Bakıda 8-ci Beynəlxalq Kitab Sərgisi keçirilir - Fotolar

Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.
MANERA.AZ xəbər verir ki, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Anar Kərimov əlavə edib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 110 –dan çox nəşriyyatın iştirakı gözlənilir. Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub: “Qonaqlar içərisində İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi məşhur simalar var”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb.
Qeyd edilib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.

