsər-filan sayıla bilməz, bundan əlavə, həm də bu roman Coysun "Uliss"i ilə müqayisədə eksperimental nəsrin daha bariz nümunəsidir.
Özündən hədsiz dərəcədə razı olan Uilyam Folkner düşünürmüş ki, onun "Pritça" əsəri əvəzsiz bir nailiyyətdir, halbuki bu onun ən sönük və uydurma əsəridir: əgər ciddi müqayisə aparacaq olsaq, onun qalan romanları bununla yanaşı qoyulduqları vaxt kül içində bərq vuran iri almazları xatırladırlar. Yeri gəlmişkən, Folkner özünün "oxu daşa dəymiş bir şair" olduğunu da vaxtaşırı təkrarlamaqdan əsla usanmazmış.
Əksəriyyətin artıq oturuşmuş rəyindən fərqli olaraq, Coys üzərində on yeddi il boyu sərasər işlədiyi "Finneqanın hüzürü" romanını "bəsit" əsər sayırmış. O deyirmiş: "Bu mətndəki hər hansı parça başa düşülmədiyi halda atılacaq yeganə addım - onu təkrar-təkrar və ucadan oxumaqdır". Sonralar, yəni bu əminliyi yerlə-yeksan olanda isə yazar etiraf edirmiş: "Ola bilsin, bu əsərim həqiqətən də bir sayıqlamadır. Yüz il keçəndən sonra bu xüsus bir az da dəqiqləşər, əlbəttə".
Coys doğma qardaşı Stanislavın aşağıdakı rəyinə etiraz eləməyə də hər hansı gərək duymayıb:
"Bu roman deyilməyəcək qədər darıxdırıcıdır. Hətta o, tamamilə sönmək ərəfəsində olan bir istedadın son və artıq faydasız görünən çırpınışlarıdır. Əgər səni yaxından tanımasaydım, mən onun heç bircə abzasını da oxumazdım".
Özündən əmin olmamaq məsələsində Virciniya Vulfa çatan isə heç tapılmaz. Bəlkə də bunun əsas səbəbi - onun öz işinə, özünütəhlil prosesinə hədsiz dərəcədə köklənməsi idi. 1936-cı ilin noyabrında, özünün ən qəliz əsərlərindən sayılan "İllər" romanının korrekturasıyla məşğul olarkən o, gündəliyində bu sətirləri yazıb:
"Birinci hissəni oxuyarkən, ümidsizliyə, həm də çarəsiz və soyuq bir ümidsizliyə qapıldım. Xoşbəxtlikdən kitab elə zay qələmə alınıb ki, onun çapından ümumiyyətlə söhbət gedə bilməz. Korrekturadan sonra bu mətni bir pişik ölüsü kimi L.-ə təhvil verəcək və xahiş edəcəyəm ki, bu romanı oxumadan yandırsın".
Ancaq Leonard Vulf bildirir ki, kitab onun xoşuna gəlib və onu "son dərəcə uğurlu" bir əsər sayır. Əslində, Leonard Vulf bunu da yalandan söyləyirmiş, amma Virciniya bu saxtakarlığın heç fərqinə də varmayıb. Gündəliyində isə qeyd edib ki, bəlkə də özü durumu həddindən artıq şişirdir və əslinə qalanda roman sən deyən də zəif sayılmaz. Lakin aradan bir neçə gün ötdükdən sonra həmin dəftərdə romanın həqiqətən də zəif olmasıyla bağlı onun növbəti qeydi peyda olub: "Bundan belə bu cür qalın kitablar yazmayacağam".
Bir müddət sonra Vulf yazırdı: "Görünür, "İllər" romanıma görə tamamilə ruhdan düşməyimə dəyməzdi. Ən nəhayət, belə anlaşıldı ki, əsər fəna deyilmiş. Ən azından bu, həqiqi bir əsərdir və oxucunu düşüncələrə vadar edir. Onun üzərində apardığım işi az əvvəl tamamladım və daxilimdə görünməmiş bir ruh yüksəkliyi hiss edirəm".
Sonralar yazar etiraf edirdi ki, bəlkə də roman zəifdir, ancaq bütün hallarda onun üzərində təzədən işləmək niyyətindən də uzaqdır. Halbuki əsər haqda ilk rəylər başdan-ayağa təriflərlə dolu idi. Həmin məqalələrdə Vulf həm "birinci dərəcəli xanım romançı", həm də "misilsiz lirik şairə" titullarına layiq görülmüşdü. "İllər" romanı az qala yekdilliklə bir şedevr elan olunmuşdu.
Bundan bir gün əvvəl isə Virciniya öz gündəliyində bu sətirləri yazmışdı:
"Öz-özümdən heç baş çıxara bilmirəm. Bu gün sanki bütün ruhum dincəldi, könlüm sevincdən dolub-daşdı, bunun səbəbi isə Edvard Murun dünən "Lisner"də, Skott Ceymsin isə cümə günü "Life and Letters" haqqında dərc etdirdiyi xeyli sərt fikirlər oldu. Hər ikisi aşımın duzunu yaxşıca veriblər. Edvard Mur yazıb ki: "İllər" romanında yaşadığımız həyatdan heç bir nam-nişan yoxdur və o, bəslənən ümidləri zərrəcə doğrultmayıb. Ceyms də öz rəyində elə buna oxşar fikirlər açıqlayıb. Bunları oxuyanda gözlərimin önü qaraldı və mən gövdəsi tən ortadan qırılan bir qamış kimi torpağın köksünə əyildim. "Əsərdə yaşadığımız həyatdan heç bir nam-nişan yoxdur və o, bəslənən ümidləri zərrəcə doğrultmayıb" yazarkən sanki onlar məni yalançılıqda suçlayırlar. Sən demə, mənim kitabım - ona bəslədiyim ümidlərdən ibarət olmaqla yanaşı, həm də zəhləm gedən bir düyü pudinqi imiş. Bu - mənim iflasım imiş. "Həyatdan heç bir nam-nişan yoxmuş...". Sübh saat dörddə mən ürəyimdə qopan kəskin ağrıdan oyandım, dözülməz ağrı-acı duyurdum. Ancaq iztirablarım tezliklə səngidi: buna səbəb - "Empire review"da çıxan dördsətirlik, həm də xeyirxahlıq dolu bir rəy oldu. Demə, bu - mənim ən yaxşı kitabım imiş. İndi belə çıxacaq ki, mənə yaşama gücü verən də bu rəy oldu, eləmi? Məncə, yox, bu duyğu o qısa rəylə bağlı deyildir. Amma sevincim, duyduğum o sevinc təbii idi. Axı, bəzən elə olur ki, özünü ələ alırsan, şənlənib-şuxlaşırsan - bəyəm bundan ötrü də hansısa xoş söz yetərli olmur ki?!".
Qəribə olan da burasıdır ki, "İllər" romanı o vaxt ABŞ-da dörd ay boyu bestsellerlər siyahısının başında dayansa da, hazırda onu Vulfun ən uğursuz eksperimentlərindən biri, görünməmiş dərəcədə cansıxıcı və oxucuya yuxu gətirən bir kitab sayırlar. Onda həqiqətən də "həyatdan heç bir nam-nişan yoxdur", halbuki yazarın digər əsərləri - "Mayaka doğru", "Missis Dellouey" və "Dalğalar" əsl şedevr sayılır və bir mənada onlar Klod Monenin tablolarını xatırladırlar.
Ədəbiyyat tarixində öz əsərlərini yenidən yazmaq və "daha səviyyəli" yazmaq kimi mənasız həvəsə indiyədək bir çox məşhur yazar cəhd göstəribdir. Bunu deyərkən, ilk növbədə U.H.Oden, Marianna Mur, Con Rensom gəlir adamın ağlına. Gənclik enerjisi qeybə çəkilən, qocalmağa başlayan və hər halda öz gənclik dövrünün revanşını (intiqamını - A.Y.) almağı arzulayan yazar mətnin hər əyər-əskiyini düzəltməyə can atır: hər şeyi özünün şübhə ilə yoğrulan təcrübəsinə uyğun şəkildə qısaltmağa, yenidən biçib-doğramağa və təkrar quraşdırmağa çalışır.
Odenin dostu, yunan şairi C.Seferis (Outs burada məşhur yunan şairi Yorqos Seferisi nəzərdə tutur: bəzi Qərb dillərində onun əslində "Giorgos" və ya "Georq(i)os" olan adı "Corc" şəklində yazılıb. Əslində şairin ilkin halı "Seferiades" olan soyadı da sonradan qısaltmaya məruz qalıb. Xatırladaq ki, bu modernist şair 1963-cü il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır - A.Y.) "1 sentyabr 1939-cu il" şeirini pis günə saldığı üçün Odeni möhkəmcə danlayıbmış. Bunun səbəbi isə Odenin məşhur "Biz bir-birimizi ya sevməli, ya da ölməliyik" misrasını "Biz bir-birimizi sevməli və ölməliyik" şəklinə salması imiş. Şeirin bir başqa çap versiyasında müəllif bu misranın olduğu bəndi ümumiyyətlə ixtisara salıbmış. Seferis bu cür dəlləkliyi "mənəviyyatdan uzaq" və "eqoist" yanaşma sayırdı, çünki sözügedən şeir artıq çoxdan öz müəllifinin toxunulmaz əqli mülkiyyəti olmaqdan çıxıbmış.
U.B.Yeyts isə mətnlərində düzəlişlər aparmağa hər zaman hazır imiş və bunlar onun yaradıcılığında müsbət nəticələrə vəsilə olub. (Şair deyirmiş: "Mənim ruhumdur bunu məndən tələb eləyən").
Eyni fikirləri Henri Ceymsə və məncə, Emili Dikinsona da aid eləmək olar: deyilənlərə görə, hətta onun tələm-tələsik yazdığı məktubların da bir xeyli qaralama versiyası olurmuş.
D.H.Lourens "Seçilmiş şeirlər" kitabını çapa hazırlayarkən özünün ilk qələm təcrübəsi sayılan şeirlərini sırf onları zəif saydığı üçün köklü şəkildə işləyib, təkmilləşdiribmiş. Onu da xüsusi qeyd etməliyəm ki, Lourens özünün poeziya sahəsindəki ilk uğursuzluqlarını son dərəcə səmimi bir şəkildə belə etiraf eləyibmiş:
"Cavan şair öz ilham pərisindən hürkür və vaxtaşırı əliylə ağzını qapadığı o pərinin yerinə dil-dil ötməyə başlayır. Ancaq onun bu hüdülədiklərinin çox nadir hallarda şeiriyyətə bir dəxli olur. Buna görə də mən özümün son çalışmalarımda sözü məhz ilham pərisinə verməyə cəhd göstərdim və cavan şairin onun yerinə danışdığı bütün yerləri mətnlərdən çıxarıb atdım".
Yazarlar arasında özünə hədsiz dərəcədə və aşkar heyranlıq hallarıyla da sıx rastlaşırıq, hətta deyərdim ki, bunlara həddindən çox rast gəlinir. Amerikanın tanınmış ədibləri arasında bir kişilik idealı sayılan Ernest Heminquey sağlığında öyünürmüş ki, yazıçılarla xəyalən keçirdiyi boks matçlarında o, Turgenevi və Gi de Mopassanı əzişdirib, Stendalla qatıldığı döyüşlər isə düz iki kərə heç-heçə ilə bitib. O deyirmiş: "Ancaq əminəm ki, sonuncu döyüşdə aşkar üstünlük məhz mənim tərəfimdə idi".
Tomas Mann, Uilyam Folkner və Ernest Heminquey kimi novella ustalarının müasiri olan Con O'Xara isə ölçü hissini əməlli-başlı itiribmiş və deyirmiş: "Qısa hekayə yazmaqda mən heç kəsi özümə rəqib-zad saymıram".
Məşhur şair Robert Frost hətta ahıl vaxtında da hansısa başqa bir şairin (hələ bir də rəğbətlə qarşılanan birinin!) onun hüzurunda şeir oxumasına heç cür dözə, qatlaşa bilmirmiş.
Hazırcavablığıyla ad çıxaran Con Çiver deyirdi ki, rus şairi Yevtuşenkonun (məşhur sovet şairi, nasiri, publisisti, ssenaristi, rejissoru və aktyoru Yevgeni Yevtuşenko (1933 - 2017) nəzərdə tutulur - A.Y.) çılğın eqosu "iyirmi futluq (6 metrlik - A.Y.) məsafədən də büllur qabı sındırmağa qadirdir".
V.Nabokov hesab edirdi ki, digər yazarlarla yanaşı, Dostoyevskini, Turgenevi, Tomas Mannı, Henri Ceymsi və Corc Oruelli xeyli geridə qoyubdur.
Milli Kitab Mükafatına layiq görüldüyüm vaxt müəllim məsləkdaşlarımdan biri bu münasibətlə aşağıdakı fikirlərini mənimlə bölüşmüşdü: "Əminəm ki, mən səndən daha yaxşı mətnlər yazıram, sadəcə hələlik məni çap eləmirlər. Sənin isə sözügedən çevrələrdə xeyli dost-tanışın var".
İstənilən qələm sahibinin bir yazar olaraq mövcudluq ehtimalı hansısa illüziyanın, həm də "özünüdərk" illüziyasının üzərində qurulubdur və yazıçılığa iddialı şəxs bu faktdan heç cür qurtula bilməz. Görünür, heç bir insanoğlunun varlığı illüziyalarsız ötüşmür.
H.İbsen bunları "həyati baxımdan vacib yalan" adlandırırdı və bu, xeyli sərt yanaşma idi. Bəlkə bunu qulağa daha xoş gələn terminlə, yəni "həyati baxımdan vacib ideal" adlandıraq, hə? Ən azından ideallarla yaşamaq mümkündür, yalanla baş-başa yaşamaq isə sən deyən də xoş bir şey sayılmaz.
Hər şeyə rəğmən, biz, yəni yazarlar, həyatda qalmaq istəyiriksə, bu prinsipə əməl etməli və illüziyalarlamı, yoxsa onlarsız yaşamağa dair qəti bir qərara gəlməliyik. Çünki hər şeyin bunun tam əksini isbatladığı hallarda belə, biz durmadan təkmilləşməkdəyik. Hazırda üzərində işlədiyimiz mətn bizim indiyə qədər yazdıqlarımızın hələlik ən kamilidir, növbəti kitabımız isə əvvəlkindən daha mükəmməl sayılacaq.
Bu baxımdan bütün yazarlar öz məğzləri etibarıyla amerikalıdırlar: bizdən ötrü inkişafdan qalmaq - uçuruma yuvarlanmağa bərabərdir. Bəlkə də biz... haqlıyıq.
Tərcümə: Azad Yaşar