İzi bilinməyən Odər - Eminquey
Esse
Məndən soruşsalar ki şeir demədən şeir göstər, cəmi üç kəlmə deyərəm – Vaqif Bayatlı Odər!
Həmişə Azərbaycan insanına təqdim olunan ağaca söykənib xəyallara dalan, xəyalı göylərdə dolaşan, saçları qarma-qarışıq, geyimi dağınıq şair obrazına gülmüşəm. Öz-özümə demişəm, şairləri elə təqdim edirlər, sanki ömrümüzü bax beləcə ağaclara söykənə-söykənə sürürük.
Xalq səhər-səhər səliqəli geyimdə özü kimi işə gedib-gələn şair görəndə bir az birtəhər baxır ki, belə də şair olar? Sonralar Vaqif Bayatlı Odəri tanıdım. Sən demə, olarmış. Yadıma o düşən kimi bu obraz gözümdə canlanır.
Kitabına “Yupyumru eşq” adını verən, Allahın dünyanı Günəşi, planetləri, yağış damlalarını yumru yaratdığına inanan Vaqif Bayatlı eşqin formasının yupyumru olduğunu kəşf edir.
Onun dağınıq saçlarına, qalın qaşlarına, şeirlərini öz iç səsiylə oxumasına dəlilik kimi yanaşan da ola bilər, amma sözün iliyinə bələd olanlar bilir ki, Vaqif Bayatlı bunları qəsdən etmir, o, təpədən-dırnağa şair, içi-çölü təbiilikdir. Qardaşı ağaclar, bacısı çiçəklər olan şairin bir şeiri üstdə isə daima dayanmışam. Hər dəfə dostlarla görüşəndə bu şeiri onlara oxumuşam, lap Vaqif Bayatlının özü oxuduğu kimi.
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı,
görəmməyən varmı, hanı?!
Həm gizlətdim, həm də hamı
bilə, istədim, niyə?
Min illərçün də Allahdan
gecə-gündüz, hər an, hər an,
Səni özümə həm sultan,
həm də, həm də
kölə istədim, niyə?!
Məndən soruşsalar ki, sevginin tərifini ver, gözümü yumub bu şeiri deməyə başlayaram. Azərbaycan poeziyasında sevməyin təhərini bu qədər dəqiq tərif edən ikinci bir şeir yoxdur.
Şeirin ən gözəli demək istədiyin fikri onu ifadə edən sözlər olmadan yazılan şeirdir. Ayrılıq haqqında yazırsansa, ayrılıq sözündən istifadə etmə. Sevgidən yazırsansa, sevgi sözündən istifadə etmə. Etdiyin halda sən sevgi haqqında danışmış olacaqsan. Etmədiyin halda isə ayrılığın, sevginin nə olduğunu göstərəcəksən. Danışmamaq, göstərmək...
“Gülü sevəcəksənsə, tikanlarına dözməlisən” deyimini ustalıqla şeirə çevirib “canımdakı min tikana, bir gülə istədim, niyə?” deyən Vaqif Bayatlı Şərq insanının, daha doğrusu, kişisinin sevmək tərzini cəmi üç bənddə göstərir.
Biz sevdiklərimizi qısqandığımızdan, bölüşə bilmədiyimizdən həm hamıdan gizlətmək istəyən, yaşadığımız xoşbəxtliyi isə həm də hamı ilə bölüşmək, aləmə car çəkmək istəyən adamlarıq. Biz sevdiklərimizi başımızın tacı etməklə yanaşı, həm də öz qayda-qanunlarımızı, patriarxallığımızı, hakimiyyətimizi onların üstündə bərqərar etmək istəyən adamlarıq. Biz başqa cür ola bilmirik.
Təbiətimiz, cəmiyyətimiz bizi belə yetişdirib. Şair bunu bir “niyə?” sualının altında təkcə öz ağrısı kimi yox, elə hamımızı ağrıdan bir hiss kimi çatdırır. Niyə belə sevirik? Niyə?
Vaqif Bayatlı bu şeirdə nə ağlayır, nə də sızlayır. Ümumiyyətlə, onun şeirlərində mağmınlıq yoxdur. “Mən zalım adamam, kamança!”. Kamançayla döyüşən, vuruşan bir şairin şeirlərində göz yaşı, ağrılar sual dolu üsyanla yoğrulub insanın ruhuna şirin bir bayatı kimi hopur:
Ən kimsəsiz küçə sənin,
Küçə sənin, gecə mənim,
Sən bağlayan pəncərənin
"Bir dön bəri bax" yeri var.
Bircə bənddə ayrılığı ağlamadan, sızlamadan, pafossuz ən mükəmməl formada necə ifadə etmək olarsa, bu bənddə onu görmək olar. Vaqif Bayatlı yenə ayrılıqdan danışmır, ayrılığı unikal formada, bir epizod kimi göstərir. Və onun bu ayrılıq tablosunda həm də “bir dön bəri bax” yeri var.
Ədəbiyyatşünas, yaxud tənqidçi olmadığım üçün onun sevdiyim şeirləri haqqında uzun-uzadı yaza bilmərəm. Vaqif Bayatlı poeziyası mənə görə, bir başqa dünyadır. Bəlkə də, insanlarımız göylərdə uçan, yerdə bir izi də olsun görünməyən bu şairi tapmaqda çətinlik çəkirlər.
...Dilərəm Tanrıdan, qəlbə dəyməyən, uduzub yorulan, udub doymayan, ağlaya-ağlaya top-top oynayan qardaşımın üzü köməyimiz olsun..
"Ulduz". 2022/İyun