manera.az
manera.az

"Bəy atlı şeirlər"in yaşatdığı duyğular..

"Bəy atlı şeirlər"in yaşatdığı duyğular..
Mən şeir yazmıram,
düzü, mən heç bilmirəm Şeir nə?!
Mən ancaq dəyiləndə Sözün xətrinə,
Söz ağlayanda dururam,
Sözü ağlayan dünyanı
Söz ən çox sevən şəkildə,
ağlayanı sevindirəcək şeirtək çiçək,
eşqtək mübarək qururam.

Bir kitab düşünün: içində şeirlər, üstündə "mən şeir yazmıram" etirafı. Qəribədir, bəs biz bu vaxtacan nə oxumuşduq? Bəs gözümüzü açandan misralarıyla qol-boyun olduğumuz, sözlərindəki hərarətə isindiyimiz, Tanrını, ölümü, sevgini, göyü, yeri, əbədiyyəti hecalarının arasında tapdığımız Vaqif Bayatlı Odər kimdir?! Onu çoxları, az qala hər kəs "göy adamı" adlandırır. Deyəsən, özü də məmnundur bu bənzətmədən. Yoxsa şeirlərini göylərə pıçıldamaz, sözlərini Allaha pay göndərməzdi.

Dərviş adam, şeirləri Tanrı pıçıltısı qədər həzin, kövrək, sirli-sehirli şair Vaqif Bayatlı Odərin "Bəy atlı şeirlər" kitabından danışıram sizə. Kitab 2019-cu ildə işıq üzü görüb. Nə zamandır iş masamda idi. Ara-sıra vərəqləyir, bir-iki şeiri oxuyur, yenidən bağlayırdım. Kitab şairin dua kimi sözləriylə başlayır. O deyir:

"Ey kainat balaları, üzü Tanrıya yazı yazmaq həm də Tanrıya İbadət! Həm də, həm də hamını hamıya sevdirmək, hamını hamıya istətmək kimi daha böyük, daha uca bir İbadət!

Əsl kitab da İlahidən, kitaba İbadətdən gəlir. Həm də hər bəndə kitabı-bəndəni yaradan Allahın yönəltməsiylə hamının o bəndəni də duymasıyçün yarı İlahi, yarı insani bir cəhd. O kitabı oxumaq, duymaq da elə İlahini duymaq kimi!

Allah bütün insanları, həm də insanların bənzəri bütün kitabları hardasa az, çox dərəcədə İlahi kitablara bənzər, hamının hamını duymasıyçün, yaşamasıyçün, sevməsiyçün, sevdirməsiyçün yaradır".

Kitabdakı hər şeir şairin ibadətidir. Ona görədir ki, şeirindən Tanrı boylanır, hər sözdən ölüm gülümsəyir sanki. "Ölüm" deyəndə insanlar pessimistliyə qapılır, bir hüzn dalğası yayılır ruhumuza. Tarix boyu da "ölüm" hüznün, bitişin simvolu olub. Şair isə bunun əksinə, pessimist deyil, ölümü bitiş kimi deyil, davam kimi, Tanrıya qovuşmaq kimi anlayır və anladır. O, həyata, doğuluşa qarşı da belədir. Onun ürəyi Allahla o qədər yaxındır ki, onu anlayır, duyur, hiss edir, yaradılışın sirrini də elə bu duyğuyla ifadə edir misralarında:

Allah hərdən adamlara
bir az da tanrılıq verib,
hamını olduğundan daha
gözəl görünmək,
danışa bildiyindən daha ağıllı danışmaq,
sevə bildiyindən daha çox sevmək,
həm də xoşbəxt ola biləcəyindən
daha çox xoşbəxt olmaq üçün yaradır.


O şeirləri oxuduqca fərqinə vardım ki, Bayatlı şeirləri aram-aram, az-az oxunası şairdir. Onun kitabını səhifələyib tez zamanda bitirə bilməzsən. Hər misrada bir az, hər şeirdə dəfələrlə düşünməli, dərinliyinə varmalısan.

Əslində, onun şeir dili o qədər təmiz, o qədər aydındır ki, dumduru su kimi burdan baxsan, o tərəfi görünəcək. İlk oxunuşda hər şeyi anladığını, dərk etdiyini düşündüyün məqamda birdən dəyişər bütün o anladıqların, elə bir söz, elə bir fikir ilişər ki beyninə, şeiri sanki heç oxumamış, heç anlamamış kimi hiss edərsən özünü. Bəlkə də bu səbəbdəndir Odərin şeirləri təkrar oxunuşlarda belə təzətərdir, yepyenidir.

İlahi! Tanrım!
Bu dağları bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
sən qalxan göyləri də
bircə anlığa görməkçün
bu göyü də aşağı çək.

Vaqif Bayatlı Odəri tanıyandan nədənsə, hər zaman dərvişlik gəlib gözüm önünə. Onun adı "dərviş" sözüylə assosiasiya olunur beynimdə. Dərvişlərdəki tərki-dünyalıq, Tanrıya adanmışlıq, dünya malından əl üzüb həqiqətin, sevginin arayışına çıxmaq Odərin şeirlərində də var. O, şeirlərini sevginin xətrinə, sevginin gücünə yazır. Onun insanlıq lüğətində "şeir", "sevgi" və "Tanrı" sözləri sinonimlik təşkil edir. Ona görə "Şeir-yarı insani, yarı İlahi cəhd..." deyir. Başqa bir yerdə isə şeiri "Sözün ən məğrur, ən eşqli şəkildə Tanrıya doğru uçuşu..." adlandırır.

Onun yazdıqlarını
hərə bir cürə yozurdu,
o isə əslində ancaq,
ancaq Allahçün yazırdı.


Sonra isə müəllifin ruhu təlatüm keçirir, Şair olduğunun qürurunu paylaşır kağız-qələmlə. Yüz illərdir beyinlərə hopan Füzulinin "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" hökmünü yerlə-bir edir, şairləri Tanrının yerdəki, insanların göydəki nümayəndəsi mərtəbəsinə qədər ucaldır, "Poeziya dinlər içində ən eşqli dindir, şair həm də söz Allahı, söz dirildəndir", - deyir:

Heç nə gizlətməyin bizdən,
biz söz çəkirik sözdən,
deməsəz də, üzdən, gözdən
şairlər bilmədən bilmiş.

Ən dar gündə, ağır gündə,
hamı lal, kar, sağır gündə
uzaqvuran top gücündə
şairlər gülmədən gülmüş.

Göydə də son göyə çatıb,
qoynunda günəştək yatıb
yenə günəştək doğmaqçün
dan yerinə də tağ atıb,
şairlər ölmədən ölmüş.

Sən can oğrusu bilim,
canımı gizlədim gülüm,
çox da lovğalanma ölüm,
məni tapammazsan, gülüm,
şairlər olmadan olmuş.


İnsanların çoxu yalnızlığı sevsələr də, tənhalıqdan qaçarlar. Tənhalıq qorxudar onları. Çünki tənhalıq özünün özünlə baş-başa qalmağın, özünün özünə hesabatındır. Neçəmiz bu hesabatdan üzüağ, alnıaçıq, təmiz çıxa bilərik?! Neçəmizin vicdanı öz güzgümüzdə ləkəsiz görünə biləcək özümüzə?! Bu suallara cavab vermək çətindir. Axı insanın daxilinə bir Allahdan, bir də özündən başqa bələd olan kimsə yoxdur. Ən çox da yaşa dolduqca çətinləşir, daha qorxulu olur tənhalıq. Bu zaman ətrafımızdakı bütün səs-küylər öləziyir, sükunət bürüyür həyatımızı, insan həm vicdanıyla, həm də Tanrısıyla baş-başa qalır. Bu dəfə Allah xofu sarır ruhunu. Onunla söhbət həmişə rahatlıq bəxş etmir axı. Bu söhbətdə özünü və İlahini dərk var, bu söhbətdə həyatın son akkordları var. Yaş neçə olur olsun, insan həmişə o akkordlara hazırlıqsızdır. Göylər nə qədər cazibədar olsa da, o, bu səfərini həmişə uzatmağa çalışır:

Adamlar yaşlaşdıqca,
qulaq yoldaşları yox olduqca,
daha çox tənhalaşdıqca,
daha çox, həm də daha bərkdən,
daha çox öz-özləriylə danışırlar,
axırda ancaq özü-özləriylə,
Həm də elə bil Allahla danışanlar da var,
onlarda bu, həm də İlahini dərk etməyə,
həm də İlahiylə danışmağa son cəhdlər,
həm də yerdən göyə son hazırlıqlar.


Vaqif Bayatlı Odərin adını çəkdiyim kitabında vətən, Azərbaycan, Qarabağ mövzulu şeirləri də az deyil. Şair ara-sıra bu mövzulara da müraciət edir, Azərbaycanı "qucaqlayıb qoxlamağa Ataqılınc, qucaqlayıb ağlamağa Anakünc" adlandırır. O, vətənə öz dilində layla çalır, Qarabağa öz dilində ağı deyir. Bu layla, bu ağı "mən nifrəti bacarmıram, mən ancaq sevməyi bacarıram" deyən şairin sevgi dolu qəlbinin həzin çırpınışlarıdır. Şair dünyada sevgi varkən insanların silaha əl atmasını, öz içlərində sevgi yerinə nifrət cücərtməsini, böyütməsini anlamır, anlamaq istəmir. Amma onun sevgisinin ən gözəl ünvanlarından biri də məhz vətən üçün ölənlərdir. Şairin bütün yaradıcılığı boyu qırmızı xətt kimi keçən Əbədiyyət mövzusu məhz qəhrəmanların timsalında yenidən can tapır, mənalanır, biçim qazanır:

Vətən üçün ölmürlər,
tək düşməni yox,
ölümü də dibsiz uçurumtək keçir,
əbədiyyətə aşırlar,
həm də onlar hər biri
əbədiyyətə təzə can verib,
əbədiyyəti də cavanlaşdırır,
əbədiyyət onları yox,
onlar əbədiyyəti də əbədi yaşadırlar.


Vaqif Bayatlı Odərin şeirləri haqqında tədqiqatçı, filoloq kimi danışmağı, onun qəlibə sığmaz poeziyasını nəzəriyyənin terminləriylə yükləməyi, şairin nə demək istədiyini bir tənqidçi ədasıyla oxucuya çatdırmağı son dərəcə gərəksiz hesab etdiyimdən onun "Bəy atlı şeirlər"inin yaşatdığı duyğuları mən də "Odərsayağı" vərəqə pıçıldadım. Əslində, bu şeirlərə susmaq ən gözəli olardı, bəlkə də. Amma biz hələ o dərəcədə kamilləşməmişik axı. Necə ki, şair deyir: "Dünyanı hər an dərk edən adam hər zaman susur əbədiyyəttək..."

Bayatlı yazır: "Əvvəllər çoxları kimi mən də elə bilirdim ki, hər şey haqqında fikir deyə bilərəm. İndi isə anlayıram dünyanı və onun haqqında bilgiləri tam qazıb, qazıb dərk edəndə insan ancaq əbədiyyəttək susur.

Ən böyük Sözü də sükut deyir. Əbədiyyəttək susmağın da mübarək, canım!

Danışdıqlarım üçün üzr istəməyinin də zamanı gəldi, Əbədiyyət!"

Məhz bu misralarla "Bəy atlı şeirlər"in səhifələrində əbədiyyət tək susmağa gedirəm. Şair inciməsin, danışdıqlarım üçün isə üzr istəmirəm! /525.az/

Şahanə MÜŞFİQБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031