Elnur Tunc***
Kəndin işıqlarının gün ərzində 10-15 dəfə sönüb yanmağına hamı adi hal kimi baxırdı. Adi hal kimi baxa bilməyənlər də evə qırmızı generator alıb qoymuşdular. Amma bu generatorların dəzgah işlətməyə gücü çatmadığından Natiq balaca qardaşına taxtadan avtomat düzəldə bilmirdi. Qardaşına söz vermişdi ki, işıqlar normal yananda ona atasının dəzgahında yoldaşlarının oyuncaqlarından da yaxşı avtomat düzəldəcək.
Elektrikin verilməsi ilə taxtakəsən dülgər dəzgahının işə düşməsi, Natiqin balaca qardaşı : “ay qaqa, o yerdə tərpənənlər nədir ?” deməsi eyni vaxtda oldu.
Natiq qardaşının sualından sonra yerdə oynayan barmaqlara bir də əlindən fışqıran qana baxandan sonra bildi ki, dəzgah barmaqlarını üzüb yerə atıb. Ağrıdan yox, qanı görüb qorxudan möhkəm qışqırdı. Adətən belə yaralar isti olduğundan əvvəlcə ağrılar bir o qədər də hiss olunmur. Səsə küyə hamısı töküldü. Nənəsi, anası özlərini döydülər. Bu qışqır-bağırda atası imkan tapıb Natiqə bir iki şapalaq də ilişdirdi ki, bəs min dəfə demişdim o dəzgah oyuncaq deyil. Bir təhər arvadlar uşağı kişinin əlindən aldılar, kəsilən sağ əlin baş baramaqla şəhadət barmağını termosun içinə qoyub rayondakı xəstəxanaya çatdırdılar. Xəstəxananın cərrahı insafən demək lazımdır ki, bir neçə dəfə qopmuş qolu, kəsilmiş əli ustalıqla yerinə tikmiş təcrübəli həkim idi. Buna görə hamı bu iki barmağın da yenidən öz yerinə qayıdacağına inanırdı.
Həkim soyuqqanlılıqla kəsilən barmaqlara və yara yerinə baxandan sonra tibb bacılarına əməliyyat üçün göstəriş verdi. Yaxşı ki, hadisə günorta olmuşdu. Yoxsa əməliyyatı da işıq olmadığına görə lampa işığında edəcəkdilər. Amma içəridə kondisioner işləmədiyindən çox isti idi.
Tibb bacıları hər şeyi hazır edənə qədər anestezioloqlar Natiqə narkoz verdilər. Həkim əməliyyat otağının isti, yarımqaranlıq olduğunu deyərək qapı pəncərələrin açıq saxlanmasını istədi.
Tədricən Natiqin başına yığışan ağxalatlılarla qohumlar uzaqlaşır, balacalaşırdı. Nəhayət onlar qaranlq tunelin sonunda görünərək yoxa çıxdılar. Cürbəcür heyvan səsləri ətrafı bürüməyə başladı. Qarışıq heyvan səslərinin içində ən çox pişik səsinə oxşayan səslər gəlidi. Pişik səsi gələn tərəfdə, dumanın içərisində bədəni insan başı isə pişik kimi görünən varlıq var idi. Bu pişik idimi, insan idimi bunu əvvəl ayırd etmək çətin idi. Dumanın içində təkcə başı görünən pişik gah bərkdən gülür, gah miyoldayaraq Natiqin əlini yalayır, gah da iti caynaqları ilə cırmaqlayırdı. O pişiyi qovmaq istəsə də tərpənə bilmədi. Elə bil onun qollarından sıxıb saxlayırdılar. Qışqırmaq istəsə də öz səsini eşitmədi. Pişik öz işini heç nə olmamış kimi yerinə yetirirdi. Tüstü duman azaldıqca ona elə gəlirdi ki, pişik onun əlini indi daha bərk dişləyir, daha bərk gəmirir... Nəhayət pişiyəbənzər varlıq və tunel yoxa çıxır, qohum-əqrabanın, ağxalatlıların səsi və görüntüsü yaxınlaşır, aydınlaşırdı.
“Ayılır”- dedi, tibb bacısı. Natiq narkoz yuxusundan ayıldıqca ətafdan qırıq-qırıq cümlələr eşidirdi.
Əşi yekə kişidi ...onun tayları müharibədən bütov qolunu, qıçını itirib gəlirlər. İki barmaqla... Sonra nənəsinin qarğışı eşdirdi “ işıq söndürənin görüm işğı sönsün. Yazıq balam...” Yiyəsi yoxdur bu xəstəxananın? "
Anası balaca qardaşını qucaqlayıb ağlayır, pişiyin yiyəsinə qarğış tökürdü.
Atasının səsi gəlirdi: Natiq, möhkəm ol bala, sən kişisən! Həyatdı hər şey olur.
Pişik pəncərədən necə gələ bilər?! Vallah, bizim xəstəxanada belə hadisə birinci dəfədir... Qapıda isə, bir kişi gözətçini döyürdü deyəsən.
- Qapını açıb bağlamağa pul ala bilirsiniz, pəncərədən pişiyin gəldiyini görmürsünüz?!
- Mən qapıçıyam. Qapıya cavabdehəm, pəncərəyə yox. Heyvandı də dili yox, ağlı yox.
Xəstəxanadan evə gələndən sonra qardaşı dedi ki, mən daha heç avtomat istəməyəcəm. Böyük oğlan olmuşam, oyuncağı neynirəm.
Anası dedi ki, şükür biləyini, qolunu ayağını üzməyib. Kənddə hansı qızı istəsən, o qızı da alacağam. Maşallah, boylu-buxunlu, yaraşıqlı oğlansan.
Atası dülgər dəzgahını satacağına söz verdi. Bu dəzgah bizə düşmədi. Alan gündən ziyan içindəyik.
Həm də ki, atası Bəşir kişinin də barmaqlarını Berlində qoyub gəldiyini yada saldı. Amma kişi 91 il yaşadı dəəə.
Səkkizinci sinifdə oxuyan Natiqə müəlliməsi dərslərdə Mark Tvenin, Benjamin Franklinin, Leonardo da Vinçinin, Eynişteynin solaxay olmasından, sol əlləri ilə necə böyük işlər gördüklərindən danışırdı.
Natiq bir neçə aydan sonra həmin həkimin yanına gedib hadisəni daha ətraflı öyrənməyə çalışdı.
Həəə, yadıma düşdün. O barmağını pişik aparan passient sizsiniz ? Həə, həə. Bilirsən, mən nə Moskvada elmi tədqiqat institutunda işləyəndə, nə aspirantura illərimdə bu cür hadisə ilə rastlaşmamışdım. Düzdür, morqda işləyən həkim dostum kimsəsiz ölmüş ev sahibinin dodaqlarını öz pişiklərinin yeməsi barədə mənə danışmışdı. Ancaq sən, mənim praktikamda ilk insansan ki, əməliyyat otağından barmağını pişik aparıb. Düzdür, biz o pişiyin arxasınca qaçdıq. Ancaq tapa bilmədik. Heyvandı də, neyləmək olar ? İndi müharibə vaxtıdır. Ayaqlarını, qollarını itirən o qədər insan var ki. Sənsə, şükr elə ki cəmi iki barmağını itirmisən. Bic-bic gülümsünərək : - sənə kişi kimi bir söz deyim. “Haranı itirirsən itir, bir başını, bir də kişi üçün ən vacib olan orqanını itirmə”deyib gözəgəlimli sarışın tibb bacısının arxası ilə palataya getdi.
Bu mövzuda Natiqi rahatladacaq əsas məlumatı isə həmin vaxt xəstəxanada təcrübə keçən tibb texnikumunun tələbəsi olan qonşu qızı danışdı. O dedi ki, xəstəxananın həyətində çoxdan sıradan çıxmış tibbi yardım maşınında ağlı qaralı pişik təzəcə özü kimi bəzəkli 4 dənə bala doğmuşdu. İnsanlar çörək növbələrində, yoxsulluqdan əziyyət çəkdikləri vaxtda pişik də balalarına verməyə yemək tapa bilmirdi. Hər gün ac qalırdı. Biz ona xəstələrin artıq qalan yeməyindən verirdik. Sonra bu xəstələrə gələn yeməyi işçilər evlərinə aparmağa başladılar. Əgər qalırdısa. Ona görə pişik ac qalmışdı. Biz də çıxış yolu tapdıq. Kəsilmış apendsitləri, şişləri, abort olunmuş uşaqları həmin pişiyə verirdik. Sənin barmağın kəsilən gündən 3-4 gün əvvəl isə heç bir əməliyyat olmamışdı deyə pişin balaları da ac idi. Biz sənin barmağını pişiyin gətirib balalarına yedizdirdiyini sonradan görük.
Axırıncı bu söhbət Namiqi xeyli sakitləşdirdi. Fikirləşdi ki ərzaq qıtlığı dövründə əgər onun barmağı pişik balalarının qarnını doyurubsa, ac pişiklər həmin gün tox qarınla yatıblarsa, buna görə kədərlənmək yox bəlkə də sevinmək lazımdır.
Aradan iki il keçəndən sonra Natiqin xəstəxanaya yolu düşmüşdü. Həyətdə 4-5 ağlı qaralı pişik gəzişirdi. Bu mənzərə Natiqi çox sevindirdi. Pişiklər bir-biri ilə oynayır, ağaca çıxır, gərnəşirdilər. Namiqin içini qəribə bir rahatlıq, fərəh hissi bürüdü. Deməli pişik balaları ötən əsrin 90-cı illərin aclığından, soyuğundan sağ-salamat çıxıb böyük pişiklər olublar. Bu xoşbəxt mənzərə Natiqin barmaq itkisinin yerini dolduran ən böyük təsəlli oldu.
Baxış sayı - 1 925 |
Yüklənmə tarixi: 08.08.2017 12:50