manera.az
manera.az

Misirdən Fərata eşq laylaları - ESSE

📅 10.06.2022 17:19

Misirdən Fərata eşq laylaları - ESSE
Damardakı qan kimi burula-burula bir çay axır sehr dolu bir ölkədən. Zamanın özü qədər qədim olan bu çayın sahilində hələ də bir əfsanə anılmaqdadır- Züleyxanın Yusifə olan sevgi əfsanəsi.

Öz yuxu yozmaları ilə hamını heyran edən Yusifi Züleyxa da elə yuxuda görüb, Nil sahilinə nicat tapmağa getmişdi. Hər ikisi Misirdə canlı əfsanə olaraq yaşadılar. Və ölümlərindən sonra da bir əfsanə olaraq anılacaqdılar Nil sahilində. Yusif ölərkən onu Nilin hansı sahilinə dəfn etdilərsə qarşı sahildə durmadan qırğınlar, fəlakətlər törədi.

Bu sahil o biri sahilə qısqanmışdı bu dəyərli incini. Ən sonunda onu çayın yatağına qoymaqla peyğəmbərliyi əmanət buraxdılar bu dinclik bilməyən coşqun çaya. Yalnız bundan sonra sakitlik tapmışdı Nil. Yusifin eşqi yetmişdi ona. Sanki bu sakitliyi ilə hər kəsə unutdurmaq istəyirdi sinəsində gizləydiyi incini. Amma Nilin özünün də unutduğu bir şey vardı; bu sevgini kim unutsa da, Züleyxa heç bir zaman unutmayacaqdı. Və hər zaman sevgilisini görmək üçün hər dövrün bir Züleyxası gələcək Nilin sahilinə.

Nil çölləri yarıb keçdiyi müddətcə bu züleyxalar anladacaq Yusifə olan sevgilərini, əyilib su içən susuz yolçulara. Su içində susuzluq çəkib, bir udum içə bilmənin acısından yazır Bəyazid Bistami Yahya b.Muaza. Heç şübhə yox ki, bu böyük sufinin acılı fəryadı cismani susuzluqdan deyil, mənəvi susuzluqdandır. Yeddi dənizin suyunu içsə belə mənəvi sərinlik tapmayan bir çox sufi vardır Bəyazid kimi. Onlardan kimisi bu mənəvi eşqin təsirindən elə Bəyazid kimi "Əbamın içində Allahdan başqası yoxdur" demiş, Mövlanə bu ilahi eşqin təsirindən gecə-gündüz "Səma" edərkən, Həllac Mənsura isə "Ənəlhəqq" deditdirmək cəsarətini vermişdi bu ilahi eşq. Vəhdət nəzəriyyəsinin yayqın olduğu orta əsrlər boyunca Allaha hansı yolla qovuşmanın mümkünlüyü ən ümdə məsələ olaraq qalmaqdaydı. İlahi eşq axtarışında olan Həllac da, aşiqin öz varlığını eşq yoluyla təmizləməsi lazım gəldiyini söyləyərkən elə məsələnin özünə də aydınlıq gətirmiş olurdu. Bu, təmamən daxildən gələn ilahi görüş idi. Sübutu da sufinin öz qanıyla təsdiqini tapan bir görüş.

Bəzən Həllacı insani və heyvani ruhları birləşdirməkdə günahlandırırlar. İslam dininə zidd olan bu görüşə əsaslanaraq onun bəzən Hindistanın pozitiv dini görüşlərinə istinad etdiyini söyləyənlər də olmuşdur. Haqq aşiqlərinin məzhəbinin yalnız Allah olduğunu unudan o dövrün siyasətçiləri məzhəblər arasındakı qarşıdurmanın siyasi dairələrə belə sirayət etdiyi bir dövrdə bu haqq aşiqini dinsizlikdə ittiham edir, edamına fərman verirdilər. Ölüm kimiləri üçün son olduğu halda, dosta qovuşa bilmənin vüsalı ilə yaşayan gerçək Haqq aşiqləri üçün isə bir başlanğıc idi. Ölümün mənəvi yüksəliş olduğunu bilən Həllac da bunu istəməkdə idi; "Öldürün məni, mənim diriliyim ölümümdədir" sözləriylə bunu təsdiq etmirmi?

Çünki sinəsində elə gizli sirlər vardı ki, onlar hər hansı bir yerdən deyil, yalnız edam kürsüsündən söylənə bilərdi. Bu fikirləri ilə ilahi sevdanı ifadə etmənin tək qəbul ediləcəyi yolun ölüm olacağınımı ifadə etmək istəyirdi Həllac? Yoxsa Allah yolunda şəhid olanın yalnız Allahın şahid olacağı şəhidliyin səssiz dililəmi anlada biləcəyini düşünürdü? Hər halda zaman sübut etdi ki, Həllac ilahi ölümsüzlük arzulayanların "şəhidlər ölmürlər" ayəsinin verdiyi əminliklə qarşılamışdı edamı.

Edama aparılarkən biri Həllacdan: -"İlahi eşq nədir?"- deyə soruşur. "Onu bu gün, sabah, bir də o biri gün görəcəksən" deyən sufini həmin gün edam edib, səhərisi yandırırlar. O biri gün isə külünü Fərata tökdülər. Yarandığı gündən bəri mədəniyyətlərin can damarı olan Mesepotamiyanın bu bərəkətli çayı həqiqətin böyüyünü sinəsində saxlamaq üçün yaranmışdı elə bil. Əsrlər ard-arda keçdiyi kimi min ildir yorğun-yorğun cənnət dolu torpaqlardan keçən Fərat Həllacın edamından sonra onun ölümünə inanmayanların hələ də ümid yeri olaraq qalmaqdadır.

Ölümündən sonra onun geri dönəcəyi günü görmək üçün Fərat sahilinə gələnlər bilirdilər ki, heç bir Haqq aşiqi bu dünyadan ilahi eşqə çatmadan mənəviyyat aləminə köçmür. Geri dönməyən Həllacın "Metafizik susuzluğ"unu isə Fərat qarşılamışdı. Həllacı sinəsinə almaqla bütünləşən bu çayın hər sabah üzərindən əsən xəfif külək suya toxunduqca böyük sufinin dini təbliğ etdiyi Hind vadisindən həqiqətin böyüyünü ondan soruşmaga gələnlər "Ənəl-Həqq" zikrini eşidirlər. Qurani-Kərimdə bütün canlı və cansız varlıqların Allahı zikr etdiklərindən danışılır. Eyni zamanda "İsra" surəsində meracı anladılan Məhəmmədin (s.ə.s.) bir hədisində cənnətdə iki dünya çayından bəhs edilir. Cənnət çayları ilə adları yanaşı çəkilən hər hansı bir çayın varlığı belə adamı heyrətə gətirməyə bilməz. Nil və Fərat çayları olduğu bilinən heç vaxt qurtarmayacaq bu iki çay cənnətdən süzülüb gələrkən əsrarəngiz bir sevgini də özləri ilə daşıyırlar. Və bir zamanlar Yusif peyğəmbərin Allaha qovuşmaq üçün etdiyi dua kimi tələsirlər sonsuzluğa doğru.

ƏBİL ƏBİLOV


Baxış sayı - 852 | Yüklənmə tarixi: 10.06.2022 17:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031