manera.az
manera.az

Sevgi məndəki Odur - Hekayə

📅 22.04.2022 15:16

Sevgi məndəki Odur - Hekayə
MANERA.AZ Maya İmranın "Dəli" hekayəsini təqdim edir:

Həmişəki kimi işə vaxtında çata bilməmişdim. Pilləkənləri iki-iki qalxıb, liftin qarşısında dayandım. Gözləməyə səbrim çatmadı, üçüncü mərtəbəyə pilləkənlə qalxası oldum. Təngnəfəs halda otağa girib, tələsik içəridəkilərlə salamlaşıb, çəkiliş üçün hazırlıq görməyə başladım.

Səkkiz ildir yanımdan ayırmadığım, içərisində rəssam müsahibdən tutmuş, millət vəkillərinə qədər əlaqə nömrələri qeyd edilmiş, çəkiliş saatları, qulağıma xoş gələn sitatlar, işləməyi düşündüyüm mövzular, təsirlənib anidən dilimin ucundan qələmimə süzülən cümlələr, daha bir jurnalistə aid nələr, nələr olan roman dəyərli dəftərim... Sanki illərdir mürəkkəbi bitməyən qələmim və jurnalist vəsiqəmi götürüb otağı tərk etdim... Nə zaman gələcəyimi, çəkilişin necə keçəcəyini təxmin belə edə bilmirdim, hətta ilk dəfə idi ki, mən müsahib üçün öncədən suallar tərtib etməmişdim. Cəhd etmişdim, amma alınmamışdı. Çox yaxşı iş ərsəyə gəlməli idi, amma bunu bacaracağıma əmin deyildim. Hər şeyi gedişata buraxmışdım.

Halbuki, bu mövzunu işləmək üçün inad etmiş, razılıq əldə etmək üçün əməlli-başlı əziyyət çəkmişdim. Ruhi əsəb dispanserinə kim bu qədər can atar ki?! Ağıllılarla işləmək bu qədər çətinkən, kim müsahibini ruhi xəstələr içərisindən seçər?! Bunu edəcəyimə özümə söz vermişdim. Aylarla baxışları gözümün qarşısından getməyən o qadın dəli ola bilməzdi... Onun yanıb kül olmuş gəncliyinə, bir anda boşluğa dirənən arzularına birlikdə qayıdacaqdıq. Özümü özümə bununla sübut etməli idim! Mikrofon üçün həsrət çəkən, istəsən, saatlarla danışa bilmək həvəsində olan yox, illərdir danışmayan, danışmaq istəməyən, ağıllıdan ağıllı olan dəli ilə müsahibə məni jurnalist kimi təsdiq edəcəkdi mənə! Ya edəcəkdi, ya da bacarmayacaqdım...

O gözəl baxışlı qadınla Novruz bayramı ərəfəsində, ruhi əsəb dispanserinin sakinləri üçün təşkil edilmiş bayram şənliyində rastlaşmışdıq. Qamətli, qısa, qara, gursaçlı, təxminin 45 yaşında qadın idi. Simasında ilk nəzərə çarpan gözləri idi- iri, qara, sıx kirpikli... Baxışları, cəlbedici gözləri, yerli-yerində təbəssümü onu ətrafındakılardan tamamilə fərqləndirirdi. O, dəli deyildi! Bu təbəssüm bu cəhənnəm qoxulu divarlar üçün çox idi... Heyif idi! Bu gözəllik günəşdən uzaqda qocalmamalı idi!


Sadəcə, gülümsəmişdi üzümə... “Bayramınız mübarək! Siz bu gün nə gözəl görünürsünüz!” – demişdim. O yenə, sadəcə, gülümsəmişdi. Donuq deyildi baxışları. Sanki üçüncü cümləni desəydim, o gülər baxışlar nəmli gözlərə çevriləcəkdi. Gülüşü qəhərə söykənmiş, ağlamağa hazır uşaq saflığı vardı üzündə. Təşəkkürünü baxışlarından almışdım deyə, dialoqu uzatmamışdım.
– Siz Allah, çox danışdırmayın, bu dəqiqə yenə ağlayacaq, – dedi tibb bacısı.
– Niyə? Kim dəyib onun xətrinə?
– Burda onun xətrinə kim dəyəcək ki (istehza ilə)?! Elə xətrinə dəyən bərk dəyib deyə, bütün əsəb sistemi alt-üst olub, əlac bircə ona qalıb ki, gətirib atsınlar bura...

“Gətirib atsınlar bura” sözlərini elə kobudluqla vurğuladı ki, elə bil əllərini ağzının kənarlarına tutaraq qəsdən ürəyimə qışqırdı. Baxışlarımı qadının gözlərindən çəkə bilmirdim. Bu gözlərin sahibəsi danışmasa da, anlaşılırdı –qırılmışdı qəlbi.
Səs-küylü, musiqili bayram ab-havasında ünsiyyətimiz bu qədər qısa olmuşdu. Amma nə zamansa onun yanına təkrar gələcəyimə, onunla mütləq söhbət edəcəyimə aid söz vermişdim özümə.

Bu gün o sözü tutduğum gün idi. Maşının arxa qapısını ürəklə örtüb:
– “Getdik, Yaşar dayı”, – dedim.
Yolumuz uzun idi. Xoşbəxtlikdən radioda ard-arda yaxşı mahnılar səsləndirirdilər. Yol boyu müsahibimə verəcəyim bütün sualları yazdım. Gözəl baxışlarından tutmuş, susqunluğu və bu arzuların qəbiristanlığına gəlişi səbəbinə qədər – hər şey barədə.

Psixiatriya xəstəxanasının, demək olar ki, bütün işçi heyəti məni tanıyırdı. Qapıda gülərüzlə qarşılayıb, gözləməyimizi xahiş etdilər. Sonra xoşsimalı bir xanım yaxınlaşıb dedi ki, müsahibim hələ özünü hazır hiss etmir.
“O özünü hazır hiss edənə qədər gözləyirik” – dedim.
Çəkiliş edəcəyimiz məkanı sakit, rahat dialoq üçün hazır vəziyyətə gətirdik. Halımızdan məmnun şəkildə sakitcə oturub müsahibimizi gözləməyə başladıq.
45 dəqiqə keçdi...

O, otağın qapısını ehtiyatla aralayıb, ləng addımlarla bizə yaxınlaşdı – tam mərkəzdə dayandı. Təxminən beş dəqiqə yerindən tərpənmədi. Operatorla birlikdə ona baxır, niyəsə səsimizi çıxarmır, sanki ilk onun danışmasını gözləyirdik.
– Sizə də demədi mənim üçün darıxdığını?..
Otağın sükutunu müsahibimin məlahətli səsi pozdu...
– Yoxsa məndən söz almaq üçün sizi göndərib?
Gözlərində ümid qığılcımları parlayır, sanki “hə, o göndərib” cavabı üçün yalvarırdı...

Amma kimin barəsində danışdığını hələ ki başa düşmürdük.
– Mən Maya. Bəs siz?
Özümü ilk sualımı ünvanlamış hiss etdim.
– Gülzar.
O, “Gülüm” deyirdi.
Yenə tanımadığım “O” söhbətimizin mərkəzində idi.
Onun üçün kadra uyğun hazırlanmış xüsusi stulda əyləşdi. Arxayın oturuşu ilə “hə, bütün suallarınıza hazıram” demək istəyirdi elə bil.

– Niyə burdasız? – sorruşdum.
Buna necə cəsarət etdiyimi, yəqin ki, heç zaman bilməyəcəkdim. Əslində, bu sual danışacaqlarımızın açar cümləsi idi. Və mən onu özümdən biixtiyar söhbətin əvvəlində dilə gətirə bildim.
– Onsuz da o heç yerdə yoxdur. Nə fərqi var ki, mən hardayam?
Yenə “O”...
– O kimdir?
– O?.. Çətin olacaq bunu sizə başa salmaq..
– Siz necə istəsəniz, təsvir edə bilərsiz, mən anlayacam.
– Otaqda təkcə ikimiz qalsaq, deyə bilərəm.
Operatora otaqdan çıxmasını işarə etdim. Kadrı uyğun planda qurub, otağı tərk etdi.

– Həə, indi bizdən başqa heç kim yoxdur. Bəs indi necə, onun kim olduğunu mənə deyəcəksiniz?
– Gözümü yumanda üzünü gördüyüm, gözümü açanda darıxdığım yeganə adamdır o. Qocayam, həə? Baxın, saçlarım da ağarıb. Amma onu indi də görsəm, əllərim ilk günkü kimi əsəcək. Siz indiki boşboğazlara inanırsınız ki, sevgi yoxdur?! Doğrudan, inanırsınız onlara?! İnanmayın! Sevgi var!

Sevgi mənəm! Sevgi məndəki Odur! Kim deyir, sevgi yoxdur?! Kim deyir, dəlilər sevə bilmir?! Ya, bəlkə, sevdiyinə görə dəli olur?! Sizcə, mən dəliyəm?! Niyə? Sevirəm deyə?! Qoy onda mən dəli olum! Hə, mən dəliyəm! Baxın, görürsünüzmü burda pəncərələr necə balaca olur! Elə bilirlər, böyük olsa, biz sındırarıq, qaçarıq burdan. Amma mənim heç yerə getmək fikrim yoxdur. Bu balaca pəncərədən günəşi görürəm, gecələr aya danışıram ondan, daha nəyimə lazım böyük pəncərə?! Özü də ki bu balaca pəncərədən də o məni görə bilir... Həə! Gəlir dayanır pəncərənin qarşısında, arabir saçlarıma sığal da çəkir... Nə olsun ki, ağarıb, codlaşıb?! O məni belə də sevir... Lap ilk günkü kimi... O məni atıb getməz... Heç vaxt... Demişdi ki, qayıdacaq. Yalan deməz o. Qayıdacaq... İşlərini yoluna qoyan kimi...

Müsahibim son üç cümləsini eyni nöqtəyə baxaraq təkrar-tərkar üç dəfə söylədi... Getdikcə səsinin tonu azalır, sürəti ləngiyirdi. Sanki dediyi yalanlar özünü də yormuş, dili söyləməyə başqa, yeni, daha həqiqi sözlər axtarırdı. Cümlələri ləng söyləyərək, yeni yalanı uydurmağa vaxt qazanırdı elə bil... Mən dinməz-söyləməz dinləyir, onu buraya gətirən əsas səbəbi axtarmağa çalışırdım.
Gözəl gözlər dirəndiyi yerə dəqiqələrlə baxdı, ümidsizləşdi, qəddarlaşdı, ölü baxışlı oldu birdən-birə... Və qəflətən o, başını əlləri arasında sıxıb hönkürtü ilə ağlamağa başladı.

– Mən dəli deyiləm, mən yalançıyam! Mən yalançıyam! Amma təkcə özümü aldatmışam! Həmişə – keçmişdə də, bu gün də! Yalvardım ona! Ayaqlarına yıxılıb ağladım. Amma itələyib çıxdı qapıdan. Bilirsiniz mənə nə dedi?! Dedi ki, məni sevmir! Gözlərimə baxıb söylədiyi şeirləri oxudum ona, xatırlamadı... Şəninə şeirlər söylədiyi gözləri “daha görmək istəmirəm” dedi. Mən, sadəcə, yaşaya bilmək üçün özümü aldatdım. Özümə yalan söylədim ki, o gələcək, o məni hələ də sevir. Amma o, başqasını sevir. Bilmirəm bunu necə bacardı. Göz yaşımı öpən adam... məni ömürlük göz yaşı içərisində buraxdı... Mən onun gedişindən sonra dillərə dastan olan sevgimizi də onun xatirələrinə büküb ürəyimə basdırdım.

“Dəli” deyilən adam mənə ağıllı-ağıllı sevgini izah edirdi... Hıçqıraraq... İlk dəfə idi ki, mən təsəlli üçün də söz tapmırdım. Bir qadının, belə gözəl qadının sevgisizlikdən əzab çəkməsi ürəyimi dağlayırdı. Saçından dırnağına qədər Ona aidliyini hələ də göz bəbəyi kimi qoruyub saxlayırdı, mənası olmasa belə...
Doğrudanmı, sevənlər Məcnuna çevrilir? Sevginin gəlişi həmişəmi ağlın gedişidir?! Bir qadının səhvidirmi sevmək, yoxsa bacarığımı?! Hansı mərhələdən sonra sevmək təhlükəlidir?! Hansı halda sevmək dəli edir?!

O danışır, mənsə bu suallar ətrafında var-gəl edirdim... Bu gözəlliyin sahibi niyə sevilməsin ki?! Onu tənhalığa düçar edən nə olub?! O danışdıqca suallarım artırdı. Amma dilim söz tutmur, gözümdən axan yaşa hakim ola bilmirdim. Qırx beş dəqiqəyə yaxın olardı ki, o danışır, mən dinləyirdim. Günəş buludların arxasına keçmiş, hava qaranlıqlaşmağa hazırlaşırdı.

– Övladlarım üçün çox darıxıram. Amma onları çox incitdim, onları mənə görə utandırdım. Ona görə istəmirəm görüşmək. Çox şanssızdırlar mənim kimi anaları olduğuna görə. Ağıllı balalarım...
– Övladlarınız var? Neçə dənə? Heç soruşmamışdım... Mən elə bildim...

Hə... İki oğlum... İki yaraşıqlı oğlum var. Amma belə yaxşıdı – məndən uzaq yaşamaqları... Mənə görə utanmasınlar. Mənə görə sevgiyə nifrət etməsinlər. Danışdıqlarımı heç kimə deməyin. Bunu sizdən xahiş edirəm. Qoy hər kəs məni dəli bilsin. Onda ölümüm də heç kimi incitməz, məni itirmiş yox, məndən canlarını qurtarmış sayarlar özlərini. Yaxşı? Sizdən xahiş edirəm. Mən, sadəcə, sizinlə dərdləşdim.

Çəkilişi yekunlaşdıranda hava qaralmaq üzrə idi. İlk dəfə idi ki, buna görə heç narahat deyildim. Məni sevindirən başqa səbəb idi – onunla uzun-uzadı həmsöhbət ola bilən yeganə insan idim. O ilk dəfə mənimlə belə dərdləşmişdi – dərindən, olduğu kimi. Bu dəfə danışmağı seçmişdi. Bəlkə də, bu günə qədər onu dinləmək istəyən yeganə insana rast gəldiyi üçün. Baxdıqca ürəyim parçalanırdı: Bir ağıllı, hətta çox ağıllı adam dəlilərin içində yoxa çıxmaq üzrə idi. Bilmirəm, bəlkə də, belə “dəlilər” çox idi ümidin intihar etdiyi bu məkanda?!

Arabir sözarası “heç kimə deməyin” söyləməsi isə insanlığa ölmüş inamının ən parlaq sübutu idi. “Deməyəcəm, heç kimə” deyərək bu inamsızlığın toz-torpağını təmizləyirdim sanki. Amma hər şey üçün gec idi artıq... O, həyatdan qurtulmaq üçün çıxış yolu axtarırdı. Və onu bu fikirdən daşındıra biləcək gücdə qüvvə yox idi. Çünki onu ölümə sövq edən elə o qüvvənin özü idi.
Operator kameranın avadanlıqlarını yığır, mən pəncərədən çölə baxırdım. Fikirlərim çox qarışıq, hisslərim havanın rəngi kimi boz idi.
Eşitdiklərimdən çox təsirlənmiş olsam da, beynimin bir küncündə arabir özümü qınamamış da deyildim. Sevən, sevgidən parlayan yaşımda belə bir müsahiblə söhbətim bundan sonra sevgi ilə bağlı bütün düşüncələrimə köklü surətdə təsir edəcəkdi... Gülzar xanım – sevgisindən “dəli” olan, həyatını roman kimi sevgisinə qurban edib, günəşini dəlixananın bumboz divarlarına, evini dar, bəyaz, bomboş dəlixana otağına dəyişən sevgi qadını və mənim heç zaman unutmayacağım müsahibim...

Uzun yol boyu bir kəlimə də danışmadım. Danışa bilmədim. Qadının gözləri ağlımdan çıxmırdı. Onu sevgi dünyasına qaytarmaq üçün çox aciz idim. Bir qadın sevgisizlik uçurumunun kənarında dayanıb, aşağı yuvarlanmaq üçün saniyələri sayırdı. Mənsə onun qolundan tutub geriyə dartmaq əvəzinə, onu bu yerə gətirən səbəbləri araşdırırdım sanki. Hazırki mənzərə təxmini olaraq kənardan belə görünürdü. Çox aciz idim. Bir qadın sevgisizlikdən ölürdü... Bir qadın üz çevirmişdi günəşdən... Ömürlük!
Bakının daha bir axşamı – bol işıqlı, səs-küylü, bir qədər də laqeyd və soyuqqanlı. Hər kəs harasa tələsir... Şirkətin həyətinə daxil olan kimi operatora bugünkü çəkiliş üçün təşəkkür edib, pilləkənləri sürətlə qalxıb iş otağına daxil oldum. Hər kəsin kompüteri sönülü, stolu boş idi. Gün ərzindəki səs-küylü, qarmaqarışıq halından fərqli olaraq, indi otaq sakit və səliqəli görünürdü. Əyləşdim, bir xeyli fikirləşdim, bu günün ağırlığı düşüncələrimi dondurmuş, qəlibləşmiş fikirlərimi alt-üst etmişdi. Dərindən nəfəs alıb günün bitməyinə xəlvətcə sevindim.

Adətən, xüsusi diqqət və zövq tələb edən süjetləri onun bacarığına həvalə edirdim. Kadrları hisslərə uyğun dəyişməyi bacarırdı. Cümlələr onun kadrlarında canlanır, daha təsirli olurdu. Özü sakit, işi həmişə, sözün yaxşı mənasında, səs-küylü olurdu. Ünvanına gələn çoxsaylı təriflər də soyuq və möhkəm xarakterini laxlatmır, əksinə, mülayimləşdirirdi.

Səhər iş başlayanda ilk onun yanına gəldim. Dünənki çəkilişi anbaan ona danışdım: maraqlı müsahibimdən, məcburən yekunlaşdırdığım roman kimi mövzumdan, ağıllı “dəli”mdən, məni heyrətləndirən bu həyat hekayəsindən, cavabsız eşqdən, sevgisizliyin soldurduğu eşq qadınından danışdım... Arabir səsim əsdi, dilim söz tutmadı. “Deyəsən, sənə əməlli-başlı təsir edib bu qadın. Dərindən qəbul etmə, həyatdı da...” deyə, məni dünənin təsirindən çıxarmağa çalışdı. Mən isə cavabında:

– Hə, ən yaxşısı, mən danışmaqla vaxtı hədər etməyim, bu gün, onsuzda, işimiz çoxdur.
– Təki iş olsun. Amma elə iş olsun ki, nəticə xoşumuza gəlsin.
– Gələcək. Sevgidəndi çünki. Daha doğrusu, sevgisizlikdən. Dəhşətli süjet olacaq. Hələ çəkilişdən hiss eləmişdim.
– Bunun nəyi xoşagələn oldu ki?
– Təsirlidir. Başa sala bilmirəm e, necədir! Çox təsirli mövzu, qeyri-adi müsahib. Mən bu vaxta qədər belə mövzu işləməmişdim.
– Görək də. Kadrlar köçürülsün, başlayaq.

Kadrların köçürüləcəyi müddəti 35 dəqiqə göstərirdi. Az qala saniyə sayırdım...
Adəti üzrə, siqarət çəkib otağa qalxdı. Kompüterin arxasında əyləşib astadan:
– Hə, başlayaq, görək nə çəkmisiniz?
Birinci videonu açdı və səssizcə seyr etdi. Mən də heç nə demədən reaksiyasını gözləyirdim. Video bitdi, amma o bir kəlimə də söyləmədi. Çevrilib üzünə baxdım. Rəngi ağarmış, gözləri eyni nöqtəyə zillənmişdi.
– Fərhad, yaxşısan?
Cavab vermədi. Halı heç yaxşı görünmürdü. Yanağından bir cüt yaş süzüldü. Nə baş verdiyini anlamırdım.

– Özün mənə deyirdin ki, dərindən qəbul etməyim. Bəs özün niyə baxan kimi təsirləndin?
Dinməzcə dayanmışdı. Baxışları mənasızlaşır, rəngi ağarır, gözləri sanki çökəyə düşürdü getdikcə...
– Sənə su gətirim? Yaxşısan?
Cavab vermir, deyəsən, heç eşitmirdi dediklərimi. Videonu yarıda kəsdi:
– Bunun montajını mən etməsəm, olar? Mən edə bilməyəcəm. Xahiş edirəm, incimə məndən. Amma səbəbini də soruşma.
Stoldan qalxdı, otağı tərk etdi. Onu heç belə görməmişdim. Həmişə işin yaxşı alınması üçün bacardığından artığını etməyə çalışan birini indi buna məcbur edən nə idi? Özü də bu çəkilişə necə ürəklə yanaşdığımı hər kəsdən çox ona danışmışdım. Müsahibimə necə acıdığımı təkcə ona söyləmişdim. Bu süjetə çox həssas yanaşdığımı bildiyi halda, imtina etməsi üçün çox tutarlı səbəb olmalı idi. Bəlkə də, vardı...

Süjet efirdə yayımlandı. Montajını istədiyim kimi ərsəyə gətirə bilməmişdik. Televiziya işçiləri bilir ki, süjetin yaxşı hazırlanması jurnalistin qələmindən asılı olduğu qədər də montajçının zövqündən asılıdı. Bu baxımdan mövzunu istədiyim kimi işıqlandırmış saymadım özümü. Bununla belə, şirkətdə hər kəs, izləyən hər bir tamaşaçı təəssüratlarını müxtəlif yollarla bildirir, verilişin nömrəsinə tanımadığım insanlardan zənglər gəlir, kimisi qadına kömək etmək istəyir, kimisi də, sadəcə, belə taleləri işıqlandırdığımız üçün təşəkkür edirdi.

Təxminən iki ay keçdi...
Mütəmadi olaraq qadının müalicə aldığı dispanserlə əlaqə saxlayır, səhhətini soruşur, ehtiyacları ilə maraqlanırdım. İşə çatan kimi telefonuma gələn ilk zəng, gündə ən azı bir dəfə yığdığım həmin nömrədən oldu. Təlaşlı bir səs salamladı məni:
– Maya xanım, bağışlayın sizi narahat edirəm. Amma bu qadınla ailəsindən çox siz maraqlanırsınız deyə, elə bu xəbəri də sizə vemrək istədim, xoş xəbər olmasa da. Bəlkə də, onun üçün ən yaxşısı bu idi..

– Salamatlıqdı?
– Gülzar xanım rəhmətə getdi. Elə bu səhər...
– Nə?! Necə?! Necə yəni rəhmətə getdi?! Onun... Onun ruhu xəstələnmişdi, ruhlar isə ölmür... Sağlamlığında onu öldürəcək problemi nə idi ki?!
– Görünür, ürəyi partlayıb. Müşahidə kameralarına baxdıq. Oturduğu stuldan yerə yıxılır, biz təxminən iki dəqiqə sonra otağa daxil olanda o artıq dünyasını dəyişmişdi.
Nitqim qurumuşdu. Mən ona kömək edə bilmədim...

Tələsik hazırlaşıb işə gəldim. Fərhada onun sevmədiyi müsahibimin ölüm xəbərini demək üçün ilk onun otağına daxil oldum. Stolu boş, kompüteri sönülü idi. Yəqin, hələ işə gəlməmişdi.
Həmin gün heç kim ondan xəbər ala bilmədi. İki gün telefonuna zəng çatmadı. Heç kim onun bu hərəkətinə əsəbiləşmir, əksinə, onun qədər məsuliyyətli birinin birdən-birə yoxa çıxmasına görə hər kəs narahat olurdu.
Hər kəsdən çox mən...

Fərhadın anasının hüzrü üçün yollandığımız uzun yolun sonunda məni, beynimə sığdıra bilmədiyim mənzərə qarşıladı: solğun rəngli, dərddən bükülmüş və söyləməyə sözü tükənmiş Fərhad bizi yas çadırının qarşısında qarşılayır, diqqətimiz üçün təşəkkür edir, çadırın lap başından asılmış, qırmızı-qara lentli portretdən isə gözəl gözlü müsahibim mənə baxıb gülümsəyirdi...


Baxış sayı - 765 | Yüklənmə tarixi: 22.04.2022 15:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031