manera.az
manera.az

Dərdin alım, bu dərdləri danlama - Şeirlər / Manera.Az

Dərdin alım, bu dərdləri danlama - Şeirlər / Manera.Az
Sahib Aslanzadə 1957-ci ildə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində anadan olub. Uzun illərdir ki, Azərbaycan mətbuatında şeirləri ilə çıxış edir. “Alnıma yazılan yazı” adlı şeirlər kitabı çap olunub
Hazırda Tümen vilayətində yaşayır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

ƏLİNDƏ QALMIŞAM

Əlində qalmışam bu yerin, göyün,
Əlində qalmışam dostun, tanışın.
Əlində qalmışam azı min löyün,
Ağacın, otların, torpağın, daşın.

Əlində qalmışam “dəli” qızların,
Əlində qalmışam dilli qızların.
Əlində qalmışam dəli şeytanın,
Əlində qalmışam Qalaktikanın.

Əlində qalmışam bir para kəndin,
Qorxuram…
Qorxuram, dilinin altında qalam.

DƏRDİN ALIM, BU DƏRDLƏRİ DANLAMA

Xış əkmişəm - ya torpağım bellənib,
Söz əkmişəm - ya dilimdi dillənib.
Gözlərim də gilələnib, göllənib,
Dərdin alım, bu dərdləri danlama.

Yanan yerdən tüstü çıxar, qınama,
Eh, özün bil, unamırsan, unama.
Birdən elə xəbər çatar anama,
Dərdin alım, bu dərdləri danlama.

Bu dərdlərin ucbatından böyüdüm,
Bu dərdləri görüb yaman söyündüm.
Nələr oldu nəsihətim, öyüdüm,
Dərdin alım, bu dərdləri danlama.

Bəlkə elə göyərəsi, bitəsi,
Bəlkə elə ötəsidir, ötəsi.
Bəlkə elə görəmmədim bir kəsi,
Dərdin alım, bu dərdləri danlama.

Ya mən əkib-becərmişəm bu gülü,
Ya kim verər bunu mənə könüllü…
Güllər hələ oyanmayıb, mürgülü,
Dərdin alım, bu dərdləri danlama.

DƏRD ƏHLİ DƏ…

Gözün məni gözçıxdıma salıbdı,
Görən nəymiş gözlərimin günahı.
Bəlkə elə qeydiməcə qalıbdı,
Dərd əhli də unudarmı Allahı?!

Söhbətimiz düyün düşür, tərs gəlir,
Bax, indi də gözlərimə dirəndi.
Cüt diləyim ha sanadım nəhs gəlir,
Qoşalaşmır, qorxudandı, nədəndi?!

Dilim ağır dinir, ağır tərpənir,
Üzümüzə açılacaq il kimi.
Demə elə, Sahib fağır tərpənir,
Tərpənəndə, tərpənəcək sel kimi.

DÜNYANIN AĞ GÜNÜ

Qar yağıb dünyaya, dünya ağappaq,
Qoy, ləkə düşməsin qarın üstünə.
Onun bəxtinə bax, taleyinə bax,
Qar ləkə götürmür - qar nə, ləkə nə.

Qar yağıb dünyaya narahatam mən,
Dünya canımdan da əziz olubdur.
Qar yağıb dünyaya - qoy deyim dünən,
Dünya saf olubdur, təmiz olubdur.

Qar yağıb dünyaya, gətirib bəxti,
Gündüzü demirəm, ağarıb gecə.
Qar yağıb dünyaya,
Dünya xoşbəxtdi,
Bədlər bədliyindən gərək yan keçə.

BU YERLƏR

Çaxmaq çəkib, ocaq çatdım daşından,
Kəklik, turac əskik olmaz başından,
Babam mənə xəbər verdi yaşından
Bu yerlərin, bu yerlərin, yerlərin.

Çeşməsi var, yüz yerindən qaynayır,
İlməsi var, dalğa-dalğa oynayır,
Kəlməsi var, cümlə - cahan doymayır
Bu yerlərin, bu yerlərin yerlərin.

Bal arısı bal pətəkdə ballanıb,
Salxım söyüd salxım-salxım sallanıb,
Köhlən atı ildırımla nallanıb,
Bu yerlərin, bu yerlərin, yerlərin.

Elim-obam tüstüsündən bəllidi,
Qocası var - nəvəsi yüz əllidi.
Gözəlləri şirin-şəkər dillidi
Bu yerlərin, bu yerlərin, yerlərin .

Zəyəmçayın nəğməsiylə duruldum,
Əzəl gündən bu beşiyə yar oldum,
Anam deyib torpağına vuruldum
Bu yerlərin, bu yerlərin, yerlərin.

BİLMİRƏM

Təbiət anadan ana doğulub,
Fırçası günəşmi, aymı bilmirəm!
Bulud da dağlara qolbağı olub,
Göz yaşı dənizmi, çaymı bilmirəm!

Açıbdır qəlbini bir uşaq kimi,
Gəlinlik duvağı bahar fəslimi?!
Təbiət eşqinin palıd görkəmi,
Aylardan, illərdən paymı bilmirəm!

DAĞLAR

Təpələrin «kündə» düşüb,
Bərələrin bəndə düşüb,
Əliyin nə tez hürküşüb,
Qarşı duran qoşa dağlar.

Kədər nədi bilməz naşı,
Öyüd verər «yaxşı - yaxşı».
Yazıqlığı - yalvarışı,
Tutub çırpar daşa, dağlar.

Payız gəlib gör nə sayır?!
Quruyubdu, yoxdu çayır.
Qaş-qabağın açılmayır,
Borclusanmı qışa, dağlar?!

HƏLƏ UŞAQ YAŞINDADIR

Dünya bir uşaqdır
Körpə bir uşaq,
Gözümüz üstündə bəsləməliyik.
Dünya bir budaqdır,
Yaşıl bir budaq,
Yaşıl taleyini kəsməməliyik.

Dünya bir uşaqdır
Südəmər uşaq,
Dünyanın sərhədli beşiyindəyik.
Dünya anam kimi mülayim, yumşaq,
Anamla dünyanın keşiyindəyik.

Dünya bir uşaqdır
Ağlı başında,
Yaxşını yamandan seçir birbəbir.
Dünya bir uşaqdır
Qoca yaşında,
Qocala-qocala müdrikləşibdir.

Dünya bir uşaqdır
Göz olun ona,
Böyüyüb günəşə, aya qalxacaq,
Bu dünya heyrandı uşaq oynuna,
Böyük oyununa dözməyir ancaq.

MƏNİM TANIDIĞIM DÜNYA

Mən tanıdığım dünya -
Boynu bükük bənövşə.
Yönü bizə sarıdı,
Bilmərəm, nəzər yetər.
Üzərrik asın üstdən
Bəlkə bəxti sarıdı.

Mən tanıdığım dünya -
Mən bilən mənə çəkib.
Mən də ulu babama.
Babam mülayim… Dünya,
Yaman “dəcəldi” amma.

Mən tanıdığım dünya -
Gülöyşə narı.
Qulluq edin doyunca,
«Şirinilikdən» çatlayar.
Ayağı küldə,
Bir çətən külfəti var.

Mən tanıdığım dünya -
Şüşə kimidi.
Məni də şüşə sanacaq,
Sınsa,
Ürəyindən sınacaq.

NAĞIL

Nağıl danışmıram, dünya
İ. İsmayılzadə

Nağıl dili yüyrək olar,
Mən qorxuram, bu nağıllar gerçək ola.
Nağıl dili köyrək olar,
Mən qorxuram, dünya dönüb dibçək ola.

Qardaş yox, bacı yox,
Qərib dünya,
Qəm yükləsən, qəm yükünü çəkəsidi.
Bəxtim kimi ürəyimə girib dünya,
Gecə-gündüz ürəyimi sökəsidi.
Şirin nağıl, şəkər nağıl,
Kim bu dərdi çəkər, nağıl?!

Raket nağıl, atom nağıl,
Yalanı da, gerçəyi də nağıllar.
Bircə qırıq çaşsa, ağıl…
Şirin nağıl, şəkər nağıl,
Boyat nağıl, bekar nağıl.

YARI YAŞIMA

Üzümə tutalğac tutub,
Dünya, səni yaşamışam.
Suyunu, havanı udub,
Dünya, səni yaşamışam.

Haqqın-sayın var bonyumda,
Tanrı buna şərik çıxmaz.
Dünya, sağ ol ki, yolumda,
Yolum yoxdu heç çıxılmaz.

Dağ adı çıxarmasam da,
Gözünə dağ olmadım mən.
Üzünü ağartmasam da,
Üzünə ağ olmadım mən.

OLANIM, QOPANIM

Musa YAQUBA

Bir vaxt tövşədiyim cığırlar, yollar,
Quzuya, qoyuna ot olan yallar.
İndi sətirlərə yavanlıq olub,
Çörək əvəzinə, bal əvəzinə.
İndi sətirlərin içindən çıxır,
Kökləri qayanı deşən göyrüşüm.
Çoxdan qəribliyə düşən göyrüşüm,
Bu gecə hardansa yuxuma girib.

Bilmirəm,
Yuxum də çəkilər ərşə,
Minnətçi gedərəm durub göyrüşə.
Tamarzı-tamarzı baxaram belə,
Sübhün qabağına çıxaram elə.
Gözümə təpərəm sübhün rəngini,
Hərdən örüşlərdə bələdçim olub.
Olanım, qalanım
Daşlara kimi,
Həyanım, gümanım gözətçim olub.

İndi sətirlərə nöqtə qoyurlar,
Yarımçıq misraya vergül atırlar.
Qayıdıb kökünə baxan söyüdün,
Gözünün yaşını sıxan söyüdün,
Suyu sıpxarılır, quruyub qalır.
Yarımçıq misranı qoruyub qalır.

Üstümə yüyürür o boz duman da,
Yenəmi istəyir qorxutsun məni.
Gözümə yüyürür
Yaşıl orman da,
Yenəmi səməni oxutsun məni.
Qoy bezsin, mən bezən deyiləm axı,
Yenəmi daşlara mən xına əzim,
Rəngi bir gözəli yandırıb yaxsın.

İndi sətirlərə halallıq verər,
Nə bilim, bəlkə də xoş qılıq verər.
Deyirəm bəlkə də…
Bəlkə arabir,
Kəsib öynəsindən yavanlıq verər.
Di gəl, özgəsindən urvalıq umsa,
Çıxardıb gözünü yamanlıq verər.
Salam, tövşədiyim cığırlar, yollar,
Xoş gördük, gözümün yaşılı yollar.


***
Yarımçıq sözüm var qalıb yarıda,
Yaranmışam , bəlkə məni yarıda.
Özgələr yığılıb şübhə yarada,
Özümüz çox şeyi bacarmamışıq.

Özümüz çox şeyi bacarmamışıq -
Yüyürüb üstümə qayıtdı bu söz.
Kiminsə yanında yalan olmuşuq,
Kiminsə qeydinə qalan olmuşuq.
Özgənin «dilini» bilmişik,
Ancaq,
Özümüz çox şeyi bacarmamışıq.

Şübhələr bir yerə sığışmır daha,
Bu yuxu gözümə yığışmır daha,
Özümüz çox şeyi bacarmışıq da,
Vaxtında çox şeyi bacarmamışıq.

KÜLƏYİN NƏ VECİNƏ

Bir dəli külək hərlənir,
Yerlə göy arasında.
Hərlənir qaramıza düşüb:
Aramıza düşüb,
Sıramıza düşüb,
Kimisə yoracaq.

Bir əli külək hərlənir,
Bağçada - bağda .
Yarpağa nə var,
Xəzəl olacaq.
Budağa nə var,
O ki, var
Bir - birini yolacaq.

Bir dəli külək bu meşəni «talayıb»,
Ağacları var köndələn,
Ağacları var göydələn.
Biri küləklərin quyruğudu,
Biri ilahi buyruğudu.
Yazıq pöhrələrin gününə,
Yazıq körpələrin gününə.
Küləyin nə vecinə,
Ələsdi, Vələsdi…Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031