Çətin qərar - Yeni hekayə
![]()
İlk dəfə həbs olunanda onun 19 yaşı təzəcə tamam olmuşdu. Cavan və “kukla” kimi oğlan idi. Hansı cinayət maddəsi ilə məhkum olunmasını gizlətməyə çalışsa da, törətdiyi əməli haqqında xəbəri özündən qabaq zonlara yayılmışdı.
Şərəfli olmayan maddə altında cəmi beşcə il yatıb çıxsa da, azadlıqda çox gəzmək yenə ona müəssər olmamışdı. Belə ki, birinci Qarabağ müharibəsindən yayındığına görə ona daha 4 il həbs cəzası kəsmişdilər. İslah olunması üçün onu şəhər kənarından bir qədər aralıda yerləşən islah düşərgələrinin birinə göndərmişdilər. Özünün dediyinə görə islah düşərgəsində zabit və nadzorların, eləcə də cəzalarını çəkən dustaqların arasında böyük hörmət qazandığından onu vaxtından əvvəl həbs düşərgəsindən buraxmışdılar. Bu sözləri bir vaxtlar onu görmək üçün evlərinə gələn qonaqlara həvəslə danışırdı. Onunla görüşə gələn qonaqlar arasında nədənsə həyət və məktəb yoldaşlarının, bir vaxt dostluq etdiyi gənclərin olmaması onu heç də narahat etmirdi, əksinə heç o da onlarla görüşməyə can atmırdı.
Cəza müdətinin 2 il qısadılmasında rayonun məsul işçilərindən sayılan atasının əməyi az olmamışdı. O, illərlə yığdıqlarını bir günün içində kiminsə kabinetində qoyub çıxdıqdan bir ay sonra oğlunu azadlığa buraxmışdılar. Rayondakı taytuşları ilə üz-üzə gəlmək istəmədiyindən cəmi ikicə gecə evdə qaldıqdan sonra, elə gecəynən də birbaşa hava limanına yola düşmüşdü. Ordan da bilet alıb təyyarə ilə Moskvaya uçmüşdu.
Elə ilk gündən Moskva həyatı heç də düşündüyü kimi olmadı. Bu boyda böyük şəhərdə nə qalmağa yeri, nə də ki bir tanışı vardı. Tanışının olmaması əslində onu sevindirirdi. Tanınmadığı və tanımadığı insanlar arasında həyatını yenidən başlamaq arzusundaydı.
Artıq üç gün idi ki, dəmiryol vağzalında gecələyirdi. Polis patrullarının əlindən düzəməlli yuxusunu da ala bilmirdi. Evdən cibxərclik kimi götürdüyü o qədər də çox olmayan pulu da tükənmək üzərə idi. Cibindəki pulu ardıcıl olaraq mağazadan aldığı un məmulatları ilə qidalanmağa uzağı bir həftəyə ancaq çatardı.
Vağzal yaxınlığındakı köşklərin birində günəbaxan yağında bişirilmiş kartof piraşkisindən alıb yemək artıq onu bezdirmişdi. Qarnı ac, bədəni yorğun olduğundan işləmək üçün iş yerini harda və necə axtarmaq hələki heç ağlına da gəlmirdi. Amma anlayırdı ki, ilk əvvəl yaşamaq üçün yer haqqında düşünməlidir. Gəlməmişdən qabaq elə düşünürdü ki, ağ atın üstündə oturan bir gözəl və imkanlı rus qızı gəlib onu bu vağzaldan tapıb aparacaq, “qarabala” olduğu üçün onu öz evində yağ içində böyrək kimi bəsləyəcəkdi.
Türmədə yatan özlərindən razı “stajlı” dustaq yoldaşlarından eşitdiyi “rus qızları qafqazlı oğlanlar üçün sino gedirlər” kimi nağıllara nədənsə inanır və hələ də ümid edirdi. Saatlar günlər ötür, onun gözlədiyi o rus qızından isə heç bir xəbər yox idi. Əslinə qalsa artıq qızlar onun üçün heç maraqlı da deyildi.
Bundan başqa onun ən böyük bədbəxtçiliyi isə rus dilini çox zəif bilməsi idi. Elə bu səbəbdən də vağzaldan kənara çıxmağa ürək etmirdi. Polislərin nəzərini cəlb etməmək üçün vağzalın gözləmə zalındakı kreslolarda oturaq halda yuxulamaq, artıq onu yormuşdu. Ayaqqabılarını çıxardıb başının altına qoyaraq rahat şəkildə ayaqlarını uzadıb bir-iki saatlıq da olsa yatmaq istəyirdi. Hal hazırda ürəyindən keçən ən böyük və əlçatmaz arzusu bu idi. Amma bu neçə gün ərzində belə bir arzunu reallaşdırmağa hələ ki nə imkanı olmuşdu, nə də ki polislərin əlindən amanı. Göz qapaqlarını ovuşdurmaqdan gözlərinin altı da qaralmış, torbalanmışdı.
O, əlini cibinə salıb siqaret qutusunu çıxartdı. Siqaret çəkmək üçün ayağa qalxıb vağzalın çıxışına doğru addımladı. Çıxış qapısının ağzından təzəcə aralanmışdı ki, birdən qulağına doğma səslər eşidilməyə başladı. Bəli, bu bir neçə gün idi ki, eşitmədiyi doğma ana dili idi. Onsuz da yorğun olan görkəminə bir az da məsumluq qataraq məhəcərin kənarına söykənib siqaret çəkən oğlanlara yaxınlaşdı:
-Salam, yerlilər. Mən də sizlərdənəm. Artıq bir neçə gündür ki, vağzalda qalıram. Şəhərə gəldiyim ilk günü əlimdəki çantamı oğurlayıb qaçdılar və mən pulsuz-parasız buralarda qalmağa məcbur olmuşam. Mənə kömək eləsəniz çox şad olaram. Bir iş olsa işlərəm və inanın ki, sizə borclu qalmaram.
Bədəncə arıq olan oğlanın ona ilk sualı bu oldu:
-Moskvaya niyə gəlmisən?
O, səsinə kövrəklik qataraq zarımağa başladı:
-Türmədən çıxandan sonra nə etməli idim? Ölkəmizdə nə iş var, nə də ki gələcəkdə insan kimi yaşamaq üçün perespektiv.
-Bəs, türməyə niyə düşmüşdün?
O,ətrafına göz gəzdirib bir az sakitcə və bir azca da ürəklə dilləndi:
-Heç bir zaman bizim olmayan Qarabağ torpaqları uğrunda vuruşmaq istəmədiyimdən mənə 4 il həbs cəzası kəsdilər. Kİşi kimi sərasər 2 il yatıb çıxdım.
Onun türmədən çıxdığını eşitcək, arıq bədənli oğlan yanındakı dostuna baxıb dedi:
-Necə bilirsən, bəlkə bizlə getsin? Bizə belə oğlanlar lazım ola bilər.
Onlar qaldıqları mənzilə daxil olanda milliyyətcə erməni olan ev sahibəsi onları gülərüzlə qarşıladı. 40-45 yaşlarında olan Klara Ambarsumovna beş il idi ki, öz mənzildə tək yaşayırdı. Qızı Sonya Moskvadakı evini sataraq artıq üç il olardı ki, ailəsi ilə birlikdə Fransaya köçmüşdü.
Sağlığında kiçik bir müəssisənin rəhbəri olmuş əri İvan Nikolayeviç öləndən sonra Klara xanım şəhərin mərkəzindən o qədər də uzaqda olmayan üçotaqlı mənzilinin iki otağını bu cavan oğlanlara kirayəyə vermişdi. Qazanc əldə etməklə yanaşı, həm də kriminalın tüğyan etdiyi belə bir vaxtda evdə qorxu içində tənha yaşamaqdan da canı qurtarmışdı. Bazarlığı oğlanlar eləsələr də, yeməyi Klara xanım hazırlayırdı və onlarla birlikdə süfrəyə əyləşirdi. Hələ bütün mənzili yığışdırmaq və çirkli paltarları yumaq heç də asand məsələ deyildi və o, göstərdiyi bütün bu xidmətlərə görə hələ onlardan əlavə qazanc da alırdı. Bu baxımdan onlarla bir mənzildə yaşamaq Klara xanım üçün sərfəli idi. Amma Klara xanım maraqlı olan anları həmişə sərfəli olan məqamlardan daha üstün tutan qadınlardan idi.
Belə ki, kefləri yuxarı olanda, bəzən bu cavanlardan hansısa biri öz otaqları ilə Klara xanımın yataq otağını arada “səhv” salan vaxtları da olurdu. Amma nədənsə Klara xanım buna görə həmin axşam hay-həşir salmır, ancaq səhəri gün iş-işdən keçəndən sonra ağuşunda yatdığı cavan oğlanı “məzəmmət” etməyi , təklikdə isə həmin xoş gecəyə görə tanrısına təşəkkür ünvanlamağı da unutmurdu. Bəlkə də elə buna görə idi ki, oğlanların hər birinin ayrı-ayrı vaxtlarda otağı “səhv” salma halları ayda beş-altı dəfə təkrarlanırdı...
Bədəndən saz, əldən zirək olan Klara xanım təzə gələn qonağın şərəfinə tez-tələsik süfrə açmağa başladı. Yarpaq dolmasının ətri otağı bürümüşdü. Dolmadan başqa hissdə hazırlanmış kolbasa, duzlu xiyar və kələm şorabası da səliqə ilə dilim-dilim doğranıb süfrəyə qoyulmuşdu, amma masa elə bil natamam görünürdü. Bunu görən Samvel bufetin gözündən bir litirlik araq butulkasını çıxardıb şəstlə süfrənin mərkəzinə yerləşdirəndə Klara xanım məmnun halda gülümsündü. Butulkanı görən Karen qımışaraq geri qanrıldı və şkafın üstündə yerləşən moqnitofonun düyməsini ehmalca basdı. Akif İslamzadənin ifasında səslənən “Sarı gəlin” mahnısının melodiyası həzin bir dalğa ilə ətrafa yayıldı. Hamı iştahla yeməyə girişməyə başladı və bu vaxt qonağın gülümsədiyini görən Klara xanım dilləndi:
-Aşot, niyə gülümsəyirsən? Bəlkə bizim milli xörəyimiz olan yarpaq dolmasının dadı sənin xoşuna gəlmir?
Karen qədəhlərə araq süzərək nəsə deməyə hazırlaşan Aşotu qabaqladı:
-Ay Klara Ambarsumovna, bu yarpaq dolması nə vaxtdan bizim milli xörəyimiz olub, axı? Bəlkə, hələ bir deyəsən ki, bu oxuyan da bizim xalq mahnımızı oxuyur?!
Klara xanım narazı halda başını buladı:
-Əlbəttə deyərəm, niyə demərəm ki? “Sarı gəlin” də elə bizim mahnımızdır! Sən niyə bu türklərin tərəfini saxlayırsan, bəlkə türksən, bizim xəbərimiz yoxur?
-Xeyir, mən əsil erməniyəm və damarlarımdan da erməni qanı axır! Əslində türkləri də görməyə heç gözüm yoxdur, amma bu mənə həqiqəti deməməyə əsas vermir! Nə isə, gəlin qanımızı qaraltmayaq.
Klara xanım söz savaşında qalib gəlmiş kimi özündən razı halda sarışın saçlarını geri əsdirdi və sonra üzünü Aşota çevirib soruşdu:
-Cavan oğlan, sən demədin axı, niyə gülürdün?
Klara xanımın ondan belə asanlıqla əl çəkməyəcəyini hiss edən Aşot onu yola verməyə çalışdı:
-Bu uzun söhbətdir, Klara xanım. Əslində çoxdan olmuş bir əhvalat yadıma düşdü.
Karen maraqla onun üzünə marıtladı:
-Danış, onsuz da biz heç hara tələsmirik.
Aşot ağzındakı tikəni çeynəyə-çeynəyə xatirələrə dalırmış kimi bir anlıq fikrə getdi və sonra aramla danışmağa başladı:
-Artıq iki il olardı ki, türmədə yatırdım. Cavan, həm də vurub-yıxan vaxtlarım idi. İkinci “srok” türməyə düşdüyümdən, heç kim sözümü iki eləməyə cürət eləmirdi. Nə vaxt istəyirdim yatırdım, nə vaxt ürəyim istəsə lap səhərə kimi televizora baxırdım, hətta türmə yeməkxanasında bişirilən yeməkləri belə bəyənib yemirdim. Atam-anam ayda iki, bəzən də üç dəfə yanıma gəlirdilər. Hər gələndə də meyvə, tərəvəz və ərzaqlardan başqa, evdə bişən bizim milli xörəklərimizdən - yarpaq, kələm, üçbacı dolması, plov, dovğa, xaşlama, toyuq çığırtması, balıq və ya toyuq ləvəngisi gətirirdilər.
Bütün bunlardan başqa hələ bizim milli şirniyyatlarımızdan olan şəkərburamız, badamburamız, şorqoğalımız, paxlavamız da öz yerində. Həmişə gələndə də yeməklərin içəri buraxılması və mənə çatdırılması üçün atam qapıda dayanan nadzorların haqqını mütləq ödəyirdi. Əks halda “korantin” deyib içəri heç nə buraxmırdılar. Bir dəfə necə oldusa yanıma gəlmə ərəfəsində atamı işdən buraxmadılar deyə, anam yanıma tək gələsi oldu. Bütün ərzaqların mənə çatdırılmamışdan qabaq nadzorlar tərəfindən yoxlanmağa aparıldıqdan sonra, anam mənimlə tez-bazar ayaqüstü görüşüb getdi. Anam atamdan o qədər narahat idi ki, gedəndə nə mənə, nə də ki, nadzorlara pul vermək belə yadına düşmədi. Anamdan pul istəmək heç mənim də ağlıma gəlməmişdi.
Aşot danışdıqca qulaq kəsilənlərin ona necə hörmət və ehtiramla baxdıqlarını görüb özünü daha rahat hiss edir və səsinə ötkəmlik qatır, sinəsini qabardırdı. Onun artıq bu evdə yaşayacağına və söz sahibi olacağına getdikcə əminliyi artırdı. O, əlindəki tikəsini ağzına qoyaraq, bir-iki dəfə çeynəməklə udub, yenidən aram-aram danışmağa başladı:
-Nə isə… anam gedəndən sonra mən kameraya qayıtdım. Anam görüş vaxtı başqa xörəklərlə yanaşı, bir qazan yarpaq dolması gətirdiyini də söhbət əsnasında mənə söyləmişdi. Hətta gətirdiyi digər xörəklərdən fərqli olaraq onu sabaha saxlamadan elə bu gün isti-isti yeyib qurtarmağımı tapşırmışdı. Anam mənim yarpaq dolmasını çox sevdiyimi bilirdi. Bu xörəyi ilk dəfə 10 yaşım olanda o vaxtlar Qafanda qonşumuz olmuş Məhəmməd dayı gildə yeyib bəyənmişdim.
Onun arvadı Gülarə xala yarpaq dolmasını çox gözəl bişirirdi. Anam yuxarıda sadaladığım xörək və şirniyatların hazırlanmasının hamısını ondan öyrənmişdi. Mən Mustafa ilə bir məktəbdə oxuduğumdan onların evlərində tez-tez olurdum və onlarda bişən dadlı təamların və şirniyatların dadını çox bəyənirdim. Nə isə… deyəsən çox uzaqlara getdim, axı. Harda qalmışdım? Hə, nahar yeməyi veriləndə mənim qabağıma qoyulan dəmir boşqabla dolu vermişel şorbasını geri itələdim. Anamın bişirdiyi yarpaq dolması qazanını gətirmək üçün ayağa qalxdım və yoxlamanı aparan nadzorların yanına getmək istəyəndə yeməkxanada olan digər nadzor məni yerimə oturtdu:
-Keç otur yerində və sakitcə vermişel şorbanı ye.
-Mən dolma qazanımı götürmək istəyirəm.
- Sənə dedim axı, otur vermişel şorbanı ye! Nahardan sonra boş dolma qazanın yuyulmaq üçün mütləq sənə veriləcəcəyindən isə, narahat olma. – deyib, nadzor üzümə hırıldadı.
Mənə bu sözləri deməkmi olardı? Bütün yeməkxanada olan dustaqların nəzərləri bir anın içində mənə dikəldi. Mən onsuz da zəhləm gedən bu nadzorun gözlərinin içinə nifrətlə baxaraq şorba dolu dəmir boşqabı ona tərəf sürüşdürüb dedim:
-Mən sizin bu iylənmiş vermişel şorbanızı yeməyəcəm, mənə anamın evdə bişirib gətirdiyi dolmanı verin! Bunu isə özünüz yeyin!.. Və beləcə ardıcıl olaraq boşqabı bir-birimizə tərəf itələdik -Yeyəcəksən! Yeməyəcəm! Yox, yeyəcəksən! Yox, yeməyəcəm! Ye-yə-cək-sən!!!..
Aşot həyacanla danışır və danışdıqca da olanları sanki yenidən yaşayırdı. O, hadisəni elə danışırdı ki, heç kim yemək yemir, hamı həyacanla söhbətin nəcə bitəcəyini gözləyirdi. Aşot qəsdən danışığına ara verdi, əlini uzadaraq süzülmüş qədəhlərdən birini götürüb yuxarı qaldırdı:
-Gəlin bunu içək mərd və qorxmaz erməni oğlanlarının şərəfinə. Erməni kişilərinə eşq olsun!
-İçək həm də ləyaqətli, sədaqətli və qeyrətli erməni xanımlarının şərəfinə! – bunu isə Klara xanım söylədi.
Hamı deyilən tostları təkrarlamaqla qədəhlərini toqquşdurdular. Qədəhdəki arağını içəndən sonra Karen ağzına bir dilim doğranmış xiyar turşusu qoyaraq dilləndi:
-Hə, Aşot can, bəs sonra noldu? Danış da, ürəyimiz partladı ki.
-Hə, daha nolacaq, mən yumruqlarımı düyünlədim və...
Aşot söhbətinə davam etmək istəyirdi ki, elə bu vaxt qapının zəngi çalındı. Samvel giriş tərəfdə oturduğundan həvəsi olmasa da ayağa qalxıb qapını o, açmalı idi. O, Aşota tərəf baxaraq barmağını dodaqlarının üstünə qoyub dedi:
-Sus! Danışma! Gözlə qapını açım, görüm kimdi gələn.
Samvel qapını açdıqda gələn adamın elə bunlarla birgə yaşayan digər həmyerlisinin olduğunu görüb dilləndi:
-Axper, xoş gəlmisən. Bir az tez keç, qonağımız var, maraqlı söhbət eləyir.
Ayaqqablarını soyunub dəhlizdən içəri keçən adamı görən kimi Aşot onu tanıdı. Bu, onunla üç il bir kamerada yatan və ondan cəmi bir il qabaq azadlığa çıxan dustaq yoldaşı Qurgen idi. Qurgen otaqdakılara göz gəzdirdiikdən sonra hamıya ümumi salam verib süfrəyə əyləşdi. O, gözlərini qıyaraq diqqətlə qonağı süzdü, amma tanışlıq verməyə tələsmədi. Klara xanım onun qabağına bir nimçə dolma çəkib qoysa da, Qurgen xörəyə əlini uzatmadı. Onun üçün süzülmüş araq qədəhinə isə heç məhəl də qoymadı. Bir kamerada yatdığı qonağın hardan və necə gəlib bura çıxdını düşünürdü ki, bu zaman Samvelin üzünü Aşota tutub dillənməsi onu xəyallarından ayırdı:
-Hə, Aşot can, harda qaldın? Yeməyini yeyə-yeyə danış. Bəs, sonra nə oldu? Di, danış görək.
Qurgenin gəlişindən sonra elə bil Aşotun əhvalı da dəyişdi, nə danışmağa həvəsi, nə də ki yeməyə iştəhası qalmışdı. Türmədə keçirdiyi günlər bir anın içində kino lenti kimi gözlərinin qarşısından keçdikcə, alnındakı tər damcıları üzü aşağı axaraq dolma nimçəsinin içinə tökülürdü. Klara xanım Aşotun susduğunu görüb söhbətin harda qaldığını onun yadına salmağa çalışdı:
-Hə, Aşot can, sən dedin ki, yemirəm və qabı nadzora tərəf itələdin. O da dedi ki, ye-yə-cək-sən! Bəs, sonra nooldu?
Aşot bir anlıq sınayıcı nəzərlərlə Qurgeni süzdü və dilləndi:
-Ye-yə-cək-sən!!!... - deyib, nadzor vermişellə dolu olan boşqabı papaq kimi mənim başıma geyindirdi. Bütün vermişel şorbası başımdan üzüaşağı axmağa başladı.
Bayaqdan söhbətin heç də belə qurtaracağını gözləməyən Samvel həyacanla dilləndi:
-Bəs sən nə etdin?
-Mən boşqabı başımdan götürüb masanın üzərinə qoydum.
Klara təəcüblə soruşdu:
-Bəs sonra?
Qurgenin gəlişindən sonra, söhbətə başladığı andan fərqli olaraq Aşotun səsində bir qədər mülayimlik və məsumluq hiss olunurdu:
-Mən qəzəblə onun gözlərinin içinə baxdım. O, saçımdan tutub məni yerə dağılmış vermişelləri yalamağa məcbur etddi. Onun elədiyi sonuncu hərəkət elə xətrimə dəydi ki…
Araya ani sakitlik çökdü. Hadisələrin belə qurtarmasını gözləməyən Klara xanım qadın marağı baxımından ortalığa çökən sükutu pozdu. O, üzünü Aşota tutub soruşdu:
-Aşot can, bayaq milli şirniyatımız dediyin şəkərbura, badambura, şorqoğal, paxlava necə olan şeydir, dadlıdır?
-Bəs ləvəngi nədir, o da şirniyatdır? – Bunu isə Samvel soruşdu.
Aşot, ona ünvanlanan sualların heç birinə əhəmiyyət vermir, bəlkə də heç eşitmirdi. O, sakitcə fikirə dalaraq, Qurgenin nə qərar verəcəyini duymaq istəyirmiş kimi gözünü oğrun-oğrun ona zilləyib dururdu. Qurgen isə siqaretinə dərin qullab vuraraq, tüstüsünü burnundan havaya buraxır və qəti qərar çıxarmağa çətinlik çəkirdi – ya türmədə böyük “hörmət” sahibi kimi tanıdığı bu “kişinin” qolundan tutub evdən qovmalı, ya da ki, bir qarın yeməyə işlədərək keflərinin kök vaxtlarında da onun bəzi “xidmətlərindən” istifadə etməklə bu “kukla” kimi yaraşıqlı “oğlanın” burada yaşamasına razılıq verməliydi...
27.03.2021
Arif ƏRŞAD