manera.az
manera.az

Qədirbilən dovşan - Nağıl

Qədirbilən dovşan - Nağıl
Andrey Platonov

Bayram günü valideynlər balaca oğlanlarını qonaqları çağırmağa göndərdilər: "Get filankəs əmini çağır, bəhmənkəs babanı çağır, filan dayı da yadından çıxmasın…” Uşağa o qədər ad saydılar ki, kim olsa yadından çıxardı.

Uşaq küçəyə qaçdı və bayıra çıxan kimi kimləri qonaq çağıracağı yadından çıxdı. Evə qayıdıb təzədən soruşmağa cəsarəti çatmadı. Fikirləşdi: "Yaxşısı gedim bütün kəndi çağırım, aralarında bizim çağırmaq istədiklərimiz də olacaq”. Və o, kəndin bütün küçələrini gəzib hamını qonaq çağırdı. Hamı təşəkkür edib gələcəyini bildirdi. Uşaq evə qayıtdı.

Qonaqlar yığışmağa başladı. Tezliklə kəndin bütün sakinləri gəlib çıxdı. Oğlanın valideynləri qorxuya düşdülər:

- Bu nədir belə? Bu qədər adamı necə yedizdirəcəyik?

Oğlan ata-anasına dedi ki, kimləri çağırmaq yadında qalmadığı üçün bütün kəndi çağırıb.

Qonaqlar yemək gözləyirdi. Ata-ana evdə nə varsa gətirib stola düzdülər, amma özləri də, uşaq da gördü ki, bu azdır.

- İşləri necə korlamısansa, özün də yoluna qoy! – Valideynləri oğlana dedi.

Uşaq valideynlərini çətinə saldığı üçün ağlamağa başladı. Ağlaya-ağlaya evdən çıxıb meşəyə qaçdı. Kötüyün üstündə oturub inildəməyə başladı.

Birdən köhnə dostunu – boz dovşanı gördü. Bu dovşan yetim olduğu üçün oğlan onu evdə böyütmüşdü, böyüyəndən sonra meşəyə buraxmışdı. Dovşan oğlanın yanına gəlib dizinin üstündə oturdu.

Uşaq başına gələni dovşana danışdı. Dovşan qulaq asdı, uzun qulaqlarını oynatdı, arxa pəncələri üstündə oturdu, qabaq pəncələriylə oğlanın əllərindən tutub dedi:

- Ağlama, dostum. Get evə, hər şey olacaq…

Dovşan tullana-tullana meşənin dərinliyində yox oldu.

Uşaq dovşana qulaq asıb evə qayıtdı. Qonaqlar artıq evdə olanları yeyib-içmişdilər. Amma heç kim getmirdi, hamı yemək gözləyirdi. Bəziləri deyinirdi ki, qonaq çağırmısınız, amma tədarük görməmisiniz. Qonaqlardan hirslənənlər də vardı:

- Verməyə yeməyin yoxdursa, qonaq çağırmaq lazım deyil!

Bu vaxt kimdə pəncərədən baxdı, gördüklərindən qorxub hamını çağırdı. Əvvəlcə hamı qorxdu, sonra təəccübləndilər: bu nədir belə? Küçə heyvanla doluydu, hamısı evə tərəf gəlirdi və hərəsi bir şey gətirirdi.

Ayılar bal çəlləklərini diyirlədirdi, canavarlar leşləri sürüyürdü, marallar buynuzlarındakı süd dolu vedrələri dağıtmamaq üçün ehtiyatla gəlirdi, gəlinciklər, kəsəyənlər buğda torbalarını gətirirdi, dələlərlə dovşanlar səbət dolusu giləmeyvə və qoz-fındıq daşıyırdı, tülkülərinsə dişlərində toyuq, qaz sallanırdı.

Dovşan meşədəki dostlarından oğlana köməklik göstərməyi xahiş etmişdi. Dovşan onlara oğlan haqda danışmışdı, onu necə böyüdüb meşəyə buraxdığını nağıl etmişdi. Heyvanlar gətirdiklərini həyətə yığanda tərpənməyə yer qalmadı. Heyvanlar gətirdiklərini qoyub təzədən meşəyə qayıtdılar. Hamı təəccübdən donub qalmışdı, heç kim bir kəlmə də danışa bilmirdi.

Şağın valideynləri sevincdən nə edəcəklərini bilmirdilər. Amma hamıdan çox oğlan sevinirdi. Üç gün üç gecə ev sahibləri qonaqlara yemək verdi. Qonaqlar dağılışandan sonra da çoxlu yemək qaldı.

Bax, dovşan uşağa belə minnətdarlıq elədi. Çünki o, yaxşılıq itirən deyildi.

Tərcümə: Həmid PiriyevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930