manera.az
manera.az

Ömür - Gənc yazardan yeni hekayə

Ömür - Gənc yazardan yeni hekayə
Mənim yetmiş dörd, arvadımın isə altmış səkkiz yaşı var. Ömrümüzün axırlarını yaşayırıq. Bunu ikimiz də hiss eləyirik.

Bir ay əvvəl rayondakı xəstəxanadan qayıdıb evə gələndə arvadım dişlərinin çətinliklə kəsdiyi lavaşı birtəhər qoparıb çeynəyə-çeynəyə:

- Deyəsən, axırımız çatır, hə? - dedi.

O, məndən daha xəstədi. Ağrısı tutanda nə eləyəcəyimi bilmirəm. Qızımgilin evi bizdən elə də uzaqda deyil. Arada nəvələrdən kimsə gəlib bizdə qalır. Başqa vaxtlarda evdə ancaq ikimiz oluruq. Səhərlər oyanıb, mal-heyvanı yerbəyer eləyəndən sonra bir yerdə şirin çay içirik. Axşamlar isə qaranlıq düşəndən sonra oğlumun keçən payız aldığı televizora bir az baxıb yatırıq.

Arvadımın ayaqları şişir. Bir az iynə-dərman eləyəndən sonra keçib gedir, sonra yenə elə olur. Böyrəkləri salamat deyil. Mənim təzyiqim hərdən çox qalxır. Həkimlərin dediyinə görə, ürəyimə gedən damarlarda da nəsə nasazlıq var.

İkimiz də bu kənddə doğulmuşuq, ömrü boyu burda yaşamışıq.

Keçən ay oğlum Bakıdan gəlmişdi. Bizi aparmaq istədi. Getmədik. İndi burdan bir gecə uzaqda qalsam, mənə elə gəlir ki, nəfəsim kəsilər. İki il əvvəl yazda bizi Bakıya apardılar, həkim müalicəmizi yazandan sonra qayıdıb gəlmək istədik. Dedilər, bir az da qalın. Qayıdanda gördüm ki, köhnə hamamın yanındakı cəviz ağacı qurumağa başlayıb. Məndən əvvəl arvad gördü. Dizlərinə döyüb hay çəkəndə elə bildim eyvan uçub. Çünki eyvandakı dirəklər çoxdan çürümüşdü. Amma həyətə girib gördüm ki, yox, cəvizə nəsə olub, yarpaqları qaralmağa başlayıb. Hər gün səhər dibinə su tökdüm. Bir az peyin verdim. Amma xeyri olmadı. Otuz il əvvəl xəstələnib yatağa düşən, əriyə-əriyə arıqlayıb ölən oğlumuz kimi, cəviz də bir iki həftəyə tamam sovulub getdi. Quruyub heyif oldu.

...Yağış yağanda eyvandakı şiferlər damır. Bu yaz hələ havalar tam açılmayıb. Həyətdə bir az göyərti əkmişik. Lobya, kartof, badımcan əkmişik.

...Dünən Yaqub gəlmişdi. Nəvəm. Əsgərlik vaxtı çatıb, deyirlər. Nəsə sənəd gətirməliymiş. Bizlə görüşdü, söhbətləşdik, nənəsi "axşama toyuq bişirmişəm", dedi, saxlamaq istədi, amma hiss eləyirdik ki, darıxır. Çıxıb getdi. Yenə ikimiz qaldıq. Axşam mal-heyvanı yerbəyer elədik, yeməyə oturanda yenə yağış başladı. İldırım çaxdı. Dərmanlarımızı atdıq, bir az televizora baxıb yatdıq.

...Həkim ürəyimdə xəstəlik olduğunu deyən gündən bəri, gecələr rəhmətlik dədəmi yuxuda görürəm. Dədəmi deyirəm, yəni atamı. Görürəm yenə namaz qılır, başına ağ, nazik bir papaq keçirib. Əyilir, qalxır, dilində asta səslə nəsə deyir. Sonra başını sağa-sola çevirəndə çiyninə baxmaq yerinə mənə baxır. Mən onun baxmağından qorxuram. Hiss eləyirəm ki, ölmək vaxtım çatır. Sonra yuxudan ayılıram. Əynimə nəsə geyinib həyətə çıxıram, tualetə gedib qayıdıram, təzədən yerimə girirəm.

Hərdən ölməyimizi fikirləşirəm. Arvadım birinci öləcək, yoxsa mən? Mən ölsəm, o yəqin, bir müddət qızı gildə qalacaq. Belə olanda fikirləşirəm ki, kaş tez ölək, canımız qurtarsın. O, birinci ölsə.. Bilmirəm.

Uşaqlara tapşırmışıq ki, bizi oğlumuzun yanında basdırsınlar.

Bu Novruz qəbrinə getdik. Arvad yenə ağladı. Dedi ki, Allah bizi öldürsün, biz elədik sənin ölməyini. Onsuz da səndən sonra ömrümüzü çürütmüşük, - dedi, yaşamamışıq, - dedi. Dedi ki, kaş elə daş olardım mən, adam olmazdım, nə səni doğardım, nə sənin ölməyini görərdim. Sonra hardan ağlına gəldisə, qayıdıb dedi ki, cəviz də qurudu, hamamın yanındakı cəviz.

Onun ölməyindən otuz il keçib. Əvvəllər tez-tez fikirləşirdim ki, bəlkə, vaxtında xəstəxanaya yatırsaydıq, nəsə eləyə bilərdik. Amma indi o ağrı mənim ürəyimdə keyləşib, əvvəlki kimi təsirlənmirəm o yadıma düşəndə.

...Hava günəşliydi bu gün. Arvad çay qoyub. Eyvanda oturmuşuq. Bir az əvvəl qapının səsini eşidəndə sevindik, elə bildik, kimsə gəlir, amma heç kəs deyilmiş.

Bir azdan axşam düşəcək. Həyətə çıxıb, hinin qapısını düzəltməliyəm, tövlədəki lampanı dəyişməliyəm, sonra mal-heyvanı yerbəyer eləməliyəm. Arvad mətbəxdədi. Mən qənddanın ağzını örtüb, həyətə çıxıram.

Təvəkkül BoysunarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930