manera.az
manera.az

Ürəyimdə əbədilik bir qəriblik qorxusu - ŞEİRLƏR

Ürəyimdə əbədilik bir qəriblik qorxusu - ŞEİRLƏR
MANERA.AZ Nadir Azayoğlunun şeirlərini təqdim edir:

***
Mən Vətən haqqında düşünəndə
güzgüyə baxa bilmirəm.


İlham Qəhrəmana

Hardan gəlir, hara gedir,
görən bu oğlan..
Ruhu dağda-daşda pərən
pərən bu oğlan..

Bir səhradı günəş yaxsa,
Bir buluddu şimşək çaxsa,
Kimsə bilməz dağdı, yoxsa,
aran bu oğlan...

Nəğməsi var, oxuyammır,
Hanası var, toxuyammr,
Gülləri var, qoxuyammır,
viran-bu oğlan...

Sevgi

Torpaq çəkdi,
Gəldim hamı kimi
Gözlərimdə göylərin kölgəsi.

Dəmini necə sevdimsə,
Qəmini də eləcə sevdim
Dünyanın.

Nə ölümündən,
Nə zülümündən qorxdum.

Hər nə vardı gəldi-gedər
Hər nə oldu QƏDƏR bildim
Bilənlər kimi.

Torpağında ölmüş insanların qoxusu,
Göylərində Tanrı qorxusu
Vardı dünyanın
SEVDİM.

İkimiz bir köynəkdə

Bu da köynək dar yaxalı,
İkimiz bir həvəsdə.
Daha torpaq payımızın,
Qalar qulağı səsdə.

Əllərini üzümə çək,
Qoy gözlərim qapansın.
Kandardakı ölümə de,
Bircə köynək yubansın.

Ürəyində azca danış,
Dəli şeytan eşidir.
Bu köynəyi günah bilmə,
Sevgi Allah işidir.

Bağımın qəribliyinə şərqi

Salxım-salxım qaranlıqlar,
Nərgiz-nərgiz saralır.
Gecə küsgün, kölgəsində
Bənövşələr qaralır-
bağa bax, bağa!

Umacağım nədir belə,
Nə oxur haqq aşığı?
Gözlərimdə nisgil, heyrət,
Üzümdə ay işığı-
ağa bax, ağa!

Sükutum sərsəm divanə,
Duyğum dərviş yuxusu.
Ürəyimdə əbədilik
Bir qəriblik qorxusu-
dağa bax, dağa!

Özümü

Yıxılacam gözlərimə bu axşam,
Ağ yuyacam qara sərəm özümü.
Baxmayacam ya ağacam, ya daşam,
Saymayacam saylı ərən özümü.

Qaranlıqlar yağır edib yuxumu,
Vətənsizin cəsədi bu, ruhu bu!
Qıyma-qıyma doğrayacam ruhumu,
Eyləyəcəm pərən-pərən özümü.

Bu ürəklə ağ tük bitməz dizimdə,
Bu ağılla qan qaynamaz gözümdə,
Mən anamın həsrət olub sözündə,
Birçəyinə gərək hörəm özümü.

Kimiymişəm-kölgələrdə baş qatan,
Kimiymişəm-öz bağına daş atan,
Çox bilmişəm ağzı ilə quş tutan,
Çox bilmişəm ulduz dərən özümü.

Qurd səsinə oyanmırsa pəncərəm,
Ağzı dönmüş bir qəbzəsiz xəncərəm,
Mən ölümə mürgü döyən səngərəm,
Haçan olar, oyaq görəm özümü.

Vasifin avtoqrafına

Köhnə dostum, sən deyənin,
Bir ellik sorağı gərək.
Altında bir köhlən atı,
Başında papağı gərək.

Yurd-yuvası yadın olmaz,
Qaçqın olsa “ad”ı olmaz,
Kişi ki var, qadın olmaz,
Üstündə yarağı gərək.

Ağac kimi əkilməyə,
Ağuşuna çəkilməyə,
Son məqamda bükülməyə,
Kişinin torpağı gərək.

Araza baxıram

Araza baxıram: heyrət və hüzn,
Bir də çəkdikcə çəkilən xəcalət.
Könlümdə Vətən adlı yar,
Cismim həsrət qoxulu qara qürbət.

Araz axır:
Sahibi döymüş dəvə kimi,
Sükutunda sifətimə deyiləsi,
Bir ağız dəvə kini.

Baxışlarım ovuclarımda gizlənir,
Baxa bilmirəm sularına-
Həkəridən ayıbdı.
Sular murdarlıq götürmür deyə
Axa bilmirəm sularına
Sular hayıfdı.

Üzümüz ağ olsun,
Bir vaxt sirdaş idi Araz,
İndi dərddaş eləmişik Həkərini.

Bilsəydim məni
Həkəri yuxarı axtaran olar
Axıdardım özümü Araz aşağı.

Araza baxıram: heyrət və hüzn,
Bir də çəkdikcə çəkilən xəcalət.
Könlümdə Vətən adlı yar,
Cismim həsrət qoxulu qara qürbət.

Babam

Bu qandımı, qarğışdımı,
Tanrı payı, “alğışdımı”.
Yağan daşmı, yağışdımı,
Evimizi yıxır, babam.

Ürəyimiz qəm yağırı,
Ağrı qışı, ağrı qarı,
Canımızın ağrıları,
Gözümüzdən çıxır, babam.

Məlhəm kimi içilən dərd,
Gəlişindən seçilən dərd,
Boyumuza biçilən dərd,
Daha bizi sıxır, babam.

Ömrümə

Hər arzuma günü çıxır,
Bir dərdimdən mini çıxır.
Nə dərdimin ünü çıxır,
Nə yoxdu hakim ömrümə.

Yarı yazam, yarı qışam,
Dərdlərimdən yarımışam.
Mən ömrümə qan-qarğışam,
Ağırdı yüküm ömrümə.

Bir canımdı, bir də fələk,
Günümü sovurur külək.
Bu sitəmi bələk-bələk,
Bürüyüm, büküm ömrümə.

Belə ömrə ölüm gəlmir,
Çağırmağa dilim gəlmir.
İstəsəm də, əlim gəlmir,
Bu bəxti əkim ömrümə.

Daha ağlım başdan olub,
Daha gözüm yaşdan olub,
Quldan, qaravaşdan olub,
Qısılım, çöküm ömrümə.

O taylı bacıma

Cənubi Azərbaycanın Ərdəbil şəhərində radio vasitəsilə
Qədir Rüstəmovun “Sona bülbülləri”nə qulaq asarkən
yaxalanıb daş-qalaq olunmuş güneyli bacıma

Cənubda daş-qalaq olunan bacım,
İniltin, sızıltın qanımdan keçib.
Daşlar altındakı hər ağrın, acın,
Ruhuma od vurub, canımdan keçib.

Üstünə yığılan o daş qalağı,
Özgə toprağımda öz daşlarımdı.
Köksündən açılan o qan bulağı,
Mənim qana dönmüş göz yaşlarımdı.

Taleyim küsübmü mən qara baxtdan,
Heç kəsin dərdi yox mənimki qədər.
O sərhəd telləri çəkilən vaxtdan,
Bir üzüm sevincdi, bir üzüm kədər.

Durub düşündükcə bağrım sökülür,
Bu qansız qismətim gör nələr edir.
Bir bacım o tayda daşa bükülür,
Bir bacım bu tayda görüşə gedir.

Hələ qan qoxuyur cəllad pəncəsi,
Onun da axırı bir gün gələcək.
O gün ki, Qədirin yanıqlı səsi,
Tutub qeyrətimi silkələyəcək.

Daha ürəyimdə qalmayıb dözüm,
İntiqam hissiylə yanan ocağam.
Məzarın başında nə vaxtsa özüm,
Bir “sona bülbüllər” oxuyacağam.
1987

Nənəm Gülümə

Ay nənə, sən Allah qara taxçadan,
Babamın toz basmış çarığın çıxart.
Dərddən düyün düşmüş güllü boxçadan,
Saralan, çürüyən sarığın çıxart.

Hanı o boz ürgə boyuna baxım,
Yalına babam tək sinməyim gəlir.
Elə babam kimi qımıldanmağım,
Elə babam kimi dinməyim gəlir.

O qınsız qılıncı ver taxım belə,
Vaxtın yaman günü yaman üzlənib.
Babasız bir qına dönmüşəm elə,
İçimdə yüzlərlə qılınc gizlənib.

Sözlərim dilimdə düyülü düyçə,
Yuxum yorğun düşər, gözüm kiriməz.
Ürəyim gözümdə yaralı Göyçə,
Orda odum sönsə, közüm kiriməz.

Tutub taleyimin ətəklərindən,
Bəxtin qismətinə yalvaram gərək.
Od töküb səbrimin bəbəklərindən,
Bir göy titrədəm, yer yaram gərək.

Bəlkə babam kimi yurduna dirək,
Nərəli bir baba yenə tapıldı.
Dağlara söykənən bir qayakürək,
Səngərə çevrilən sinə tapıldı.

O köhnə libasa, ata, qılınca,
Heyifin gəlməsin, ay nənəm Gülüm.
Babalıq etməsəm baba dalınca,
Barı o görkəmdə yolla bilim.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031