manera.az
manera.az

Bir kitab, üç roman | Manera.Az

Bir kitab, üç roman | Manera.Az

(Zahid Sarıtorpağın nəsri)


Zahid Sarıtorpağın 2017-ci ildə çap olunan ilk nəsr kitabına onun üç romanı daxil edilib. Bu vaxtacan şair kimi Azərbaycan ədəbiyyatının nüfuzlu imzalarından biri kimi tanınan Zahid Sarıtorpaq 80-cilər adlanan ədəbi nəslin nümayəndəsidir.

Ədəbiyyatda bəzən “nəsil” adıyla bölgü aparmağın yanlış olduğu barədə fikirlər söylənsə də, məhz keçən əsrin 80-lərində ədəbiyyat aləmində yazıçı, şair iddiası ilə imzalarını təsdiq edən və böyük ümidlərlə yazıb-yaradan bu günkü bir çox tanınmış söz-sənət adamlarının “çərxi-fələyin dövranı” sayəsində o zaman bir qədər diqqətdən kənarda qalması faktdır. Bir sözlə, bu istedadlı yazıçı nəslinin yeni ədəbi estetika yaratmaq sahəsində xidmətləri danılmazdır.

Nəsrdə, şeirdə ən yeni layihələrlə işləyən 80-cilərin yaradıcılığı hər zaman diqqətə, təhlilə layiqdir. Ədəbiyyatın janr müxtəlifliyi istedadlı qələm adamlarının öz potensialını gerçəkləşdirməyə imkanlar yaradır. Bu üzdən şeirdən nəsrə keçid son illərdə tez-tez rast gəlinən hadisə olubdur. Axı hər bir tanınmış şairin nəsrə keçməsi ədəbi aləmdə maraqla izlənən proses olur. Nəsr sahəsinə keçmək həm də müasir dünyada getdikcə sürət yığan qlobalizm olaylarının məzmun və mahiyyətindən irəli gəlir. Planetin səs və işıq dalğaları bir yana, yeni ölüm viruslarının arasıkəsilməz zərbələrinə tab gətirmək üçün, yəqin, söz sənətinin üzərinə gerçək vəzifələr düşür. Bəzən “ürəkdən tikan çıxarmaq” üçün klassik (nağıl, dastan) mətndəki deyim tərzinə əks olaraq, indi “sazla” – şeirlə deyilə bilməyənin “sözlə” – nəsrlə deyilməsi gərək olur. Zahid bəy də sosial aləmdə gendən seyr etməyi bacarmayan ədiblərimizdəndir. Ona görə də “ürəkdən tikan çıxaran” sözü ürəyin istədiyi kimi yazmaq üçün roman janrına müraciət etmək bəzən mövqe, məsuliyyət məsələsinə çevrilir.

Kitabın ilk səhifəsindəcə belə bir fikrə rast gəlirik: “Əslində, vallah, bu elə bir dərddi ki, deyəsən, buna nəinki dastan, lap komediya da yazmaq olar”. Deməli, dərd varsa, onun komediyasını yazmaq gərəkirsə, faciəsini də unutmaq olmaz. Fikrimcə, Zahid Sarıtorpağın ilk romanları toplumun həm faciəsini, həm komik durumunu əks etdirir. Nəsrdə, ya şeirdə hər hansı psixoloji mühitin, ovqatın ifadəsi dilin, mətnin yüksək ünsiyyət imkanları, müasir texnoloji, kommunikativ tələblərə uyğunluğu ilə mümkündür. Kitabdakı əsərlərin dilinin sintaksisi ilk baxışda nağıl sığalı ilə süslənmiş təsvir, danışıq təsiri bağışlasa da, şifahi nitq aksenti ilə yazıldığı təsiri oyatsa da, təhkiyənin içəri qatlarını kəşf etdikcə alahı bir mənzərə aşkar olunur. Zahid bəyin nəsr yaradıcılığında, necə deyərlər, şeir dili və emosional nitq öz ərazisini nəsrin hüdudları hesabına daha da genişləndirərək sosial gerçəkliyə yaxından bələd ollmaq fürsəti qazandırır.

***

Adı “Dərdin sarı çəpkəni” olan kitabdakı müxtəlif süjetli üç romanın mövzusu müasir həyatdan götürülüb. Bu əsərlərin tematikasında çağdaş Azərbaycan oxucusunun maraq və arzuları ilə çulğaşan sosial-siyasi problemlərə yer ayrılıbdır. Süjet materialına sovet dövrünün əsasən 70 – 80-ci və sonrakı illərinin hadisələri daxildir. Kitabdakı ilk mətn “Dərdin sarı çəpkəni” adlanır. Əsər o biri – “Kül” və “Qarğa marşrutu” romanları ilə ideyaca səsləşir. Sonuncu romanda əsas fikri ehtiva edən “qarğa marşrutu” frazası digər iki romana da aid edilə bilər, yaxud hər üç əsərdə yaşayış bir “marşrut” üzrə hərəkətdən – qarğaların “nizamsız-nizamsız, ağır-ağır və vecsiz-vecsiz” (“Qarğa marşrutu”) uçuşundan ibarətdir. Müasir həyatımız üçün aktual olan böyük, kiçik bazar yerləri, ticarət yarmarkaları, marketlər, super-marketlər... məkanı insanları bir-birinə bağlayan, uzaqlaşdıran, bir-birinin qəniminə çevirən oxşar səbəbləri Zahid Sarıtorpağın romanlarının ideya qaynağı hesab etmək olar. Söhbətimizin bundan sonrakı hissəsində “romanlar”, ya “üç roman” ifadələri əvəzinə, “roman” yazmağa çalışacağam.

***

İdeya vermək bədii mətnin ilginc vəzifəsidir. Bunun üçün əsərin dil və təsvir imkanları əsas rol oynayır. Bu mənada, onun personajları azdığı sosial labirintdən necə çıxmaq yollarını axtarıb tapmağa çalışan adi insanlardır. Olay bu adi insanların dili ilə nəql edilir. Fəaliyyətləri, etdikləri bu və ya digər dərəcədə məqbul sayılan bu insanlar “avam” oxucunun (obıvatel) qəlbini ələ alır, hətta öz etdiklərindən məmnun görünürlər. Kitabdan oxuduqlarımızı ayrı cür dəyərləndirə bilmirik. Bunu mətnin özü diktə edir. Oxucunun durumu təsvirdəki obrazın durumu ilə, təqribən, eynidir. Başlarına gələnləri söyləyən üç adama – birinci əsərdə Buluda, ikincidə Tağıya və üçüncüdə Nihata münasibətdə oxucu ən yaxşı halda neytral mövqe tutur. Onların ciddi qınağa məruz qalmamasının səbəbi mövcud ictimai sistemin mahiyyətilə, bizim hamımızın yaşadığı sosial həyatla bağlıdır. Yəni bu puç, fani dünyanın boz sifəti ilə bağlıdır. Yazıçının təsvir etdiyi mühit də, adamlar da get-gedə maddiləşən dünyanın yanlış qanun-qaydaları üzündən eybəcərləşir və orada nə vaxtsa bizim ideal hesab etdiyimiz və ya edəcəyimiz toplumdan, adamdan əsər-əlamət yoxdur. Hərçənd dövlətlərin qəbul etdiyi hüquq və əxlaq kodeksləri üzrə vətəndaşa həvalə edilən vəzifələrin “icrası” ilə indiyəcən yer üzü gərək xoşbəxt olaydı, lakin bu hələ baş verməyib. Əksinə insanın, ayrı cür desək, ölkə vətəndaşının əhvalından “Qarğa marşrutu” romanının sonunda deyildiyi kimi, yaxşı-yaxşı (yana-yana) yazmağa ehtiyac yaranır. İndi adamın başına elə oyun açırlar ki, “Qarğa marşrutu”nda “bütün bu dolaşıq məsələləri”n çözülməsi, yazılması arzu olunur. Yazıçı bunların bir qismini yazır və insanlığın ağır məişət, sıxıntı halında dünyada hələ də necə olub ki, sağ-salamat qaldığını bədii sözün imkanları səviyyəsində test edir. Nəticə etibarilə yazıçılıq deyilən bir iksirlə roman süjetinin “öz-özünə” çox qəmli hekayətə çevrildiyini görürük. İnsan həyatın dibindən boylanmağa məhkum olunmuş durumdadır və ən adi ehtiyacların həllində məlul-məhzun qalıbdır. Bütün bunların dərd adlandırılması və bir yerdə “dərdin sarı çəpkəni” kimi ifadə olunması həyatın hələ ki real dəyər kəsb etmədiyinin əlamətidir.

***

“Dərdin sarı çəpkəni”ndə yekrəngliyin, mənasızlığın (müəllif əsərin bir bölümünü “birrəng üzüntü” adlandırır), “Kül”də adamın eyzən “odu söndürüb küllə oynamağının”, külbaşlığın, “Qarğa marşrutu”nda miyanə, şablon ömür sürməyin acı, qəmli təfərrüatları ilə tanış oluruq. Əsərin simvolikasında rəngin, işığın, qoxunun, səsin xüsusi yeri var. Bir məqamda rəng yoxluğun, heçliyin, ölümün, gərəksizliyin, bir məqamda ayılmanın, cana gəlməyin, doğuşun rəmzinə çevrilir. Sitat: “...Gizilti içindəydim bütün. Tanış ion lampası öz yerində – tavanda yanmağındaydı. Soyuq tərin içində çimhaçim islanmışdım. İki nəfər mavi geyimli, ağzı-burnu respiratorlu tibb işçisi (yeri gəlmişkən bu vaxta qədər mən heç vaxt mavi geyimli tibb işçisi görməmişdim, onları ağ xalatda görmüşdüm həmişə) qolumu əlləşdirirdi, deyəsən, sistem qoşurdular”(“Kül”). Sitatın sonu. Fikrimcə, “sistem qoşmaq” koddur. Mavi rəng də. Burada mavi rəng xüsusi vurğuyla nəzərə çatdırılır, “Qarğa marşrutu”nun xüsusən son səhifələrində masmavi rəngli göy üzünə tez-tez diqqət oyadılır. Yazıçı bu mənada “boyaları düzgün” seçir, son qırx-əlli ilin unikal tablosunu yaradır. Bəzən də müəllif yaxşı bildiyi, həyatdan seçdiyi süjet materialını “qarışıq” rənglərlə boyamağa üstünlük verir. Hər bir halda “rənglər” “qarışdırılır”, elə bir rəng alınır ki, adam “heç nəyi olduğu kimi” görə bilmir. Əslində, bu qarışıq rəngli, qarışıq səsli həyatdan alınmış personajların prototipi bizim tanıdığımız müxtəlif kateqoriyalı insanlardır, biz özümüzük. Həyatdakı qəhrəman haqqında söz qoşmaq, onu tərənnüm etmək çətin deyil, adi insanları tanımaq üçünsə yenə ən yaxşı vasitə ədəbiyyatdır. A.Kamyunun belə bir sözü var: “Qəhrəman olmaq asandır, çətini adi insan olmaqdır”. Yazıçının borcu həm də adi insanları təsvir etmək, tanımaqdır. Sivil dünya adi insanın rahat yaşaya bildiyi dünyadır.

***

Zahid Sarıtorpağın romanında müasir orta statistik adamın dünyagörüşü, arzu və düşüncələri ekstremal, ultra ekstremal ortamda nəzərdən keçirilir, yuxu, qarabasma ilə, xəstə, qorxu keçirən adamın şüuru ilə izlənən bədbəxt hadisənin müasir həyatla bağlı olduğu qədər keçmişə, yəqin ki, gələcəyə də aid olacağını deyə bilərik. Ümumən, ədəbi-estetik mövqeyi ilə müəllif nə qədər realist görünsə də, onun sürrealist informasiya ilə işləmək üsulu mətnin bədii dəyərini artırır. Sürrealizm realist düşüncəni gerçəkləşdirmək üçün yaxşı metoddur. Bu baxımdan, “Kül” romanında müəllifin planı daha uğurla nəticələnir. Doktor Daunun məsul (məmur) şəxsləri bir yerə toplayıb, onlarla haqq-hesab çəkməsi səhnəsi realizmin ən sərt üzünü, xarakterini nümayiş etdirir. Bunu sehrli realizm kimi də şərh etmək olar. Bu əsərlərdə güclü insan xarakterləri yoxdur, sadəcə, xarakterlərin diffuziyaya uğradığı mühit var, toplumu “vəsf edən” unikal səhnələrin təqdimi, bir də bunların içindən az, ya çox tanış gələn insan tipləri var.

***

Doktor Daun ilə bağlı abzaslar bizə qiyamət barədə deyilənləri xatırladır. Tağı klinik ölüm halında olduğu zaman ərzində “başına gələnləri” nəql edir. Oradakı bəzi səhnələr inkir-minkirin sorğusuna oxşayır. “Sorğu-sualda” keçmişdə baş verən günahlardan söz açılır. Yazıçı süjet xəttinə kiçik əhvalatları əlavə edir. Bu epizodik, miniatür “hədislər” vasitəsilə böyük cinayətlərin baş verdiyi haqqında informasiya verilir. Adam əli hər yerdən üzüləndə öz bəxtinin qaraçuxasının dalınca düşüb, dərdinə çarə istəyir. Xilas yolu yanlış səmtdə axtarılır. Bir çıxılmazlıq sindromu var ki, bəşəriyyətə bundan ağır təhdid ola bilməz. “Kül” romanında bu ideya daha tez gerçəkləşir. Burada həkim Daun – bəzən “doxtur”, Dünyamalı doxtur”, bir halda da “qulyabanı” – obrazı ilə yazıçı müdhiş bir xəstəliyin, daun sindromunun sosial fəsadlarını yada salır. Yeri gəlmişkən, Daun Dədə Qorquda da bənzədilir. Bu bənzəyişdə o, “sorğu-sual” səhnəsinə uyğun gəlir. Görünür, onun digər ayamaları da uyğun funksiyanın icrasında işə yarayır.
Bir kitab, üç roman | Manera.Az
***

Romanda bütün canlıların, əslində yer planetinin şikəst obrazı idealizə olunur. İş burasındadır ki, adamların dar ayaqda onları girdabdan çəkib çıxarası hamiləri (qaraçuxa) da şikəst halda təsvir olunur. Xəstə, əlil cəmiyyətin atributları Zahid bəyin mətnində cürbəcür anlayışlara münasibətlə müəyyənləşir. Məsələn, Buludun (“Dərdin sarı çəpkəni”) gözünün göyərçinin şikəst qanadı ilə sarı rəngdən təmizlənəcəyi ehtimalı nağıl, mif dünyagörüşü ilə bağlıdır. Divin canının şüşədə olmağı ilə bizim taleyimizin yad stixiyadan asılılığı eyni mahiyyət daşıyır. Elə bil arzularda, yaddaşda, taledə çapıq varmış kimi, yaralı bir vücudun obrazı assosiasiya olunur. Həmin yaralı, çapıq bədən indiki dünyadır. Zahid bəyin 2013-cü ildə yazdığı bir şeirinin adı “Bir yaddaş çapığı” adlanır. Məncə, həmin şeiri onun nəsr kitabının şeir formatında yazılmış nüsxəsi kimi qəbul etmək olar. Yaddaşın bütövləşə bilməməsi xalqın taleyində çapıq, çat, boşluq əmələ gətirir. Bax bu cür dərin ideyalara seqmentiv üsullarla nail olmaq yazarın böyük uğurudur. Tanınmış esseist, təhlilçi Mehman Qaraxanoğlunun belə bir fikri var: “Nüvəsində ideya daşımayan söz tək bircə gecəliyə makiyajlanan gəlin kimidir”. Zahid bəyin şeirlərində topluma aid çoxlu mesajların yer almasının kökündə ideyalarla işləmək prinsipi dayanır. Elə bilirəm ki, şeiri ixtisarla burada nümayiş etdirsək, yaxşı olar:

“quş tutmaq sevdasıyla
çardağa dırmaşmış uşağın yalın ürəyinə
bir göyərçin ölüsünün qurumuş sükutu sancıldı qəfil
bir-bir nərdivandan geriyə yıxıldı
bir andaca gələcəyin
qanadları möhürlənmiş bayqın günləri”


Bu misralar “Dərdin sarı çəpkəni” əsərində Buludun gözlərinə qəfil çırpılan, sonra ölüsü yerdə qalan göyərçini yada salır. Bu şeirin motivi “Qarğa marşrutu”ndakı insanların taleyinin “əyri-üyrü”cizgilərinə də diqqət çəkir.

“yuxusunun üzünə çəkilmiş hörümçək torunu
bıçaqladıqca ağlayırdı qupquru bir kölgə
qırx dərəcə qızdırmanın tavanında
göyləri boşaltmaq üçün
öldürürdülər dünyanın bütün quşlarını
sındırırdılar bütün uşaqlarını birnəfəsə
...içinin daş dövrü sevgilərinə açılanda gözləri
ödünün suyu damır sabahlarına
yalın ayaqlarına baxır darıxanda
çünki yalın ayaqlarına baxanda
uşaqlığına daha asan qayıdır adam
qondurur onlara qanadı qıfıllı xatirələri –
çünki ömrün nərdivanlarında
gah həmən quş ölüsünün qurumuş sükutuna çırpır
gah uşaqlığın çardaqlı günlərinə toxuyur özünü onlar
ahından sədəqə də verir indi
yaddaşının qapısında oturmuş dilənçi əzablara
amma o günü yaşayanda
tavandakı işığın get-gedə tükləşən üzünə sıçramır daha
yırtılmış ürəyindəkilər bir-bir...”


“Yırtılmış ürəklər” məişətin, siyasətin ağırlığından başını yuxarı qaldıra bilməyən müasir insanın halını yaxşı ifadə eləyir.

***

Zahid Sarıtorpağın ədəbi taleyində başımız üstdə hələ ki kabus kimi dolanan demokratik hüquqi və əxlaqi prinsiplərin prioritet olduğu aydın görünür. Onun ilham mənbəyi qanadlanmağa ümid doğuran bir yaşayış, davranış konseptidir. O, şair kimi də, nasir kimi də qanadı qırıq bəşər adamının üzünə hörümçək toru çəkilmiş dünyasını şikəst quş obrazında təqdim edir. “Sarğılı başla” “hisli tavandan” (“Kül”) başqa heç yanı görə bilməyən xəstə adamların yaşadığı toplumun halı necə olar?!. Ancaq bir şeyi təsəlli, ümid yeri kimi dərk etmək lazımdır ki, cəmiyyətin “xəstəlik tarixçəsini” yazmaq həkim Daunlara yox, yazıçıya, ədəbiyyata həvalə edilibdir. Ədəbiyyat yaxınlaşan təhlükələri öncədən hiss edir və problemi diqqət mərkəzinə çəkib gətirir. “Kül”də haqqında danışılan 21-ci əsr, 21-ci xromosomla bağlı sosial bəla şüurun zədələnməsidir. Romanda çoxlu rəmzlər var. Məsələn Tağı tez-tez sabahın açılmağını arzulayır, Bulud fəcrin doğmasını. Sitat: “- Bu gündən sən də qoşuldun bizə... Heç bilirsən, nə qədərik? Sayımız-hesabımız yoxdu...

Özümü toparlayıb:
-Səhər açılsın, çıxıb gedirəm... Bakıya gedəsiyəm... Maşını pis əzmişəm... – dedim.
- Nə açılsın, dedin?.. Səhər?..” Sitatın sonu.
Səhər açılmır ki açılmır. O dünyada Şəfiş (Şəfiqə) Buluda deyir ki, “Keçiqıranda ağ günə çıxmağın yolu ancaq kəfənə bürünməkdən keçir”. Sabahın açılmağı ağ gün deməkdir. “Kül”də Tağı nə illah edir, sabah açılmır. Müəllifin priyomlarına uyğun Tağı, Məliş (Məlahət), Davud işıqda bir-birinə qoşulub gedirlər, yolda bir-birindən ayrılır, amma onların başqalarının gözünə görünməməsi bunların günün sabah deyilən çağında baş vermədiyindən xəbər verir. Sabah açılmır.

***

“Kül” əsərində yeni əsrin şikəst doğulduğuna, iyirmibirincilərin başının bəladan ayılmayacağına işarə edilir. Birinci romanda Buludun gözünün çarəsi, ikincidə Tağının komadan çıxması, üçüncüdə Nihatın toplumla uzlaşıb-uzlaşmayacağı (özünə bir gün ağlaya biləcəyi) qismən qeyri-real qüvvələrin ümidinə buraxılır. Həmin qeyri-real görsənən bəxtin qaraçuxası kimi qavranılan mif “naməlum qoca”, “qəribə qoca” obrazı ilə simvol edilir. “Qoca” dövranların qurğusu ilə insanların əvvəl-axır bu məqama, “anbar kimi tanıdılan müəmma dolu daxmaya” gətirildiyi, ya gətiriləcəyi yəqindir . “Qarğa marşrutu” əsərində arabaçı qocanın Səməd Vurğunun seçilmiş əsərlərinin 7-ci cildini hamıya oxumağa məsləhət görməsi də rəmzi səciyyə daşıyır. Bəlkə, söz, sənət, kitab xilas eləyəcək bəşər övladını?! 20-ci yüzilin latın Amerikası inqilablarını həm də kitab inqilabı adlandırırlar.

***

Ətrafı yalnız sarı rəngdə görməyin dəhşəti, əlbəttə, müstəqim məna daşımır və göz xəstəliyi ilə bağlı deyil, insanın mənəvi korluğu, korafəhmliyini ifadə edir. Ancaq ideya dahiyanə kəşf edilib və onun bədii-lihgvistik həlli də uğurlu alınıb. Sitat: “Anlamağına "Sarvan", "Şirvan" kəlmələrini anlayırdım, bilirdim bu deyimlər dilimin ucunda bir cüt qaranquş kimi çoxdan yuvalayıb, amma məğzində nə durduğunu bilmirdim. Bilirdim ki, bu sözlər mənə çox doğmadı, amma nəyi özündə daşıyır, mənası nədi, bax bu mənə qaranlıq idi. Sehrbaz yaylığının altından nə çıxacağını səbirsizliklə gözləyən balaca uşaqlar sayağı, bu sözlərin alt qatından nə çıxacağının çox fərqindəydim, amma yaddaşım beynimin qaranlıq, kimsəsiz çöllüyündə təkərləri buraxmış, yanacağı tükənmiş köhnə avtomobil kimi hərəkətsizcəsinə çökərək sönmüşdü...” Sitatın sonu. İnsanın harda olduğunu kəsdirə bilməməyi, hətta kim olduğunu və nə etmək istədiyini anlaya bilməməyi onun durumunun ağırlığından xəbər verir. Daun sindromu budur. Bunun elmi izahı 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan xəstəliklə bağlıdır. Fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi deməkdir. Xəstəliyə səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyi deyilir. Elmi cəhətdən xəstəliyin yaranmasında ətraf mühit faktoru olmasa da, yazıçı, şübhəsiz, bu elmi məlumatı ictimailəşdirmiş və bu tibbi qüsurun ədəbi variantını yaratmışdır. Əqli çatışmazlıq yer üzündə həyatın məhvinə səbəb olar. Hər nəsnəni öz rəngində görüb dəyərləndirə bilməmək də, görünür, insanın ağıl qüsuru ilə bağlıdır. Yuxuda Buludun əlinə Əlövsətin Türkiyədə təhsil alan qızının qeydləri keçir. Onlarda “narsissizm”, “afaziya”, “asfiksiya” sözlərinin izahı yazılıb. Məsələn, “asfiksiya” nəfəs çatışmazlığından ölüm deməkdir. Bu rəmzlər insanın indi düşdüyü halı ifadə edir. Romanda rəng üzüntüsü əslində yalanla, riya ilə bağlıdır. Saxta, ikiüzlü, qeyri-səmimi münasibətlərin girovuna çevrilmiş toplumun düzələcəyinə sanki əlac yoxdur. Müəllif də qəsdən prosesi uzadır, böyük məharətlə izi azdırmağa, təhkiyənin yönünü dəyişməyə çalışır və mətləb, məqsəd üzərinə bir qədər uzaqdan, dolayı yollarla gəlib çıxmağın bədii priyom kimi işə yarayacağını planlaşdırır. Gah bilikli həkim, gah türkəçarə, gah qeybdən zühur edən naməlum qoca vasitəsilə dərdə, azara əlacın peşinə düşür və oxucunu problemin əsil mahiyyətindən agah olmağa dəvət edir. Buyursun, cənab oxucu öz halına bələd olsun və sağalmağın həqiqi yolunu axtarıb tapsın. Yoxsa illüziyaya, irreal qüvvətə arxayın olub hifz olunmaq mümkün deyil. Adamın çaşbaş qalması yolu səhv salmaqdan daha qorxuludur. Əsərdə (“Dərdin sarı çəpkəni”) vəd olunan və nəhayət, əldə olunan üç milyon avro pulun müqabilində fərd deformasiyaya uğrayır, yaxud (“Kül”) əsrin, zamanın girovuna çevrilir və (“Qarğa marşrutu”) illuziv həyat, yanlış münasibətlər üzündən insan məqsəddən aralı düşür. Romanın bir uğuru çıxış yolunun tapılmasının sonraya qalması ilə bağlıdır. Sosial xəstəliyin diaqnozu, təxminən, məlumdur, ancaq bunun müalicəsi barədə heç nə deyilmir. Və “Kül”də Tağının, “Qarğa marşrutu”nda Nihatın tez-tez qaçmağa cəhd etmələri böyük fəlakətdən xəbər verir. Bu üç romandakı xəbərdarlıq, təxminən, Yusif Səmədoğlunun “Qətl günü” romanındakı “Baba kaha” xəbərdarlığına bənzəyir. “Kül” romanında “Qarağaclı dərənin ətürpədən nifrin uğultusu” tez-tez yada salınır. Bu qaçış, əslində, insanın özündən, öz öyrəşdiyi mühitin ona təlqin etdiyi yaşayış normativindən qaçışa işarədir. Bu özündən qurtulma çabası Bulud müəllimə də xas olan cəhətdir. Buludun “qaçışı” onun ölümü ilə reallaşır və Bulud digərləri ilə müqayisədə bəxti gətirmiş adam hesab edilə bilər. Digər qaçışlar hələlik baş tutmur, çünki həyatda qaldıqca qaçmaq yoxdur, müvəqqəti “marşrut”lar üzrə hərəkət etmək var. Nəticə olaraq, problemin necə həlli bədii əsərin funksiyası xaricində qalır.

***

“Dərdin sarı çəpkəni”ndə eyni rəng altında görmə mərəzi dünyada cəmi yeddi adamın başına gəlmiş olay kimi qeyd edilir. Ətrafa yeddi rəng əvəzinə (əslində çox, saysız-hesabsız) tək rənglə nəzər yetirməyin faciəsi böyükdür. Buludu üzən gördüklərinin onun gözündə sarı rəngə qərq olmasıdır. “Elə bil dünyanın başına lax bir yumurta çaxmısan” – əsərdə olay belə ibarələrlə təqdim olunur. Dünyanı “Allah verən rəngdə” görməməyin üzüntüsü bütün fəlakətlərdə olduğu kimi indi də pulla kompensasiya olunur. Bulud hər yeri, hər şeyi sarı rəngdə görür, əvəzində milyonçuya çevrilir, lakin milyonçu kimi də özünü reallaşdıra bilmir.

***

“Qarğa marşrutu” romanında baş obraz Nihatın dərdi onun köpək dişləri və o dişlərin gecə-gündüz sızıldaması, nəticə etibarilə qana hərisliyi ilə bağlıdır. Onun rahatlığı qan dadmaqla, ağzında qanın tamını hiss etməklə bərpa oluna bilir. Hələ sür-sümüyü bərkiməyən Nihatın timsalında insanın qan içən obrazı canlandırılır. Kiminsə qolunu, boynunu gəmirməklə rahatlıq tapan, özünü yaxşı hiss edən gənc az-az “pula və uğura” nail olduqca əriyir, itib-batır. Onun bazardakı xaçapuri satmaq üzrə qurduğu “marşrut” əslində “qarğa marşrutu” adlandırılmağa layiqdir. Nihatın işlərinin yoluna düşməsi, arzularının həyata keçmə şansı qeyri-etik, qeyri-sivil davranış və fəaliyyətlə ölçülür. Lakin bu olaylar müasir toplumun üzvü olan orta statistik vətəndaşın gözündə adi, normal, hətta cəlbedici görünə bilir, çünki toplumlar indi belə dizayn olunur, fərdlər belə ömür sürürlər. Kafedə tanış olduğu “xala” dediyi özündən xeyli yaşlı Sima ilə bir yatağa girməyə, bunu təkrar-təkrar davam etməyə, bazar əsnafı içərisində təsadüfən rast gəldiyi “yaxşı” adamların vasitəsilə, təhsildən, əsgərlikdən yayınmaq cəhdləri ilə gələcəklərini qurmağa çalışan gənclərin taleyi qaranlıq və zülmət içində, əsərdə yazıldığı kimi düşüb “quyunun dibində” qalmaqla müəyyənləşir. “Dərdin sarı çəpkəni”ndə Buludu, ali təhsilli olsa da, mağmın və “maygülü” bir Azərbaycan vətəndaşı kimi tanımaq mümkün olursa, Nihat kimi ömrünün hələ cəmi on yeddi ilini yaşamış gənclərin taleyinin necə olacağı məlum deyil. Bulud böyük alim də ola bilərdi, fəqət həyatın dərslərinə hələ hazır olmamağı bir şəxsiyyət kimi onun şikəstliyi kimi qəbul edilməlidir. İnsan şəxsiyyətindəki bu kəsir rəmzi anlamda əsərdə tez-tez yada salınır. Bundan o yana onun yerini, mövqeyini təyin etmək, ya onu ziyalı adlandırmaq olmur. Həyat yoldaşını itirmiş, sonradan “sarı dərdə” düçar olmuş Bulud adi həyati vəzifələri yerinə yetirmək iqtidarında olmayan, öz taleyinə özü qərar verə bilməyən, bir halda “yoldan keçən” bir rus qadınının kefinə ilişən, “oğraşlıq” edən – bu onun qardaşı Umudun sözüdür – ömrü boyu qəm və xiffətlə yaşayan, “cənabət halında” avara, sərgərdan birinə - müdhiş suların ümidinə qalmış yelkənsiz qayıq kimi bir əşyaya bənzəyir. Ətrafını onun hansı rəngdə görməyinin heç bir əhəmiyyət daşımadığını bu əsərdən çıxan bir nəticə saymaq olar. Rəng təkcə gözün problemi deyil, insan şüurunda, mövqeyində hər rəng öz mahiyyətini qoruyub saxlamalıdır. Bu yekrəngliyə, mənasızlığa əlacın bir variantı ölüb canını həyatın, əlbəttə, insanın özü özü üçün zülmətə çevirdiyi qaranlıq həyatın zillətindən birdəfəlik xilas olmaqdadır. Buludun ömrünün məntiqi davamı, onun dünyagörüşü bunu diktə edir. Yaşadıqca ölü kimi gəzib-dolanan Bulud müəllim yalnız ölümü ilə xoşbəxtliyə qovuşur. Buludun həyatının belə bitməsinin məntiqi əsası var. Onun ölümü təsvir olunan cəmiyyətin fonunda realist səciyyə daşıyır. Yazıçı istəsəydi, qələminin səmtini dəyişə bilərdi. Lakin əsərin ideya prinsipləri ölüm tələb edir. Burada yazıçının Buluda rəhm etdiyi qənaətinə də gəlmək mümkündür. Onun durumu kifayət qədər mürəkkəb və tragikdir. Övladları ilə bağlı onun çox ciddi problemləri yaranıbdır. Sonda, Buludun ölümündən sonra Suriyaya cihada gedən oğlunun tələf olması haqqında bilgi verilir. Magik, sürreal səhnələrdə mətnin təlqin etdiyi çəpkən gülünün Buludun gözünün rənglərini bərpa edəcəyi ümidi bu şəkildə doğrulur. Oxucu, şübhəsiz, əsəri mütaliə etdikcə, təhkiyə axınında bu fərsiz adamın dərdinə çarə olacağını səbirsizliklə gözləsə də, bu, sadəlövh oxucunun görmək istədiyi şəkildə deyil, heç hər hansı bir müəllifin də qələminin təsvir edəcəyi şəkildə deyil, yalnız bir variantda, həyatın “qanunauyğunluğu” formasında, əslində böyük sənətin təlqin etdiyi formatda həllini tapır. Yəni Bulud müəllimin ölümü qaçılmazdır.

***

Yazıçı ucqar Giləmirzə kəndinin 113 yaşlı sakini Güllü nənənin sehrli obrazını önə çəkməklə, ya öncəki olaylarda qanadı sınıq, ya əsərdə yazıldığı kimi, çolaq göyərçinin mifik obrazına müraciət etməklə dünyada hələ də “sehrli çubuğa” inancla yaşayan bir toplumun bu mətndəki sönmüş maraqlarını həm də bu mətnlə kompensasiya etməli olur. Yəni buyurun, ağlınızdakı, düşüncənizdəki nağılları bir daha oxuyun, kef eləyin. Romanın irreal təsvirlərə dayalı fakturası ilə bu dünyanın adamına yaxşı dərs vermək mümkündür. Məqsəd hər şeyi öz rəngində görməyin əsil yolları üzərində insanın ağıl və düşüncəsini səfərbər etməkdir. Bütün fakt-olayların, romanın çox şirin təhkiyəsinin dinamikliyini, bədii gücünü qoruyub saxlamaq, keçmişin necə dəyişdiyini əyani olaraq göstərmək üçün intertekstuallıq və bir qədər az, bir qədər çox əvvəl baş verənlərin fraqmental şəkildə mətnə yerləşdirilməsi mütaliə həvəsini artırır. Musiqidə “boğaz” deyilən məfhum var. Roman janrı üçün təsvir xırdalıqları vacib ədəbi üsul kimi gərək olur. Bu baxımdan, Zahid bəyin mətnlərində onun təhkiyəsinin canını təşkil edən maraqlı, oxunaqlı kiçik əhvalatlar, bir-birindən cəlbedici nitq və üslub priyomları mətn boyu partlayış effekti yaradır. Məsələn, Taygöz Ağacəfərə aid olan “Səksən səkkiz! Davolna!” sözləri və əlbəttə, bu sözlərin doğurduğu sensasion zərbə “Kül” romanının əsas süjet xəttinə əlavə olunmuş bir olayla bağlı olsa da, əsas mətnin havsına qarışır, fərqli estetik ovqat yaradır, oxucunun qırışığını açır, təhkiyəni cilalyır, zənginləşdirir. Xəstə adamın ruh halında ucadan dediyi “skeytbord”, “şeytan meşədədir” sözləri də bu effekti yaradır. Z.Sarıtorpağın “mətn yolçuluğu” olanlardan, keçənlərdən sitat-abzaslar tərtib etməklə gələcəyə - romanın doğurduğu təəssüratdan sonrakı gələcəyə oxucunun “sabahın açılacağı” inamını şərtləndirir. Sabah açılacaqmı?!

***

Birinci əsərdə Bulud yaşlı nəsilin, ikincidə Tağı orta yaşlı nəsilin, üçüncüdə Nihad yeniyetməliyin nümayəndəsidir.
Romanın ideya mərkəzində həllini gözləyən əsas problem insan və mühit olduğuna görə sual yaranır. Bu insan necə yaşaya gərək? Mühit necə ola gərək? İnsanlar niyə bu qədər məzlum, rəzil həyat sürməyə məhkum ediliblər? Yekun olaraq Səy Usubun “yedilər, içdilər, dağılışdıq” formulu “dünya əlaydı, yaşadılar, kef elədilər, ölüb getdik” formulu ilə əvəzlənir. Acı gülüş doğuran səhnədir.

***

Yazıçı yuxuda baş verən hadisələri ayıq adamın düşüncəsi kimi, ya bu dünyada real olaraq baş verənləri bir yuxu kimi təqdim edib deyə mətnin bədii təsir səviyyəsi artır. Əvəzləmələr bəzi hallarda elə intensiv xarakter alır ki, yuxu ilə ayıqlığı bir-birindən fərqləndirmək çətinləşir. Yuxu, ya da hallüsinasiya. Bulud yuxu, Tağı sayıqlama, Nihat qarabasma şəraitində daha yaxşı izah oluna, oxucunun hislərinə təsir edə bilirlər.

***

Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanındakı Əlövsət oxucunun qəlbinə ümid qığılcımları səpən obrazdır. Vaxtilə xalq hərəkatında iştirak etmiş, indi yeni yaranmış və gün-gündən dəyişən cəmiyyətdə hələ də yerini, mövqeyini müəyyən edə bilməmiş bir qrup vətənpərvər, saf, ayıq, qürurlu Azərbaycan vətəndaşlarının portreti bu obrazın misalında yaradılıbdır. Əlövsət kimi adamların içkiyə meyilliliyi onların nikbin, optimist, bir qədər küskün obrazlarını canlandırmaqdan ötrüdür. “Cəbhəçi” kimi tanınan, mövqeyi, əqidəsi olan, əslində cəbhəsi olan, lakin mövqe və əqidəni hərləməyən bir yerdə Əlövsət kimi insanların olmağı hələ həyatda saf şeylərin qaldığına işarədir. Şəxsən mən Azərbaycanda minlərlə Əlövsət tanıyıram. Əsərin realizm effektlərini artıran əsas obrazlardan ən dolğunu Əlövsətdir. Əlövsət ölkədəki aydınların faciəsini yeni bədii müstəvidə nümayiş etdirən möhtəşəm obrazdır. Amma o da şikəstdir. Yazıçının bu obrazı yana-yana və həm də sevə-sevə yaratdığına şübhəm yoxdur.

***

Əsərin (romanların) məzmununda sevgi xətti də kifayət qədər aktuallıq kəsb edir. Məsələ burasındadır ki, bulaşıq mühitdə sevgi duyğusu da insanı arzusuna çatdıra bilmir. Nakam eşqdən sonra nakam həyatın macərası gəlir. Hər bir halda insan “qəzalı evdə” – “ölü damı”nda yaşamalı olur. Tağı sevdiyi Kəbirədən, Nihat Büllurdan çox-çox uzaq qalır, Buluddan arvadı Şəfiqəni (Şəfişi) ölüm ayırır. Tağı içində zəhləsi gedən Məlahətin (Məliş) də yer aldığı “anbar” kimi nişan verilən bir məkana düşür, Bulud uzun bacaqlı, təsadüfən rastlaşdığı atası azərbaycanlı olan Yekaterina Naqdəliyevna ilə seks yaşayır, Nihat xala dediyi, özündən yaşlı qadın Sima ilə intim münasibətlərə məcbur edilir. Bu hadisələrin fonunda mühitin ikiüzlülüyü, simasızlığı üzə çıxır, amansız qanunları ilə çox eybəcər olduğu təsdiqlənir. Bir qədər əvvəl sənə doğma görünən həyat birdən-birə yadlaşır, hər kəs səndən üz döndərir. Hətta qayğıkeş “Sima xala”nın simasında həyatın bu boz, kül sifətini lap yaxından görmək mümkündür. Nihat sonralar onunla rastlaşanda Sima üz göstərmir, özünü yad bir adam kimi aparır, o da əli ilə yuxarıları, göyü göstərir. Göyün üzündə qarğalar uçuşurlar. Bunun səbəbi, görünür, toplumun siyasətlə zəhərlənməsidir. Məsələn, insanda qoynunda yer aldığı Yer kürəsinə böyük sevgi yoxdursa, tərəqqi yoxdur. Sevgisizlik adamların bir-birini sümürməsinə səbəb olur. Nihat Sima xala deyib çağırdığı adamın əzasını gəmirir, qanını içir, “Sima xala” da təzə, sütül oğlanı yatağına salıb sümürdükcə sümürür, doymur.

***

Zahid bəyin əsərlərinin dil və üslub cəhətdən bəzi fərqli xüsusiyyətləri barədə ayrıca danışmaq lazımdır. Ümumxalq dilinə xas zənginlik, nitqdən, fikirdən kənarda qalıb işləklik səviyyəsini azlatmış frazemlər, bütöv cümlə konstruksiyaları, hər kəlməsi geniş sosial epoxanı ifadə edən deyimlər onun qələmində, üslubunda geri qayıdır, vətəndaşlıq hüququnu bərpa edir. Bu, bədii ədəbiyyatın vəzifələrindən biri olsa da, həmin vəzifənin necə icrası yazıçının istedadı və bacarığından asılıdır. Zahid Sarıtorpağın dil-nitq quruculuğu sayəsində yaxın keçmişin bir çox vacib sosial faktlarını, müstəqilliyə qədərki və müstəqillik dövründəki ən mühüm hadisələri yada salmaq mümkündür. Onun bədii dili Azərbaycan tarixinin bir parçasına çevrilir. Tarixi faktın təsdiqi dilimizə məxsus dialekt, arxaik və yeni leksikanın, şifahi dil sintaksisinin üzərində yazıçının “arama-tarama” işləri aparması nəticəsində başa gəlir. Dil üzərində bu cür işləmək əsərin mütaliəsini asanlaşdırır, təhkiyənin dinamikliyini artırır. Bir sitata baxaq:

“– Nə təərsən, ay Tağı? – Zalım qızının səsi də dəyişmişdi. Elə bil, paxmel bir kişi səsiydi.
– Yaxşıyam, Məliş.
– Doğrudan yaxşısan, Tağı?
– Maşını vurmuşam qoşa vələsin yanında...
– Gərək bura gəlməyəydin...
– Qovursan məni?.. – Güldüm.
O duruxdu:
– Mən nəçiyəm ki, Tağı? Bu başıdaşdı canım sənə qurban, mən nəkarayam ki?.. Qələt eləyərəm mən... Qurbanşah dayının çörəyini qarnımdan ərsinlə də qaşısan getməz. Haqqı var üstümdə. Səni həmişə orda görməyə vərdiş eləmişəm, çem burda.
– "Çem"inə quzu kəsim, Məliş, nə çox çərənlədin sən?..”

Diqqəti dərinə çəkən rəngli, səsli, sözlü, xarakterli bu kiçik dialoqda verilən informasiyanın cazibəsi var. Bu diqqət daha çox mətnin içərisinə “sözlü” keçidlərin quraşdırılması ilə bağlıdır. Əsərdəki Tağının sözü ilə tanış olduğumuz bu kiçik nitq parçasındakı bələdçi, ya açar sözləri mətni hələ oxumayanlar üçün seçib burada yazsam, (“Nə təərsən”, “zalım qızı”, “paxmel”, “Məliş”, “qovursan məni”, “başıdaşdı”, “qələt eləyərəm mən”, “çem burda”, “çeminə quzu kəsim”, “nə çox çərənlədin sən” və s.) bu nitq vahidlərinin sayəsində adı çəkilən obrazları, hətta bütöv mətni ciddi oxucuya təqdim etmək, onda maraq oyatmaq mümkün olar. Bu kiçik epizodda əks olunan nitq elementlərinin rolu, əhəmiyyəti barədə təhlil aparsaq, yazı stilistikasının zəngin nitq ehtiyatları, geniş semiotika hesabına formalaşdığını yəqin edərik.

Zahid Sarıtorpağın roman nəsri bu cür görünən və görünməyən cizgilərlə bir-birinə bağlanan çoxlu mikromətnlərin qovşağında bütövləşir. Onun üslubu “dilinin altında sözü olan” bir təhkiyəçiyə məxsus olduğunu aşkar edir, düşündürür və oxucunu məmnun edir. “Müəllifsiz” də mətn oxucuyla dil tapır və onu incitmir. Oxucunun “əziyyəti”, necə deyərlər, əsərin mütaliəsi başa çatdıqdan sonra başlayır. Doğrudan, yazıçı oxucunu aldatmağı, hətta yaxşı mənada ələ salmağı bacarmalıdır. Zahid sarıtorpağın üslubu elə formalaşıb ki, onun şeirindəki intellektuallıq nəsri üçün də xarakterikdir. Onun şeirlərini bir dəfəyə başa düşüb dəyərləndirmək çətindir. Romanında mənzərə bir qədər fərqlidir. Oxumağa başlayanda adam nağıl aləminə düşdüyünü zənn edir. “Baxaq görək buludun gözünün sarısını müalicə edə biləcəklərmi?” Ancaq bir qədər diqqətli olmaqla ilkin təsəvvürlər ait-üst olur. Ona görə bir qeydimi də əlavə edirəm ki, Zahid Sarıtorpağın oxucusu onun dilinin “sadəliyinə” aldanmamalıdır, ayıq və hazırlıqlı olmalıdır.

Yuxarıdakı sitat nasirin “Kül” romanından götürülüb. Məqalənin sonunda isə Kitabın əvvəlində işlənmiş aşağıdakı fraqmenti misal gətirmək istəyirəm: “...Qırxayaq yeriyəndə hara getdiyini görürsən, amma ayaqlarını saya bilmirsən. Eləcə də səni içinə alan gərdişin hansı yana yön tutduğunu anlayanda, heç nəyin hesabını aparmağa gücün çatmır, zaman da qırxayaq sürətiylə, həm də səssiz-səmirsiz ömrünün divarındakı çatlara təpilir, adama acılı-şirinli bəxş etdiklərinin qədər-qəsəmini sayıb-sadalamaq, anşırıb-çözmək olmur.

Bu məsələlərin gerçəkliyini götür-qoy etməkdə indi aciz qalmışam, heç bilmirəm ömrümün bu saralmış günləri necə gəlir, necə gedir və hara təpilir qırxayaq kimi...”

Bu fraqment də “Dərdin sarı çəpkəni” romanındandır. Əsər bu cümlələrlə başlayır və bütünlüklə kitabın özünü motivasiya edir – bu fikirlər hər üç romanın fəlsəfəsi barədə proloq rolunu da ifa edə bilər. Doğrudan da, ömürə, həyata qıxayaq kimi təpilən şeyin şərti olaraq adını 21-ci əsr qoyduğumuz bir zamanın olduğunu düşünmək əbləhlikdir. Zaman adı ilə insanın həyatını məhv edənin nə olduğunu bilmək üçün yenə Zahid Sarıtorpağın romanlarına baxmaq lazımdır.

Zakir MəmmədБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031