manera.az
manera.az

Donatella Bisutti - Xilaskar poeziya

Donatella Bisutti - Xilaskar poeziya
Esse

Poeziya dünyanı, insan həyatını xilas edə bilərmi?

Bu, mənim kitabımın məğzindən, canından doğan sualdır və sonda gəldiyim nəticə belədir: bəli, poeziya xilaskardı. Bu, həqiqətin həqiqəti qədər məndə əminlik yaradır. Çünki poeziya təkcə sözlərin deyil, həm də hisslərin, yaşamın möcüzəsidir. Poeziyanı özündən kənarda, uzaqlarda axtarma, o həmişə səninlədi, sənin içində, ruhunda, düşüncələrindədi.

Əgər sən poeziya vurğunusansa, şeirsiz özünü təsəvvür etmirsənsə, onda bu səndə anadangəlmədi. Sənin dünyaya baxışın, insanlara, ümumiyyət, bütün canlı aləmə münasibətin digərlərindən fərqlənir. İşdi əgər sən şairsənsə, onda bu münasibət ikiqat intim və məhrəm xarakter daşıyır. Sən hardasa elə bil bir bətndən gəldiyin Sözlə, deməli sənə qardaş, ya bacı sayıla bilən Sözlə həm də nigah bağlayırsan.

Rumın filosofu Luçian Blaqa yazır ki, poeziya yalnız mənəvi yox, həm də maddi anlayışdı. Poeziya bəzən gerçəyi gerçəyin özünün belə çatmadığı, dərininə varmadığı qədərində insanlara çatdırmaq iqtidarına malikdi. Poeziya bizlər üçün sirr və qaranlıq olan ölümlə həyatımız arasında əllə toxunacaq qədər yaxın olan bir körpüdü. Bu körpü hər dəfə bizlərə ölümün nə qədər yaxında olduğunu anladaraq, bu dünya ilə o dünya arasında təmas qurur, bu vəhdəti ruhumuza hopdurur. Poeziyanın ömrü sirri-xudadı: şeir həm gün-gün, həm də əsr-əsr yaşayır, doğulur, ölür və bir uzun yüzilliklərdən sonra yenidən dünyaya gəlir. Çünki hər şeir dünyaya hər yeni gələn insanla yenidən doğulur. Bu gün bəziləri poeziyanın dövrünün keçdiyini düşünür. Göydələnlər, əndazəni aşan texniki tərəqqi, gündəlik stresslər və s. insanı istər-istəməz robota çevirmək missiyası daşıyır. Virtual aləm ruhsal aləmə qənim kəsilib, insanı özüylə baş-başa, tək qalmağa qoymur, hətta bu virtual aləm “poeziyanı” da özəlləşdirmək, özününküləşdirmək istəyir. Amma bu, mümkün deyil. Çünki şeir gözlə görünən yox, bəsirət gözüylə görünəndi. Bu mənada, şeirin virtual aləmə yolu binadan qapanıb və heç vaxt da bu yolda nəqliyyat növünə çevrilməyəcək. Poeziya xəyallar aləmi də deyil. Xəyallar aləminə qapanmaq üçün xəyal özü yetərlidir. Xəyal əslində olmayan, olacaqlara və ya olmayacaqlara işıq salan düşüncə mayakıdı.

Poeziya isə gerçəklik deməkdi – səni ruhlandıran, sənə həyatı və ölümü sevdirən özün qədər diri bir gerçəklik. İnsani istəklərin həddi-hüdudu yoxdu. Biz nəinki layiq olduqlarımızı, hətta layiq olmadıqlarımızı da özümüzə arzulayırıq. Bəlkə insan ömrünün tale yolu da elə budu – beşikdən qəbrə qədər arzu qanadlarına yüklənən həyat.

Daxili harmoniyasını itirən insanlar həmişə təşviş içində olur, onlar sanki dünyanı təhlükə mənbəyi kimi dərk və hiss edirlər. Belə insanlar üçün ən böyük maraqlar belə xırdalaşıb öləziyir, istinad nöqtəsi yox olur. Bu zaman onların yaşamında etik, sosial, mədəni, hətta öz doğma ailəsinə münasibət də daxil olmaqla insani dəyərlər anlayışı bütün əhəmiyyətini itirir. Bu zaman şeir, poeziya karımıza gəlir, o bizi bizə qaytarır, daxili harmoniyamızı bərpa edib içimizdəki xaosu (qarmaqarışıqlıq) kosmos (nizam) halına gətirir və bizləri dünyanın, kainatın zərrəsi edir. Yalnız bu zaman biz öz imkanlarımızı hərəkətə gətirə bilib, rasionallığın cızdığı çərçivələri aşıb-keçə, yaradıcı intuisiyamızı və təxəyyülümüzün imkan verdiyi qədərində özümüzü təsdiqləmiş oluruq. Zərrənin nəhənglə birləşməsi anını Homer “İlahi an” adlandırır. Bəli, bu, ən mükəmməl təmasdı.

Biz sırf ideyalarla yaşamamalı, mülklər,milyonlar sahibi olmaq üçün özümüzü bütünlüklə maddiyyata qurban verməməliyik. Çünki bu yol qarşısına çoxlu hədəflər qoyduğu səbəbdən təbii ki, çoxlu fəsadlar da törədir. Bu yol bəşəri nizamdan ayrılmaq, fərdiləşmək, kimlərdənsə müticəsinə asılı olmaq, kimlərisə müticəsinə özündən asılı etmək deməkdir.

Xalqların, millətlərin dilləri dəyişsə də, yüz illərdən bəri yol gələn şeirin dilin əslində dəyişməz qalır. Çünki bu dil təhriflərə, tənəzzülə, hətta belə demək olarsa, inkişafın özünə belə uğraya bilməz. Eynilə dualarımız kimi. Axı, poeziya insanın çölündən yox, içindən gələn, insanın çölündə yox, içində danışan səsdi. O da dualar kimi Tanrıya ünvanlanıb və hardasa insanla Tanrı arasında bir ünsiyyət vasitəsidi. Və bu dil bütövlüyümüzün parçalanmasının qarşısını alıb sevinc və kədərimizin, hiss və düşüncələrimizin hətta rəngini belə bütün çalarlarında bizlərə göstərmək iqtidarına malikdi.

Poeziya həm də müdrik bir qocadı: o heç kimə bənzəmir, öz abırlı və ləngərli yerişi, dərin məsləhətləriylə şüurumuza, ağlımıza hakim kəsilib özümüzü özümüzə tanıtmaq missiyası daşıyır. Poeziyanı “Yer üzünün ruhu” adlandıran antik yunan filosofu Platon və irland şairi Yetz bu qənaətdəydilər. Bu mənada, düşünürəm ki, bəli, poeziya həyatımızın keşikçisidir. O mənən korlaşmış gözləri və ağlı açmaq gücündədi. Şeir həm də bizi real aləmə aparır və öz sirli açarıyla qarşımızdakı bütün qapıları açaraq insanın nə qədər əzəmətli varlıq olduğunu dərk etməyimiz üçün bizlərə imkan yaradır.

Tərcümə: Mais NuriyevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031