Laçından didərgin düşmüş sənətkar
Məhəbbət Kazımov! Əslində o qədər tanınmış imzalardandır ki,həyatını analiz etmək çətin deyil,lakin bilməyənlər üçün bəzi nüanslardan başlamaq istədim ilk öncə.
1953-çü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində Allahverdi kişinin evində dünyaya göz açmışdır. Ailədə tək övlad deyildi,amma seçilən idi—hələ uşaq yaşlarından. Tanrı ona elə bir vergi bəxş etmişdi ki,bu hər Allahın quluna nəsib olmur—hətta istəsə belə. Bu istedadı onun Asəf Zeynallı adına musiqi texnikumuna qədər aparıb çıxara bildi. İlk muğam dərsini Nəriman Əliyevdən alan mərhum sənətkar,sonradan muğamın bütün incəliklərini ustadı mərhum Ağaxan Abdullayevdən almışdı.
Səsinin gözəlliyi ilə yanaşı muğamın ustalıq tələb edən boğazlarını,təsnifləri,rəngləri özünə məxsus şəkildə ifadə edirdi. Bəli,hər muğam ifaçısı muğam oxuya bilir,səsi yerindəsə,aldığı biliklər mükəmməlsə. Ancaq səsin məlahəti,şirinliyi,könülləri fəth etməsi hər kəsə qismət olmur. Məhəbbət Kazımov məhz həmin qüdrətə malik olan sənətkarlardandı. İfa etdiyi muğamlar,xalq mahnıları ilə yanaşı sənətkarın özünün yazdığı şeirlər və onlara bəstələdiyi dillərə dastan nəğmələr çox olmuşdur,hal-hazırda da dinlənmə və ifa reytinqinə görə illərə meydan oxuyur. Nədənmi?
Çünki o şeirlər Vətən həsrəti çəkən bir ürəyin üsyanı,yaralı ömrün harayından doğulmuşdu. Göz açıb boya-başa çatdığı torpağının şəkillərdəki xarabalıqlarını,viran qalmış evlərin ,talan olmuş məzarlıqların torpağa qarışmasını gördükcə ,Vətəninə ,torpağına,kökünə bağlı olan bir sənətkar ürəyinin acısını ağlayan sətirlər,inləyən nəğmələr az da olsa dindirə bilirdi . Ən çox da ürəkləri dağlayan musiqilərindən biri də “Laçınımdır”!Doğma yurdu Laçınından didərgin düşmüş sənətkar ürəyindən süzülən kəlmələrə baxın:
Qartal olub göylərində uçum mən,
Duman olub torpağında sürünəm.
İlk öncə bu sözlərin əsl anlamını dərk edə bilmirdim. Rəhmətlik babam bu mahnını eşitdikcə yanağına bir damla yaş süzürdü. Dayanmadan sual etdim:—Adi bir mahnıdan və sözlərdən niyə ağlayırsan axı?
Tellərimi oxşayaraq dedi: Gözəl gözlüm ,bu heç də adi bir mahnı deyil,adi sözlər deyil. Laçın özü qartal demək,sən ki,bioloqsan,gözəl bilirsən. Qartallar ən uca zirvələrdə uçar,ən əlçatmaz yerdə yuva qurar və heç zaman leş yeməz,ovunu diri tutar. Bax ,biz də o yüksəklikdə,o zirvədə doğulub,böyümüşük. O uca dağların havasından, suyundan uzun ömürlü olmuşuk. Amma gəl ki,bir gün əcəl qapımı döyəndə məzarım olacaq bir metr torpağım belə yox.
Kaş ki,yenə o dağlarda,meşələrdə olaydım,zamanım dolanda da öz yurdumda,öz elimdə ,öz torpağımda məzarım olaydı! Bax,elimin igid oğlu bu sözlərlə bu fikirləri demək istəyir. Bizlərə itirdiyimiz torpağın ,başı qarlı zirvələrin necə dəyərli olduğunu anlatmağa çalışır. Siz gənclərə də öz kökünüzü böyüklərinizdən öyrənməyi məsləhət görür! Gəl,dua edək ki,bir gün bu mahnını sənin görə bilmədiyin Laçın torpağında zəfər marşı kimi dinləyək !
Çox duyğulandım doğrusu. Yaşının bu çağında belə torpaq həsrətini dilə gətirən bir Atanın sözləriydi bu!
Bəli,bu sözlərdən sonra bu iki misranın nə qədər böyük,nə qədər dərin olduğunu anlaya bildim. Qeyd edim ki,şeirin musiqisi məhz Məhəbbət Kazımova məxsus idi. Və o qədər ağrılı notlar üzərində idi ki,həqiqətən də itirilmiş Vətən torpağının harayını duymamaq mümkünsüz. Hətta “Laçınım “ mahnısı ilə bərabər sənətkarın bəstələdiyi “İndi məndən küs görüm” mahnısı da bu günədək öz aktuallığını qoruya bilən musiqilərdəndir. Mərhum sənətkar əsasən milli musiqi janrında oxuyurdu.
Ancaq bəzi mahnılar var ki,Məhəbbət Kazımov öz ifasıyla möhrünü elə vurub ki,ondan sonra ifa edən ifaçılarda uğurlu alınmayıb .Məsələn “Bizim dağlara”, “Dağlar dağımdır mənim”,”Ay ilk məhəbbətim, “Sarı bülbül” və s. mahnılar sənətkarın imzalı mahnılarındandır. Bu ifaların sayı daha da çox olardı ,günün birində zalım fələk onu bizlərdən almasaydı. Məhz bu gün 27 yanvar,2014-cü ildə Məhəbbət Kazımov haqqın dərgahına köç etdiyi gündür. Çox əvəzsiz və qiymətli sənətkarlardan idi.
Sağlığında 2012-ci il 14 sentyabrda Azərbaycanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdü. Yaşasaydı ən ali adlara qədər yüksələn sənətkar idi. Düşünürəm ki,Xalq Artisti adının ən layiqli simalarından idi Məhəbbət Kazımov. Heyf ki,əcəl onu aramızdan tez apardı. Ancaq mərhum sənətkar onu sevənlərin,Azərbaycan musiqi tarixinin silinməz yaddaşında elə bir naxış qoymuşdur ki,əsrlər keçsə bilə hər zaman hörmətlə xatırlanacaqdır!
Məryəm ƏLİYEVA
MANERA.AZ