manera.az
manera.az

Yuva - Almaz Bəyazidin hekayəsi

Yuva - Almaz Bəyazidin hekayəsi Əyil, Kürüm, əyil keç! Dövran sənin deyil, keç!

Çəkməsinin böyründəki sökükdən içəri keçən su corablarını tamam islatmışdı.
"Həmişə çəkmə sarıdan korluq çəkmişəm. Andıra qalsın, bu çəkmələri də, heç bir həftə deyil aldığım."
Deyinə-deyinə asfalta çıxdı.
"Ay Allah, niyə kasıblara belə zülm edirsən? Nədir günahları? Axı onları da sən yaratmısan. Niyə bəndələrin arasında ayrıseçkilik edirsən?!.."
Allah eşitmirdi. Allahın başı qarışıq idi.
"Mən də lap səfehəm, vallah. İndi bir çəkmədən ötrü Allahın yadına düşəcəm?"

Diqqətlə baxıb gördü ki, elə şəhərin yarısı o dərddədir. Tək-tük adamın çəkməsi salamatdır. Çoxusu yamaqlı, sökük. Bir az təsəlli tapdı. "Palaza bürün, elnən sürün." Nə etməli? Sonra dodağının altında zümzümə etdi:

Ax, bu dərdi kimə söyləməli Güldü öz oxuduğuna.
"İşim düzəlsəydi özümə bir "importnu" çəkmə alardım. Mağıl onlar davamlı olur. Aytənə, Günelə, Vüsala, Pəriyə də kommissiyonnudan qəşəng ayaqqabılar, paltarlar ala bilərdi . Nərgiz də ölür "svetnoy" televizor üçün. Alsaydım, nə olardı?! Arvadın yanında hörmətim artardı. Alacam! Qoy maşını versinlər mənə."

-Kül başıva gedir-gəlir, şirinçay içir. Bu günün sabahı yoxdur? Atavız da...
Arvadının səsi idi. Yenə də uşaqları danlayırdı. Cibindəki açarla qapını açıb içəri keçdi.
-Nə olub yenə?
-Nə olacaq? Deyirəm ki, az şirinçay için. Çatdırmaq olmur axı. Od qiymətinədir qənd.
- Fikir eləməyin, direktor zəng edib, tapşırıb, maşını verəcəklər mənə.
- Doğrudan? - arvadı sevincək soruşdu.
Uşaqlar yığıldı başına.
-Hə... Sabah götürəcəm. Birinci "xalturamdan" sizə hər şey alacam.

O gecə Əvəz ayağına "importnu" çəkmə geyindi. Aytənin, Vüsalın, Günelin, Pərinin paltarları işıq saçdı. Nərgiz "svetnoy" televizorda bir verliş də buraxmadi.O gecə "Ümid" Əvəzgildən əl çəkmədi. Səhər tezdən də şələ-şüləsini yığışdırıb əvəzin son "Pənah"ına qoşulub qaçdı.

"Öləcəklər... İt kimi gəbərəcəklər. Vahid də, Rasim də, Sərdar da hətta direktor da. Yazıq direktor... Öləndən sonra bu parazitlərin ölümünə tay. Eh... Cəhənnəm olsun o da. Gözün açsın, yan-yörəsinə yaxşı baxsın. Onun bunun dərdi mənə qalıb? Öz dərdim özümə bəsdir."

Mədoniyyət sarayının böyründəki komisyon mağazasına girdi. Əvvəllar burda mədəniyyət sarayının işçiləri tez-tez rəsm asərlarindən, ayn-ayrı dərnək üzvlərinin əl işləridən ibarət sərgi taşkil edirdilər. Vallah, elə bu dükan da sərgidir. Nələr yoxdur, ay allah! Əvazinə "importnu” çəkmələr, uşaqlar üçün qəşəng-qəşəng paltarlar, rəngli televizorlar...Siqaret yandırıb dükandan aralandı.

"Öləcəklər... Vahid də, Rasim də. Sərdar da... izləri-tozları da qalmayacaq." Mən də öləcəm... Nargiz də, uşaqlarımız da, qonum-qonşular da. Bizim dövrümüzdə yaşayanlar hamısı qırılıb gedəcəklər. Heç kəsin yadıma düşməyəcəyik. Yadda qalan bir milyonçular olacaq, bir də şair, yazıçılar.
Yazıq Əvəz hər ikisindən məhrum idi.

"Əşşi, cəhənnəm olsun importnu çəkmələr da "svetnoy" televizor da." Gör nə mənasız şeylərdən ötrü özümüzü oda-közə vururuq ey... dünyanın bəxtəvər bəndələri elə yazanlardır. Özləri gedir. Yazdıqları qalır. Kaş ki, bircə kitabım qalaydı özümdən sonra. Heç olmasa əl boyda. Bilərdilər ki, bu dünyada Əvəz adlı bir adam da yaşayıb. Özündən sonra da əl boyda kitabı qalıb.
Qarşıdan qızla oğlan keçirdi. Oğlan qızın çiyinlərindən tutub özünə tərəf sıxmışdı.

"Ya təzə tanış olublar, ya da ki, nişanlıdırlar hələ. Ər-arvad olmazlar, ər-arvad küçədə belə qələt eləməz. İndi dünya bunlarındır, sevirlər... Görən sevgi qalıb dünyada? Eh... Başım elə qarışıb ki, sevgi də yaddan çıxıb."

Əvəz Allahdan arzu elədi ki, qəlbinə ilahi bir sevgi göndərsin, cəhənnəm olsun dünyanın malı. Heç olmasa sevgi göndərsin, özü də qeyrisini yox, elə Nərgizi sevəcək. Kimdən əskikdir arvadı?!
"Sevilməlidir Nərgiz."

Çəkməsinin söküyü dünəndən bu günə kimi iriləşmişdi elə bil. Qarşıdakı qəzet köşkündə növbəyə durdu. Sonra nə fikirləşdisə aralandı.
"Əşşi, od qiymətinə olub qəzetlər də, mağıl oxuyub dərdimi yüngülləşdirirdim."

Həftədə bircə qəzet alırdı Əvəz. O da şənbə günləri. Ertədən özünü yetirirdi qəzet köşkünə növbə tuturdu. "168 saat" göydə gedirdi. Gecikənlər əlaltı alırdı.

"168 saat'ı da bağladılar. Heyf... Görən kim bağladı, niyə bağladı. Yazıq "168 saat"... Əqrəblərin dayanıb. Arxadan buranın yoxdu ki, işləyəsən.
Siqaret yandırmaq istədi. Qutuda bircə dənə qaldığını görüb qaytar;b cibinə qoydu. "Qalsın dar günə." -dedi. "Vermədilər maşını... Əclaflar... Vermədilər:"

- Az için o şirinçaydan, ay bala, çatdırmaq olmur, axı.- Arvadının səsi idi, yenə danlayırdı uşaqları.
"Yenə nə səs-küydür?"
Arvadı sualını eşitmədi elə bil.
- Nə oldu. Ay Əvəz, maşını verdilər sənə?
- Yox.
- Niyə?
-Bir ətək pul istədilər.
- Axı direktor səni tapşırmışdı.

- Əşşi, kimdir direktora məhəl qoyan. Onlar çox, direktor tək. Düz elə düzdə qalar deyiblər. Sənə qabaqcadan dedim ki, qoşul onlara. Necə deyirlər, elə də et. Bircə sən düz olmaqla dünya düzəlməyəcək ki...

- Deyirsən, gir’ydim o "Yuva"ya?
-Hansı "Yuva" ya? Rasimin, Vahidin, Sərdarın "Yuva"sına. Yox girmərəm, cəhənnəm olsun "importnu" ayaqqabılar da, "svetnoy" televizor da.
Siqaret yandırıb eyvana çıxdı. Geri çevrilib arvadına tərəf qışqırdı:

-Tapılacaq... Onların da "Yuva"sını dağıdan tapılacaq. Papaq altda yatan oğullar var.
Arvadı dinmədi. Binanın qarşısındakı "Qarabağ" kinoteatrının yan-yörəsi cavanlarla dolu idi. Hamısının da başında qiymətli papaq var idi. Cavanlar bu "norka" deyilən papaqlar altında yatmışdılar.

Əlindəki siqaret kötüyünü hirslə aşağı tulladı. O da gedib ilişdi aşağı mərtəbədəki qonşunun təzəcə yuyub sərdiyi paltarların üstünə.

- Vay-vay, heç yaxşı olmadı. Yazıq təzəcə yuyub sərmişdi. İndi nə olacaq? İndi o ki, var söyəcək məni... Yaxşı da eləyəcək. Su var ki, təzədən yuyub-sərsin. Suyu da cirəynən işlədirik. Eh... cəhənnəm olsun papaq altda yatan oğlan da. Əlimiz bir yana çatmayanda ümidimizi papaq altda yatan oğlana bağlayırıq.

Gələn-gəlir, yeyən-yeyir, gedən-gedirdi, bu papaq altda yatan oğlan gəlib çıxmırdı ki, çıxmırdı.
Balaca qızı şeir əzbərləyirdi. Səsi eyvana gəlirdi:

Dostu bu dünyada seçib-taparlar,
Dost-düşmən seçilər, Vətən seçilməz.
Qayanı yonarlar, dağı çaparlar,
Dağ-qaya kiçilər, Vətən kiçilməz.

Əcəb şeirdir, Vətən kiçilməz, kiçilər, niyə kiçilməz? Bəs niyə bizim vətənimiz günü-gündən kiçilir.
Yerini saldırıb uzandı. Heç yatmaq da istəmirdi Əvəz.

"Bu yatmağı kim kəşf edib? Çox elə ömrümüz var. Yarısını ayıq, yarısını da yuxuda keçiririk. Yatan kimi də o qədər qarmaqarışıq yuxular görürəm, az qalıram dəli olam." Yazıq kasıbın yuxusu da rahat deyildi. Necə rahat olsun? Sabah uşaqlar "şirinçay" deyib Nərgizin baş-beynini aparacaqdılar, Nərgiz də hirsini onun üstünə tökəcəkdi. Əvəz də Rasimin, Vahidin, Sərdarın yeddi bu yana əqrabasını söyə-söyə siqareti-siqaretə calayacaqdı.

Əvvəl gözünə görünən Nərgizin qonaq-qara gələndə içərisində yemək-içmək qoyub süfrəyə gətirdiyi padnos boyda papaq oldu. Sonra iri papağın altından çəlimsiz oğlanın qapqara, işıqsaçan gözləri göründü. İşarə ilə əvəzi çağırdı. Əvəz qorxa-qorxa papağın altındakı oğlana yaxınlaşdı.

Hardadır o "Yuva"?
-Hansı "Yuva"?
-Özünü tülkülüyə vurma. Rasimin, Vahidin, Sərdarın "Yuva"sını deyirəm.
- Gəl gedək.
Əvəz girdi padnos boyda papağın altına. Üz qoydular əvəzin tanıdığı "Yuva"ya sarı.
- Budur.
-Keç içəri. -Keçdilər içəri.
"Yuva"nın sakinləri təəccüblə onlara baxdı.

- Satdınız maşınları?
- Satdıq.
- Bəs Əvəzə niyə vermədiniz?
- Bəs xarici maşınları, yaraşıqlı imarətləri nə ilə alaq? - Bəs Əvəz özünə "importnu" çəkmələri, uşaqlarına qəşəng paltarları, evinə "svetnoy" televizoru nə ilə alsın?
Çəlimsiz oğlan papağın altından çıxdı.

-Çıxardın çəkmələrinizi!
Üçü də birdən çıxartdı çəkmələrini.
-Al, ürəyin hansını istəyirsə, geyin.
Əvəz "importnu" çəkmələri keçirtdi ayağına. Dünyanın bütün əyər-əksiyi düzəldi elə bil.
-Çıxardın, şalvar-köynəkələrinizi!
Çıxartdılar.
Çıxardın... Qoy onlar qalsın.
Sakitləşdilər. Alt paltarları da "importnu" idi.
-Keçin yerlərinizə!
Üçü birdən alt tuman-köynəkdə çökdülər kreslolarına.

Çəlimsiz oğlanın padnos boyda olan papağı Əvəzin çim yağ içində olan "KAMAZ"ının kabinəsindən qırağa çıxırdı.
Əvəzin maşını dolu idi "importnu" çəkmələrlə. Küçədən keçənlərin hansının çəkməsi nimdaş idisə, Əvəz bu çəkmələrdən bir cütünü ona bağışlayırdı. Çəkmələrin sayı azalmırdı ki, azalmırdı. Bütün şəhər "importnu" çəkmələrdə gəzirdi. Göydən leysan töksə də, bir kimsənin corabları islanmırdı. Təkcə...
Təkcə Rasimin, Vahidin, Sərdarın çəkmələrinin böyrü sökük idi. Bu sökük yerdən Rasimin, Vahidin, Sardarın corabları elə hey islanırdı.

- Ay sənin başın batsın...
- Nə olub yenə? - Day nə olacaq? Bir tikə qənd qalmayıb ki, çay içək.
Əl-üzünü yumaq üçün hamamxanaya keçdi. Kiçik qızı qapının ağzını kəsdirdi.
- Ata, pul ver də, müəlliməmə hədiyyə alım. Sabah "vosmoy mart"dır axı.
- Al, gül alıb apararsan.
-Yox, gül almayacam. Müəlliməmiz dedi ki, mənə "süpürgə" gətirməyin.
Ər-arvad baxışdılar.

- Bəs nə alacam ona? Vallah, bu dünyanın bir əngəli var, çatlayacaq bizim başımızda... - arvadı hirslə dedi:

Rəhmətlik Eldar müəllim düşdü əvəzin yadına. Bir gün Eldar müəllim səhər tezdən dərsə qanıqara gəlmişdi. Kefsiz olduğunun səbəbini soruşanda dedi ki, evinin bir illik kirayə haqqını, təzəcə aldığı maaşını itirib. Tələbələr olan-qalanını toplayıb verdilər Eldar müəllimə. Nə qədər xahiş etdilərsə də, müəllimləri götürmədi.

-Vallah bir "otkritka" yazıb verirdik müəlliməmizə, fərəhindən qanadlanıb uçurdu. Həmin günü bütün il boyu iki alan uşaq beş alırdı.
Arvadı hələ də deyinirdi...

-Ata, səni təbrik edirik, axı bu gün ad günündür. Uşaqlar bir cüt "importnu" ayaqqabını qoydular atalarının ayaqlarının altına. Əvaz dönüb arvadına baxdı.

-Beş aylıq uşaq pulunu bir yerdə almışdım.
Əvəz çəkmələrin yan-yörəsinə baxıb itələdi divanın altina.
-Yuxum çin çıxdı...
Sonra böyük qızının üç stəkan sonuncu şəkər tozu ilə bişirdiyi tortu ləzzətlə yeməyə başladı.
1993Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031