manera.az
manera.az

Elizabet - Keniyalı yazıçıdan hekayə

Elizabet - Keniyalı yazıçıdan hekayə
Qreys Oqot - 1932-ci ildə Keniyanın Nyanza vilayətinin Asembo kəndində anadan olub, 2015-ci ildə vəfat edib. Qreys Oqot ingilis dilində əsərləri nəşr olunan keniyalı ilk qadındır. O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Keniyadan olan deputat kimi fəaliyyət göstərib. (1975). YUNESKO-da Keniya nümayəndə heyətinin üzvü olub.

* * *
Səhər saat səkkiz tamamda Elizabet kontorun qapısını açdı. Bundan belə o, burada qulluq edəcəkdi. Bu ara telefon zəng çaldı. Elizabet tələsik dəstəyi qaldırdı:

- Alo.

- Cənab Cimbonun katibəsidir?

- Bəli, eşidirəm. - Elizabet dəstəyi çənəsi ilə sıxıb stolun gözündən bloknot və karandaş çıxartdı.

- Məni şeflə calaşdırın.

- Təəssüf ki, hələ gəlməyib. Zəhmət olmasa, yarım saatdan sonra zəng edin.

- Telefonda qırıq bir səs eşidildi:

- Yaxşı.

Elizabet əsəbi halda dəstəyi tulladı:

- Heç özünü də təqdim etmədi.

Cənab Cimbonun kabinetinə açılan qapı azca aralı idi. Elizabet otağa nəzər saldı. Otaq çox böyük idi. İçəridə qızıl ağacından qayırılmış böyük yazı masası qoyulmuş, döşəməyə tüklü yaşıl xalça salınmışdı. Pəncərələrin jalüziləri qaldırılmışdı. Bu, o demək idi ki, səhərlər kabinetə günəş şüası düşmür. Bütün əşyalar ciddi bir səliqə ilə düzülmüş, stolun üstündə qəşəng bir qadınla iki uşaq şəkli qoyulmuşdu. Elizabet fotoşəklə baxıb sonra onu yerinə qoydu. Qəbul otağına qayıdıb çox da böyük olmayan pəncərəyə yaxınlaşdı, küçəyə baxdı. Küçədə saysız-hesabsız maşın görünürdü. Sağa və sola doğru şütüyürdü. Maraqlıydı, təzə iş yerində çoxmu qərar tutacaqdı? Son yarım ildə bu, üçüncü iş yeri idi. O, dörd ay Amerikanın böyük idarələrinin birində qulluq etmiş, sonra topdansatış ticarət firmasında bir ingilisin katibəsi olmuşdu. Görəcəyi işdən çox şefini Elizabetin gözəlliyi maraqlandırırdı. İki ay birtəhər işlədikdən sonra qız xəbərdarlıq etmədən çıxıb getdi...

Təzə iş yerində ona ildə 790 funt təklif etmişdilər, halbuki əvvəllər o, 850 funt alırdı.

Pilləkəndə eşidilən addım səsləri onu düşüncələrdən ayırdı. Qız stolun arxasına keçdi və makinadakı kağızı düzəltdi. Qapı açıldı. Cənab Cimbo astanada göründü. Elizabet cəld yerindən sıçrayıb kabinetin qapısını taybatay açdı:

- Sabahınız xeyir, ser!

Şef bir müddət başdan ayağadək onu süzüb tələsmədən özünü yırğalanan kürsüyə yaydı, Elizabet üsulluca qapını örtüb makinada yazmağa başladı. Az sonra zəng çalındı və telefonun işığı yandı. Elizabet dəstəyi qaldırdı.

- Bura gəl. Məktub diktə edəcəyəm.

Elizabet:

- Baş üstə, ser! - deyib stenoqrafiya üçün bloknot və karandaş götürdü, kabinetə keçdi.

- Əyləş.

Şefin stolu üzərindəki telefon səsləndi. Cənab Cimbo etinasız halda dəstəyi qaldırdı. Bədənini geriyə atıb kürsüyə söykəndi.

Elizabet oğrun-oğrun yeni müdirinə baxdı. Onun yaşı qırxa yaxın olardı. Hündürboy, kök və qarabuğdayı adam idi. Üzü tərtəmiz qırxılmışdı. Sir-sifətindən sağlam adam olduğu bilinirdi. Dişləri o qədər ağ idi ki, adam onların süni olduğunu zənn edirdi. Gur səsi ilə qıza müraciət edəndə səsində bir ata qayğısı duyulurdu. Və onu qadınların tumanı ardınca sürünən o biri şeflərə bənzətmək olmurdu... Nə eybi, gələcək göstərər.

- Deməli, arvadınızla saat səkkizdə sizi gözləyirəm. Hələlik.

Şef dəstəyi asıb diktə etməyə başladı. Saat on birə yaxın Elizabet bütün məktubları makinada yazıb imzalatmaq üçün cənab Cimboya apardı. Cənab Cimbo heyrət içərisində gözlərini qıydı:

- Maşallah, nə tez yazmısan!

Elizabet gülümsədi və çıxdı. Ona xəbərdarlıq etmişdilər ki, cənab Cimbonun işi çox olur, lakin qız onların öhdəsindən gələcəyinə inanırdı. Birə on beş dəqiqə işləmiş o, stolun üstünü yığışdırıb nahara getdi.

Bazar ertəsi cənab Cimbonun qəbuluna bir qadın gəldi. Elizabetə elə gəldi ki, hardasa onu görüb, ancaq xatırlaya bilmədi.

Qadın hündürboy və tökməbədənli idi, dərisi süd qarışıq şokolad rənginə çalırdı və səliqəli saç düzümü vardı. Qadın ehtiyatla:

- Məşğuldur? - deyə soruşdu.

- Bəli. İclas gedir. Zəhmət olmasa, adınızı deyin. Daxili telefonla xəbər verim.

Qadın mehribancasına gülümsəyib:

- Mən onun arvadıyam, - dedi.

- Hə, yadıma düşdü. Sizin şəklinizi onun kabinetində görmüşəm. Əyləşin, missis Cimbo. Bu saat gəlişinizi bildirərəm.

Elizabet düyməciyi basıb dəsətəyə pıçıldadı:

- Arvadınız gəlib. Xahiş edim gözləsin?

- Yox. Bu saat çıxıram.

Elizabet sözünü qurtarmamış cənab Cimbo kandarda göründü.

- Ami, əzizim, bağışla. İclasım var. Sürücü səni evə aparar. İclas qurtaran kimi zəng edərəm.

- Yaxşı, gözlərəm.

Qadın Elizabetə sarı dönüb gülümsədi:

- Təşəkkür edirəm.

Ami Cimbonun görünüşündən hiss edilirdi ki, həyatından razıdır. Elizabet onların xoşbəxt nikahına inanır və ürəyində sevinirdi ki, bu idarəyə düşməkdə bəxti gətirib. O, ah çəkib Amerikaya oxumağa getmiş nişanlısını xatırladı. Sonra kədərli fikirləri başından qovub yenə işlə məşğul oldu.

Həftələr, aylar sezilmədən ötüb keçdi. Nəhayət, Milad bayramı gəlib çıxdı. Elizabet iki rəfiqəsi ilə bayramı keçirmək üçün Mombasaya getdi. Onlar çimərlikdə üzdülər, isti qum üzərində nazlandılar, şirniyyat yedilər.

Elizabet Allahı qəzəbləndirsəydi, günaha batardı. Odur ki, öz yalvarışları, duaları ilə xudavəndi-aləmin dərgahına pənah apardı: onunla işləyən adamların hamısı qıza qarşı mərhəmətli olublar. Nə cənab Cimbo, nə də klerklər onun qadınlıq heysiyyatına toxunacaq xırda bir cəhd də göstərməyiblər. Doğrudur, gərgin işləmək lazım gəlirdi, bəzən işdən sonra da saatlarla qalmalı olurdu. Axşamlar tək-tənha idarədə oturmaq dəhşətdir. Amma Cimbo hiss edilmədən qızda rəğbət hissi oyatmışdı, onunla davranışında heç bir qüsura yol verməmişdi.

Bir dəfə qıza müraciətlə: "Səni belə gec yalqız evə buraxmaq istəməzdim, - dedi. - Amma ötürmək fikrində də deyiləm. Bu, söz-söhbətə səbəb olar. Nahaqdan böhtana düşərsən. Səninsə bütün həyatın hələ öndədir. Öz gözəl ləyaqətini qoru, mənim balam".

Qızlar gecə qatarına minib bazar ertəsi səhər tezdən Mombasadan qayıtdılar və vağzaldan birbaşa işə yollandılar.

Nayrobidə ümumdünya konfransı keçirilirdi. Cənab Cimbonun stolunun üstü kağızlarla dolu idi. Elizabet hər axşam idarədə ləngiyirdi. Qız xoflanmasın deyə, cənab Cimbo gözətçiyə tapşırmışdı ki, kontorun həndəvərindən uzağa getməsin.

Şənbə günü bərk isti idi. Elizabet saatına baxanda artıq ikinin yarısı idi. Nahara gecikməmək üçün tələsməli idi. Bu vaxt cənab Cimbo qapının ağzında göründü. Onun sifətinə xoş bir təbəssüm qonmuşdu:

- Yazıq qız, sən hələ də işləyirsən? Qoy qalan işlər bazar ertəsinə qalsın.

- Təşəkkür edirəm, ser. Mən artıq getməyə hazırlaşıram. Konfrans qurtarandan sonra dincələrəm.

Cimbo öz kabinetinə keçdi. Elizabet çantasını və jurnal götürüb qapıya sarı addımladı:

- Mən gedirəm, ser.

- Bir dəqiqə.

Cimbo gözdən keçirdiyi sənədlərdən ayrılıb qıza baxdı.

- Səhər yeməyində mənə kömək edərsənmi? O qədər çoxdur ki, təkbaşına öhdəsindən gələ bilmərəm.

Qız etiraz etmək qərarına gəldi. Axı Cənab Cimbonun bu təklifi nəzakət xatirinə idi.

- Təşəkkür edirəm, ser. Rəfiqələrim yataqxanada oturub məni gözləyirlər.

- Boyun qaçırma, rica edirəm.

Qız kabinetə girib divanda əyləşdi. O, şefin sözünü yerə salıb nəzakətsiz adam təsiri bağışlamaq istəmirdi. Şef həmişə onunla çox nəzakətli davranmışdı. Cənab Cimbo yeməyi ona sarı çəkdi. Qız yumurtalı buterbrod götürdü. Şef ağır-ağır nəfəs alıb onun yanında əyləşdi.

- Səndən olduqca razıyam, mənim balam. Sən bura gələndən hər şey dəyişib. Yaxşı katibədən çox şey asılıdır.

O susdu və əlini buterbroda uzatdı:

- Minnətdaram, ser. Mən də sizdən olduqca razıyam. Sizinlə işləmək xoşdur.

- Bunu eşitməyimə şadam. Məni bir məsələ narahat edir, mənim balam.

O, Elizabetin sol əlindəki brilyant nişan üzüyünə toxundu:

- Səni itirmək istəməzdim.

- Ah, ser, hələ toya azı iki il var. O vaxta qədər çox şey baş verə bilər.

- O xoşbəxt kimdir? Nə ilə məşğul olur?

- Hələ oxuyur...

Elizabetin səsində ovqattəlxlik duyulurdu.

- Bəxtəvər onun başına. Sən elə işgüzar, elə incə və qəşəngsən ki...

Ağır əl möhkəmcə Elizabetin bədənindən yapışdı.

- Oy... xahiş edirəm, ser. Yalvarıram, lazım deyil...

O, yaxasını zorla şefin əlindən qoparıb ayağa sıçradı. Cənab Cimbo, demək olar ki, qışqıraraq:

- Qulaq as, Liz, - dedi. - Sənə heç bir yamanlıq etmərəm, and içirəm.

O, ehtiraslı nəzərlərlə qızı süzdü. Elizabet özündə-sözündə deyildi, havası çatışmırdı.

- Rica edirəm, ser, izn verin gedim. Mən dua etmişəm. Arvadınızı, uşaqlarınızı düşünün.

Hıçqırıqlar onu boğurdu. Cənab Cimbo:

- Di sakitləş. Eşidən olar, heç bir yamanlıq etmərəm, - deyə təkrar edə-edə qapını qıfıllayıb açarı pencəyin cibinə qoydu.

Qız cəld stolun arxasında gizləndi, sonra pəncərəyə sarı yüyürdü, sonra yenə qapıya, daha sonra stola doğru qaçdı. Cimbo onu yaxaladı və divana tərəf apardı. O, qızın dodaqlarını gəzdi, amma qız yumaq kimi büzülüb donunun ətəkləri ilə sifətini örtdü.

Cimbo:

- Liz! - deyib qızın qulaqlarını, yanaqlarını, əllərini öpdü. - Sən elə qəşəngsən ki... - O pıçıldadı. - Sənin dərin hamar və qızılgül ləçəyi kimi zərifdir. Mən heç bir pis iş tutmaram.

Qız ondan yaxasını qurtarmaq üçün bir xeyli çabaladı, nəhayət, ixtiyarı əldən getdi. Və... hər şey... xoşagəlməz yuxuda olduğu kimi baş verdi...

...Qaş qaralanda o, yataqxanadakı çarpayısında uzanmışdı. Yastıq göz yaşlarından tamam islanmışdı. Nişanlısının əzik-üzük edilmiş şəkli döşəməyə düşüb qalmışdı. O, ağır-ağır qalxıb pəncərəyə sarı getdi. Küçə bomboş idi, avtomobillər ötüb-keçirdi.

Elizabet pərdəni çəkdi. Şəhər həyatı onun üçün deyildi. Öyrəşə bilmirdi. Qız kənddəki evlərindən, böyük və səmimi ailəsindən ötrü darıxdı. O özünü yalnız orada təhlükəsiz hiss edə bilərdi. Onun dincliyi, rahatlığı pozuldu, qəlbinə qüssə və kədər çökdü.

Bazar ertəsi səhər tezdən həmişə olduğu kimi yataqxanadan çıxdı. Ancaq avtobusa əyləşmək əvəzinə parkın içərisiylə payi-piyada vağzala sarı yollandı. Saat səkkizə az qalmış artıq əmək birjasının qarşısında idi. Yüzlərlə qadın, qoca və cavan dayanıb idarənin açılmasını gözləyirdi. Ağsaçlı qarılar dövrə vurub oturmuşdular. Astadan söhbət edirdilər. Qüssə və əzab onların sifətlərində hamarlanması mümkün olmayan qırışlar açmışdı. Elizabetin ürəyi ağrıdı, onların halına acıdı.

Adamlar get-gedə çoxalırdı. Qəmgin çöhrəli bu adamlar Allaha inanan, dua etmək üçün ağzına qədər dolmuş kilsəyə gələn adamları xatırladırdı.

O vaxt uşaq idi... Allah yəqin ki, artıq ondan üz döndərib. O günahkardır...

Kimsə əlini onun çiyninə qoydu. Qız səksəndi və cəld çevrildi.

- Liz, burada nə edirsən? Bir bəri gəl, görüm.

O, miss Kimanininin ardınca arakəsmənin yanındakı kabinetə keçdi və ona təklif edilən stulda əyləşdi.

- Yenə işsizsən?

Elizabet dinməzcə başını yırğaladı.

- Bu dəfə noolub?

Elizabet cavab vermədi.

Ortayaşlı missis Kimanini birjada çoxdan işləyirdi və arif adam idi. Əlüstü məsələni başa düşdü.

- Nə isə, təkid etməyəcəyəm, mənim balam. Sadəcə, bu şəhərdə qadınların həddindən ziyadə əziyyət çəkdiyini görəndə adamın ürəyi ağrıyır. Rüsvayçılıqdır. Oradakı qızları görürsən? Onlar hamısı işsiz katibə və stenoqrafçıdır.

Elizabet missis Kimanininin iti və ağıllı gözlərinə baxdı:

- Elə buna görə də yanınıza gəlmişəm. Mənə başqa iş tapın, eybi yox, qoyun lap iki dəfə az maaş alım.

- Liz, axı sən şəhərdəki ən yaxşı katibələrdən birisən. Yaxşı, eybi yox, gəl kilsədə və xeyriyyə cəmiyyətində iş axtaraq. Di, ruhdan düşmə.

Missis Kimanini xeyirxah qadın idi. Qızların çoxuna kömək etmişdi. O, Lizin də xoşuna gəlirdi.

- Keçən dəfə deyirdiniz mənim şefim afrikalı olacaq. Yadınıza düşür? Bu tamam başqa məsələdir. Ona görə ki, o, ölkə qarşısında öz məsuliyyətini hiss edəcək. Gördünüz? O heç də ağlardan yaxşı deyilmiş. Qorxuram kilsə idarələrindən də bir şey çıxmasın. Bütün kişilər bir bezin qırağıdır.

- Hər halda cəhd göstərək. Bir yer var, zəng çalım, get bax. Sonra xoşuna gəlib-gəlmədiyini mənə bildirərsən.

Həftənin axırında Elizabet kiçik yetimxanadan zəhmət haqqı olaraq bir qədər qəpik-quruş aldı. İş ondan dözüm və səbr tələb edirdi. Yetimxananın sahibəsi rahibə Yelena bacı ona dırnaqlarını qısa kəsdirməyi buyurdu. Qıza ağ xalat, ağ ləçək və dabansız tufli geyindirdilər. Güzgüyə nəzər salan Elizabet özünü güclə tanıdı. O, ləçəyin altından çıxan tellərini düzəldib Yelena bacının ardınca uşaqların oynadığı böyük zala keçdi. Uşaqların bir qismi şəkil çəkir, lap balacaları isə kubiklərdən ev qururdular. Rahibə astaca:

- Yazıqlar ana məhəbbətindən və nəvazişindən məhrum olublar, - deyə sözə başladı. - Başqa uşaqların ata-anaları, bacı-qardaşları var, bunların isə heç kimi yoxdur. Onlara nə veririksə, qane olur, bütün həyatları boyu unutmurlar.

Qayğıya möhtac olan otuz cüt göz Elizabetin sifətinə zilləndi. Göz yaşları onun gözlərinə tor gətirdi. Özü çirkab içərisində olduğu halda onlara nə təlqin edəcəkdi?! Nə bilmək olar? Bəlkə də o, günahsız uşaqların arasında təsəlli, dinclik və sakitlik tapa bildi. Onlar yalvarıcı nəzərlərlə qadına baxırdılar. O, bu gözlərdən: "Bizim gələcəyimiz sənin əllərindədir. Bizə elə məhəbbət bəxş et ki, hələ heç kimdən beləsini görməmiş olaq" sözlərini oxuyurdu.

Elizabet həyəcanını birtəhər özündən kənar edib:

- Bacı, siz böyük və müqəddəs bir iş görürsünüz, - dedi. - Mən sizə kömək etməyə çalışacağam.

Birinci həftənin sonunda qız tam ümidsizliyə qapılmışdı. Uşaqlar onu ələ salır, hirsləndirir, sözünə qulaq asmırdılar. O, kömək üçün missis Kimaniniyə müraciət etmək qərarına gəldi, lakin özündə qüvvə tapmadı. Bir ay keçdi və uşaqlar Elizabetə isinişdilər. Onların həyəcan oyadan məhəbbəti qızın iqtidarını əlindən aldı. Balacaların ona böyük ehtiyacı olduğunu anladı və ona qüvvə versin deyə Allaha yalvardı.

İyunun ortalarında birdən-birə Elizabet yatağa düşdü. Yelena bacı öz qayğısını qızdan əsirgəmədi. Bir gün, iki gün keçdi. Qızın halı daha da xarablaşdı. Onu xəstəxanaya aparmaq lazım gəldi. Xəstəxanada o, üç gün yuxusuz və narahat gün keçirdi. Dördüncü gün halı bir qədər yaxşılaşdı və Yelena bacıya xəstəyə baş çəkməyə icazə verildi. Rahibə onun əlini ovcunun içərində sıxıb üzünü yana çevirdi:

- Oh, Elizabet, həkim dedi ki, sənin uşağın olacaq....

Gənc qadının ürəyi tez-tez döyündü, sifəti qıpqırmızı kəsildi. O, hamilədir. Rahibə tənə ilə ona nəzər saldı. Bu baxış: "Yetimin biri də artacaq" deyirdi.

Liz hələ xəstəxanada ikən başa düşdü ki, onu tez, ya gec yetimxanadan qovacaqlar. Odlu məhəbbətlə sevdiyi nişanlısı onu bağışlamayacaq. O, evə - valideynlərinin, nənəsinin yanına qayıtmağa ürək etmədi. Hamilə olanları işə də götürmürdülər. Birdən gözü qarşısında Ami Cimbonun surəti canlandı. Bu neçə vaxtda ilk dəfə həmin qadın haqqında düşündü. Xoşbəxt, məmnun və tamamilə təmin olunmuş bu qadın onun tam əksi idi. Yox, bu, ədalətsizlikdir. Cimbo onunla - Elizabetlə gör necə də amansızcasına davranmış, onu biabırçı vəziyyətdə qoymuş, dilənçiliyə məhkum etmişdi. Öz məxsusi arvadını isə mələk kimi bəsləyir.

Nahardan sonra Elizabet uşaqları yatırıb bərbərxanaya yollandı. Onun saçlarını düzəldən usta:

- Sənin gözlərin elə belə də parlaqdır, - dedi. - Görüşə hazırlaşırsan?

Liz:

- Bəli, - deyə pıçıltı ilə cavab verib kürsünün arxasına söykəndi və gözlərini qıydı.

- Sən qəşəngsən. Onun bəxti gətirib.

- Təşəkkür edirəm. O özü də çox yaraşıqlı və xeyirxahdır.

Açıq sezilən istehzadan Lizin gözləri bir az da parladı. Axşam o, Yelena bacıya bazar gününü qohumlarıgildə keçirəcəyini bildirmişdi. Rahibə ilə xudahafizləşib avtobus dayanacığına yollandı.

Cənab Cimbonun evində heç kim yox idi. Bərk külək əsirdi. O, ayaqları keyləşənə qədər darvazanın kiçik qapısı ağzında gözlədi. Yağış başladı. Həyətdə qarajla yanaşı gözünə kiçik saray dəydi. Sarayın qapısı açıq idi. Çantasından bloknot çıxarıb bir parça kağıza: "Sizinlə görüşməyə gəlmişəm. Küçədə soyuqdur. Sarayda gözləmək qərarına gəldim" sözlərini yazıb qeydi qapının dəstəyinə keçirdi.

Cimbonun ailəsi evə xeyli gec qayıtdı. Ami bükülü qeydi açaraq:

- Bizdə kimsə olub, - dedi. Sonra ucadan onu oxudu. Cənab Cimbo kağızı arvadının əlindən qapıb nəyisə izah etməyə çalışdı. Lakin rabitəsiz sözlər yığınından heç kim heç nə anlamadı. O, cəld saraya doğru getdi. Arvadı və uşaqları çaşqın halda onu izlədilər.

Cimbo qapını taybatay açdı. Və qorxudan dizləri büküldü. Elizabet boğazında qırmızı şərf ilgəkdə yırğalanırdı. Cimbo: "Bir Allah şahiddir ki, mənim heç bir günahım yoxdur. Nədən qorxmalıyam ki..." - deyə həyəcanla düşündü: "Bircə bu hadisə firmanın mənafeyinə xələl gətirməsin".

Elizabetin ölümündən xəbər tutan Yelena bacı onun unudub yetimxanada qoyduğu qeyd kitabçasını polis idarəsinə apardı. Kilsə intiharı pisləsə də, rahibə ürəkdən bədbəxt qız üçün kədərləndi.

İngilis dilindən tərcümə: Akif ABBASOVБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031