manera.az
manera.az

Dünyanın nadir şairi - Əli Nəcəfxanlı yazır..

Dünyanın nadir şairi - Əli Nəcəfxanlı yazır..
Dostlarının, əzizlərinin gözü aydın! - Nadir Azayoğlu 60 yaşını başa vurdu. Laçın dağlarında doğulub ilk 30-unu orda keçirən, ikinci 30-unu Sumqayıtda başlayıb tamamlayan şair yenicə bəxtəvərliyinə qovuşub. Nadirə artıq azad Laçında bir o qədər də urvatlı ömür yaşamağı arzulayıram.

Əslində, şair dostum avqustda doğulub, amma dağ yeri olduğna görə "yaş kağızı" sentyabrda yazılıb. Bu hesabla onun ad gününü həm avqustda, həm də sentyabrda qeyd etmək olardı. Dünyada tanınmışların yubileyləri lap ilboyu keçirilmirmi? Yaradıcılıq uğurlarına görə Prezident təqaüdünə layiq görülmüş Nadirin onlardan heç nəyi əskik deyil.

Tanımayanlar tanısın, bilməyənlər bilsin, görməyənlər görsün: Nadir Azayoğlu, bax, bu aşağıdakı şeirin sahibidir:

Məni belə fağır bilmə,
Hələbdən, Xoydan gəlirəm.
Ruhum yurda yas saxlayır,
Təbrizdən toydan gəlirəm.

Xəbis oğlu, nakəs gədə
Bu nə barmaq, bu nə hədə?!
Tanrılı enməz heç vədə,
Tanrılı taydan gəlirəm.

Bilirsənmi nər türk nədi,
Bəy türk nədi, ər türk nədi?
Mosul nədi, Kərkük nədi -
Aşıb Altaydan gəlirəm.

Qalır "bəlkə"si, "hələ"si,
Demə əyilib şələsi.
Min duzağı, min tələsi
Olan bir boydan gəlirəm.

Çaylar keçdim bir dəryacan,
O tayı ruh, bu tayı can.
Mən Doğudan Batıyacan
Ulu bir soydan gəlirəm.


Bu gözəl şair məndən beş yaş kiçik olsa da, ona dayı deyirəm. Əslində, o da mənə şirin ləhcəsində ağızdolusu "bajoğlu" deyir. Əslən laçınlı olan anamım qardaşı sayıram Nadiri. Əslində, bir neçə il bundan irəliyə qədər mənim Nadir adlı doğmaca dayım olub. Buna görə də Nadir adı gələndə dayı deməyə əzəldən vərdişkaram.

Arabir görüşürük, dərdləşib yüngülləşirik. Mən onun gözlərindən nə vaxtsa yazdığı bir şeirin misralarını oxuyuram:

Ömrümüzdə kədər çin-çin,
Nələr çəkdik için-için?!
Bəlkə bu da bizim üçün
Elə kefdi, dəmdi, qağa.


Bəli, işıqlı qəm şairlər üçün kef-damaqdır. Qəminin, qadasının "naz"ını ürəkdən çəkən Nadir Azayoğlu Sus kəndindəndir. Otuz il bu kənd düşmən əlində olub. Rəhmətlik Məmməd Aslanın Kəlbəcər rayonundakı Laçın adlı kəndi də eyni taleyi yaşayıb. Xatirəsini daim ehtiramla yad etdiyimiz ağsaqqal şairimiz Kəlbəcər üçün darıxanda mənim ata yurdum Yardımlıya gedər, həsrətini həmin bənzər yerlərdə ovudardı. Nadir Azayoğlu da Qəbələdə olanda landşaftı Laçın kimi görüb. Eyni hissləri yaşayıb:

Havalı gəzirəm haçandı, - dedim,
Qoymayın, ürəyim uçundu, - dedim,
O daşa, torpağa Laçındı - dedim,
Torpaq olammadım, daş olammadım.


Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə inişil 44 günlük Vətən müharibəsi Böyük Zəfərlə başa çatıb. Əzəli torpaqlarımız geri alınıb və dekabrın 1-də Laçın rayonu da düşməndən azad olunub. O dağların şair oğlu bütün bunlara sevinib. Amma indiyə qədər ora gedə bilməyib. Çünki rayon işğaldan qurtulsa da, dəhlizə düşən Laçın şəhəri və Zabux kəndi ilə bərabər, Sus da son vaxtlaradək "Yersiz gəldi, yerli qaç" deyərək orada lövbər salmış ermənilərdən təmizlənməmişdi. O, intizarla gözləyirdi və haçansa qələmə aldığı "Laçın dərdlərimin ən göyçəyidi" misrası düz ötən ayın 25-ə qədər hələ də təqvimi qüvvəsində idi. Nəhayət, həmin gün Nadirin həsrətinin Laçın-Zabux-Sus üçbucağı da aradan götürüldü və şairin vüsal çevrəsi tamamlandı. Gəlmə haylar Laçından tamam silinib atıldılar. Sülhməramlılar boş çöllərdən keçən alternativ yola köçdülər. O doğma yerlər də əsl sahiblərinin nəzarəti altına keçdi. Bu da 60 illik yubileyi ərəfəsində şair üçün əvəzsiz hədiyyə oldu. Göydə Allah, yerdə Prezident və Silahlı Qüvvələrimiz tərəfindən layiqli mükafat oldu.

Göyçə mahalında Sos, Qaxda Suskənd, Şahbuzda Sələ-Sus, Ordubadın Nüsnüs kəndində Susdərə, Kəlbəcərdə Susuzluq, Qubada Susay və başqa bu kimi adları daşıyan kəndlərimiz, obalarımız var. Türk dilində bu adlar dumanlı, çiskinli, sucaq yer mənasında işlənir. Azadlığına qovuşan Laçının Sus kəndinin artıq üzü gülür. Xankəndiyə, Xocalıya, Xocavəndə və oradakı Sos kəndinə də növbə çatar, inşallah!

İndi Nadir Laçına, Susa uça-uça getməyə hazırdır. Özünün də feysbuk səhifəsində yazdığı kimi, artıq Laçın onun dərdlərinin deyil, duyğularının ən göyçəyidir. Mənə o da indidən agahdır ki, Nadir uzun ayrılıqdan sonra Laçında keçirəcəyi ilk gecəni qəti olaraq yatmayacaq. Masaya çöküb işıqlı bir vüsal şeiri yazacaq. Duyğularına "salam", "xoş gördük" sözlərindən don geydirəcək.

Özəl düşüncəmə görə, Nadir Azayoğlu dünyanın nadir şairidir. Bu adam Allaha "dərdim var" demir, dərdə "Allahım var" deyir. Allah da onu eşidir və lütfünü əsirgəmir.

Nadirin Laçın ağrılı, çox sevdiyim bir şeiri də var (işğal dövründə yazıb):

...Deyirlər Laçına qar yağır,
Ürəyimdə bir şaqqıltı var.
Yəqin əkdiyim tutun
barını çırpanlar
qarını çırpmadılar.
Allah bəlasını versin o tutu incidənlərin!


Şairlər qarğış etməyi sevməzlər. İşdir, birdən dillərinə qarğış gəlsə, mütləq tutar. Qarı çırpılmayan, gövdəsi baltalanan ağacların ahından kimsə yayına bilməz. Necə ki, qəvi düşmənlər yayına bilmədilər.

İndi biz Nadir Azayoğludan daha qarğış yox, alqış şeirləri yazmasını gözləyirik.

P.S. Mən bu təbriknaməni yazdım və istədim ki, yazım Susa gedən şairin arxasınca atılan bir dolça su timsalında olsun, yollarını aydınlatsın. O da gedib orda qara sazın çınqı-çınqı, çılğın-çılğın cınqırları, sədaları altında Laçın-Laçın naxışlanan söz əriş-arğacının ilmələri ilə göz-könül sevindirsin! Dünyanın nadir şairi Susda susa bilməz, axı!

Əli NƏCƏFXANLI
əməkdar jurnalist

Dünyanın nadir şairi - Əli Nəcəfxanlı yazır..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031