manera.az
manera.az

Tərif ölüsü olan Ağaşirin.. - Fərid Muradzadə yazır

📅 20.06.2020 03:00

Tərif ölüsü olan Ağaşirin.. - Fərid Muradzadə yazır
MANERA.AZ gənc yazar Fərid Muradzadənin iki yeni hekayəsini təqdim edir:

Topaz

Qəlbi Vətən həsrəti ilə döyünən, qürbətdə vətən eşqi ilə yaşayan, vətən üçün burnunun ucu göynəyən, ürəyində bir nisgil, bir həsrət, bir qəriblik çəkən professor Qərib bəy illər sonra qovuşduğu Vətəndə ətrafdakı insanlardan dolayı bir qəriblik hiss edirdi. Burda cəmiyyətin böyük əksəriyyətinin mütləq bir umacağı olduğunu bu bir neçə gün ərzində yaxşı dərk etmişdi. Evdə-öz doğma ata ocağında sıxılırdı. Elə bil illərlə qürbətdə yaşamamışdı, sanki qürbət indi başlamışdı...

Hər gecə onu ziyarətə gələn, onu evlərinə qonaq çağıran, məqsəd güdən qohumlar anlamırdılar ki, professorun onlara deyil, illərlə həsrətini çəkdiyi bu şəhərə, onun daş-divarına, qırlı,yastı-yapalaq damlarına, bu yerlərdə qoyub getdiyi xatirələrinin canlı şahidlərinə ehtiyacı var. 15 il sonra vətənə dönən Qərib bəy, illər əvvəl tərk etdiyi bu şəhərin qənbər döşəməli küçələrindən bir gün ərzində azı beş dəfə keçib getmişdi. Hər şey o qədər doğma, o qədər əziz idi ki...

Ətrafda görüntü olaraq çox dəyişiklik baş vermişdi. İnkişafın getdiyi aşkar görünürdü. Dəyişməyən təkcə Qəribin ürəyindəki vətən həsrəti idi. Bu şəhərdə keçən uşaqlığı, gəncliyi, ilk sevgisi, səngərdə keçirdiyi günləri, əzablı döyüş yolu bir-bir, kino lenti kimi gözlərinin önündə canlanırdı. Hər yer birxatirəyə , hər gözlə görünən bir fraqmentə çevrilmişdi. Amma sevmədiyi şeylər də vardı. Bu altı gündə onun insanlar arasında ən çox müşahidə etdiyi gənclərin boş-bekar kafe və çayxanalarda nərd, domino kimi oyunlar oynaması, saatlarla sosial şəbəkələrdə tanışlıq sevdası, boşuna heç etdikləri, itirdikləri zaman olmuşdu.

O, heç vaxt boşuna zaman itirməyi qəbul etməmişdi. Burda ona qəribə gələn bir xüsus da vardı: orta və yaşlı nəslin dilinin əzbərinə çevrilən,, internetdə var!" ifadəsi. Hamı dünyanın qlobal problemlərinin həllindən elə danışırdı ki, professor bu siyasətin bu qədər ,,asan" olmasına məəttəl qalırdı. Çayxanalarda saatlarla vaxt itirərək dünyanın sosial, siyasi və iqtisadi problemlərinin iki dəqiqədə təhlilini və hətta həllinin izahını verən bu insanları gördükcə fərqli bir dünyada olduğunu hiss edirdi. O, kütlənin kitab oxumadığını, maariflənmə səviyyəsinin aşağı olduğunu açıq-aydın görür və buna çox təəssüf edirdi. Qərib bəy atasından sonra onu buralara daha çox bağlayan son bağ olan, ata kimi xətrini istədiyi yeganə əmisinin yas mərasiminə gəlmişdi. Böyüklü-kiçikli hamı nəslin fəxri olan bu hörmətli qonağa özünü ,,şirin satmağa" çalışırdı.

Qohumların, xüsusən də əmioğlanlarının təklif etdikləri maşınlardan qəti olaraq imtina etmişdi. Heç taksidən belə istifadə etmirdi. Əsasən marşrutdan istifadə edirdi. Çünki, o, buraları gəzmək istəyirdi. Onun uşaqlığının, gəncliyinin şahidi olan buralarla baş-başa qalmağı ona hava, su kimi lazım idi. Axşam qaranlıqda sakit küçə ilə hərəkət edirdi. Ağacların arasından süzülən işıq fonunda qəribə bir rəng tonu yaranmışdı. Binanın altındakı elektronika məhsulları satılan mağazanın yanındakı iri lay şüşəli iaşə obyekti anidən onun diqqətini özünə cəlb etdi. İçəridə bir neçə adam vardı. Səliqəli stol-stullar buranın zövqlü bir məkan olması təəssüratı yaradırdı.

Bura tər-təmiz şüşələri, iri televizoru, şəffaf işıqları ilə yanındakı iaşə obyektlərindən fərqlənirdi. Maraq onu bürümüşdü. Onu ən çox maraqlandıran əllərində dəftər-qələmlə bura gələn yaşlı və cavan adamlar idi. Bəlkə bura oxu zalı, yaxud da həvəskar yazarların toplaşdığı bir klubdur, -deyərək asta addımlarla ora tərəf getməyə başladı. Düşünürdü ki, nə yaxşı belələrini də gördü. O, boşuna vaxt itirənləri görəndən sonra burdakı çoxluğa inamı azalmışdı, indi isə müxtəlif yaş təbəqəsinə məxsus insanların gözəl bir amal uğruna bir məkana toplaşmaqları onu feyziyab etməyə başladı.

Gedib onlarla ünsiyyət qurmaq, həmsöhbət olmaq istədi. Neçə gündür qohumların yersiz suallarından və mollanın cənnət-cəhənnəm, cin-şeytan nağıllarından bezmişdı. Yolu kəsə keçib həvəslə qapıya yanaşdı. Başını yuxarı qaldırıb lövhəni oxuyanda isə bütün sevinci bir andaca qeyb oldu. Bunun nə olduğunu eşitmişdi. İri reklam tablosunda qırmızı hərflərlə,,Topaz" yazılmışdı.

Tərif

Onlar eyni evdə işləyirdilər.Balacaboy, arıq, qarayanız, üzü və boynunun ardı hər zaman pırtlaşıq tüklə dolu olan, göz qapaqlarının arasında balaca, parlaq gözləri oyur-oyur oynayan bu adamın özünəməxsus birs tipi vardı.Qəribə də olsa o, hər zaman ağ köynək, qara şalvar geyinərdi. Tozdan bozaran qara şalvarının kəmərindən asdığı telefon onu XX əsrin əvvəllərində Bakı qoçularının yanında hərlənən balacaboy qoçu köməkçilərinə oxşadırdı. Adı Ağaşirin olan bu adamın yaşına uyğun olmayan bir cəldliyi vardı, həm də çox danışan idi. Amma Ağaşirinin bir məziyyəti də vardı ki, bunu Asəf ilk dəfə onu görəndən sonra kəşf etmişdi. Nə ağasından nə də şirinliyindən əsər-əlamət olmayan zəhər tuluğu kimi Ağaşirinin dəhşət dərəcədə tərif ,,mərəzi" vardı. Adam sonsuz dərəcədə təriflənməyi sevirdi. Xüsusən də qohumumdur dediyi ev sahibini görəndə təriflənməsi üçün dəridən-qabıqdan çıxardı.

Ev sahibi Aqil ucaboy, qaraşın, nataraz birisi idi. Arxalı-dayaqlı, əsil-köklü bir nəsildən idi. Ailəliklə uzun illər polis orqanlarında işləmişdilər. Adam insan sərrafı idi. Olsun ki, bu da uzun illər polis sistemindən əldə etdiyi təcrübəyə əsaslanırdı. Adam sistemdən uzaqlaşmışdı. Deyilənə görə polkovnik-leytenant olan Aqil müəllimi müəmmalı şəkildə vəzifəsindən və rütbəsindən məhrum etmişdilər. O da ərizə yazıb könüllü olaraq polis orqanlarını tərk etmişdi. O, həm baməzə,həm mərdanə, həm də əliaçıq adam idi. Zarafatlarında belə üzündəki ciddiyyəti dəyişməzdi. Di gəl ki, etdiyi zarafatlardan ətrafındakılar qəşş edərdilər. Hər gələndə ustalara,, şirinlik" verərdi.

Ağaşirin bu gün yaman gümrah görünürdü. Qolunda saatı olsa da tez-tez toqqasından asılan qara rəngdə soyuq silaha bənzər,,Maxon" telefonunu çıxarıb saata baxırdı. Elə bil kimisə gözləyirdi. Hərdən ona-buna ,,komanda" verirdi. Burda bir növ məsul şəxs olduğunu göstərmək istəyirdi. O, hamıya hökm etsə də Asəfgilə yaxın gəlmirdi. Açığı Asəfdən qorxurdu. Düzdür, bunu burda o ikisindən başqa bir kimsə bilmirdi. Ağaşirin bir gecə 2-ci mikrorayonda Asəfin təkbaşına 3 nəfəri yerə uzatdığını görmüşdü və elə o gündən də onlardan uzaq gəzirdi. İçəridə qızğın iş gedirdi. Səs-küydən ağız deyəni qulaq eşitmirdi. Qapı zərblə döyülürdü. Səsi eşidən kimi yerindən sıçrayıb qapıya sarı yüyürdü.
-Baaa, müəllim, xoş gəlmisiniz, şəfa gətirmisiniz, həmişə siz gələsiniz.
-Sağ ol, ay Ağaşirin.

Bir az yaltaq ,bir az da tərif ölüsü olan Ağaşirin Aqil müəllimi görülən işlərlə tanış edirdi. İlk növbədə öz işlərini təqdim etdi. Əlinin altında işləyən ustalar da mahir sənətkarlar idilər və həqiqətən də gözəl iş ərsəyə gətirmişdilər. İnsafən özünün də çox gözəl əl qabiliyyəti vardı. İşdən məmnun qalan Aqil müəllim ağızdolusu onu təriflədi. Tərif canına yağ kimi yayılan Ağaşirin bir andaca özünü Simurq quşunun qanadlarındakı Məlikməmməd zənn edirdi. Az qala bütün işləri öz adına çıxa-çıxa Aqil müəllimə göstərirdi. Aqil uzunçuluğu və yaltaqlığı sevməyən adam idi. Ağaşirinin yersiz danışığı onu yorsa da bu baməzə adam hər dəfə ona ,,kişi adamsan" deyərək Asəfə göz vururdu. Artıq Asəf sonda Ağaşirinin gülməli bir vəziyyətə düşəcəyini qət etmişdi. Son cümləsini bitirib gözlərini Aqil müəllimin ağzına dikən Ağaşirin yeni bir tərif eşitmək həvəsində idi.

Yersiz söhbətdən səbri kəsilən Aqil müəllim ona -,,Vallah ay Ağaşirin ,sənə boşuna demirəm bu sözləri. Sən kişi adamsan, kişisən e, kişi! Amma arvad hamamında!- dedi. Elə bil Ağaşirini sıldırımdan uçuruma itələdilər.


Baxış sayı - 794 | Yüklənmə tarixi: 20.06.2020 03:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031