Düşmən...Müharibə... Ölüm... - Hərb, yoxsa Sülh? - Amalya Ömər yazır...
Hərb, yoxsa Sülh?
Şair anam Azərbaycan, sən vüqarımsan;
Nəğməmsən, şeirimsən, şeiriyyətimsən;
Sən mənim dünənki yaralarımsan;
Sən mənim bugünkü səadətimsən!
(Ə. Kürçaylı)
Mən ilk dəfə müharibənin nə olduğunu soyuq qış gecəsində işıqlarımızı söndürüb atəş səslərinə qulaq asarkən öyrəndim. Öyrəndim ki, göydən yalnız fişənglər atılmır. Göylərdən yalnız yağış, qar yağmır. Göylərdən mərmilər də, güllələr, raketlər də yağa bilir. Mən ilk dəfə düşmənin nə olduğunu pəncərəmizin önündə dayanan tankın içindəki adamların səhərə qədər bizim acımıza necə qəhqəhə çəkdiyini eşidərkən öyrəndim.
Mən tənhalığın nə qədər qorxulu və soyuq olduğunu qorxu dolu bir gecənin səhəri boş və səssiz küçələri gəzərkən öyrəndim. Ölüm xəbərinin nə qədər ağır olduğunu qarşımıza çıxan ilk adamın “atanız yoxdu artıq, onu öldürdülər” xəbərini eşidərək öyrəndim. Həmin gecə mən böyüklərin də için için ağlaya bildiklərini öyrəndim. Bütün bunlarla yanaşı mən cəsarətin, birliyin, şəhidlik zirvəsinin ən yüksək məqam olduğunu, azadlıq uğrunda, torpaq uğrunda ölməyin bir şərəf olduğunu da öyrəndim. Və mən bunları soyuq qış gecəsində yaşayaraq öyrəndim. Nifrət etməyi öyrəndim eyni zamanda. Bütün insanlar mərhəmətli olmur, dünyada əzazil insanlar da varmış deyə uşaq yaddaşıma həkk olundu bu fikir.
Sonra qəribə hadisələr baş verdi. Bilmədiyim çox şey olduğunu öyrəndim. “Köçkün” sözünün altında nə qədər ağrı, dəhşət, nisgil, haqsızlıq olduğunu öyrəndim. Bu sözü ilk dəfə sinifimizə yeni şagirdlər gələndə öyrəndim. Yerlərindən, yurdlarından didərgin düşüb gəlmiş uşaqlara daha çox diqqət ayırmaq olduğunu, onlarla daha çox dostluq etməyimizi öyrəndim.
Bir gecədə evsiz, eşiksiz, vətənsiz qalmışdılar. Bu hadisələr başlayanda mənim yeddi yaşım vardı. Birinci sinifdə oxuyurdum. Birinci siniflə bağlı heç nə xatırlamıram. Çünki, o xatirələrin yerini “Qanlı Yanvar” hadisəsi tutdu və “QAN YADDAŞI”na çevirdi. Mübariz xalq qan bahasına öz müstəqilliyni əldə etdi. Qan bahasına qoruyub saxladı.
Mən ilk dəfə Türk olduğumu 3-cü sinifdə əlifbamız dəyişib latın əlifbası, kitabımız “Türk dili” kitabı olduqda öyrəndim. Daha sonra “Azərbaycan dili” oldu kitabımız və mən bizim Azərbaycan türkləri olduğumuzu öyrəndim. Mən bu tarixi kitablardan yox, yaşayaraq öyrəndim.
Yoxluğu da öyrəndim. Müharibə şəraitində yaşayan insanların gözlərində hər zaman kədər, nisgil, həsrət olduğunu görürdüm. O gözlərin bir dəfə olsun ürəkdən gülmürdü. Öyrəndim ki bu nisgil VƏTƏN həsrətidi. 20% torpaqlarımızın nisgilidi. Canımızdan ayrılan canın...
30 il... yaşlılar dünyasını dəyişdi, böyüklər yaşlandı, uşaqlar böyüdü. Amma 30 il öncə yaşadağımız haqsızlığı unutmadıq, unutdurmadıq. Sülh olsun istədik. Vətənimizin bir parçasını sülh yolu ilə verərlər deyə ümid etdik. Niyə də verməsinlər deyə düşündük... Axı o torpaqlar bizimdi. Bir gün haqsızca, vəhşiliklə, zorla aldıqlarını qaytararlar dedik. Biz sülh istədikcə düşmən daha da azğınlaşdı, üzsüzləşdi. Biz Şuşanı itirdiyimiz günün acısını yaşarkən bir baxdıq ki düşmən Şuşada halay şəkir, yallı gedir, qədəhlər qaldırır. Bu dəfə böyüklü, kiçikli hamımız bir şeyi öyrəndik. Öyrəndik ki, torpaqlarımızın azad olması üçün tək yol var. HƏRB! Öyrəndik ki, düşmən düşməndir, nə yaxşısı, nə yamanı...
Sonuncu Tovuz hadisələri xalqın səbr kasasına son damla oldu. Hər kəs HƏRB dedi. Bu gün Azərbaycan xalqı öz qədim, tarixi torpaqları uğrunda savaşır. Bu gün hər kəs “Öncə Vətən” deyir. Bu gün hər kəsin bir şüarı var: “Vətən sağ olsun!”
Mən, 30 ildən sonra bir daha öyrəndim. Öyrəndim ki, bu xalqı heç kəs məğlub edə bilməz. Hiyləgər düşmən belə artıq bizi “timsah” göz yaşları ilə aldada bilməz. Bizi ölüm belə öz amalından döndərə bilməz.
Haqlı olmaq, haqlı olduğunu bilmək bir insanı bir ordu içındə belə güclü edər. (A.H.Tanpınar)
HƏRB, yoxsa Sülh?
Bu gün Azərbaycan Ordusu 30 il öncə yarım qalmış işini tamamlayır.
Öncə Qarabağ, sonra Barış deyib şərəfli bir yola çıxdıq. Tanrı xalqımıza yar və yardımçı olsun.
Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq tarpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın bu xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda
(M. A. Ersoy)
Amalya Ömər,
Manera.az