manera.az
manera.az

Qeyri-adi muzeylər - Araşdırma

Qeyri-adi muzeylər - Araşdırma
Muzeyləri tarixin varisi adlandırsaq, yəqin ki, yanılmarıq. Muzeylər sahib olduğu eksponatlarla əsrlər arasında körpü yaradan bir məkandır.

Zaman keçdikcə bütün sahələrdə olduğu kimi, bu sahədə də yeni ideyalar və fəaliyyət istiqamətləri yaranır. Yenilik isə həm də fərqlilik, qeyri-adilik deməkdir.

Dünyanın belə qeyri-adi muzeylərindən bir neçəsinə səyahət edək.

Pis İncəsənət muzeyi

1993-cü ildə əntiq əşyalar toplayan Skot Vilson (Scott Wilson) ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərinin küçələri ilə gedərkən zibil qutusunda rəsm əsəri görür. Çox pis çəkilmiş tablonu götürən Skot düşünür ki, ən gözəl tabloların sərgiləndiyi incəsənət müzeyləri varsa, pis çəkilmiş tabloların saxlanıldığı muzeylər niyə olmasın? Belə bir muzey olmadığı üçün özü bu muzeyi yaratmaq qərarına gəlir və beləliklə, Pis İncəsənət muzeyi yaranır. Muzeydə əvvəlcə bir eksponat olur və sərgi Skotun dostunun evində təşkil edilir. İndi Pis İncəsənət muzeyinin üç sərgi zalı, 600-ə yaxın eksponatı və ildə 8000 ziyarətçisi var. Skot Vilsonun zibillikdən tapdığı ilk eksponat "Lyüsi səmada güllərlə" tablosu olub. Bu gün isə muzeydə dünyanın müxtəlif yerlərindən toplanan uğursuz sənət nümunələri nümayiş etdirilir. Məşhur sənət dükanının kolleksiyasında olmaq o qədər də asan deyil. Şəkil "çox pis olmalıdır", amma onu laqeyd şəkildə "necə gəldi" çəkmək də olmaz. Muzeydəki əsərlərdəki qeyri-simmetriklik, rəng uyuşmazlığı kimi detallar əsas meyar olaraq götürülür. Reklamın yaxşısı-pisi olmur deyənlərə Pis İncəsənət muzeyi faydalı ola bilər.

Avanos Saç muzeyi

Türkiyənin təbii, tarixi və mədəni zənginlikləriylə tanınan, məşhur turizm mərkəzlərindən olan Kapadokiyada dünyanın ən maraqlı muzeylərindən biri olan Saç muzeyi fəaliyyət göstərir.

Muzeyin yaradıcısı Qalib Körükçün adlı şəxsdir. Muzeyin hekayəsi 1979-cu ildə bir fransız qadın turistin saçından bir az kəsərək divara asmasıyla başlayıb. Daha sonra ora gələn başqa qadın turistlər də saçlarını kəsərək muzeyə bağışlayıb və beləcə, zamanla muzey böyüyüb. 1998-ci ildə Ginnesin Rekordlar kitabına düşən muzeydə on minlərlə qadının saç nümunəsi bölgəni səyahətə gələn qonaqların marağını özünə çəkir.

Bitmiş münasibətlər muzeyi

Bu muzeyi 2006-cı ildə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində münasibətlərinə son qoymaq qərarına gəlmiş Olinka Vistika və Drazen Qrubisiç cütlüyü təsis edib. Onlar ayrılan zaman münasibətləri boyunca bir-birinə hədiyyə etdikləri neçə-neçə suvernir və hədiyyənin taleyindən narahat olduqları üçün bu muzeyi yaratmağa qərar veriblər. Cütlük düşünür ki, verilən hədiyyələri saxlamağın bir mənası yoxdur, ancaq tullamağa da qıymırlar və beləcə, bu muzey yaranır. Ərsəyə gəldikdən sonra muzeyin kolleksiyası sevdiklərini itirmiş və ya sevgidə qarşılıq almamış insanların acı xatirlərdən qurtulmaq məqsədilə göndərdikləri eksponatlar sayəsində daima artmaqdadır. Özü də, burada adət halını almış üzük, geyim və Sevgililər gününə edilmiş hədiyyələrlə yanaşı, nadir eksponatlara da rastlamaq mümkündür: məsələn, balta və ayaq protezi. Hər bir eksponatın yanına təsviri də əlavə olunur. Yeri gəlmişkən, hazırda muzey eksponatlarla dolub-daşdığından, yeni eksponatlar qəbul olunmur.

Argentina Xarici Borc muzeyi

Muzey xarici borc təhlükələrinə diqqət çəkmək məqsədiylə yaradılıb. 2001-ci ildə Argentinada yaşanan iqtisadi böhran nəticəsində üsyanlar başlayır, bir çox mağaza və market talan edilir. Bu dövrdə Argentinanın xarici borcu ən yüksək səviyyəyə qalxaraq 100 milyard dollardan çox olur. 2005-ci il aprel ayının 28-də Argentinanın paytaxtı Buenos-Ayresdə, Buenos-Ayres Universitetinin İqtisadiyyat fakültəsində fəaliyyətə başlayan muzeyin əsas məqsədi Argentinanın 1810-cu ildə müstəqillik qazanmasından sonra xarici borcun necə böyüməsi barədə məlumat vermək və bu borcun artmasındakı səbəblərə diqqət çəkməkdir.

Madam Tüsso muzeyi

Madam Tüsso muzeyi dünyanın ən böyük və məşhur mum heykəllər muzeyidir. Hazırda bu muzeydə müxtəlif dövrlərə aid mindən çox mum eksponat nümayiş olunur. Muzey Vaşinqton, Nyu-York, Los-Anceles, Las-Veqas, Amsterdam, Kopenhagen, Şanxay, Honkonq, Berlin və Vyana kimi şəhərlərdə öz filiallarını açıb.

Madam Tüsso tərəfindən yaradılan bu muzey qısa zamanda uğur qazanıb, muzeydə mum fiqurlara tamaşa etmək üçün böyük növbələr yaranıb.

Londondakı Madam Tüsso muzeyi təkcə tarixi və məşhur şəxslərin fiqurlarından təşkil olunmayıb. Hazırda muzey dünyada baş verən bütün hadisələri əks etdirir. Muzeydə bir çox məşhur aktyorun, musiqiçinin, alimin, siyasətçinin, müğənninin və ictimai xadimin mumdan hazırlanmış heykəlləri var.

Madam Tüssonun ölümündən sonra da muzeyin kolleksiyası daim genişlənir. Bu gün bir fiquru düzəltmək üçün təxminən 4 ay vaxt lazımdır. Muzey üçün eksponatlar 20 heykəltəraşdan ibarət komanda tərəfindən hazırlanır. Fiqurlar üçün yalnız təbii saçlardan istifadə olunur, çoxlaylı boyalar vasitəsilə dərinin təbii rəngi alınır. Eksponatlar daha təbii görünsün deyə onların hazırlanmasında ayaq və gözləri imitasiya edən xüsusi plastiklər, həmçinin, süni dərilər tətbiq edilir. Bundan başqa, mum heykəlin aid olduğu dövrün ab-havasını yaratmaq üçün həmin zamanlara aid kostyumlardan, dekorasiyadan və səs effektlərindən istifadə olunur. /525.az/

Aytac SAHƏD

Qeyri-adi muzeylər - Araşdırma
Qeyri-adi muzeylər - Araşdırma
Qeyri-adi muzeylər - Araşdırma
Qeyri-adi muzeylər - Araşdırma
Qeyri-adi muzeylər - AraşdırmaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728