manera.az
manera.az

Elə izdihamlı tənhalığım var ki - Mario Benedetti

Elə izdihamlı tənhalığım var ki - Mario Benedetti
Mario Benedetti (1920-2019) Uruqvayın dünyada ən çox oxunan şairlərindəndir və ispandilli poeziyanın ən çox tərcümə olunan ədəbi imzalarındandır. O, 80-dən artıq kitab yazıb və qələmini ən müxtəlif janrlarda (hekayə, roman, dram, şeir, esse və s.) sınayıb. Əsərləri 30-a qədər ölkədə yayımlanıb.

MANERA.AZ Fərid Hüseynin tərcüməsində Mario Benedettinin şeirlərini təqdim edir:

Sirlərin içindən
boylanan adam


Heç olmadığı qədər çətin gəlir mənə,
bir-bir yada salmaq ağacları, pəncərələri,
gələcəyi və dərd-səri...
Kilsə zəngi görünmür,
heç səsi də eşidilmir,
amma əgər o, duyğularını
dilə gətirə bilsəydi,
melanxolik bir xəyala çevrilərdi əks-sədası.

Küncdəki beyin çatladan qoxu
aram-aram azalır,
heç kəs deyə bilməz
bu qarma-qarışıqlığın nə dəhşət olduğunu.

Artıq şəhid qanı sadəcə
son nəfəsin qisas ləkəsidir,
hər şey dumanda
necə də başqalaşır.

Bir anın içində acgözlər
özlərindən müştəbeh bədbəxtlərə çevrilir,
sadistlər qəzəbin başına dırmaşırlar,
xəbislər dayanırlar
yad cəsarətin göyərtəsində,
təvazökarlar isə gözə dəymirlər heç yerdə.

Amma mən yaxşı ki, bilirəm kim kimdir,
bu gözəgörünməz pərdənin arxasından.
Bilirəm uçurum haradadır,
Allah hardadır bilirəm,
bilirəm ölümün yerini,
bilirəm sən haradasan.

Duman, unudulmaq demək deyil,
sadəcə öz vaxtına saxlamaqdır hər şeyi.

İnanıram ki, bu cür dörd gözlə gözləmək
xəyallarımızın axırına çıxmaz.
İnanıram ki, bu duman
axıb-axıb ciyərlərimi bürüməz,
və sən, ey cavanca qız,
görünərsən dumanların içindən
xoşbəxt bir xəyal kimi
sonda bir müqəddəs simaya çevrilirsən.

Və mən bilirəm əvvəl-axır xilas olacaqsan
o lənətlənmiş, sərt havadan.
Onda - gözlərini gözlərinlə ovlayıb
səni təbrik edəndə,
"Xoş"gəldin" nəğməm
cingildəyəcək qulaqlarında.

Sənin üzün

Elə izdihamlı tənhalığım var ki,
xiffətlə elə ləbaləbdir ki,
elə doludur ki həsrətlə,
sənin üzünlə,
əvvəlki ayrılıqlarla,
"xoş gəldin" öpüşləriylə
dəyişiklərin ilk anlarıyla,
və uzaqlaşan qatarla.

Elə izdihamlı tənhalığım var ki,
bir əsgər alayı kimi düzə bilirəm
rənglərinə,
boylarına,
vədlərinə,
zamanlarına,
toxunuşlarına,
dadlarına görə.

Çox da özümü itirmədən
qucaq açıram yoxluğuna,
mənə hər yerdə yar olan üzünə.

Kölgələrlə doluyam -
gecələrlə və arzularla
gülüşlərlə və
lənətə çevrilmiş qarğışla.
Qonaqlarım cəm olurlar yenə,
toplaşırlar xəyallarım kimi,
yəni qərəzləriylə,
tikanlı sözləriylə.
Xilas olmaq üçün
qapının dalına dəstək qoyuram,
çünki baş-başa qalmaq istəyirəm
yaddaşımdakı üzünlə.

Amma artıq məni sevməyən
o aşiq gözlərinlə
üzün başqa səmtə baxır,
onu yeməyə ac hərif gəzən ərzaqlar kimi
daim axtarılırlar
və beləcə günəşimi söndürürlər.

Divarlar gedir,
gecələr qalır yerində,
həsrətlər köçür,
heç nə qalır əvəzində.

Budur, yaddaşımdakı üzün
gözlərini yumur
və dərin bir tənhalığa çevrilir.

Səmimiyyət

Birlikdə xəyala dalırıq,
birlikdə "ayılırıq" xəyaldan,
zaman ya sökülür, ya da hörülür
biz bu işləri görərkən.

Nə sənin, nə də mənim xəyalım
zamanın vecinədi.
Biz ya çox əhli-kefik,
ya da həddən artıq təmkinli.

Elə bilirik bu qağayı heç
qonmayacaq yerə,
inanırıq ki, əbədidir bu and,
bu döyüş meydanı ya bizimdir,
ya da heç kimin.

Birgə yaşayıb,
birgə məğlub oluruq,
amma bu bəla,
bu zarafat,
ancaq hansısa xırdalıq,
dəli rüzgar,
nəyinsə qalığı,
və cənnətin qapısının açılıb
o saat da bağlanmasıdı.

Bundan sonra heç-puç olmaz aramızdakı
səmimiyyətimiz,
ölüm belə onu öz
çarəsizliyində gizlətsə.

İstəyirəm ki, mənə
pünhan dərdini açasan,
mənsə sənə
hələ də inandığım şeylərdən danışım.

Tənhasan,
tənhayam,
amma tənhalıq
bəzən bir qığılcım ola bilir.
Səni sevirəm

Sənin əllərin sığalımdır mənim,
Sənin əllərin ürəyimdir, - döyünür.
Səni çox sevirəm, çünki əllərin
Daim ədalət naminə çalışır.

Səni çox sevirəm, çünki sən mənim,
Günah ortağımsan və hər şeyimsən.
Küçədə çiyin-çiyinə durmuşuq,
Və bilirik ki, iki nəfərdən çoxuq.

Gözlərin ancaq mənə aid sehirdi,
Nəfisli günlərdən hifz eləməkçün,
Səni sevirəm, çünki hər baxışın
Toxumudur xoşbəxt gələcəyin.

Sözlərin - onlar ikimizə aiddir,
Ağzın hər kəlmənin haqqını verir,
Səni sevirəm, çünki sənin ağzın
Üsyanı necə qışqıracağını yaxşı bilir.

Səni çox sevirəm, çünki sən mənim,
Günah ortağımsan və hər şeyimsən.
Küçədə çiyin-çiyinə durmuşuq,
Və bilirik ki, iki nəfərdən çoxuq.

Çünki sən o içi-çölü bir üzünlə,
Xülyalı, amma qərarlı yerişinlə
Dünya üçün göz yaşı tökməyinlə
Ayrıca bir xalqsan, - səni sevirəm.

Çünki "eşq" dediyin bir halə deyil,
Nə də adi bir əxlaqi məsələ,
Çünki biz səninlə həmişə birgəyik,
Və yaxşı bilirik ki, tənha deyilik.

Səni burda sevirəm - cənnətimdə,
Yəni mənim doğmaca vətənimdə.
İnsanlar xoşbəxt yaşar hər yerində
Min cür qadağalar qoysalar belə.

Səni çox sevirəm, çünki sən mənim,
Günah ortağımsan və hər şeyimsən.
Küçədə çiyin-çiyinə durmuşuq,
Və bilirik ki, iki nəfərdən çoxuq.


***
İlk insan - Adəm
Həvvadan və tənhalıqdan usanıb
gizlicə Allahı uyduranda
heç az-maz da olsa başa düşmürdü
yiyəsiz ürəyini
necə bir duman tunelində azdırıb.

Amma uydurduğu varlıq onu
dua etməyə,
qurban deməyə,
həzdən uzaq durmağa,
ya da həzləri iztirablarla əvəzləməyə
məcbur edəndə
Adəm Həvvanın israrlı təkidi ilə
əlüstü gözəgörünməzliyi yaratdı.

/edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031