manera.az
manera.az

Özümü Nobelə hazırlamamışdım – Luiza Qlük

Özümü Nobelə hazırlamamışdım – Luiza Qlük
MANERA.AZ 2020-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Luiza Qlükun müsahibəsini təqdim edir:

Qlük indi özünü həmişə narahat hiss etdiyi işıqların altındadır. Çünki oktyabrın səkkizində onun 2020-ci il "Nobel Ədəbiyyat mükafatı”nın qalibi olduğu açıqlanıb. Bütün qaliblər kimi onun da Kembricdəki evinin qarşısında jurnalist izdihamı yaranıb, telefonlar susmayıb, müsahibə istəyənlər sıraya düzülüb. Səhər saat 7-dən Qlüka gələn zənglərin ardı-arası kəsilməyib və o, bütün bu olanları "kabus” adlandırır.

Amma deyəsən, artıq situasiyaya öyrəşir. Çünki, hər nə qədər ağırçəkili (daha sanballı) səslənsə də, Nobel ömrünün 50 ildən çoxunu ədəbiyyata həsr etmiş, onlarla şeir toplusunun müəllifi Luisanın aldığı ilk mükafat deyil. Qlük əməyinin qarşılığını çox tez-tez, həm də "The National Book Award”, "The Pulitzer Prize”, "The National Book Critics Circle Award”, "National Humanities Medal” kimi prestijli mükafatların qalibi seçilməklə alıb. Halbuki, ədəbi tənqidçilər və həmkarları tərəfindən zərif, dürüst duyğular və etirafla dolu misraların müəllifi kimi qəbul edilir.

"StrausandGiroux” nəşriyyatının prezidenti, Luisanın dostu və naşiri Conatan Qalassi müəllif haqqında fikirlərini bölüşərkən deyib: "Onun yaradıcılığı daxili söhbət təəssüratı bağışlayır. Bəlkə, özü ilə danışır, bəlkə də, bizimlə danışır. Burada nəsə aydınlığa qovuşmayan ironika var. Luisanın nümunələrində özünə geniş yer tutmuş bir daxili (mənəvi) səs var. Müəllifi, adətən, heç bir-birilə uyğunlaşmayan şəxsi təcrübələr ilə ideallarını müqayisə edərkən görürük”.

Boşanmış və tək yaşayan Qlük pandemiyadan əvvəlki günlərini hər axşam dostları ilə şam edərək keçirib. Pandemiya günlərində o da hamı kimi evindən çıxmamağı üstün tutanlardan olub. Bütün yayı şeirdəki axtarışları sınamaları (ilə keçirən müəllif nəhayət, "Topludan qış reseptləri” ("Winter recipes from the collective”) adlı, gələn il işıq üzü görməsi planlaşdırılan kitabın ilk versiyasını hazırlayıb.

- Mükafat xəbərini necə aldınız?
- Təxminən səhər 7-yə 15 dəqiqə qalmışdı, telefona zəng gəldi. Elə mən də yenicə oyanmışdım. Özünü İsveç Akademiyasının sözçüsü kimi təqdim edən şəxs dedi ki, sizə Nobel Ədəbiyyat mükafatına layiq görüldüyünüzü xəbər vermək üçün zəng edirəm. Nə cavab verdiyimi xatırlamıram, amma, deyəsən, bu səsdə şübhəli nəsə axtardım. Məncə, özümü Nobelə hazırlamamışdım.

- Bəs, həqiqət olduğunu anlayanda özünüzü necə etdiniz?
- Tamamilə heyrətə düşmüşdüm. Amerikalı, ağ dərili, lirik şair Nobel Ədəbiyyatının qalibi seçilmişdi. İnanmaq olmurdu. Çünki heç məntiqli gəlmirdi mənə. İndi isə bu məntiqsizliyin davamı gəlir, yaşadığım küçədə müxbir izdihamı var, hamı müsahibə gözləyir. Sanki hamı bunlara adətkarmış kimi durmadan məni təvazökar adlandırırlar. Mən təvazökar deyiləm. Elə bir ölkədə böyümüşəm ki, mən böyüyəndə insanlar indiki kimi düşünmürdü. İnsana elə davranırdılar ki, dünyaya ağdərili doğulmusansa, bütün mükafatları almısan. Çox işləməyinə, mükafat gözləməyinə ehtiyac yoxdur.

- Həyatımızın gərgin və təcrid olunmuş pandemiya dövrünü necə keçirdiniz? Nəsə yaza bildiniz?
- Mən onsuz da nizamsız işləyirəm, yəni sabit bir iş rejimim yoxdur. Çünki pandemiya dövrünə kimi ömrümün dörd ilini cəmi bir kitab üzərində işləmişəm və bu proses mənə həqiqətən əziyyət verib. Sonra iyul-avqustda sanki birdən-birə daxili bir təkan baş verdi, şeirlər sürətlə yazılıb, sıralandı. Bəlkə də, yaradıcılığımda ilk dəfə əlimdəki əlyazmanı necə şəkilləndirəcəyimi belə iş prosesində artıq dəqiqləşdirmişdim. Mənim üçün bu möcüzəvi gedişat idi. Bir tərəfdən işin bitməsinin gətirdiyi rahatlıq, coşqu kimi eyforik duyğular yaşayırdım, digər tərəfdən isə günlük həyatın məhdudiyyətləri ilə həm fiziki, həm emosional mübarizə aparırdım.

- Yeni toplunun ana xətti nədir?
- Ayrı düşmək. Bu kitabda qəm-qüssə də var, komediya da var, buradakı şeirlər olduqca sürrealdır.
Mən yazmağı öyrənəndən ölüm haqqında yazmışam. Hələ on yaşımda ikən yazdığım şeirlər də belə ölüm bir motiv kimi seçilir. Bəli, düzdür, çox həyat dolu, şən qız olmuşam. Bu baxımdan yaşlanmaq mənim üçün çox mürəkkəb proses idi. Yaşlandıqca yaşlanmağın sadəcə ölümə addım-addım yaxınlaşmaq olmadığını anlayırsan. Bu, sizin özünəinam sisteminizi təşkil edən xüsusiyyətlərinizin – fiziki zərafət, cazibədarlıq, güc, əqli çeviklik və s. - bir-bir necə sıradan çıxdığına şahid olmaqdır. Artıq bunlar sıra ilə bir-bir yox olmaq təhlükəsi ilə üz-üzə qalır və bu, insanı ölümdən daha çox sarsıdır, qorxudur. Bu qədər incə nüansları olan proses haqqında düşünmək və yazmaq da təbii ki, çox maraqlıdır.

- Nümunələrinizin çoxu klassik mifologiyadan ilham alır. Əfsanəvi arxeotiplərin ailə anlayışı, münasibətləri sanki müasir dövrün oxucusunun tərzi ilə səsləşən sətirlərlə təsvir edilir. Sizi bu mifik qəhrəmanlara cəlb edən nədir? Bu əfsanələrin kəşf etməyə, yaratmağa, təsvir etməyə çalışdığınız şeylərə nə kimi müsbət təkan verir?
- Dünyada elə bir yazıçı yoxdur ki, onun yazdıqları yaşadıqlarından, uşaqlığından, xatirələrindən, ona toxunan, onu həyəcanlandıran, dəyişdirən şeylərdən ilham almamış olsun. Mənim uşaqlığımla bağlı bütün xatirələrimin içində yunan əfsanələri topluları var. Əvvəllər valideynlərimin oxuduğu bu kitabları sonra mən özüm dəfələrlə, böyük zövqlə oxumuşam. Bunlar mənim günlük həyatıma bir şey qatmır, amma şeirdə məsələn, anamın hansısa xüsusiyyətini tənqid edəcəyəmsə, Demeteri onun əvəzinə canlandırıram. Digər tərəfdən də mən onlardan özvəsərlərimi fərqləndirmək, ya da bir istiqamət almaq üçün yararlanmıram. Bu qəhrəmanlarla yatıb, onlarla xəyal qurmuşam.

- Bədii nümunələrinizi Silvia Platsın şeirləri ilə müqayisə edən tənqidçilər sizin şeirlərinizi günahkar axtarma (etdiyi səhvin kiminsə ucbatından baş verdiyinə inandırmaq), etiraf edib yükdən qurtulma kimi səmimi duyğulardan qidalandığı fikrindədir. Bu nümunələrdə nə qədər öz təcrübələrinizdən dəstək alır, nə qədər bəşəri duyğulara söykənirsiniz?
- Keçmiş, təcrübələr həmişə mənim yaradıcılığımın arxa fonunda var, çünki bu öz həyatımdır, əyani materialdır. Həmçinin qədim dövr qəhrəmanlarının da həyatını, mübarizəsini, macəralarını kəşf edirəm. Çünki mən öz mübarizələrimi və sevinclərimi əsla qeyri-adi, fərqli görməmişəm. İşıqların mənim və həyat yolumun üzərində cəmlənməsində maraqlı olmamışam. Doğulan və həyatda qalmaq üçün mübarizə aparan bütün insanların mübarizəsi və sevinci arasında bölünsün bu işıq. Çünki mən ölümün mahiyyətini bəlkə də çox erkən yaşda və böyük bir heyrətlə dərk elədim. Bunu dərk edənlər insanların heç bir şərt daxilində bir-birlərindən üstün və ya əskik olmadıqlarını bilir. Odur ki, mən burada öz həyatımdır, burada bəşəri ideologiyalar kimi ayırım apara bilmərəm.

- Yaradıcılığınızda çox müxtəlif poetik formalarda qələminizi sınadınız. Düzdür, öz səsiniz bütün bu fərqliliklərdən keçməsinə baxmayaraq, özünü qoruya bildi. Bu fərqli formalar arasında bir axtarış idi, yoxsa potensialınız üçün bir sınaq?
- Ədəbiyyat başdan-sona axtarışdır. Yazdığım hər şey məni haqqında heç nə bilmədiyim yerə aparsın istəyirəm, bilmədiyim yollardan keçirsin. Yaşlanmağın üç-beş yaxşı cəhətindən biri də yeni təcrübələrin insanı daha çox həyəcanlandırmasıdır. Bəli, ola bilər ki, yaşlanmaq hamı üçün arzulanan proses olmaz, amma bu prosesin özündə də kəşf ediləsi çox şey var. Xüsusilə də, şairlər, yazıçılar üçün bu olduqca dəyərlidir (mətndə qiymətə gəlməyən, heç nə ilə dəyəri ölçülməyəcək kimi ifadə edilib). Yazdıqları müəllifi yola yeni başlayanlar kimi təəccübləndirməli, həyəcanlandırmalıdır. Məsələn, belə hiss etməsəydim, hər dəfə gözyaşlarına boğulardım. Düzdür, bəzən olur ki, yazdığımın çox uğurlu olduğunu, tamamlandığını görürəm, amma elə bilirəm ki, bunu haçansa əvvəllər yazmışam. Onda da bir başqa axtarış başlayır.

- Yaşlanmağın sizə şair kimi yeni qapılar açıb, dünyanızı genişləndirdiyi hansı nüanslarda hiss edirsiniz?
- Şeirə başlayanda məni məmnun edən (ürəyimdən tikan çıxardan), amma tapmadığım ifadənin başqa bir yerdə özünə yer tutmasında, cümlələri yenidən inşa etmək yerinə tamamilə yenisi ilə əvəzləməkdə, struktur düzəlişlərinin artıq çox az vaxt aparmasında, özümdən xəbərsiz qadağan olunmuş ifadələr siyahısının formalaşmasında. İşin ən maraqlı tərəfi isə odur ki, bunlar təməli əvvəldən qoyulan, amma sizin fərqində olmadığınız prosesdir. Bu nüansların fərqinə yazı prosesində yox, sonrakı fikir burulğanlarında varıram.

- Həm də Yale Universitetində müəllimsiniz. Müsahibələrinizdə müəllimliyin sizə bir çox çətinliyin öhdəsindən gəlməkdə kömək etdiyini vurğulayırsınız. Ədəbiyyatın tədrisi ilə məşğul olmaq sizə şair kimi nə kimi üstünlüklər verir?
- Hər gün, hər mövzuda, hər auditoriyada gözlənilməz və yeni bir şey ilə əhatələnirsiniz. Üstəlik qarşındakıları da həyəcanlandıracaq ideyalar axtarışında olmalısan. Xoşbəxtlikdən tələbələrim məni hər zaman silkələyən, həyəcanlandıran ideyalarla gəlirlər. Yazarlığın taleyi budur durmadan yaza bilməzsən, amma başqalarının yazdıqlarını oxuya bilərsən. Onlara öyrətdiyimdən daha çox şey öyrəndiyimi etiraf etməliyəm./artkaspi.az/

9 oktyabr, 2020-ci il,
"New York Times” dərgisi.
Müəllif: Aleksandra Olter
İngilis dilindən ixtisarla tərcümə edən: Elcan Salmanqızı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728