Elvin Nurinin pyesi: Məhkum 417

İştirak edirlər:
A
B
I POLİS İŞÇİSİ
II POLİS İŞÇİSİ
Hadisələr naməlum zamanda və naməlum ölkənin həbsxanasında cərəyan edir.
1
Səhnə qaranlıqdır. Dinləyiciyə psixoloji təsir edə biləcək musiqi eşidilir. Bir az sonra musiqinin müşayiəti ilə səhnədə iki işıq halqası ayrı-ayrılıqda paralel şəkildə yanır. Hər işıq halqasının altında bir nəfər polis işçisi görünür. Musiqi yavaş-yavaş azalır və tamamilə kəsilir, danışıq başlayır.
I POLİS İŞÇİSİ: Nə oldu?.. O qatil haqqında son qərar nə yerdə qaldı?
II POLİS İŞÇİSİ: Hansı qatili deyirsən?.. Burada o qədər qatil var ki... Axı bura ağır cinayətlər həbsxanasıdır.
I POLİS İŞÇİSİ: Elədir. Amma sən çox yaxşı bilirsən mən kimdən danışıram. O, bura gələndən bəri hamını yalnız onun taleyi maraqlandırır. Bilmirəm bu, nə olan işdir. Elə bil ki, onda qəribə bir sirr var... Onun hər hərəkəti, hər kəlməsi, baxışlarında belə, müəmmalı bir sirr yatır, elə bil.
II POLİS İŞÇİSİ: Bildim, bildim. Sən məhbus 417-dən danışırsan. Artıq o iş bağlandı...
I POLİS İŞÇİSİ: Necə yəni bağlandı?.. Bəraət aldı?..
II POLİS İŞÇİSİ: Yox, canım. Nə danışırsan?.. Axı, harda görmüsən ki, qatil bəraət alsın... Axı, qanunvercilikdə belə şey yoxdur.
I POLİS İŞÇİSİ (digərinə yaxınlaşır): Eh, əzizim... Mən bu illər ərzində o qədər (kinayə ilə) qanunlar, qaydalar görmüşəm ki... (İstehza ilə gülür.) Eh, nə isə... Uzun dil başa bəladır. Çox danışsam, mənim özümü də ən ağır damğa ilə günahsız olduğum halda, ən ağır cəzaya məhkum edərlər. Amma mən 417-lə bağlı verilən qərarı anlamadım, necə yəni bağlandı?
II POLİS İŞÇİSİ: Birdəfəlik... Məhkum 417-yə edam cəzası verilib. Tezliklə bu qərar gerçəkləşəcək.
I POLİS İŞÇİSİ: Deməli, o, edam olunacaq...
II POLİS İŞÇİSİ: Hə, edam olunacaq. Qərar qətidir! (İti addımlarla çıxır.)
I POLİS İŞÇİSİ (təkdir. Sirli, astadan danışır): Edam cəzasını heç bəyənmirəm. Açığını deyim ki, mən ölüm cəzasından qorxuram... Düzdür, o qatildir... Lakin məncə, biz də heç o qədər də günahsız deyilik. Bəzən ağına-bozuna baxmayıb, yuxarıdan gələn ədalətsiz əmrlərə görə, kimlərisə ifşa edib, qatil, oğru, manyak adlandırıb, qətlinə hökm veririk. Hər dəfə edam ağacının təzə bəhəri yetişəndə, içim-içimi yeyir. Bu, məni elə qorxudur ki... Nədənsə, edam olunanları görəndə, edam sözünü eşidəndə, mənim ürəyimdən həmişə eyni fikir keçir... O qanunsuz əmrlərə görə edam etdiyimiz günahsızların üstümüzdə olan günahı kifayət edir ki, biz də edam ağacının verdiyi bəhərdən olaq... Axı, bizim bir çoxumuz ləkələnmiş vicdanla yaşayırıq... (Yerində donub qalır. Onun üzərinə düşən işıq sönür, səhnə qaranlıqlaşır.)
İşıq yananda, həbsxana kamerası. 2 nəfər məhkum görürük. Məhkumlardan biri – A narahatdır, içi-içini yeyir, yerində dayana bilmir. Səhnəni var-gəl edir dayanmadan. Digər məhkum – B isə susqundur. Lal-dinməzdir. Elə bil ki, donub. A-nın hərəkətlərini izləyir. Onları şərti olaraq, A və B adlandırıram.
2
A: Hər şey bir-birinə qarışıb. Aləm dəyib bir-birinə... (B-yə) Eşidirsən?.. Orda çaxnaşma düşüb ee... Hamı burada – həbsxanada o məşhur qatilin taleyi haqqında
maraqlanır. Hamıya ona veriləcək cəza maraqlıdır. Məşhur olmuşam ha!.. Öz aramızdır, qətllər, hə, hə, qətllər... (Xüsusi intonasiya ilə) lər... Bir nəfər yox... Bir neçə nəfər... Mənə deyən gərək, zalım oğlu, biri bəs deyildi sənə? Sən lap canavar imişsən ki... Alə, canavar yox e, Təpəgözsən, Təpəgöz... Birilə razılaşmırsan... Sənə lazım olan bir neçəsidir... Bir neçəsi... Alə, birinin zibilindən qurtarmaq olmur, sən day denən burada ömürlük ev-eşik salacaqsan ki... İşim heç gətirmir də... Hələ ta əvvəldən... Hə, əvvəldən... (Öz-özünə) Köpək oğlu qorxmayıb da e... Oğraş manyakın biridir də... Deyəsən, elə bu qan içmək, qan tökmək mənim qanımdadır, qanımda... Bədənim tələb edir? Ya kimisə öldürmək immunitetimə xeyirdir?.. Nə bilim... De, biz də bilək də...
B: Nəyi?
A (onun sözünə məhəl qoymadan, gülə-gülə, dəli kimi işara-işara söhbəti davam etdirir): Nə olmuşdu, bəyəm?.. Həkim məsləhət görmüşdü ki, bu qədər qan töküm, baş kəsim?.. Mən gicəm, xəstəyəm, nəyəm, hə?.. Adam bu qədər də adam öldürər?.. Nə olub, bəyəm biçin mövsümü zad idi?.. Doğrayıb, kəsib-biçmişəm hamısını. Lap qibtə olunası adamam ki... Day cinayət məcəlləsi, hakim, vəkil... Heç kim, heç nə mənim kimisi ilə qarşılaşmayıb da, ala... Qatillərə, ya da gələcəkdə qatil olmaq fikrinə düşənlərə məni örnək çəkmək olar... Sən öl, düz deyirəm. Məni də misal çəkməyib, kimi deyəcəklər? Deyirlər ki, namus məsələsidir... Şayədir, ya doğrudan elədir?.. (B-yə diqqətlə baxır. B cavab vermir. Öz üzünə vurur.) Bu ölsün düz deyirlər, namus məsələdir. (Öz-özünə) Susursan... Sən öl, xoşum gəldi özümdən... (Özü-özünə) Kişi adamsan, alə... Day arvadımı kravatda başqasıyla tutanda, neyləməliydim?.. Yanındakı oğraşa deməliydim, götür, peşkəşdir?.. Yox, alə... Elə olsaydı, day mən onda nə kişi olardım?.. Əcəb eləmişəm. Sən öl... Sən də mənim yerimdə olsaydın, elə edərdin... Necə dedilər?.. (Fikirləşir) Hə... Otuz iki dəfə o oğraşı bıçaqlamışam... Amma yenə arvada hörmət eləmişəm, ha... Canını çox yandırmamışam o fahişənin... Cəmi bir dəfəyə həll eləmişəm... (Vecsiz) Başını bədənindən ayırmışam... Boğazını üzmüşəm... Qəşəng... (Baş barmağı ilə “əla” işarəsi göstərir.) Əcəb eləmişəm... (Gedib B-nin qabağında oturur.) Brat, neyləməliydim e... Namus məsələsi elə-belə şey deyil e... Adamın gözü elə dönür ki... Mənim də elə... Gör gözüm necə dönüb ki, hay-küyə gələn qızlarımı da yollamışam o dünyaya...
B: Qızlarını?
A: Hə də, qızlarımı... Amma sənə deyim, yazıqların heç günahı olmayıbmış e... Yazıqlar dərsdən evə gələndə, hay-küyə qaçıblar otağa, mənim də gözümü qan tutub... Heç nə gözümə görünməyib, ya da ki, qızları gözümün qabağında görmüşəm, bir tərəfdə də qızların anasının meyidi. Bir andaca fikrimdən keçdi ki, bu qancığın balaları da böyüyüb, analarının yollarını gedəcəklər. Bir söz var e, anası çıxan ağacı, balası budaq-budaq gəzər. İki qızımı da sərmişəm yerə, birdəfəlik eləmişəm... Göndərmişəm mamalarının yanına... Tez-tez bir dənə sual verirəm özümə... Bilirəm, axmaq sualdır, amma verirəm yenə də. Qoy içimdə
3
qalmasın... Özümdən soruşuram: dörd nəfəri o dünyalıq eləmisən də, on-on beş dəqiqənin içində... Peşmanlıq var heç?..
B (öz-özünə sözü anlamağa çalışırmış kimi) : Peşmanlıq...
A (B başını qaldırıb, diqqətlə, mənalı-mənalı A-nın üzünə baxır. Bir anlıq sükut... B yenə başını aşağı salıb durur. A yerindən qalxır): Alə, əlbəttə, peşman deyiləm... (Üzünə vurur) Bu ölsün bir qram da peşman deyiləm. Kişi adamam. Bir söz var e, peşmançılıq ikinci məğlubiyyətdir. Mən kişiyəm e... Peşman olmaq nədir, ala... Mənim də danışdığım sözə bax e... Özü də mən o oğraşa yaman işgəncə verib, öldürmüşəm ha!.. Əvvəl qarnına bıçaq soxub, sonra... İynəsini kökündən sünnət eləmişəm... Ağlım yaman işləyib ha!.. Sən öl mənə halaldır... Özüm özümə mat qalmışam. Əvvəlcədən kökündən sünnət olunsaydı, gəlib girməzdi də arvadımın yanına... Belə baxanda, mən neyləmişəm ki?! Uşaqlıqda onu sünnət edən həkimin yarımçıq qalan işini tamamlamışam, vəssalam! Deyilənə görə, arvadımın ən çox əmcəyindən vurmuşam bıçağı. Heç özümün xəbəri olmayıb... Gözümü qan tutub... (B-ni başdan-ayağa kimi baxışları ilə diqqətlə gözdən keçirir.) Heç dinmirsən?.. Görürsən, xəbər necə tez yayılıb?!.. Hər şeyi bilirlər e, buradakılar da... Avtobioqrafiyam məndən qabaq gəlib...
B (anlamağa çalışır, öz-özünə): Avto... Bioqrafiya...
A (B-dən uzaqlaşır. Cibindən siqaret çıxarır, ağzına aparandan birdən saxlayıb, B-yə tərəf dönür.) : Çəkirsən?.. (Cavab gözləyir, B cavab vermir.) Özün bil. Amma bax, sənə deyim, bil ki, burada papiros çətin tapılır ha... Özü də mənim kimisini çox adama yaxın qoymurlar. (Siqareti yandırıb, çəkir. Çəkə-çəkə danışır.) Çox vaxt tək saxlayırlar. Nəsə yəqin mənim bəxtim gətirib... Onları da qınama e, mənim kimi deyillər axı. Qorxurlar. Qorxurlar ki, birilə sözüm tərs gələr, heç nəyə baxmaram, çıxarıb bıçaqdan, vilkadan soxaram qarnına. Sonra da gəl onunla əlləş. Bir də ki, kim istəyər e, başına cəncəl açsın. Oturublar da başı salamat, sakit. Bax, qardaşımsan, gəl sənə açıq deyim də. İşdir, elə bir şey eləsəm, buradakı növbətçi polisi zadı salacağam işə. Onlar da get-gələ düşəcəklər. Baxma e, özləridir, o növbətçi polisi ya basacaqlar içəri, ya da soyub soğana çevirəcəklər. (B-yə yaxınlaşıb sakitcə) Sənə bir şey deyim, bunlar istintaq vaxtı, heç öz dədələrini də tanımırlar. Bircə (barmaqlarını bir-birinə sürtür, yəni pul, B-də ona baxıb, A-nın etdiyi hərəkəti təkrarlayır) bunu tanıyırlar, bunu. Onlara yalnız bu maraqlıdır. Başqa heç nə... (Əli ilə üzünə vurur) Bu ölsün... Qardaşcanı. Başqası ciblərinə bundan (yəni pul) bassın, atalarını da dama salarlar. Nə bilmisən?.. Haqq-ədalət axtarırsan?.. Səhv yerdə axtarırsan, atam... Mən bilən, haqq-ədalət yalnız körpünün o tayındadır... O birisi tərəfdə...
B (əli ilə, sanki, A nöqtəsindən B nöqtəsinə xətt-yol çəkir) : Bu tərəf... O birisi tərəf...
A: Amma oranı da öz gözümlə görməmişəm.
B (göyə baxır, elə bil, göydə nəyisə dəqiqləşdirməyə çalışır, əlini yuxarı doğru uzadır) : Ora...
A: Deyilənlərdən eşitmişəm, mən də sənə deyirəm. Bəlkə, deyilənlər yalandır. Bəlkə, səhv məlumatdır. Ola bilər... Bəlkə, o tərəfdə də rüşvət, day-day işə keçir.
4
Bilmək olmaz... İndikilər şeytana papucu tərs geydirirlər. Tanrını da aldadarlar... Vallah, eləyərlər... Elə aldadarlar ki, onlara “bərəkallah” deyərlər. Əşşi, onsuz da mənim hələlik ora ilə bir işim yoxdur. Mən hələ buralardayam, ona görə də çalışmalıyam ki, buradakıların dilini tapa bilim. Tapdım, tapdım, adam balası kimi yaşaya biləcəyəm, yox, tapa bilməsəm, özüm qapı-qapı düşüb öz ölümümü axtaracağam. Əşşi, bir də ki, mənimki Allahdan, Tanrıdan keçib e... Nəfəsimdən də qan iyi gəlir. Bu işdən sonra hərdən özümə məsləhətlər verirəm. Məsləhət görürəm ki, əgər tapsam, bacarsam, gərək çalışıb şeytanla, iblislə al-ver eləyəm. Onun dilini tapam. Bəlkə, bir köməyi dəyə mənə. (B yenə başını qaldırıb, A-nın üzünə tərs-tərs baxır, A bunu görür.) Yenə nə oldu, tərs-tərs baxırsan üzümə?.. Yalan deyirəm?.. Soyqırım eləmişəm e... Gör hələ şeytan, iblis mənə yaxın gələcək? Kim bilir, bəlkə, onlar da məndən çəkinərlər. Xatalı adamam. Mən belə getsə, iblisin özünə oyun qurub, onu işə salaram e... Yazıq oturub da başısalamat. Xırda-xırda yaşayır özü üçün... (Öz-özündən sakitcə soruşur) Görəsən, mənim o bicbalalarla qarışığım yoxdur?.. Erməniləri deyirəm e... Soyqırım eləmişəm axı... (B başını qaldırıb, onun üzünə baxıb, yenə başını aşağı salır.) Yox... Ola bilməz... Mən əsil türkəm... Bilirsən, niyə? Çünki erməni heç vaxt arvadını başqasıyla yataqda görüb, belə reaksiya verməz. Onlar üçün qadın namus, qeyrət deyil. Əksinə, onlar hələ özləri arvada yaxşı müştəri tapırlar. Nə isə e... Bəlkə də, indi soruşacaqsan ki, yəni sən arvaddan heç şübhələnməmisən?.. Telefonda, kompyüterdə mesaj zad olmayıb?.. Bir yazışmadan zaddan gözünə dəyməyib?.. (B-dən cavab gözləyir. Bir anlıq sükut) Amma soruşana oxşamırsan... Eh, sən də heç nəyə cavab vermirsən... Özüm öz sualıma cavab verim: yox! Qəribə adamsan, vallah... (B A-ya baxıb, başını yelləyir. A bunu görür.) Mənə bax, inciyib eləmədin ki?.. Xətrinə dəyməsin, ha!.. Sözdür də dedim... Ağzına su alıb durmusan, bir şey tuta bilmirəm... (B-yə yaxınlaşıb, dostcasına çiynindən vurur, yanında oturur.) Bir də ki, ürəyimi niyə sıxım e... Dünyada elə işlər olur ki... Dünya dağılmadı, ha!.. Bir də bir söz var e, deyir günah həmişə öləndə olur, öldürəndə yox... Odur ki, ürəyimi buz kimi saxlamışam. (Düşünmədən) Ölüm-itim olmasın, qalanı boş şeydir... (B başını qaldırıb, A-ya baxır, kinayə ilə A-nın üzünə gülümsəyir.) Sən Allah, bağışla... Hərdən belə gicliyim tutur... Axmaq-axmaq danışıram. Day bundan artıq ölüm-itim olmaz ki... (Əlləri ilə başını tutur, havada əlləri ilə hərəkətlər edir.) Vəssalam, vəssalam, vəssalam... Başa düşdüm... Söz verirəm, day bir də sarsaq-sarsaq danışıb, sənin başını aparmayacam... (B-yə yaxınlaşır) Bir az boşboğazam hə?.. Həmişə məktəbdə oxuyanda, bunun üstündə döyülərdim...
B: Niyə?
A: Mənə qulaq asmırsan?.. Dedim axı, boşboğazam...
B: Hə... Ey...
A (o yan-bu yana baxır, sanki, məkanda III şəxsi axtarır, sonra B-yə tərəf dönür) : Mənimləsən?..
B: Hə...
A: Nədir, nə olub?
B: Bura haradır?
5
A (qəh-qəhə çəkib gülür, barmağını gicgahında oynadır, B-nin axmaq olduğuna
işarə edir) : Hara olacaq?!.. Gedər-gəlməz... (Yenidən şiddətli qəh-qəhələrlə gülür.)
B: Hə... Gedər... Gəlməz...
A (birdən vecsiz formada) : Bura bax... (B sakitcə başını çevirik A-ya baxır.)
B (sakit, emosiyasız) : Baxdım...
A: Hım... Gördüm... (Kənara baxıb, başını yelləyir, yəni bu gicdir, nədir) Mənə bax, sən Allahdan qorxursan?
B (sanki, başa düşməyib, sakitcə) : Allah?..
A (onun cavabına məhəl qoymadan, özü öz sualını cavablandırır) : Mən ondan qorxmuram... Qətiyyən qorxmuram!.. Qorxsam, bu qələti eləməzdim... (Bir an sükut, B-nin üzünə baxır.) Yox, bəlkə də qorxuram... Amma... Onda yadıma heç nə düşməyib... Kəsib-doğramışam e... (Yenə gülür.)
B (öz-özünə danışır) : Kəsib-doğramısan...
A: Nəsə çox rahatam e... Amma sən nigaran görünürsən... Elə bil, o qədər adamı qanına qəltan edən sənsən, mən yox... Qatil mənəm və həbsə məhkumam... Bax, cəza nömrəm də var... (Sanki, öz sinəsindən yazı oxuyur) Məhkum 417...
B (öz-özüylə danışırmış kimi) : Qatil sənsən... Günahların hamısı səndədir... Mənim heç bir günahım yoxdur...
A: Şübhən var?.. Yoxsa, mənə inanmırsan?.. Nədir?.. İndi deyirsən mən boyda adam yalan danışacağam?.. İşim-gücüm qurtarıb, olmayan işi boynuma yıxacağam?.. (B nəsə demək istəyir, A imkan vermir) Yekə kişisən e... Söz deyəndə, bir fikirləş... Gör, nə danışırsan. Heç olmasa, yaşından-başından utan, ayıb deyil sənin üçün?.. Alma oğurluğu deyil, toyuq oğurluğu deyil... Qəribə adamsan e, deyirəm... Zarafat deyil... Rəhmətliyin oğlu, dörd nəfəri qanına qəltan eləmişəm e...
B: Bəs, bayaq deyirdin, yaxşı eləmişəm, indi nə oldu?
A: Ay səni!.. Yaddaşın yaxşı imiş ha... Yadında qalıb...
B: Skeleroz zad deyiləm ki... Əlbəttə, yadımdadır...
A: Mən səni yoxlayırdım. Əhsən!.. (B başını yelləyir) Mənə bax, mən fikrimdən dönüb-eləməmişəm ha!.. Yenə də öz fikrimdə qalıram, özümə haqq qazandırıram. Əcəb eləmişəm... Gəl, fikirləşək... O cür situasiya qarşısında mən neyləməliydim axı?.. Məgər, mənim başqa yolum vardı?.. Yox idi... Lap yerində eləmişəm, dostum... (Birdən, sanki, nəsə xatırlayır) Aaa... Bəlkə... Ay səni... Bəlkə, elə bilirsən, ölməkdən qorxuram?.. (Suala özü cavab verir.) İnanma... Heç vaxt inanma... Mən və ölüm qorxusu... Yox, əzizim, yox... Bunlar bir-birilə heç uyğunlaşmır... Mən neyləsəm də səni buna inandıra bilmərəm...
B: Mənim elə bir sualım yoxdur.
A: Var, var... Heç olmasa, yalan danışma... Görürsən ki, sənin ürəyini oxuya bilirəm... Ölüm... Ölüm nədir?.. Bədənin torpağa gedir... Çürüməyə... Olsun da... Ruhunsa göylərə... Ruhun əbədi yaşayır... Deməli, sən də əbədi olaraq var olursan... Axı, bizi var edən ruhumuzdur...
B: Artıq sənin danışdığın fəlsəfədir...
6
A: Yox, əzizim... Mənim dediklərimin heç bir fəlsəfəyə aidiyyatı yoxdur, bunlar həyat həqiqətləridir.
B: Deyəsən, sən məni dolaşığa salmaq istəyirsən... Bəlkə də, özünü...
A: Özümə yazığım gəlir... Deyəsən, yadından çıxıb ki, mən çoxdan dolaşığa düşmüşəm... (B onun dediklərini anlamır) Deyəsən, sənə aydın olmadı... (B “yox” mənasında yavaş-yavaş başını tərpədir.) Yaxşı, gəl sənə deyim... Bax, sən doğulanda, o inanıb, tapındığın Tanrı səni artıq “həyat” adlı qarışıq labrintin, dolaşığın içinə atır. Sən də hörümçək torunda çobalayan kəpənək kimi xilas olmağa çalışırsan... Amma təəssüf... Bir ömür boyu əlləşirsən... Alınmır... “Həyat” adlı dolaşıqdan səni xilas etməyə yalnız ölümün gücü çatır. Başqa hər şey onun əlində acizdir, əzizim...
B: Mən ölümdən danışmağı sevmirəm, mənə həyat daha maraqlıdır. Mənə ölümdən danışma...
A: Ola bilər. Bəlkə də, haqlısan... Lakin bu, heç nəyi dəyişdirmir...
B: Nəyi dəyişdirmir?
A: Həqiqəti... Mən bu saat ölümə daha yaxınam və get-gedə də yaxınlaşıram, nəinki həyata... Mən bu saat dayanacaqda dayanmışam... Qatar gözləyən sərnişinəm. Mənim ətrafa heç bir təsirim yoxdur. Mən yalnız gözləyirəm, başqa heç nə edə bilmərəm... Mən bu saat dayanacaqda o qatarı gözləyirəm...
B: Hansı qatarı?
A: Ölüm qatarını... Mən çoxdan ona minməyə hazırlaşmışam... Ya da hazırlaşdırıblar. Bəlkə də, bundan özüm də xəbərsiz olmuşam... Mən kimlərisə öldürmüşəm... Hə, başa düşürəm, namus məsələsi... Lakin bu, həqiqəti dəyişdirmir. Həqiqətsə budur ki, mən qatiləm, əzizim, qatil... Nə qədər məsum olursan ol, ya da məsum kimi göstər özünü, kimsə sənə rəhm eləməyəcək. İndi, bəlkə də, həqiqətən məsum, yazıq, çarəsizəm, amma bunlar məni təmizə çıxartmaq gücündə deyil. Mən yenə də qatil olaraq qalıram...
B: Qatil...
A: Mən çox şeyi xatırlamıram... Bəlkə, xatırlamaq istəmirəm... Amma onlar xatırlayır... Daha doğrusu, heç vaxt unutmurlar. Amma unudacaqlar... (B-nin gözünə işıq gəlir) “Nə vaxt?”.. Sənin gözlərindən bu sualı oxudum... Edam hökmünün icrası bitəndə... Mən Tanrı ilə qovuşanda, artıq onlar mənim qatil olduğunu çoxdan unutmuş olacaqlar. Çünki artıq onlara mən lazım olmaycağam. Başqa qatil axtaracaqlar. Şikar dalınca gedəcəklər. Bax, onda mən onlar üçün unudulmuş bir heç olacağam... Heç nəşim də soyumayacaq. Qanım belə qurumayacaq... Amma unudulacağam... Onda da mənim üçün iş-işdən keçmiş olacaq. Bilirsən, niyə unudacaqlar?.. Çünki onlar beyinlərinə yeridəcəklər ki, mənim günahım cəzasız qalmayıb, mən artıq günahımın cəzasını çəkmiş olacağam. Tanrı dərgahındasa ruhumun çəkdiyi əzablar onların vecinə olmayacaq.
B: Sən özünə qarşı necə də qəddar, amansızsan...
A: Ah, mənim əzizim!.. Mən məhkum 417-yəm! Xatırladım ki, çoxdan edama məhkum olunmuşam, qərar qəbul edilib. Mən sussam da, danışsam da bu hökm yerinə yetiriləcək. Və mən məhkum olduğum edam cəzası ilə (kinayə ilə)
7
“mükafatlandırılacağam”. Bir də ki, burada mənim nə günahım var? Edam cəzasını ki mən kəsməmişəm. Məni ittiham etməyə sənin ixtiyarın yoxdur!
B: Səndən başqa kimi ittiham etməliyəm?
A: Taleyimi...
B (anlamır) : Taleyini?..
A: Hə, taleyimi...
B: Axı niyə?
A: Ona görə ki, insan taleyinin quludur. Taleyin səni hansı səmtə aparsa, tərəddüdsüz o yolla gedəcəksən.
B: Bəs, sən taleyinə qarşı çıxsan?.. Onunla razılaşmasan?
A (istehza ilə gülümsəyir) : Təəssüf, əzizim...
B: Niyə? Ola bilməz?..
A (ümidsizcəsinə dərindən nəfəs alır) : Mənim buna ixtiyarım yoxdur.
B: İxtiyarın yoxdur? (A “yox” mənasında başını tərpədir.) Axı bu, necə ola bilər?.. Bu ki sənin taleyindir...
A: Bax, burada bir balaca səhvin var...
B: Nə səhv?
A: Tale mənə yox, mən taleyə məxsusam... Buna görə də onun hər qərarı ilə razılaşmağa...
B (A-nın sözünü kəsir) : Məcbursan?
A (“yox” mənasında başını tərpədir, istehzalı təbəssümlə) : Məhkumam!
B: Yenə məhkum?.. (A “hə” mənasında başını tərpədir.)
A: Bilirsən, sənə açıq deyəcəyəm... Mənim taleyim höcətdir... İpə-sapa yatmır, dilə gəlmir... Mən onunla dil tapa bilmərəm.
B: Bəs, neyləyəcəksən?
A: Hər sözü ilə, hər hərəkəti ilə razılaşmalıyam.
B: Bəlkə, başqa nəsə...
A (B-nin sözünü kəsir) : Artıq danışmaq nəyə lazımdır... Onsuz da heç nə alınmayacaq. Mən onunla bacarmaram... Onun kürəyi yerə gələn deyil...
B (əsəbləşir) : Axı o kimə arxalanır?
A (əli ilə yuxarı - Allaha işarə edir) : Yuxarıdakına...
B: Yəni deyirsən Onun bu olanlardan xəbəri var?
A: “Xəbəri var” da sözdür?.. Elə hamısı onun oyunlarıdır da...
B: Necə yəni?.. Axı, sən... Sən şeytana uyub, əlini qana batırdın... Bunu ki səndən O istəməmişdi... Qatil oldun... Buna O neyləsin?
A (mənalı, istehzalı təbəssümlə) : Yəni deyirsən Onun... Şeytana gücü çatmır?..
B: Bəlkə, sən iradəsizliyinin qurbanısan?!.. Axı niyə görə, günahı başqasının üstünə yazmalıyıq?..
A: Başa düşdüm, başa düşdüm...
B: Nəyi başa düşdün?
A: Hər şey aydındır...
B: Axı nə aydındır?
A: Sən korsan. Ya da özünü elə göstərirsən. Mən sənə həqiqəti deyirəm, sənsə
8
nədənsə bunu görmək istəmirsən. (Yuxarını göstərir) Ondan qorxursan?.. Bəlkə də... Amma mən qorxmuram... Daha keçib, əzizim... Onsuz da törətdiyim qətllərdən sonra neyləsəm də cəhənnəmin əbədi əzabından xilas ola bilmərəm. Bir artıq, bir əskik... Mənim üçün nə fərqi var?
B: Axı deyirlər O bağışlayandır...
A (öz-özünə, amma ucadan) : Bu, xəstədir ki...
B: Yəni deyirsən O, səni bağışlamayacaq?
A: Sən məni dolamısan?.. Yoxsa, özün axmaqsan? Sənin başın xarab olub, deyəsən... Hə, hə... Vallah, dəli olmusan... O bağışlayandır e... Amma day ağ eləməyək də... Ötəri günahları... Day dörd nəfəri qanına qəltan edən qatili yox ki... Adama nə deyərlər?.. Mən bunun cəzasını çəkəcəyəm... Amma deyim ki, işim çox ağır olacaq...
B: Heç bir yolla həll eləmək olmaz, hə?..
A: Ona da rüşvət verim?.. Yox, keçməz. Əzizim, orda demokratiyadır. Həqiqi demokratiya, geydirmə yox... Orda hər şeyin dadı adında olduğu kimidir. Orda adı başqa, dadı başqa olmur. Sənin fikrin buralara getməsin e...
B: Bəlkə, məsələni onacan həll eləmək lazımdır?
A: Yəni?..
B: Bəlkə, heç onun yanına getməyəsən?!.. İşini səni onun yanına aparmağa gələnlə həll edəsən...
A: Yox, bu da alınan iş deyil. Məni aparmağa gələn də elə Onun özünə tabedir. Bir sözlə, gərək hər şeylə barışam.
(Səhnədə bir anlıq dərin sükut hökm sürür... Bir müddət sonra, bu
sükutu B pozur.)
B: Görəsən, sənə rekviyem yazacaqlar?
A (sanki, yuxudan ayılır, elə bil ki, ona zərbə dəyir) : Nə?
B: Deyirəm, görəsən, sənə rekviyem yazarlar?
A (hələ onu anlamağa çalışır, öz-özünə) : Rekviyem?..
B: Hə də... Rekviyem... Matəm musiqisi...
A: Niyə?
B: Qəribə adamsan e... Necə yəni niyə?! Axı sən öləcəksən...
A: Mən özüm ölməyəcəyəm ki... Məni öldürəcəklər. Bir də ki, harada görmüsən, qatilə rekviyem həsr eləsinlər?! Səninki xam xəyaldır. Amma sənə deyim, iştaham böyükdür ha!.. (Pauza) Mən həmişə istəmişəm ki, məşhur olum, hamı məni tanısın...
B: Deyəsən, arzuna çatmısan axı...
A: Necə bəyəm?
B: O qətllərdən sonra bütün informasiya portalları səndən yazır. Tək bizdə yox e, bütün dünyada. Deyirəm də... Dünya nə qədər qatillər, canilərlə üz-üzə qalıb, amma sənin kimisi ilə rastlaşmayıb. Sən birincisən... (A fəxarət hissi ilə dolur, B bunu hiss edir.) Nə olub, fəxr edirsən?.. (Öz-özünə) Camaat kəşfi ilə, ixtirası ilə
9
fəxr edir, bu da törətdiyi qətllə... Adam fikirləşəndə, tükləri biz-biz olur, hələ qalmışdı o qətlləri törətmək. Səndə şir ürəyi var...
A: Sən olsan, belə eləməzdin?
B: Bundan on qat artığını edərdim... Mən hələ, bəlkə, onların cəsədinə də od vurub yandırardım... Hələ, bəlkə, evi də...
A: Bəs, məndən nə istəyirsən?..
B: Heç nə... Niyə özündən əl çəkmirsən, bəlkə, bitirəsən?
A: Yaxşı... Sən deyən olsun... Tutaq ki, mən susdum. Heç sən də danışmadın. Araya sükut çökdü. Mən elə bu saat bu sükutu təşkil edə bilərəm. Amma qorxuram...
B: Qorxursan ki, danışıb, başını qatmasan, məni də öldürəsən?
A: Qətiyyən. Mən özüm üçün qorxuram.
B: Özün üçün niyə?
A: Qorxuram ki, araya sükut çöksə, mən dözə bilməyib, özümü öldürəm...
B: Sən bunu heç vaxt eləməzsən. Sən adam öldürə bilərsən?
A (qəh-qəhə ilə şaqqanaq çəkib gülür) : Söz tapmadın danışmağa? Bəs, o, öldürdüklərim nə idi?.. Milçək idi, ya çəyirtkə... (Şaqqanaq çəkib, gülməyə davam edir.) Hərdən özümə şablon sual verirəm... Sual verirəm ki... Peşmansan?.. (fikirləşmədən, o dəqiqə) İt kimi! (A yerə tüpürür, özünə) Yerə girəsən! Ə, kişisən e...
B: Öldürmüsən, indi deyirsən peşmanam.
A: Sənə kim dedi ki, öldürdüyüm üçün peşmanam?
B: Bəs, nə üçün peşmansan?
A: O evi ki yandırmadım, onu heç vaxt özümə bağışlamayacağam. Heç məzarları da olmazdı, yanıb kül-toz olardılar... (Özü özünü bərk-bərk qucaqlayır) Oooo... Mənin heykəlim qoyulmalıdır. Kişiliyin rəmzi kimi məni göstərmək lazımdır!
B: Qorxursan?
A: Nədən?
B: Məhkəmənin verdiyi qərardan...
A: Tələsirəm...
B: Nəyə tələsirsən?
A: Getməyə... Elə bil ki, kimsə məni tələsdirir. (Ayağa qalxır) Elə bil, kimsə məni kürəyimdən itələyir... (B A-nı kürəyindən itələyir, onun danışdığı səhnədə nümayiş olunur.)
B (vəhşicəsinə günahkarı edama aparan şəxsi oynayır) : Yeri... Yeri get... Edama... Tələs... Dayanma... Yaman ləngsən, tez ol... Ora bax, qabaqdakı ağacı görürsən?.. Bar verməyə hazırlaşır... (Tamaşaçılara) Diqqət! Diqqət! Eşidin, agah olun... Bu gün məhkum 417 edam olunacaq... O, dörd nəfərin qatilidir! Onun cəzası edamdır! O, edama məhkumdur! (Səhnəni dairəvi şəkildə fırlanırlar, sanki, edam meydanını dolaşırlar.)
A: Dayan! Dayan! (Hər ikisi dayanır.) Axı bu cəza mənim üçün deyil... Siz səhv edirsiniz... Diqqətli olun... Araşdırın... (Günahkarı edama aparanın səsilə) Yeri, yeri... Araşdırmaqdan çoxdan keçib... Sən, məhkum 417, edama məhkumsan!
10
B: Sus! Mən səni eşitmək istəmirəm! (Bir anlıq pauzadan sonra) Mənə bilirsən, nə maraqlıdır?!.. Görəsən, sən vicdanın qarşısında necə cavab verəcəksən?.. Ağır olmayacaq?.. Bəlkə, sənin vicdanın yoxdur, hə?.. Bəlkə, elə əvvəlcə bu sualdan başlayaq... Nə deyirsən?.. Vicdanın var, ya yox... (Bir anlıq sükut. A cavab vermir.) Bəlkə də, bir zaman var idi... İndi artıq ləkələnib... Özü də elə ləkələnib ki, seçmək olmur. Mənə elə gəlir ki, həyatda vicdansız insan yoxdur. Sadəcə, sənin kimilər vicdanını elə dərinlikdə gizlədiblər ki, artıq harda olduğunu belə, çoxdan unudublar, yadırğayıblar... Bilirsən, vicdanına qulaq asmayan insanlar həmişə başqalarından fərqlənir. Yaşadığı cəmiyyətə qarşı özgə olur... Yadlaşır... Bəlkə, yalan deyirəm?
A (qəti) : Ey, bura bax, sənin indi dediklərin mənə aid deyil. Mən vicdanımı itirməmişəm! Mən o zaman vicdansız olardım ki, evdə gördüklərimə göz yumardım. Heç nə olmamış kimi həyata davam edərdim... Lakin mən bu cür hərəkət edə bilməzdim. Buna mənim vicdanım imkan verməzdi. Bax, elə sən özün. Əgər mən gördüklərimə göz yumsaydım, sən məni necə qəbul edərdin?.. Səni inandırım ki, heç mənim üzümə də baxmazdın.
B (əl çalır, A onun niyə belə etdiyini anlamır) : Mən sənə heyranam!
A (heç nə anlamır) : Anlamadım...
B : Sən şəxsiyyətsən... Sən əsil insansan! Şəxsiyyətin tər-təmizdir, uca kürsüdə yer alıb. Mən səni çox yaxşı başa düşürəm. Sən hər şeyi düz eləmisən, necə lazımdır, o cür də hərəkət etmisən. Bilirsən, bunca vaxt ərzində sən mənə əsil iradə nümayiş etdirdin. Sən mənə qürurun nə olduğunu göstərdin. Sənin yaşadıqların dəhşətdir. Heç bilmirəm, bütün bunlar mənim başıma gəlsəydi, dözə bilərdim, ya yox. Amma sən dözürsən... Bacarırsan...
A: Nə bilirsən, nə əzablar çəkirəm?!
B: Hamısından xəbərim var. Amma əsas odur ki, bütün bu əzablara rəğmən dik dayanmağı, əzilməməyi bacarırsan. Düzdür, səni qatil adlandırırlar, hələ bunun üçün edam da olunacaqsan. Amma ürəyini buz kimi saxla, sən hər şeyi düz eləmisən. Sən nə lazımdırsa, hamısını yerli-yerində, heç bir əskiksiz, tələb olunduğu kimi etmisən. Namus, şərəf, ləyaqət məsələsini insan həmişə uca tutmalıdır! Nə olur-olsun. Fərqi yoxdur. Həyatın bahasına da olsa, şərəfin, ləyaqətin ləkələnməsinə yol verməmək mütləqdir. Ləkələnmiş namusla, əzilmiş ləyaqətlə, tapdalanmış şərəflə yaşamaq ölümdən daha alçaldıcıdır. Bəzən ölüm həyatda hər şeydən dəyərli olur. Bax, sən indi yaşayırsan, düzdür. Amma mən sənə baxanda, qarşımda insan yox, nəfəs alan ölü görürəm... Bilirsən, niyə?.. Çünki sənin yalnız bədənin bioloji olaraq yaşayır. Ruhunusa çoxdan öldürüb, üstünə də torpaq atıblar. Bu halda olsan da günahı mən səndə görmürəm. Sən taleyin qurduğu tələyə düşmüsən. Bax, indi kimsəsizsən... Tənhasan... Bədbəxtsən... Ona görə bədbəxtsən ki, təkcə arvadın yox, ən əsası taleyin də sənə xəyanət edib. Bax, adamı əsas yandıran budur. Sən, bəlkə də, həmişə ətrafa qarşı müdafiə olunmusan, lakin ən ağır zərbəni içindən, sənə hamıdan əziz, yaxın olan taleyindən almısan. Bu, çox ağırdır... Məhvedici zərbədir. Bilirsən, mənim ən çox zəhləm gedən şey kimisə qınamaqdır. Mən kimsəni qınamağı sevmirəm... Səni də qınamıram... O cür
11
gözlənilməz hücümdan, zərbədən sonra...
A: Nə olar, təkrar-təkrar xatırlatma...
B: Bilirsən, sənə xoş gəlsin deyə demirəm, amma inan səmimiyyətimə... Sənin yerinə mən də olsaydım, elə bu cür hərəkət edərdim. Heç bir məhbəs, heç bir cəza məni qorxuda bilməzdi... Sən... Sən başqa cür hərəkət edə bilməzdin, yoxsa, özün yaxşı bilirsən ki, üzünə tüpürərdilər! (B-yə yaxınlaşıb, onu oturduğu yerdən qaldırır. Əlləri ilə çiyinlərindən yapışır.) Nə yaxşı ki, hələ də sənin kimi namuslu, ləyaqətli adamlar qalıb bu yer üzündə. Mən xoşbəxtəm ki, sənin kimi namuslu adamla tanış ola bildim. Bunun üçün taleyimə minnətdaram! Səninlə tanış olmaq, ünsiyyət etmək böyük xoşbəxtlikdir. Sən kişiliyin qürur yerisən! Ürəyini sıxma... Dedim axı, sən başqa cür hərəkət edə bilməzdin. Kim nə deyir, desin. Sən mənim fəxrimsən... Mənim əzizim! Sən düz hərəkət etmisən! Kim nə deyir, desin, vecimə də deyil. Mən... Mən səninlə fəxr edirəm, həmişə də fəxr edəcəyəm! Qandır da tökdün... Amma sən bu qanla şərəfinə vurulan ləkəni təmizləməyi bacardın... Mənim qardaşım! (A-nı bərk-bərk qucaqlayır, A isə nə baş verdiyini anlamır, olanları dərk etməyə çalışır. Sualedici nəzərlərini ətrafa zilləyir.)
İşıq sönür. Səhnə qaranlıqdır. Pyesin əvvəlindəki kimi yenə də səhnədə - səhnənin ön hissəsində ayrı-ayrılıqda paralel şəkildə işıq halqası görünür. Daha sonra əvvəldə gördüyümüz iki nəfər polis işçisi tələsik gəlib, hərəsi bir halqanın içinə girirlər və danışırlar.
II POLİS: Artıq vaxtdır... Edam cəzasına məhkum olunan qatilin cəzası yerinə yetirilməlidir.
I POLİS: Belə tez?..
II POLİS: Bəyəm tezdir?.. Hakimin təyin etdiyi vaxta on dəqiqə qalıb. Artıq məhkum 417 on dəqiqədən sonra edam kürsüsündə hazır olmalıdır.
I POLİS: Yəni o, öləcək?..
II POLİS (məmnunluqla): Qanun belə tələb edir. Biz kimik ki?!.. Qanun qarşısında hər bir vətəndaş acizdir, dostum...
I POLİS: Məgər, bir insan canına qıymaq ədalət hesab olunur?.. Əgər belədirsə, ədalətin xar olsun, dünya!
II POLİS: Yaxşı, yaxşı... Bu fəlsəfi fikirlərini, özünəməxsus yanaşmanı, qanunlardan giley-güzarını sonraya saxla. İndi isə bizə verilən əmri yerinə yetirməliyik. Məhkum 417-ni edam ağacına aparmalıyıq. Bizə tapşırıq belə verilib. Yubanma, gəl... (İti addımlarla çıxır.)
I POLİS (səhnədə tək qalır, gedən polisin arxasınca mənalı-mənalı baxır) : Bədbəxt, 417... Bu da son... Bu da final... Edam ağacı səni gözləyir... Səbrsizliklə... Bilirəm, bu, son deyil... Amma mənə maraqlı olan odur ki, görəsən, o edam ağacı bundan sonra neçə məhkum 417 görəcək?.. Neçə cana qıyacaq?.. Nə bilmək olar... (Dərindən ah çəkir) Yaşayarıq, görərik... (Onun üzərinə düşən işıq sönür, səhnə qaranlıqlaşır.)
12
Qaranlıqda tükürpədici qonq və ya zəng səsləri eşidilir. Bu, vaxtın çatdığına
işarədir. İşıq yananda, A səhnədə olmur. B A-nı axtarır. Bu zaman II Polis işçisi gəlir. B tez ona tərəf qaçır.
B: Ey... Ey... Hanı o?.. Hara getdi o?.. Hardadır o?..
II POLİS İŞÇİSİ: Nə olub?.. Nə sarsaqlayırsan?.. Nə danışırsan?..
B: Hara getdi o?.. Axı, o indicə burdaydı...
II POLİS İŞÇİSİ: Nə deyirsən?.. Kim?.. Kim burdaydı?..
B: O... (A-nın oturduğu yeri göstərir) O, burada oturmuşdu...
II POLİS İŞÇİSİ: Sən kimdən danışırsan?
B (gizli məlumat verirmiş kimi): Qatildən... Hə, hə... Qatildən... Burada bir qatil vardı...
II POLİS İŞÇİSİ: Vardı yox, var... Burada hələ də bir qatil var və mən onu aparmağa gəlmişəm... Bir də ki, burada səndən başqa heç kim olmayıb. Biz axmaq deyilik ki, sənin kimi cinayətkarı kiminləsə eyni kamerada saxlayaq. (B-nin qolundan yapışır) Gedək...
B: Necə?.. Siz demək istəyirsiz qatil mənəm?.. Qatil mən deyiləm...
II POLİS İŞÇİSİ: Bəs kimdir?
B: O, burdaydı... O indicə burdaydı... Biz onunla bayaqdan danışırdıq... Yəqin hardasa gizlənib... Onu tapın...
II POLİS İŞÇİSİ (soyuq) : Özünü dəliliyə vurma... Deyəsən, elədiyin qətliam sənin ağlını da çaşdırıb... Deyəsən, özlüyündə başqa bir qatil yaradıb, bütün təqsirləri ona yükləmək fikrindəsən... Burda... Bu nömrələr keçmir... Gəl keç... Keç... Onsuz da səhərdən burda dəli kimi özbaşına danışırsan... Keç görüm... Keç...
B: Bəlkə, siz kiminləsə məni səhv salmısınız?..
II POLİS İŞÇİSİ: Yox... Heç bir səhvə yol verilməyib. Bizə məhkum 417 lazımdır. O da sənsən... (B-ni qolundan tutub aparır, amma hələ səhnədən çıxmırlar.)
B: Dayanın!.. Dayanın!.. Mənim heç bir günahım yoxdur, mən qatil deyiləm!.. Siz səhv salırsınız, mən məhkum 417 deyiləm... Siz məni hara aparırsınız?..
II POLİS İŞÇİSİ: Hara aparırıq?.. (Acı, dəhşətli qəh-qəhə ilə gülür) Heç, elə-belə... Məhkum 417... Edam olunmağa... Sən ölümə gedirsən... Sənin təqsirinin cəzası budur.
B (nələr olduğunu anlamayaraq, hay-küy, qışqır-bağırla) : Mən məhkum 417 deyiləm... (A-nın əvvəl dayandığı, indi boş qalan yeri göstərir) Hər şeyin günahkarı odur... Mən yox... Siz səhv edirsiniz... Mən hara gedirəm?.. Siz məni hara aparırsınız?..
II POLİS İŞÇİSİ (son dərəcə sakit) : Edama, əzizim... Edama...
Birdən ruh kimi A peyda olur. Yalnız A-nı B görür. B A-nı Polisə işarə vermək istəyir, lakin dili söz tutmur. Danışa bilmir. A ruh kimi B-nin arxasınca kinayə ilə gülümsəyir və edama gedən B-yə əl edir. II Polis işçisi B-ni aparır, gedirlər. Səhnədə yalnız A qalır, işıq yığılır, yalnız A-nın üzərinə
13
düşən işıq halqası qalır. A B-nin arxasınca əl edir. İşıq tamam sönür.
Qaranlıqda edam musiqisi səslənir və eyni zamanda edama baxmaq üçün
toplaşan insanların hay-küyü eşidilir... Edam musiqisinin müşayəti ilə pərdə ağır-ağır bağlanır...
S o n
Elvin NURİ
3-5 Mart 2020
Şəki
(ADMİU- III kurs)