manera.az
manera.az

Sərdar Amin: “Yaradıcılıq fakültəsi mənə öz yerimi göstərdi” | MANERA.AZ

Sərdar Amin: “Yaradıcılıq fakültəsi mənə öz yerimi göstərdi”   | MANERA.AZ

MANERA.AZ-ın “Məzunlar” rublikasının qonağı RTV-in PR meneceri, gənc yazar Sərdar Amindir.


Kitaba bağlılıq, mütaliyəyə həvəs təkcə qələm adamlarına xas olan məsələ deyil. Ədəbiyyatla heç bir əlaqəsi olmayan sadə oxucular var ki, onlar üçün belə imza günlərini göydəndüşmədir. Müasir zaman, kompyüter dövründə yaşayan bizim kimi qələm adamlarının bir şansı da onda gətirib ki, oxucu qıtlığı yaşanmır. Sosial şəbəkələrdən hansısa imzanı izləyib məhz onun oxucularla görüşünü səbrsizliklə gözləyən insanlar var ki, imza günlərində xüsusi abu-hava yarada bilirlər. Sərdarın imza günündə bax belə, təsadüfi insanlar, onun tanımadığı oxucular da iştirak edirdi. Hiss olunurdu ki, bu gənc yazara xüsusilə stimul verir. Bundan başqa imzaya rəng qatan qələm adamları, dostlar və daimi oxucular, tanınmış insanlar imza günündə Sərdarı təbrik etməyə gəlmişdi. Şəxsən razılaşdığım bir fikir Orxan Fikrətoğlu tərəfindən vurğulandı .“Sərdarın poeziyasında hikkə var”. Ardınca o hikkəni əks etdirən şeirdən parçalar da səsləndirdi.

Bir anam vardı
qərib idi, yazıq-yazıq ağlardı...
Səsini eşitdirməzdi kimsəyə.
Bir anam vardı
saçları qara günlərdə ağardı.
Şeiri sevərdi,
böyüyüb sevdiyi bir şeir yazammadım,
sevdiyi bir söhbətə tutunammadım.
O isə həmişə məni çox sevdi.

Zəif bir arvad idi,
ayaq üstə güclə durardı,
daim başıyaylıqlı bir qadın.
Onu öldürdün.
onu öldürməyə çatdı gücün
Onu öldürməyə nə vardı?
bacarırdın yaşadaydın.
Yenə deyim, daim başıyaylıqlı bir qadın.

Həyat,
həyat səni bağışlamayacam,
yarpaqlarını yolacam budaqlarından
daşlarını qopardacam torpağından
Sularının düzənini pozacam, düzənini...
elə hey ah vay edəcəm,
narazı bir insan artacaq sinəndə.
Bəli, məndə...

Biranamvardı
indi o da yoxdu.
Beləcə, gənc yazarla növbəti söhbətimiz də bu minvalla baş tutdu...

-Sərdar, nə vaxtdan ədəbiyyatdasan?

- 2009-cu ildən. Amma ilk “şeir”imi beş yaşımda “yazmışdım”. Təxminən belə idi:
Meşələrdə ceyran qaçır,
istəyirəm mən də qaçım,
qaça bilmirəm – qaça bilmirəm.
Dənizlərdə balıq üzür,
istəyirəm mən də üzüm.
Üzə bilmirəm – üzə bilmirəm... (gülümsəyir)

Bu “şeir”i anama demişdim, onu da xahiş eləmişdim ki, bu barədə heç kəsə bildirməsin. O da sağ olsun, nahar vaxtı bütün ailəni bir yerdə görüncə dedi ki, Muğlan şeir yazıb. Evdə mənə Muğlan deyirdilər. Hə, o gündən ta ki, 2009-cu ilə qədər hikkəmdən şeir yazmırdım. Amma həmişə dilimdə, ağzımda şeirlər cücərib. 2009-cu ildə “Od” adlı şeir yazmışdım. Ardınca xeyli yazı yazdım. Doğrusu heç birini çapa layiq bilmirəm, amma əlyazmaları qalmaqdadır.

- Məncə, müharibədən bəhs edən ilk kitabın artıq gənc ədəbiyyatçılar arasında öz sözünü dedi. Ancaq istərdim ilk olaraq “Qaratoyuq nəğməsi” romanı barədə bir az açıqlama verəsən...

- Düzü, “Qaratoyuq nəğməsi”nin sözünü dediyini düşünmürəm. Bəlkə də sözünü dedi, amma eşitmək istəmədilər. Yazdığım romanı tərifləmək kimi niyyətim yoxdu, hərçənd hər bir çılpaqlığı ilə ortada qalmaqdadır. Hər hansı roman haqqında müəllifin 2-3 il sonrakı fikirləri heç də ürəkaçan olmur. Yəni bu mövzuda səmimi olsam, peşəkarlıqdan çox uzaq alınacaq söhbətimiz. Ancaq əminəm ki, “Qaratoyuq nəğməsi” mövzusu, müharibə və arxa cəbhə səhnələri, prototipləri ilə ciddi müzakirəyə layiq romandır.

Yaxınlarda “Qaratoyuq nəğməsi”nin türk dilinə tərcüməsi və Ankarada nəşri təklifini almışam. Bu işin romanın bir daha redaktəsindən sonra baş tutmasını daha məqbul sayıram. O üzdən təklifi hələki cavabsız saxlamışam. “Qaratoyuq nəğməsi”nin ikinci redaktəsinə gəlincə isə hazırda üzərində işlədiyim digər roman və ssenarilər mane olur.

- Digər roman haqda soruşmuram, çünki “bu barədə gələn dəfə” cavabını alacağıma əminəm. Bəs Şeiraltı nə deməkdir?

- Təbii ki, bu söz proqmatikləşdirildikdə ciddi anlayış sayılmaya bilər. Lakin buna məlum məqsədlə istifadə olunmuş bir ideya kimi baxsaq, hansısa bir məqama tutunmaq olar. “Şeiraltı” şüuraltı sözü ilə həmahəng səslənən sözdür və şüuraltı bizim şüurla qəbul etdiyimiz dünyamızda nələri ehtiva edirsə, şeiraltı da poeziya dünyasında həmin mövqedədir.

- Niyə şeiraltı yazdığını düşünürsən ki?

- Belə düşünmək qəbahətdirsə, bunu düşünməyə də bilərəm. (gülür )

- Bəs səncə, müasir ədəbiyyatımızda kimlər şeirüstüdür?

- Məncə, şeirüstü və şeiraltı olmaq şeirdən kənar olmaq – mənim yanaşmamla desək, ənənədən kənar olmaq deməkdir. Hansı ki, o ənənə bizi bu gün çox da yaxşı yerlərə gətirib çıxarmayıb. Şübhəsiz ki, sözün ən böyük mənasında bizi yavaş-yavaş xoşbəxtlikdən uzaqlaşdırıb. Düşünürəm ki, bunun əvəzində biz də başqa şeyləri sınamalıyıq. Ənənəni davam etdirmək bizim arzularımıza can verməyəcək. O üzdən bu gün şeirin üstündə, altında olmaq, şeirin içində olmaqdan daha maraqlıdır. Təbii ki, olduğun yerə şeirin içindən keçib getməlisən.Yox əgər siz şeirin içinə girmədən kənarda qalan adamları soruşursunuzsa, onların ən çox şişirdilmişləri elə “Şeiraltı”nın üz qabığına həkk olunub. Baxmayaraq ki, onların hamısı öz dönəmlərində ən çox sevilənlərdir. Bu gün də şeirə toxunmadan, ona yaxın gəlməyi bacarmadan şair kimi sevilənlər çoxdur. Təbii ki, zaman hər şeyi həll edəcək, teziklə həmin şəxslər də ən çox sevilənlər olacaq və onları hamı tanıyacaq. Zaman pisi yaxşıdan ayırmağı bacarır.

- Qayıdaq imzaya. İki kitab müəllifi özünü necə hiss edirdi?

- Doğrusu heç rahat deyildim, amma yüz kitab müəllifi olsam da bu göstəricini düşündüyümdə təsirlənəcəyimə inanmıram. Bu kitablar məni dəyişə bilər, amma həmin rəqəm yox. İçimdə bir qəribə təzad var, istəyirəm sualınıza olan uyğunluğundan istifadə edib bunu bölüşüm. Mən nə qədər nəsrimi ciddiyə alsam, şeirlərim bir o qədər çox sevdirir məni. Hansı ki, şeirlərimin hamısını bir yerə toplasaq,onların yazı prosesi romanımın bir bölümünü yazmağa ayırdığım qədər enerji almayıb məndən.

- Şeiraltıda fəsil bölgüsü var, bəs mətnlərinin arasında fərq qoyursan?

- Kitabdakı fəsil bölgüsü məşhur koreyalı rejissor Kim Ki Dukun “Bahar, yay, payız, qış və yenə bahar...” filminin simvoludur.Təbii ki, bununla paralel həmin fəsillərə uyğun yerləşdirilmiş şeirlərin daxilində də, yaşadığı fəslin əhvalı var. Bu bölgü kor-koranə aparılmayıb. Mətnlərimin arasında fərqi mən qoymuram, əgər hər hansı fərq hiss olunursa, bu mənlik deyil.

- “Şeiraltı”da ithaf olaraq, “Sevgilim Dursuna və sevmədiyim Kim Ki Duka” deyə qeyd etmisən...

- Kim Ki Duk müasir dünya kinosunun ən maraqlı rejissorlarındandı. Bu qıyıq gözlü oğlanı Azərbaycandan fərqli sənətə az-çox dəyər verə bilən toplumlarda yüksək qiymətləndirirlər. Kim Ki Duk bütün filmlərini izləyib başa vurduğum rejissorlardandı. Çox ciddi rejissordu, sadəcə ideallarını sevə bilmədim. Amma yeni filmlərini səbirsizliklə gözlədiyim üç-beş rejissordandı. İnsan bəzən sevmədiklərinə də nəsə ithaf etməlidir. İthaf almaq hədiyyə almaq deyil, məsuliyyət almaqdı və hər zaman sevgidən qazanılmır.

-Bildiyimiz kimi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunusuz. Fakültəyə gəlişin necə olmuşdu?

2011-ci ildə daxil olmuşam Yaradıcılıq fakültəsinə. O vaxt fakültənin dekanı Rüstəm Kamal idi. Rüstəm müəllimlə görüşümüz qəribə oldu, o vaxt şeirlərim yenicə ayaq açmıdı saytlara, Rüstəm müəllim özümlə gətirdiyim nümunələrə baxdı, arasındakı ən zəif saydığım şeirlərin müzakirəsinə başladı. Xarakterinə bələd olmadığımdan elə bildim mənimlə məzələnir. Bir az sevgi şeirlrindən danışdı, qadından söz açdı, sonda dedi filan gündən etibarən gəl dərslərə. Beləcə başladım...

Aqşin Yenisey, Salam Sarvanın dərslərini maraqla gözləyirdim. Hərçənd o zaman fakültənin dərs proqramı ciddi formada proqramlaşdırılmamışdı, amma sürpriz müəllimlərlə söhbət maraqlı idi. Rəhmətlik Elnarə Tofiqqızının dekanlığı dönəmini isə mən Yaradıclıq fakültəsinin intibahı sayıram. Çox ciddi işə başlamışdı, həmin ərəfədə xeyli bədii təfəkkürlü, intellektli gənclər toplaşdı fakültəyə.

Dərslərə Xaçmazdan qatıldığımdan, eyni zamanda iş qrafikimin dərslə uyğun olmadığında düşünürdüm tezliklə fakültədən kənarlaşdırılacağam. Amma rəhbərliyin səxavəti sayəsində mən regiondan qatılmağıma baxmayaraq Yaradıcılıq fakültəsindən yararlana bildim. İndi həmişə o illəri düşünəndə yeganə təəssüf etdiyim məqam qaçırdığım ustad dərsləridir.

Təəssüf ki, həmin dönəmlərdə mütaliə bazam, bədii mətnlərə yanaşma tərzim bir az bəsit idi, o üzdən mən məsələn Kamal Abdullanı dərk edə bilmirdim. İndi düşünəndə ki, mən Kamal Abdullanın dərslərini dəyərləndirə bilməmişəm, bax buna çox təəssüflənirəm. İndi əsərlərini oxuduqca onunla dərsdə olduğu kimi üz-üzə oturmaq şansı qazanacağım günü arzulayıram.

Yaradıcılıq fakültəsinin qısa müddətdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına xidməti göz önündədir. Bu fakültənin Azərbaycanda ciddi potensialı olduğuna əminəm, ümid edirəm ki, Yaradıcılıq il-ildən nüfuzunu daha da qaldıracaq və tezliklə gücünü kompleks formada səfərbər edəcək.

- Deməli, fakültə yaradıcılığınıza ciddi təsir edib...

Əlbəttə. Tələbə yoldaşlarımımla dialoqlar, müəllim və tələbələrin birgə polemikası və birbaşa müəllimlərin təlqin etdiklərindən təbii ki, zövq alırdım. Ədəbiyyatın təməlində duran əsərlərlə tanışlıq, daha doğrusu tanışlığın vacibliyini qəbul etdim, Cənubi Azərbaycan ədəbiyyatı reallığı mənə çox təsir etdi, müasir dünya ədəbiyyatını hiss edə bildim. Bu fakültə mənə təkcə yazmağı deyil, yazmamağı da öyrətdi. Hələki daha çox oxumağı, filmlərə bağxmağı üstün tuturam. Az-az yazdığım mətnlər, ssenarilər və şeirlər isə artıq məndən tökülənlərdir. "Yaradıcılıq" fakültəsi mənə öz yerimi göstərdi, hələ nə qədər balaca olduğumu dərk etdim.

- Bəs yaradıcılıq uğurlarını oxucularla bölüşmək necə hissdir?

- Sevdiyim rejissorlardan olan Pedro Almodovar deyir “film çəkmək öyrədilməsi mümkün olmayan, amma öyrənilməsi mümkün olan sənətdir”. Az öncə qeyd etdiyiniz hiss də təxminən belədir. Onu yaşamaq olur, anlatmaq yox!..

Söhbətləşdi: Ramilə Qardaşxanqızı
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031