Şəkidə dəfn olunan türk zabiti - Həyat hekayəti

Daşnaklara qan udduran, həyat yoldaşı sürgündə ikən hər iki gözünü itirən, məzarı dağılmış vəziyyətdə olan gizli qəhrəman
Tarixin ən çox müzakirə və mübahisə predimentlərindən biri də, müxtəlif dönəmlərdə baş verən qanlı savaşlar və bu savaşların gizli qəhrəmanlarıdır. O qəhrəmanlar ki, öz ideallarını, mübarizələrini başqalarının həyatını xilas etməkdə, aid olduqları coğrafiyanın müdafiəsini, mühafizəsini təmin etməkdə görürdülər.
Müxtəlif gizli və açıq hərbi birləşmələrin, xüsusi əhəmiyyətli qoşun növlərinin tərkibinə qoşularaq son damla qanına qədər döyüşürdülər. Bəzən bir hərəkətləri ilə tarix yazsalar da, yazdıqları tarixdə öz adlarına ya nadir hallarda rast gəlinirdi, ya da ümumiyyətlə rast gəlinmirdi.
XIX cu əsrin sonu, XX ci əsrin əvvəllərində, erməni "ideoloqlari" tərəfindən Azərbyacana qarşı ərazi iddiaları özünün kuliminasiya nöqtəsinə çatmışdı.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Rus və İngilis güclərinin qısqanclığına səbəb oldu. Xüsusən Rusiyanın yerli havadarları olan erməni daşnakları müxtəlif bölgələrimizdə silsilə qətillər, soyqırımlar törətməklə məşğul idilər.Əsas hədəfin məhz Bakı olmasına baxmayaraq, digər bölgələrimizdə də, ermənilər dinc sakinləri öldürür, mütəmadi terror törədirdilər. Bu ağır dönəmlərdə , yerli sakinlərlə yanaşı, Türkiyədən gələn qardaş əsgər və zabitlər xüsusi igidlik sərgiləmişdilər.
Haqqında söhbət açacağımız qəhrəman, 1890-cı ildə qardaş Türkiyə ölkəsində anadan olan İsmayıl Hacı Məhəmməd oğlu Haqqıdır.
Doğulduğu bölgə, Türkiyə Cümhuriyyətinin əhali sayına görə 7-ci, Daxili Anadoluda paytaxt Ankara şəhərindən sonra 2-ci böyük sənaye şəhəri olan Kayseri şəhəri idi. İsmayıl Hacı Məmməd oğlu Haqqı 5-ci Qafqaz İslam Ordusunun tərkibindəki Səlmiyyə süvariləri dəstəsində Azərbaycanın Oğuz-Şəki cəbhəsində düşmənə qarşı vuruşub.
Bu bölgədə əsas vuruşlar "erməni" quldurlarının məskunlaşdığı yaşayış məntəqələri ətrafında (Şəki rayonunun Səbətli, Qayabaşı, Oraban kəndləri, Oğuz rayonunun bir sıra kəndləri) baş verib. İsmayıl Haqqının başçılıq etdiyi hərbi kömək dəstələri, döyüş toplarını Yevlax-Şəki yolunun kənar hissələrində xüsusi səngərlərdə yerləşdirməklə, erməni quldurlarının xeyli hissəsini məhv etmişdilər.
Yerli sakinlərin sözlərinə görə, İsmayıl Haqqının rəhbərliyində olan Türk əsgərlərinin hamısı, ağır döyüş əməliyyatlarında şəhid düşür. Bu zaman isə ona əsgər heyyətini qurub yenidən qayıtması üçün geri dönmək əmri gəlir. Lakin "erməni" quldurları qoca, körpə demədən dinc sakinləri hədəf seçdikləri üçün o geri dönmək istəmir. Bu qəhrəman Türk zabitinin daşnak quldurlarına qarşı apardığı mübarizəyə bölgə xalqı da, biganə qalmırdı.
Bunun nəticəsi idi ki, tək qaldığı zaman, onun ətrafına Şəkidən olan 4 nəfər könüllü qoşulur. Bu 4 nəfər Şəkilinin və təkcə İsmayıl Haqqının şəxsi şücaəti hesabına, Şəkinin bir neçə kəndi daşnak quldurlarının hücumundan qorunur. Nəzərə almaq lazımdır ki, bu cür əməliyyatlara hərb tarixində nadir hallarda rast gəlmək olardı.
Sonradan köməyə gələn Türk ordusu uğurlu əməliyyatlarını İsmayıllı-Kürdəmir-Şamaxı döyüş xətdlərində davam etdirmişdir.
Lakin təəssüflər olsun ki, Çar Rusiyasının bu əraziləri zəbt etmək iddialarının artması, həmçinin həmin dövrdə Türkiyədə siyası vəziyyətin gərginləşməsi , Türk birləşmələrinin də Azərbaycandan getməsinə səbəb olmuşdu.
Ordu birləşmələri Azərbaycandan getsədə, cəsur döyüşçü, iradəli komandir İsmayıl Haqqı buranı tərk etməmək qərarına gəlir.
Sonrakı həyatını doğma Azərbaycanda keçirən İsmayıl Haqqı Oğuz rayonu Muxas kənd sakini Xədicə xanımla (1887-1962) ailə həyatı qurub və Şəki şəhərinin Qışlaq məhəlləsində yaşayıb. Ömrünün qalan hissəsini, həyətyanı sahəsinə bitişik meşə hissəsində təsərrüfat ,ə və əkin, biçin işləri ilə məşğul olmaqla keçirib. 2 oğul və 1 qız övladı olub.
Son dövrlərə qədər İsmayıl Haqqı əfəndini şəxsən görən insanların yaşaması, sonuncu övladının 2005 ci ildə vəfat etməsi ,onun bəzi şəxsi keyfiyyətlərinin də, bizə aydın olmasına səbəb olub.
Türk ordusunun bu Ər-qazisi quran hafizi olub - “Qurani-Şərif”i əzbər bilib. Ömrünün böyük hissəsini elmi və dini kitablar oxumağa sərf edib.
İsmayılın dini kitablarının xeyli hissəsi sonralar məscidə hədiyyə edilib.
İsmayıl Haqqının yaşıdlarının, onunla döyüşlərdə iştirak edənlərin söylədiklərinə görə o, qılınc çalmaqda mahir biri idi. İlk zərbə ilə düşmən kəlləsini iki yerə bölürdü. Canlı döyüşlərdə kimsəyə aman verməzdi. Keçmiş Türk zabitlərinə xas olaraq hər zaman üzərində xəncər gəzdirərdi.
Keçən əsrin 30-cu illərində xalqımıza qarşı növbəti qətliamlar burulğanından taleyin yazı hökmü ilə xilas olan İsmayıl Haqqının bu “yükünü” həyat yoldaşı – Xədicə xanım çəkməli olub.Sürgün həyatı yaşayan Xədicə xanım, bu Sürgündən 60-cı illərdə qayıdıb.
Sürgündə olarkən isə, hər iki gözü görmə qabiliyyətin tam itirib.
Qəhrəmanımızın oğul nəvəsi Vaqif Məmmədəmin oğlunun (1958) bildirdiyinə görə, 1970-ci illərdə Şəki şəhərində yaşayan ermənilər onların evinin qarşısından keçərkən hər zaman uşaqlarına bildiriblər ki, bu evin yiyəsi bizim düşmənimizdir. 
İsmayıl Haqqı əfəndi, Şəkinin Aşağı Kəldək kəndi ərazisində , meşə massivində dəfn olunub.Sonradan bu ərazi kənd qəbristanlığına çevrilib.
Təəssüflə deyə bilərik ki, uzun müddət erməni qəsbkarlarına qarşı əzmlə mübarizə aparan, sonra ki, ömrünü xalqın dini biliklərinin artırılmasına, maariflənməsinə sərf edən, həyat yoldaşı da, bu mübarizənin əzablarını çəkən bu şəxsin məzarı hazırda baxımsız vəziyyətdədir.
Şəki rayon Aşağı Kəldək kəndi ərazisində yerləşən qəbir illər öncə Haqqı bəyin nəvəsi Cəbrayıl tərəfindən qismən təmir edilsə də, yenidən dağılmışdır.
Xələf AZƏRİ