20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş “Eşq, ölüm və zəfər” adlı ədəbi-bədii kompozisiya keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbir 5 saylı tam orta məktəbin şagirdləri tərəfindən səsləndirilən şeirlərlə başlayıb, daha sonra 1990-cı il 20 yanvar hadisəsinin tarixi haqqında bəhs edən videoçarx təqdim edilib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanlar dərin ehtiram və sükutla yad edilib.
Xüsusi karantin rejiminin tələbləri çərçivəsində təşkil olunmuş tədbirdə 5 saylı tam orta məktəbin şagirdləri, klub işçiləri və FHN-nın Şəki Xilasetmə Taborunun kollektivi və DSX-nin əməkdaşları iştirak ediblər.
Azərbaycan xalqının qəhrəmanlıq və sədaqət dastanına çevrilmiş iki qəhrəmanı, İlham və Fərizədən bəhs edən tamaşa səhnələşdirilib.
Sözügedən tamaşanın quruluşçu rejissoru Elvin Nüsrətoğlu, ssenari müəllifi isə Ayşən Rəhimdir .
Tamaşada rolları Mədəniyyət Mərkəzində fəaliyyət göstərən ” Xalq Teatr”nın aktyorları Rəşad Rüstəmov və Aytən Xəlilzadə ifa ediblər. Tamaşa izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.