manera.az
manera.az

Ənvər Əhməd: - Vətən yanğılı, Qarabağ sevdalı şair

Ənvər Əhməd: - Vətən yanğılı, Qarabağ sevdalı şair
Milli mənəvi duyğuların, vətənpərvərlik və Azərbaycançılıq ideyalarının təbliği, tarixi həqiqətlərin bu günün meyarları ilə qiymətləndirilməsi, vahid, bütöv mənəvi Azərbaycan uğrunda mübarizə, əsrlərdən bəri vəsf və tərənnüm olunan Ana, Vətən, Təbiət, Sevgi mövzularında təzə söz demək hünəri, Nizamidən üzü bəri davam edən və poeziyamızın başlıca leytmotivini özündə əks etdirən humanizm konsepsiyasının davam etdirilməsi, insana xas olan ən nəcib, ən ülvi duyğuların tərənnümü... - bütün bunlar Ənvər Əhmədin poeziyasında uğurla əks olunub.

Ənvər Əhmədin poeziyaya gəlişi altmışıncı illərin əvvəllərinə təsadüf edir. Onun üz tutduğu yol ənənəvi şeir yolu idi. Təbii ki, ədəbiyyata gələnlərin çoxunun asan sandığı, amma təzə söz deməyi çətindən çətin olan bu yolda duruş gətirmək hər şairə nəsib olmur. Altmışıncı illərin cavan şairlərindən bir çoxu bu "asanlığın" çətinliyini öz şair talelərində yaşamalı oldular. Necə etmək ki, çoxlarının üz tutduğu, varıb getdiyi o tanış yolda yeni bir cığır açasan? Necə etmək ki, Azərbaycan dilinin az qala istismar olunmuş, trafaret halına keçmiş yüzlərlə sözlərinə təzə can verəsən, ehya edəsən? Təbii ki, Ənvər Əhmədin poetik istedadının gücünə əsl şair kimi yoluna davam etdiyi poeziyada öz cığırı, izi olmalıydı və mən deyim ki, o, buna nail oldu.

Ustad Xəlil Rza onun haqqında yazırdı: "Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir".

Ənvər Əhməd Qarabağı sevən, onun otunu, çiçəyini, dağını, dərəsini Vətən bilən, bayatısıyla şair olan bir söz ustadı kimi ədəbiyyatımızda öz yüksək yerini tutub. Şairin Qarabağ haqqında əsərləri, xüsusən, "Daş qanı" və "Xarıbülbül" poemaları keçən əsrin 90-cı illərinin şair düşüncəsində əks olunan ictimai-siyasi hadisələrinin ən doğru poetik reaksiyasıdır. Hər iki əsərdə işğal illərinin kədərli, bədbin ovqatından doğan nostalji motivlər diqqəti cəlb edir. Ancaq "Mən Şuşaya necə gedim?!" ovqatı ilə "Mən Şuşaya qayıdacam!" nikbin sədası arasında təbii ki, fərqli, bir-birini inkar edən məqamlar nəzərə çarpır. Ümidsizliyi ümid və inam əvəz edir.

"Xarıbülbül" poemasının əsas tərənnüm obyekti, əsas qəhrəmanı Şuşadır. Şuşa təkcə tarix və gözəllik mənbəyi kimi tərənnüm olunmur, Şuşa varlığın mənası, həyatın, gözəlliyin yaranışı kimi nəzərə çarpdırılır. Baş bədəndən, ürək candan ayrılmadığı kimi şair də Şuşadan ayrılmağı təsəvvürünə gətirmirdi.

"Tərəkəmə" poemasında isə "daş dəridən çarıq tapıb geyinən" müəllif bizə bircə-bircə tərəkəmələrin yaşadığı yurd yerlərini, dolaşdığı kəndləri, obaları tanıdır. Əgər Ənvər Əhmədi bir şair və insan kimi tanımaq istəyirsinizsə, "Tərəkəmə"ni oxuyun: "Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Erkiqarışanda doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə acıtmalı əppəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla "tərəkəmə balası" deyə müraciət edirlər".

Uzun zaman müharibə vəziyyətində olan bir məmləkətin vətənpərvər şairi kimi, Ənvər Əhməd təkcə vətənin dərdlərinin poetik rəsmini çəkmək haqqında deyil, həm də o dərdləri yox etmək haqqında fikirləşir, bu qayə ilə yazıb-yaradırdı.

Ruhu şad olsun!

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829