Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu başlayır

07 iyul 2026-cı il saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 09 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.
Növbələrin aktivləşmə vaxtı:
2021 və 2022-ci il təvəllüdlü uşaqlar – saat 11:00
2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar – saat 15:00
Nəzərinizə çatdırırıq ki, bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.
Vacib məlumatlar:
Bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər;
Yaradılmış növbə boş yer olduğu halda minimum 5 gündən sonra sorğuya çevriləcək;
Sorğu yaradıldıqdan sonra valideyn 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir.
Sənədlər vaxtında təqdim edilmədiyi təqdirdə sorğu ləğv ediləcək və növbə üzrə digər uşağın qəbulu həyata keçiriləcək.