manera.az
manera.az

Əbədi mövzu - Ölüm

Əbədi mövzu - Ölüm
Ölüm, ya həyat? Gülümsəyirəm, əlbəttə, ölüm!

Həyat dediyimiz şey əslində nədir? Anamızın bətninə düşdüyümüz, bəlkə ondan da əvvəl başlayan ölüm yolçuluğudur. Bunu söylərkən istər-istəməz hər şey səni geriyə çəkir. Anamızın öz anasının bətninə düşdüyü, onun anasının da öz anasının bətninə düşdüyü andan başlayan, ya da bəlkə də kişinin əsas məzmunu olaraq - toxumdan başlayan yolçuluq. Ölüm heç zaman bu uzun yolçuluğun hər hansı bir anında başlaya bilməzdi. Geri-geri çəkilmək bizi o ana aparıb çıxaracaq: Tanrı hələ də düşünməkdədir, yaratmaq, ya yaratmamaq? Deməli, kainatın yaranmasının özünün məzmununu bircə kəlməylə ifadə etmək ən doğrusudur: Ölüm!

Bəs biz niyə yaşadığımızı zənn edirik? Dünyanın hansı dilində olur-olsun, ölüm kəlməsinə bu qədər qaramat, bu qədər qorxunc, bu qədər hədələyici məna harda, nə zaman, nə yolla yüklənib? Biz insanlar səhv cığıra harda dönmüşük?..

***

Ölümlə ilk dəfə necə tanış olduğumu xatırlamağa çalışıram, yadıma qırıq-qırıq, sadə, sarsıntısız təbii qəbul olunmuş ölümlər düşür. Çox güman, varlığıma çökən ölümlə barışmışlığın, daha doğrusu, ölümə faciə kimi yanaşmamağımın sitti elə o xatirələrdə gizlidir. Amma xatirələrin əvvəli, daha doğrusu, özəyi var: Anamın ölüm əfsanələri. Çox güman, bu baxımdan anam həyatımın başlanğıcında başımı dizinə qoyub dinlədiyim əfsanələrindən məni həqiqətə açılan qapıdan yola salıb düşüncəmi formalaşdırmış ilk müəllifdir. Mən anamın ölümünə ağı deyə-deyə ondan dinlədiyim əfsanələrin həqiqiliyinə qarışdığımı xeyli sonra anladım. Onun ölümlə bağlı əfsanələrinə heç yerdə rast gəlməmişdim, sonradan da gəlmədim. Anam özündən söylədiyi əfsanələrlə mənim həyatımda qarşılaşdığım və təəssüf ki, ancaq ölümündən sonra dərk etdiyim ilk həqiqi müəllif idi...

***

Utopik şəkildə bir insan götürüb ünsiyyətdən uzaq saxladığımızı təsəvvür edək - heç zaman ölüm qorxusu hiss etməyəcək. Öyrədilməmiş şəkildə hiss mövcud olmayan hissdir, nümunəsi yoxdur. Həmçinin, ölümün təbii, faciə kimi deyil, adi hadisə kimi qəbul olunduğu cəmiyyətdə formalaşan insan üçün də bu belədir.

Biz ölümü öyrənirik. Şübhəsiz, saf halda ölümü öyrənməkdən və ya öyrətməkdən söhbət gedə bilməz. Ölümü öyrənməyimiz üçün bizə yüzlərlə başqa şeyi - sevgini, düşmənçiliyi, nifrəti, intiqamı, acgözlüyü, igidliyi, qorxmazlığı və eyni zamanda qorxaqlığı öyrətməlidirlər. Yoxsa ölümü tələb olunan, ya da əksərən adət edilmiş şəkildə deyil, başqa şəkildə dərk edər və ya dərk etmərik. Ölüm həm də səslənən, çağırış səsləndirən bir nöqtədir. Amma dərindən nəzər salanda bu səslənmənin altında yatan səbəblər ölümün dərkində tamamilə lazımsızdır. Mətn bu lazımsızlığın çatdırılmasında uğur qazanmayacaqsa, ölümün öyrədilməsini ya inkar, ya da başqa istiqamətdə inkişaf etdirməyəcəksə müəllif müəyyən məqsədlər uğrunda aparılan mübarizənin yükdaşıyanı olmaqdan başqa heç nəyə gərək deyilmiş..

Ədəbiyyat həyatı təsvir edərkən, onun bütün qatlarına nüfuz etməyə çalışarkən ölümü hansı məqama qoyur, hansı məqamda saxlayır? Mətndə ölümün mərkəzləşdirilməsi fonunda nə əsas rol oynayır, öyrədilmişlərmi, öyrədilmişlərdən keçib içəridə daxili fəhmlə bunun dərinliklərdə dövr edən əbədi yaşarılığımı? Əksər hallarda (zəif) müəllif ətrafın fikriylə razılaşır, ölümə ətrafın gözüylə baxır. Bu elə hamının bir qabda qaynamasıdır. Amma hardasa gizli bir piyalədə daha inkarçı (əslində təsdiqləyici) mətnlər var. Dayanıb fikirləşirsən, hamının qaynadığı qaba əl uzatmaq insanı çiyrəndirir, lakin sehrli-sirli piyalə həmişə əlahiddə və safdır.

Müəllif bu baxımdan həm sirli piyaləyə, həm hamının qaynadığı qaba hakim ola bilən şəxsdir. Amma qaba və ya piyaləyə sahiblik ona istədiyi süfrəyə istədiyi təamı qoymaq haqqı vermir. Müəllif bu mənada oxucunu təhrik edə bilməz, oxucu rəiyyət deyil, əlahəzrətdir, əlahəzrət oxucunun qarşısına qoyduğu qab deyil, içindəki müəllifə məxsusdur və sözsüz, ondan birinci özünə daddırıblar. Müəllifin kimisə zəhərləmək fikri varsa belə, ilk növbədə özünü zəhərləmiş olacaq. Zəhərlənmiş müəllif ölü müəllif demək deyil, hamının yediyindən yeyib, sadəcə, nəhəng bir "heç nə itmir" sisteminin ötürücü rıçağına çevrilmiş adam deməkdir. Mahiyyət inkar qəbul etməyəcək qədər dəqiq və gərəkli detaldır. Hər şeydə olduğu kimi, ölümün tanınmasının kökündə də mahiyyət dayanır və oxucunu mahiyyətin sapmasına məruz qoymaq mümkün deyil.

***

Ölümün ölkəsi, şəhəri, məhəlləsi, tayfa mənsubiyyəti varmı? Var! Çox əhəmiyyətsiz hesab edilsə və gözdən qaçırılsa da, müəllif dünyəvi baxışlarını uzaqlara zilləməmişdən əvvəl çevrilib oturduğu yerdə baş verən ölüm rituallarının incəlikləri içindən ölməz mətnlər çıxarmaq və bu mətnlərin köməyilə ölümün əslində nələrdən təmizlənə biləcəyinə diqqət çəkə bilmək iqtidarındadır. Əlbəttə, yadına düşsə...

Ölümü ağrılı edən səbəblər baş verdiyi cəmiyyətin əhatələndiyi çətinliklərlə düz mütənasibdir. Ölüm nə gətirəcək? Ehtiyacmı, təklikmi, hədəmi? Həmçinin mənəvi səbəblər - şərəfmi, başucalığımı, biabırçılıqmı, yəni insan heç zaman ancaq ölümə yanmır, ölümü əksər hallarda saf halda dərk etmədiyindən ağırlığı altında daha çox əzilir. Çünki məsələ ölümün ağuşunda əbədilik yoxa çıxan əziz adamın deyil, ölüm sonrası dövrünün ağrısıdır. Ancaq tək-tək insanlar ölümün saf halını dərk etdiklərindən ölənə və ölüm hadisəsinə yanaşma başqalarından fərqlənir. Lakin bu dərketmə də öz növbəsində qıcıq, əksər hallarda qəzəb, ən yüngül halda qınaq yaradır. Halbuki, ölümün dərk edilməsi ən doğru yoldur.

Əbədi mətnlərin mərkəzində isə məhz bu ölümün saf halının dərkedilmişliyi dayandığından bəşəriliyin timsalı hesab olunaraq dünyanın istənilən nöqtəsində oxucusunu qazanır və qoruyur. Dərk edilmiş ölüm anlayışı - əbədi və bərəkətli, həmçinin sadiq mövzudur.

***

İnsan həyata ölümü dadaraq gəlir. Adətən doqquz ay davam yolçuluqdan sonra doğularkən bətn dünyası üçün ölmüş (düşmüş) hesab olunuruq. Bu baxımdan dünyanı, yəni yaşamaqda olduğumuz həyatı növbəti bətn hesab edə bilərik. Kim bilir, bəlkə də bətdən əvvəlki həyatımızı da bildiyimiz bir nöqtə var, lakin onu unutmuşuq. Üstəlik, kim bilir, bəlkə bu həyata gözümüzü yumub öldüyümüz (düşdüyümüz) zaman digər bir bətnə ötürüləcəyik? Bütün bunları düşündüyümüz zaman həyatın ölümdən ölümə (doğuşdan doğuşa) davam edən əbədi dairə boyunca davam etdiyini zənn edə bilərik. Ya da əksinə, "ağmı, qaramı" sualındakı bərabərlik kimi ölümümü yaşayıb, həyatımı ölürük? Bəlkə bunlardan heç biri ayrı-ayrılıqda mövcud deyil, mövcudluğu olmaqla-olmamağa ayırmaq kimi adi aldanışın içindəyik?

Bu kimi poetik sualların cavabı hər bir insan qəlbinin ən dərin nöqtəsində gizlənir və olmamış deyil. Hansısa bir çağırış olmadan onun ordan düşüncənin qatlarına nüfuz edib fikrə (son həddə mətnə) gətirilməsi oyanmaqdan başqa şey deyil. O oyanış ki, ondan sonra sən sadəcə hər ölümü təbəssümlə qarşılaya bilirsən. Sualların doğması yetərlidir, cavabın olması əsas deyil. Çünki cavab yeni bir aldanış, düzəltmə, nümayiş, quraşdırma ehtimalının içindədir.

Bəs insan gizli sualın tərpənişini nə zaman hiss edir?

Mətnlə üzləşərkən..

Ədəbiyyat məhz bu baxımdan insanı ölüm və ölüm sonrası əzablardan xilas edərək onun ruhani halının dərk edilməsinə kömək göstərir. Çünki ruhaniliyə yaxın təcəlli heç bir elmi araşdırmanın, fərziyyənin köməyilə insan qəlbini şübhələrdən və əzabdan uzaqlaşdırmaq gücündə deyil. Yalnız ədəbiyyat, təxəyyülün gizli örpəyinə bürünüb qəsdən sirli və utopik göstərilən düşüncə insanı ölümü təbəssümlə qarşılamasına və yola salıb həyata davam etməsinə kömək edə bilər.

***

Həyata, əslində, böyük ölümlər içində kiçik ölümlər kimi baxmaq insanlığın düşüncəvi təfəkküründə böyük inqilab deməkdir. Yəni həyat, təsəvvür gücümüzün yetişə bildiyi ən böyük və ən kiçik ölüm arasında saya gəlməz ölümlər məcmusudur. Bəs biz niyə ölümü bu qədər dramatikləşdirir, faciələşdirir, simvollaşdırır, ayinləşdirir, şişirdir, ticariləşdirir və çirkinləşdiririk? Bu yanaşmamız ən yüngül halda həyatın davamını və əslində bütünləşmiş ruhi və fiziki həzz tələbatını təmin edən cinsi akt anlayışından söyüş kimi istifadə etmək qədər mənasız və abırsızdır...

Ən bərəkətli torpaq çürüntülü torpaqdır. Hər nə qədər qəddar və soyuqqanlı təsir bağışlasa da, ölüm barədə düşünəndə ağlıma gələn fikirlərdən biri də bu olur. Əksər hallarda da etirazla, bəzən qəzəblə üzləşərkən belə gülüməsəyib susuram. Etirazçıların hansına bağ salmaq üçün dağı-daşı, şoranlığı, səhralığı nişan versəm ələ salındığını düşünüb daha artıq qəzəblənər. Halbuki, əkin üçün yararlı sayılmayan məzarlıq yerlərinin əksinə, təbiətin əslində dolayısıyla bizim mövcudluğumuza xidmət edən özünü bərpası ardıcıl ölüm prosesindən bəhrələnən bərəkətli torpaqların və qiymətli yataqların çiynində dayanır. Ən qiymətli torpaqlar təbiətin öz ölümünü səssiz müdriklik içində qəbul etdiyi təvazökar mövcudluğunun nəticəsində yaranır. İnsan üstündə yüzillərlə mübarizə apardığı qiymətli qaynaqların ölümün bəxş etdiyi xəzinə olduğunu necə olur dərk etmir? İnsan necə olur bu qədər yüksək təşəxxüslə öz həyatı üçün bütün ölümləri təbii və qanunauyğun qəbul və vəsf etdiyi halda mütləq ölümündə həmin mənanı axtara bilmir.

***

İnsan ölümü qəbul etməmək bir yana, ona etiraz etməyə cəsarətlənən yeganə varlıq olmaqla yanaşı, tamaşasını yaşamaqdan da sanki zövq alır. İnsan həqiqəti bilə-bilə bər-bəzəkli və saxta həqiqət düzəltməyə çalışır, hər ölümdən sonra bununla ilk dəfə qarşılaşıbmış kimi, sanki özünün başına heç gəlməyəcək kimi inanılmaz gedişlərə əl atır. Bu bizim həyatımızın, düşüncəmizin, ideallarımızın, ideyalarımızın, gözəlliklər üçün yaşamaq eşqimizin zorlanmasıdır. Halbuki, bəlkə də mövcudluğun yeganə həqiqətini qəbul etməklə hər şey daha fərqli ola bilərdi...

***

Müəllif bu xaosun, böyük yalanın harasında yer alır? Təəssüf, bəzən ən orta yerində...

Ölümün yeganə həqiqət kimi qəbul edilməsi heç də həyatın dəyərsizləşdirilməsinə deyil, əksinə, məna və dəyər qazanmasına xidmət edir. Sonu gəlməyən bir mövcudluq bütün axtarışların, bütün tapıntıların, gözəl hisslərin olmaması demək deyilmi? Ölümü təkcə fiziki hadisə kimi qəbul edib bütün hisslərdən uzaq yaşamaq təcrübəsi keçməyən insan təsəvvüründə buna yer ayırmaq çətin olsa da həmin o təsəvvürün, necə deyərlər, yolundan çıxmış halı həm də ölümü məhz fiziki hadisə kimi qəbul etmək qədər şikəst yanaşmadır. Nə o, nə bu, nə başqası deyilsə, bəs nədir?

Söz yox, insan təcrübəsinə ölüm daxil olmadığından bu sualın cavabı mifik təsəvvürlə dini inanclar və elmi axtarışlar arasında izahı min yerə yozulan qarmaqarışıq bir aləmin içində vurnuxmağa davam etməkdədir. Hər şeyi sadələşdirmək insan təbiətinə get-gedə daha zidd şəkil alır. Düşüncə, axtarış və nəticə zənginləşdikcə mürəkkəblik artır, insan həyatın mərkəzində dayanan kökdən - bütün hallarda sadə həqiqətiylə daha çox xoşbəxtlik bəxş etməyə qadir olan ölüm anlayışından uzaqlaşdıqca daha çox bədbəxtlik girdabına yuvarlanır. Halbuki, bütün bu nizamı və qaydanı yaradana inanmaqla yanaşı, insan özünün ən sadə həqiqətinə də inanmalıydı. Amma əksinə can atır: etiraz edir, kiçik qəhrəmanlıqlar, kiçik qurtuluşlar, kiçik xilaslar həzzi duymaq üçün sanki qəsdən bu böyüklükdə və miqyasını təsəvvür edəndə dəhşətverici dərinlikdə zülmət vəd edən tamaşa silsiləsi tirajlayır. Məsələn, dünyanı bölür, qəfəsləyir və qəfəslərarası müharibələr törədir... Bu isə ölümün öyrədilməsinin tamam başqa üzüdür. Nə etməli, ölüm qalib gələcək, amma ölüm onsuz da əbədi qalibdir, onu öz halından çıxarıb imitasiya etməyə gərək varmı?..

İnsan düşüncəsi irəlilədikcə (hərçənd, insan düşüncəsinin hansı istiqamətdə irəlilədiyi də mübahisəlidir), ölümün sadədən mürəkkəbə min cür formasını yaratmağa xidmət etməyə can atır. Dünya müasirləşdikcə (oxu: köhnəldikcə) daha çox əzab, daha çox əziyyət, daha çox göz yaşları axtarır. O, sanki get-gedə daha çox bir bəhanəyə və bir himə bənd olmağa başlayıb. Yenə də burada meydana təxəyyül və istedadını ölümü faciələşdirmək ideyası üzərində cəmləşdirmiş müəllif daxil olur - cəmiyyətlə idarəedici arasında əslində böyük qüvvəyə sahib, amma ağlamsınaraq özünü heç cür nə yuxarı, nə aşağı, nə göyə, nə yerə, nəhayət, nə həyata, nə ölümə aid edə bilmədən əbədiyaşarlıq istəyən həmin o cənab. Onun üzsüz istəkləri ən ibtidai insanı sadəcə güldürərdi: doymaq üçün ən azı bitki kökü tapıb çıxarmaq lazımdır. Burda isə tamaşaya ehtiyac yoxdur: yaşamaq istəyirsənsə, aclığı birdəfəlik dərk və müvəqqəti dəf etməlisən. Müəllifin düşüncəvi aclığı dərk və dəf etməsinin yolu onun yuxarını aşağıyla birləşdirən missiyasını yerinə yetirməsindən: saxta faciə yaratmaqdan əl çəkib ən aydın və əsas həqiqəti sadə yolla mətnləşdirib ötürməsindən keçir. Bir müəllifin ölümü dərki yüzlərlə düşüncəvi dinclik deməkdir. Dinclik isə bir qaşıq suda tufan qoparmaqdan daha gərəkli şaxələnmiş yaradıcı hala yol açır.

Düşüncəvi ənginliyin genişlənməsi axı niyə sadə və birbaşa prosesin düzxətli dərkindən çıxıb bizi dağa-daşa salmalıdır? Axı niyə müəllif hər şeyi bu qədər çətinləşdirməli, daha çox əzab mesajları ötürməli, daha çox faciə yaratmalıdır? Axı bu müəllif kələfin ucunu tapıb kütlənin əlinə verməyə, buna etibar etməsə belə o kələfin ucunu öz əlində saxlayıb nizamın qorunmasına nail olmağa çoxlarından daha yaxındır? Axı o, məhz o, müəllif mövcudluğun ən böyük, bəlkə də yeganə həqiqətini kütlələrə nişan verməklə səlahiyyətləndirilib?

Ölüm saxtakarlığı nə görür, nə udur, nə qusur, yəni müəllif bunun belə başına gələcəyinə ümid etməsin. Ölümün sadə həqiqətindən manipulyasiya yaradan mətn axır-əzəl bir heç olacaq, müəllifi isə hətta bir cücərtiyə ev olacağına ümid bəslənən şoranlıq belə deyil. O, nə qədər sinəsinə döyüb "mən varam" deyirsə desin, dar zaman və düşüncəyə hesablanmış şöhrətiylə ölümün həqiqiliyinin çatdırılmasında missiyasına xəyanət edibsə hələ həyata gəlməyib. Bəlkə də heç gəlməməsi yaxşıdır../edebiyyatqazeti.az/

Hədiyyə ŞəfaqətБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31