Pişik kimi dərdli...
![]()
Xuraman Hüseynzadədən yeni yazı..
Hicran Hüseynovanın “Dərdli pişik haqqında ballada” hekayəsi haqqında
Pişiklərin balalayıb çoxalan vaxtı idi. Sahibi və ya sahibəsi pişiyi balalayıb çoxalmasın deyə həkimlə məsləhətləşib əməliyyat etdirirlər. Əməliyyat keçirən pişik divanda uzanır. Güllü, naxışlı parça ilə üzlənmiş divan sanki od olub pişiyi yandırır. Evə gələn adam pişiyin niyə belə uzandığını soruşur. Ev yiyəsi balalayıb artmaması üçün onu əməliyyat etdirdiklərini deyir.
Gələn adam bu haqda eşitdiyini, amma görmədiyini deyir. Evin və pişiyin sahibi və ya sahibəsi isə indi hamının belə etdiyini deyir. Qonaq bunun günah Allahın işinə əl aparmaq olduğunu bildirir. Ev sahibi isə onun hər addımda günah iş gördüyünü və bunun təkcə onların başında görünmədiyini deyir.
Yağış yağırdı. Evə gələn adam dünyanın da günah içində olduğunu və bu yağışın kimin üzünə yağdığını soruşur. Onun niyə yağmasını isə bir özü bilirdi bir də hər damlasını bir ahənglə dövr elətdirən-böyük Kitabdan tutmuş enerji qanunlarının itməməsinə qədər insanalara pıçıldayan, hər şeyi bilən O!
Divanda yumaq kimi yumrulanmış halsız pişik də hərdən pəncərədən yağışa baxır. Yağışın və saatın əqrəblərinin eyni ahənglə təkrar olunan səsinə arabir quşların da səsi qarışır. Quşların bala verən vaxtı idi.
Pişik quşların azadlığına həsəd aparır. Düşünür ki, onların bala sevinci yaşamasına heç bir ikiayaqlı qatil mane ola bilməyəcək. Onlar isə ana olmağın sevincini yaşayacaq.
Öz əyləncələri üçün sahibləri ona bahalı yeməklər yedizdirir, onu bahalı şampunlarla çimizdirirdilər. Aylar keçir. Balaca, dərdli pişik ayların necə keçib getdiyini bilmir, onun dünyasının rəngi solğunlaşır, heç küçəyə, bayıra çıxmağa da həvəsi olmur.
Ağzında balalarını ora-bura daşıyan pişikləri görəndə qəhər, daş kimi boğazından asılır.
Aylar keçir, bu kədərdən onun sahibəsinə də pay düşür-ona övlad sevinci bəxş edəcək orqanı götürülür.
Gün gəlir, ona-bu canlı əyləncəyə məhəl qoymurlar. Dərdli pişik arada onların “pişik saxlamaq bizə düşmədi” deyərək deyinməklərini də eşidir. Pişik, onların candərdi onun qarşısına qoyduğu yeməyi ölməmək üçün yeyir.
Günün birində onu aparıb blokun qarşısına qoyur, məhrum etdikləri hər şeyin qarşılığında qarşısına yemək də tökürlər. Dərdli pişik elə orda yaşamağa başlayır. Onun xəyallarında isə özünə oxşayan mavi gözlü, uzun tüklü ağappaq balaları olur. O, xəyalən balalarına dünyanın ədalətindən, heyvanların hüquqlarından, bu hüquqları qoruyan cəmiyyətlərdən danışır...
***
Pişiyi bala vermək, yəni analıq hüququndan məhrum edən sahiblərinin ədalətsizliyindən, günah iş görməsindən bəhs edən hekayə insanların ürəyində Allah qorxusu olmasının, onların Allaha xoş getməyən iş görməməsinin vacibliyindən bəhs edir.
Əlbəttə, Allaha sevgi insanpərvərlik, humanizm deməkdir. Atalar deyir ki, nə tökərsən aşına, o çıxar qaşığına. Heyvan da canlıdır, ona qarşı bu cür qeyri-insani hərəkətlər edənləri azmı görmüşük, onlar haqda azmı eşitmişik?
“Dərdli pişik haqqında ballada” hekayəsi insanlara subliminal mesaj ötürür: “Ey insanlar, heç kimə, heyvanlara belə pislik etməyin. Pişiyi analıq hüququndan məhrum edən sahibəsinin də analıq hissindən məhrum olması oxucunu pislikdən, pis əməllərdən uzaq, humanist, insanpərvər olmağa çağırır.