Sevdim Vətənimi, sevdim dünyanı - Məhyəddin Məhərrəmoğlunun şeirləri

Hörmətli Məhyəddin Məhərrəmoğlu! Sizi-ömrünün müdrik çağlarını yaşayan tanınmış şair dostuuzu 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, könül xoşluğu, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Dünyaya göz açdığınız Kəlbəcərin Bağlıpəyə kəndi sizin doğma yurd-yuvanız, ömür yelkəninizdir. Hələ erkən yaşlarınızda sehrinə düşdüyünüz sazın-sözün cazibəsi orta məktəbdə oxuduğunuz illərdə sizin söz aləminə ilk addımlar atmağınızda mühüm rol oynayıb. Ağdabanlı şair Qurbanın, Dədə Şəmşirin, Qəmkeş Allahverdinin, Ənvər Rzanın... sənət sevgisi sizin də könlünüzü əfsunlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində oxuduğunuz illərdə yazdığınız şeirlərinizlə həm müəllimlərinizin, həm də tələbə dostlarınızın diqqətini cəlb etmisiniz. Həmin vaxtlarda qələmə aldığınız şeirlər Kəlbəcərdə çap olunan rayon qəzetində dərc edildikcə, ədəbi aləmdə imzanızı tanıtmmağa nail olmusunuz.
Ali təhsilinizi başa vurduqdan sonra əvvəlcə Kəlbəcərin Ağdaban kəndində ixtisasınız üzrə dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illər aralığında isə, rayonun Şorbulaq kənd orta məktəbinin direktoru vəzifəsində çalışmışınız.
1993-cü ilin aprel ayında bədnam qonşularımız Kəlbəcəri işğal edəndə, məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşmış və burada yenicə fəaliyyətə başlayan –saylı Kəlbəcər rayon köçkün orta məktəbinə uzun illər boyu rəhbərlik etmisiniz.
İlk gənclik illərinizdən etibarən doğma rayonunuzdakı qəzetin nəzdində yaradılan ədəbi məclisin ən fəal üzvlərindən biri, sonra da bir müddət onun rəhbəri olmusunuz. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində “Azərbaycan”, “Ulduz”, Mingəçevir leysanı”, “Bənövşə” jurnallarında, “Azərbaycan müəllimi”, “Mədəniyyət”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “525-ci qəzet”, “Zaman”, “Yeni avaz”, “Səhifələr”... qəzetlərində və AYB-nin Mingəçevir bölməsinin xəttiylə nəşr ediən ədəbi almanaxlarda işıq üzü görən şeirləriniz oxucular tərəfindən maraqla qarşılanıb.
Siz 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, indiyə qədər nəşr olunan “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgülüyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitablarının müəllifisinuz.
Ulu ata yurdunuz Kəlbəcərin düşmən tapdağı altında qaldığı illərdə qələmə aldığınız şeirlərin böyük bir qismi zaman-zaman dədə-baba torpaqlarımıza göz dikən yadellilərə yönəlik nifrət hissiylə yoğrulsa da, əzəli torpaqlarımızın gec-tez azad ediləcəyinə ümidinizi heç vaxt itirməmisiniz!
Allaha şükürlər olsun ki, İkinci Qarabağ Müharibəsi sizin kimi yüz minlərlə yurd sevdalısının nisgilinə-həsrətinə son qoydu və ata ocağınız Kəlbəcərə gedən yollar üzünüzə açıldı! Bu tarixi Qələbədən sonra sizin illər boyu yazdığınız şeirlərdə iz salan yurd həsrətiniz indi nikbin notlarla əvəz olunmağa başladı.
Arzu edirik ki, bundan sonrakı vaxtlarda səsiniz-sorağınız yenidən Kəlbəcərdən gəlsin! Hörmətli qələm dostumuz 80 illik yubileyiniz mübarək!