manera.az
manera.az

Çağdaş Azərbaycan şeirində koronavirus mövzusu

📅 25.11.2020 14:11

Çağdaş Azərbaycan şeirində koronavirus mövzusu
Statistikaya görə, dünyada koronavirus mövzusunda hələ üç ay öncə 200-dən artıq kitab yayınlanmışdı. Bunların arasında Amerkan yazıçıların uşaqlar üçün, ingilisdilli yazıçıların isə böyüklər üçün yazdıqları daha məşhurdur.

Maraqlıdır ki, şeir bu sosial dəstək marafonunda geridə qalır. Azərbaycanda isə bu sahədə şairlərin fəallığı, şeirlərin mənəvi dəstək gücü seşilir.

Şairlərimiz korona virusa yazdıqları şeirlərdə yaşanan ağrını, acını əks etdirməklə yanaşı incə məqamlara da işıq tuturlar. Yüzlərlə şairimiz, yazarımız bu mövzuya üz tutdu. Hər bir şairin mövzusu eyni olsa da yanaşma texnikası fərqli xarakterdədir. Bu mənada onların fikir və düşüncələri maraq doğurur. Əsasən internet səhifələrindən, Ədəbiyyat qəzetindən bu mövzuda şeirlər oxucular arasında diqqət çəkdi.

Xüsusi ilə şeirləri sevilərək oxunan Qulu Ağsəs, Firuzə Məmmədli, İlham Qəhrəman, Şövket Horovllu, Aybəniz Əliyar, Adilə Nəzər, Təranə Turan Rəhimli, Səhər Əhməd, Rəsmiyyə Sabir, Nizami Muradoğlu, Təranə Məmməd, Lütfiyyə Əsgərzadə, Elza Məmmədova və adlarını çəkmədiyim onlarca şairin şeirləri mövzu baxımından aktual olduğu qədər də Azərbaycan şeirinin gözəlliklərini bütün tamlığı ilə özündə əks etdirdi. İlk öncə Qulu Ağsəsin koronavirus mövzusunda yazdığı şeirlər diqqətimizi çəkdi. Hər şeirində bədii lövhə, bədii portret, yüksək informativliyə malik müəllif təsviri yaradan şairin, bircə poetik nümunəsinindəki, əslində təfsilata ehtiyacı olmayan mənzərə yaratmaq bacarığına nəzər salaq:

Zivələrindən
yaş əllər asılan –
Bakım!
Pakım!
Bu dəmdə:
quşlar səkidə gəzir
adamlar damda…
Çıxardı insanların bütün maskalarını
eyni maska taxdı cahana virus:
ağac – virus,
maşın – virus,
bina – virus,
bir yandan koronavirus,
bir yandan karantinavirus…
İlahi, özün bax –
ya eyvandan şəhər sal,
ya da küçələrə qanad tax!..


Dünyanı cənginə alan, milyonlarla insanı qorxuya salan koronavirus pandemiyası dövründə sözün sadiq əsgəri yenə öz postundadır. Bədii portretin yaratdığı “süjetli film” gözlərimiz önündə yeni dünyanı canlandırır. Yenə ön planda İnsan, yenə istinad yeri Tanrı. Qulu Ağsəsin bu mövzuda yazdığı hər üç (hələlik) şeir ədəbi ictimaiyyətdə müsbət reaksiyalar yaratmış, onun şeirlərinin təsirilə müxtəlif müəlliflərin yeni nəzm nümunələri ortaya çıxmışdır… Bu onu göstərir ki, bizim şüurumuz artıq apokalipsis mövzusuna hazır vəziyyətdədir:

– Əgər doğrudan sevirsənsə,
şərtim budur: 
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur…
Sabun köpüyü partlatsın 
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın
on barmağı …


Apokalipsis mövzusunda qorxulu süjetli yazanlardan fərqli olaraq, Q.Ağsəs oxucuya sevgi aşılayır. “Daha kimdən, kimdən yazaq, uzaq, aman Allah uzaq…” (V.Səmədoğlu) tərəddüd-həyəcanı keçirmir. Bilir ki, məsafə saxlanılması gərəkən cismdir. Ruh deyil:

Çölə çıxma!
Telefona baxma!
Darıxma!
…Başqa şərtlərin də olsaydı, kaş:
Maskasız olmazsa, 
maska da olmasın,
Yas olmazsa,
ölüm də olmasın,
Toy olmazsa,
sevgi də …olsun! –
sözləri çıxsaydı dodağından…
Asacam özümü!-
şərt cümləsinin budağından…
Və yaxud;
Sizə kimdən danışım –
tək qadından
gül ağzını açmırdı
dişlərinin ucbatından.
Çoxundan kəsdi,
azından kəsdi,
bir əliydi, bir boğazı
boğazından kəsdi,
dişlərini düzəltdirdı –
elə ki əlinə maya düşdü,
aylarla gördüyü röya çin oldu,
qəfildən pandemiya düşdü
bütün dünya Çin oldu…
Dözmədi,
gül ağzını açıb çıxdı evdən –
bir o idi yer üzündə,
bir də taclı mələkdi!
Baxışdılar,
ikisi də qəh-qəhə çəkdi… (1)


Pandemiya qurbanlarının xatirəsinə həsr olunan bu şeir coğrafiya tanımır — COVİD-19 sərhəd tanımayan kimi…

İlham Qəhrəmanın isə bu mövzuya müraciəti yenə də çox hallarda olduğu kimi folklorumuza köklənir, bayatı janrına müraciət edərək koronavirus qorxusunun insanları evə yığmasını poetikləşdirir.

Karvançı dəvə yığdı,
Dəvəni səfə yığdı.
Qorxunun ağzı yansın,
Hamını evə yığdı.


Sənətkarlıq baxımından da diqqət çəkən bu bir bəndlik nümunədə şair koronavirusun hökmünü, gücünü çox mahir şəkildə ifadə edir.

Şair Ölkədə olan iqtisadi çətinliklərə də göz yummur, gənclərin, xüsusi ilə işsiz insanların maddi dəstəyə olan ehtiyaclarını da dilə gətirməyə bilmir.Ona görə ki, İlham Qəhrəman xalqını, vətənini sevən, onların dərdini öz dərdi bilən şairlərdəndir. Yeri gəlmişkən müstəqillik dövründə Vətənin dərddini, ağrısını onlarca kitaba sığdırıb. Torpaq itisi mövzusunda 100-lərcə şeiri müasir poeziyamızın incilərindən sayılır. Onun “Oğul” adlı şeiri də gənclərimizin korona dövründə yaşadığı çətinlikləri əks etdirir. Dövlət tərəfindən İşsiz gənclərə ayrılan pulun acgöz məmurlar tərəfindən insanlara yetişməməsi şairi dilə gətirib. İşsiz oğlunun simasında gənclərə ağsaqqal öyüdü kimi səslənən misralar yerinə düşüb.

Yoxsul qazana gön qoyar,
Ha qaynayar bişməz, oğul.
Körpələr yuxu tutunca
Qazan oddan düşməz ,oğul.


Axrıncı bənddə şairin bir az da alın yazısından gileyi şeirin təsir gücünü artırır.

Halal adamın boğazından keçməyən tikə şairin gəncliyə nəsihəti kimi qarşılanır.

Nə qandın alın yazından?-
Ya çəkicsən, ya da zindan.
Halal adam boğazından
Haram tikə keçməz, oğul.(2)


Şairin koronavirus mövzusunda yazdığı “Faraş Ölümlər” şeiri də diqqət çəkir. İlham Qəhrəman bu şeirində ölümü faraş pula bənzətməsi, ölümün kağız pul kimi gözdən düşməsi ideyası yaşantımızın real təsviri kimi çox dəyərlidir.

Firuzə Məmmədlinin ”Get” başlıqlı şeirində isə üç saatlıq icazə ilə evdən çıxmaq məsələsinə münasibət bildirilir. Qəhrəmanın fikrinin saat əqrəbində qalması, görmək istədiyi işi görə bilməməsi bir az da yumoristik dillə verilsə də əslində isə yaşanan bir həqiqərdir.

Belə getsə, hər gediş bir dərd olur,
Gedişinə gəlişində sərt olur.
Üç saatlıq yol ölçüsü sərt olur,
Qalsın elə Sms-də gözün, get,
“Evdəqal”in söz-sovundan üzül, get(3)


Bir az da moderin üslubda yazılan bu şeirdə həyatın reallığı əks olunub. Şeirin digər bəndlərində də müəllif dilimizdə işlənən yeni sözlərdən məqamında işlədərək şeiri daha da oxunaqlı etmişdir.

Yeni səpkili şeirləri ilə diqqət çəkən Aybəniz Əliyarın bu mövzuda beş şeiri maraq doğurur. “Evdə qal” başlığlı bu şeirlərdə evdə qalmağa və koronavirusa münasibət bir az da fərqli məqamlarla oxucuya çatdırılır. Bu şeirlərdə bu şəhərdən digər şəhərə getməyə həsrət çəkənlər də var, sevgilisi üçün darıxanlar da var, bu çətin günləri taleyin işi kimi dəyərləndirənlər də var, bu adamsız küçələrdə Allah’la üz-üzə qalmaq istəyənlər də var. Onun yaratdığı qəhrəman bəzən də düşünür ki,

Saat 11-i keçib,
Sən yatırsan bəlkə də…
Biz görüşməyək deyə
Karantin var ölkədə.


Əslində təhlilə sığmır bu beyitlər, bəlkə də elə ipə-sapa yatmayan karantin dövrünün insan ruhunu sığallayan misralarıdır bu şeirlər.

Bir az xəyal atın çap,
Nə qədər sağdı dünya.
İndi bir koronoya
Dayanacaqdı dünya.


Şairin arzuları karantin dərdindən daha yüksəkdə dayanır. Nə baharın gələcəyini bilir, nə də ki, bu həsrətin bitəcəyini. Amma arzuları üçün yaşayan qəhrəman sonda ölümün adiliyini vurğulayır. Nədənsə bu qədər yaşananlara təccüb etməyən qəhrəman son zamanların ən real obrazıdır əslində.

Nədənsə təəccüb etmirəm daha,
Bu bahar ya gələ, ya da gəlməyə…
Bir yanar od ola, bir də daş kaha,
Arzular olmaya… Nə var ölməyə…


Şairin şeirlərində çörəyi daşdan çıxan insanların dərdi də boylanır. Bu insanların əllərinin qabarında göyərirdi arzuları. Evinə bir parça yavan çörək gətirən bu insanların evdə qalması, onların evlərinin dirəyinin çökməsidi əslində, yeri gəlmişkən bu günkü şeirimizin əsas mövzusu da elə bu insanlardır.

Nə qədər adam var idi,
Daşdan çıxırdı çörəyi.
İndi heç tapmır onu da,
Çöküb evinin dirəyi.(4)

Günümüzün realığlarını bütün tamlığı ilə bir bəndə yerləşdirən şairə vəziyyətdən çıxış yolu kimi sanki dövlət məmurlarına səslənir.

Şövkət Horovlunun da şeirlərində “Zindan olub” misraları ilə oxucuya mürzciət olunur. Altı aylıq korantin günləri hər zaman insanlarla ünsiyyətin vacib olduğunu vurğulayan, ailəyə gəliş-gediş olmayan ev zindan olur.

Gələnə-gedənə açılmır qapım,
Öz evim özümə bir zindan olub.

Deyən şair bəzən öz-özünə bəlkə Allahın yanında üzümüz qaradır, bir günah eşlətdik ki, bu qədər ağrğı-acı çəkirik deyə düşünür.

Hələ sağalmayan neçə cür yaram,
Sinəmi yandıran ahım durursa.
Üzümə-üz tutub gəlirəm, Allah,
Bağışla, yanında günahım varsa!


Yaşanan reallıqlar şairəyə əzab verir. Ölkədə olan kasıbçılq, varlıların laqeyidliyi, məmurların nefislərinin artması, belə zamanlarda aşağı təbəqədən olan insanların hər zaman olduğu kimi koronavirus zamanı da maddi vəziyyətlərinin aşağı olması şeirdə günün görüntüsünü yaradır.

Toxun da aclardan xəbəri yoxdur,
Solğun baxışlardan ehtiyac yağır.
İnsan nəfisindən kənara çıxıb,
Tanrım, beləsini insafa çağır.(5)


Əslində bu mövzulu şeirlər bu gününmüzün mənzərəsi baxımından da əhəmiyyətli rol oynayır. Şövkət xanım bir tərəfdən də publisistik yazılarında insanları ayığ olmağa, ailə üzvülərini qorumağa çağırır. Şairə həyatında iki müharibə yaşamış biri kimi bu gün koronavirusu da müharibə ilə eyniləşdirir. Bu bəladan qurtara bilmənin yolunu birlikdə mübarizə aparıb, qalib gəlməkdə görür.

Koronavirus mövzusu Adilə Nəzərin yaradıcılığında çoxluq təşkil edir. Bu mövzuda ona qədər şeiri mətbuat səhifələrində işıqlandırılıb. Məqalədə üç şeiri üzərində dayanmaq daha məqsədəuyğundur. “Ona deyin“ şeirindəki qəhrəman özünəməxsusluğu ilə yadda qalır. Qəhrəman virusun gətirdikləri bəlanı görür. Bir az hökümlü olan qəhrəman virusa törətiyi oyundan bəhs edir. Maraqlı odur ki, demək istədiklərini özü söyləmir, söylətdirir.” Ona deyin “deyə müraciət edir. Ədəbiyyatdakı qəhrəmanların çoxu bu taclı bəlanı dünyadan uzaq olmasını adi qaydada diləsələr də Adilə xanımın qəhrəmanı bu arzunu belə poetikləşdirir.

Ona deyinki,-
Yuva qurmaq həvəsində olan var-
Xanım qızlar, bəy oğlanlar…
Gülü burnunda solanlar…
Ona deyin,-
Doru sınmış gəmilər var sularda,
İlişib qalmışam mən də qarışıq duyğularda.
Ona deyin,-
Bilən varmı indiyədək kimnə əkdi –nə dərdi…
Bütün sevinclərin sonu kədərdi…
Günəşin də sultanlığı günbatana qədərdi..

Poeziyada koronavirusa meydan oxuyan şairə “ona deyinki” şeirində çox faciələri, həyatın bütün yaşantılarını xatırladır. Sanki bununla insanın ən ali məqamda dayandığını yada salır. Və ən əsas da insanın Tanrıya güvəndiyini, Allah’ından güc aldığını xatırladır. ”Hayqıraram Tanrı duyar, fırtına qopararam, tərs dönər fələyin çarxı,qurudar hər çayı,arxı” Bu misralrda insala Tanrının birliyi və gücü insanın yaratdığı koronavirusa qalib gələcəyi anlamı verir. Əslində buradakı qəhrəman hər zaman qalib gələn ədalətdir.

Müəllifin Koronavirusa (zarafatyana) yazdığı şeir əslində daha rialdır. Virusun haradan gəlib çıxdığını düşünən qəhrəman yenə də ona meydan oxuyur. Amma şairənin şikayəti yalnız taclı virus deyil, bir az da yaşadıqlarımızdır. Bu günümüzdür. Ölkədə məmur özbaşnalığı, başları ”hörmətə” qarışan gömrük işçilərinin bu günü bir az yumorlu, şəkildə poetikləşdirilib. Bu şeirdə” gizli səs vermə”, ”həci hacılar” kimi ifadələrlə bu günkü həyatımızın ral boyalarını verə bilir.

Farsmı atdı səni, gürcü, yoxsa rus,
Gömrükdənmi keçdin koronavirus?!
Kim sənə səs verdi qutudan çıxdın?!
Yazdın gəlişinlə hamını ,yıxdın…
Başları “hörmətə” qarışdı yəqin,
Bizim əli təmiz gömrükçülərin.
Dəyişibdi çoxdan həci hacılar
Sarımsaq iyinə gülab qoxusunu.


Bu misralardan bir millətin yaşayışı boylanır. Bu qədər real təsvirlər dövrümüzün nəbzini çox mükəmməl şəkildə əks etdirə bilib, əslində bu yaşadıqlarımız koronavirusdan daha güclü faciədir. Ölkədə aşağıların yaşadığı pulsuzluk şeirin sonunda son məqma çatdırılır. Koronavirusa müraciət şairin demək istədiklərini açık çılpaq,bütün tamlığı ilə oxucuya çatdırır.

Gəlibsən, kəsibsən qapını, arsız,
Onsuzda ölürdük pulsuz-parasız.
Hardan tutacaqsan koronavirus
Canda yer qalmayıb ki, canda yarasız.(6)


Şeirdə Mİrzə Ələkbər Sabir deyimi oxucunu düşündürür.

Koronavirus mövzusu Səhər Əhmədin yaradıcılığında da diqqət çəkir. Onun həm şeirlərində həm də köş yazılarında bu faciənin fərqli izləri həyatımızda iz qoyur. Səhərini əvvəl şeirlərinə müraciət etmək yerinə düşür, zamanı gələndə köşə yzılarına müraciət edəcəyik. “Həyatın təntənəsi” şeiri ilə müəllif koronavirusun bizlərə nə verdi? sualının sanki cavabını verir. Torpaqda mina kimi partlamağa hazır olan koronavirusun nə verdiyi bəlli olur.

Gündəmdə ölüm xəbəri,
Təqvimdə bayram günü.
Havada “Koronavirus”
Torpaqda mina kimi…
“Dışarıda sren səsi”,
Evdə bayram süfrəsi.
Ölümün vahiməsinə
Həyatın təntənəsi.


Şairin ölkəmizdə virusun gəlişinin əsas ilaxır çərşənbəsinə təsadüf edilməsi, həyatın isə davam etməsi, təbiətin xəbərsiz çiçək açması məqamı da bir dirçəlişə, ümidə olan işarədir, daha sonrakı bənddə də günəş həyatımızın və ədəbiyyatımızın oyanış simvolu kimi koronavirus dövründə də insanlara bir ümid verir. Elə özünün də dediyi kimi

Bir də gülümsəyən Günəş,
Təsəlli təbəssümü.
Qaranlığın üzərində
Qələbə təcəssümü…(7)

Təranə Turan Rəhimli isə insanları özünə gəlməyə səsləyir. Dünya can verir- deyə haray salan şair yaşadıqlarımızda insanı da günahlandırır. Müəllif savaşlarda tökülən qanların bu kimi fəlakətlərə yol açmasına səbəb olmasında rolu olduğunu vurğulayır. İnsan olan kəslərin insanlığdan uzaq olmasının nələrə gətirib çıxardığı şairin səsinin ucalmasına səbəb olur. Savaş və ölüm saçan, qarşısı heç nəylə alına bilməyən, ölüm hökmlü virus qarşı-qarşıya qoyulur. Və bu şeirdəki mərhəmətsizlik ideyası oxucunu düşünməyə səsləyir. Yaşadığımız faciənin sevgi yetməzliyində görən müəllif şeirin sonun qədər bu ideyanın üzərində dayanır. ”Sevgi yetməzliyi kəsir nəfəsin, elə dərdə düşüb qurtula bilimir” ifadəsi ilə yaşadığımız şox məqamlara işiq tutur. Mərhəmət hissinin yoxluğu yaşantılarımıza yol açan əsas amil kimi diqqətə çəkilir.

Mərhəmət daş olub, heyrət donuxub,
Körpə gözlərində yaş güllələnir.
Fəsillər ömrünü yaşaya bilmir,
Payız vərəmləyir, qış güllələnir.
Hər kəs təbiətə min bir don verir,
Özünə gəl insan, dünya can verir.


Savaşları, qırğınları bu yaşananlara səbəb bilən şair, “Şəhid qanlarından insan göyərmir” deyə insanın aliliyini əsas qəbul edir. Bir insan ömrü heç nəylə əvəzolunmaz ideyası şeirin əsas ana xəttini təşkil edir.

Savaşlar fitnəkar, qırğınlar nahaq,
Şəhid qanlarından insan göyərmir.
Torpağın üstünü viran qoyanlar
Torpağa əkilən canlara dəymir.
Tarix yaradana imtahan verir,
Özünə gəl insan, dünya can verir.


Şeirdə insanın yaratdığına qənim kəsilməsi, dünyanı viran edərək, yaratdığını məhv etməsi ideyası insanı düşündürür. İnsanın həm yaradıcı olması, həm yer üzünü məhvə aparması təsiredicidir. Qiyamət hər məqamda insana çağırış etsə də İnsan özünə gəlmir. Və insanın insana və yer üzünə tutduğu divan zaman-zaman onun faciəsinə çevrilir. Bu gün yaşadığımız koronavirus facəsidə məhz elə insanın yaratdığı fəsaddır. Şairin son bəndi onun şeirinin məğzinin daha dərindən açılmasına imkan yaradır.

Allah silkələyir düşüncələri,
Tərpədir altını, üstünü yerin,
Bəşər yada salmır haqqın cəzasın
Könüllü köləsi olduqca sərin.
Qiyamət özünü hey nişan verir,
Özünə gəl insan, dünya can verir.(8)

Yaşantılarımızı bütün tamlığı ilə xatırladan bu poeziya nümunəsi əslində dəyərli bir xəzinədir.

Təranə Məmmədin yaradıcılığında da koronavirus mövzusu maraq doğurur. İnsanın səbəb olduğu təbiət hadisələri “insanın törətdiyi faciələrdi” ideyasın verir. Yalnız çətin günündə tanrıdan imdad istəyən insanların haqqa-ədalətə münasibəti yaşadığımız faciələrə yol açır. İnsanların bu qədər qəddarlaşması Tanrı tərəfindən qəbul edilmir.

Deyir mən yaratdım səni, dedim; ol!
Demədim iblisə gedib qaedaş ol.
Bu “taclı vahimə” günahlarındır,
Özün qazanmısan, özün xilas ol! (9)


Deyə fəryad edən şairə insanları haqqa-ədalətə çağırır.

Nizami Muradın isə ”Evdə qal”, “Ay virus” şeirləri satrik üslubda yazılıb. Evdə qalmaq əladı deyə şair millətin yaşantıların diqqətə çatdırmaqla, yaşanan çətinlikləri də yumorlu ifadələrlə dil gətirir.

Dövlət verir maaşını,
Gözdən çıxart daş-başını,
Al önünə yoldaşını,
Otur, kişi, evdə qal.
Var yeməyin, işməyin,
Əksik deyil heç nəyin.(10)


Karonavirus dövrünün altı aya qədər uzanması insanların maddi ve mənəvi sızxıntılarının artması Nizami Muradın şeirində əksin tapmışdır.

Rəsmiyyə Sabirin mahnı sözləri üzərində kökləmiş misraları bir az koronavirus faciəsini belə demək mümkünsə yumşaltmağa, birliklə bu faciəni aşmağa nail olmağa səsləyir. Virtual aləmin bu işdə insana köməklik edə bilməsində görən şairə evdə qalmaqla bu mübarizə aparmaq kimi fikirləri dəstəkləyir. “Korona” adlı şeirində

Evdə qal, xilas eylə,
Başqasını, özünü.
Sən virtual aləmdən,
Söylə ürək sözünü.
Biz birlikdə güclüyük!
Biz hər zaman həmrəyik!(11)

Bu tipli şeirlərin də çətin zamanlarda böyük əhəmiyyəti var. Təbii ki, uzun zaman ərzində ev şəraitində psixoloji durumları zəifləyən insanlarda bir az da olsun əhval-ruhiyyəni qaldırmaq ədəbiyyatın və incəsənətin üzərinə düçən vəzifələrdən biridir.

Elza Məmməd isə “Koronavirus” şeirində yaşadığımız faciənin aədət-ənəmizə oan xeyir və şər məclislərinə təsirindən bəhs edir. Hər zaman toy məclisi ilə seçilən bu xalqın son aylardakı az qala unudulan adətlərimizin gözəlliyi vurğulanır.Şair çox təssüf hissi ilə o günlərin daha yaşana bilməməsini poetikləşdirir.Misralarada toy adətlərimizin ən gözəli sayılan “Toy qapısında qırmızı xaranın asılması” adətimizi xatırladır.

Obada nə düyün, nə də ki, toy var,
Qırmızı xaraya həsrət qapılar,
Sevənlər nə qədər ayrı qaldılar,
Bumuydu niyyətin təzəcə virus,
Nədir günahımız, ay koronavirus?


Xeyir adətlərimizin unudulmağa doğru getməsindən narahatlığ keçirən şairə hüzür günlərimizin qeyd edilməməsinə də eyni dərəcədə üzülür və ən çox da itki verən insanın bir-birinə olan ehtiyacını dilə gətirir. Müəllif toy mərasimində toy qapısı obrazını xatırlatdığı kimi cənaza qapısının da bağlı qalmasını ürək ağrısı ilə diqqətə çatdırır.

Cənazə qapısı bağlı qalıbdır,
Qurana, fatihəyə həsrət olubdur,
Analar saçını gizlin yolubdur,
Bu qədər iztirab, olarmı,virus?
Nədir, günahımız, ay koronavirus? (12)


Sonuç: Dünyada tüğyan edən bu virusun böyük bəlaya çevrilməsi mövzusu ədəbiyyatda hələ də davam edir. Çox təbii ki, bu faciənin həlli ədəbiyyatdan getmədiyi halda amma insan psixologiyasına və mənəvi zərbələrə bu nümunələr az da olsa təsir göstərir. Mübarizə aparmaqda və mənəvi qalibiyyətə yollara işıq sala bilən poeziya bu çətin aylarda öz köməyini əsirgəmir.

Qaynaqlar:

1. Qulu Ağsəs, “Karonavirus dövrünün sevgisi”,Qafqazinfo.az.2020.
2. İlham Qəhraman,”Moderator.az”, 2020.
3. Firuzə Məmmədli , internet resusları, 2020.
4. Aybəniz Əlyar, internet resusları, 2020
5. Şövkət Horovlu, internet resusları, 2020.
6. Adilə Nəzər, internet resusları,2020
7. Səhrə Əhməd, “ədəbiyyat “, qəzeti,3 iyul, 2020
8. Təranə Turan Rəhimli,internet resusları, 2020.
9. Təranə Məmməd, internet resusları, 2020.
10. Nizami Muradoğlu, “Eşq bir sirdir”, Bakı, 2020
11. Rəsmiyyə Sabir, imternet resusları, 2020
12. Elza Məmməd, İnternet resusları, 2020.

Mərziyyə NƏCƏFOVA
filologiya elmləri doktoru


Baxış sayı - 734 | Yüklənmə tarixi: 25.11.2020 14:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031