manera.az
manera.az

İkinci Respublikanın generalı - Hekayə

📅 22.08.2020 16:01

İkinci Respublikanın generalı - Hekayə
– Bütün günü bu aeroport ağzıgünə yatır, – kişi öz-özünə deyinirdi. – Sübh saat beşə də reys salarlar? Bu camaat necə getsin çıxsın ora gecənin yarısı? Avtobus yox, metro yox, elektriçka yox...

Bilet sifariş veriləndən sonra pis yatırdı, bu gecəni isə heç yatağına girməmişdi. Mətbəxdə, koridorda gəzişə-gəzişə oğlunu, onun gedəcəyi yerləri, qarşılaşacağı adamları düşünürdü. Hərdən yavaşca həyətə çıxıb gecənin qaranlığından dünyaya baxırdı: bir-birinə qarışmış qitələr, ölkələr, şəhərlər baş alıb harasa gedirdi. Bircə bu qəsəbə, bu şəhər yerindən tərpənmədən dənizin qırağında mıx kimi durmuşdu. Elə bil gedən, itən, dağılan nə vardısa, hamısının yenidən yaradılıb öz yerinə qaytarılması üçün bu mıx bu dənizlə lazım olan hər şeyi edəcəkdi.

Oğlu öz həyatını sıfır nöqtəsindən başlamağa gedirdi, ona isə bundan sonra gecə-gündüz pəncələri üstə durub uzaqlara boylanmaqdan başqa heç nə qalmırdı. Ona elə gəlirdi ki, oğlu yeni həyatına son hazırlıq mərhələsini indi otağın qaranlığı içində necəsə özünü dəyişməklə, əvvəlki həyatını bu doğma divarlar arasında əridib yox etməklə başa vurur. Buranın köhnələri orada heç nəyə yaramayacaqdı. Otuzu haqlamış kişi, dur təzədən bəbə kimi dil aç, günəş haqqında mahnı əzbərlə. Hələ yatırdı, bəlkə də axırıncı dəfə bu evdə yatırdı. Bəlkə də yatmırdı, oyanmışdı. Sadəcə gözləyirdi ki, atası onu həmişəki kimi səsləyib oyatsın. Bəlkə xoşuna gələn o sözləri, o səsi həmişəlik yadında saxlamaq istəyirdi!

Vaxtın tamamında kişi səssiz addımlarla otağa keçib çarpayıya yaxınlaşdı, yarıqaranlıqda mələfəni üstünə atmış oğluna, stulun başında hazır qoyulmuş paltarlara, yerdə iki yarımkürə maketini xatırladan açıq çamadana baxdı. Çamadandan başqa hər şey həmişə olduğu kimi idi. Onu məmnuniyyətlə götürüb pəncərədən çölə atardı. Elə bil oğlu çamadanı yox, çamadan onun oğlunu götürüb aparırdı. Onlar gedəndən sonra bu otağa girmək də çətin olacaqdı. Nəhayət, astaca çağırdı:

– Süleyman... Dur, vaxtdır.

Süleyman mızıldanıb-eləmədən, yerində qurcuxmadan, tez durdu və ayaq üstdə dayanıb yatağına, stulun başındakı paltarlarına baxa-baxa nədən başlayacağını fikirləşdi. Elə bil yuxudan bu oyanmaq indiyəqədərkilərin hamısından həm də özünəməxsus geyinməyi ilə fərqlənməli idi. Kişi oğlunun uca boyuna, sümüklü kürəyinə, əzələli, sağ ayağında topuqdan yuxarı ağac budaqlarıtək şaxələnən enli tikiş yerlərinə baxıb futbolu xatırlamaq istəmədi. İndi bütün o hay-küy, stadionlar, azarkeşlər, sövdələşmələr həyat deyil, sadəcə oyun idi. Ona və oğluna lazım olmayan bir oyun. Oğlunu elə belə, paltarsız qucaqlayıb bağrına basmaq istədi. Ancaq burun suyu axıtmaq zamanı deyildi, özünün yığışdırdı.

– Çay qoyum? – sualını gümrah səslə verməyə çalışdı.

– Gecənin bu vaxtı nə çay?! – oğlu mızıldanıb əl-üzünü yumağa getdi və qayıdanda diş fırçası ilə pastasını da gətirib sonuncu nişanə kimi çamadana
tulladı.

Adam evdən də, eldən də belə, bir fırçalıq pasta kimi sıxılaraq çıxarılır, – kişi fikirləşdi. Oğlunun getdiyi ölkənin də, şəhərin də buradan yaxşı olmadığına əmin idi. Oranın təbiəti, torpağı, havası, günəşi də yəqin ki, buranınkına çatmazdı. Bir dəfə televizorda oraların qədim sakinlərindən olan adamların kəndirlə sahil dağların sıldırımlarına sallanıb qağayı yuvalarından yumurtaları necə torba-torba yığdıqlarını görmüşdü. Onda hələ oğlunun gedib-getməyəcəyi bəlli deyildi. Onda hələ kişi özü, qürbət görmüş birisi olaraq doğma torpağın, onun yetirib-bitirdiklərinin, havasının, suyunun yer üzündə misli-bərabəri olmadığını hər kəsə öyüd-nəsihət kimi xatırlada bilərdi.

Süleyman tez geyindi: bir şalvar, bir köynək, bir cüt corab. Bu ölkədə yay gününün geyimi nədir ki! Orada isə Allah bilir...

– Tamam! – deyib atasının üzünə baxdı. Yaxşı ki, gülümsünmədi, gözlərində sevincdən başqa hər şey vardı.

Kişi addım atıb koridorda yox oldu və tez də qayıtdı. Əlindəki qızıl tapançanı stolun üstünə qoyub lampanın işığını yandırdı.

– Sən bunun şəklini çək, qoy telefonunda qalsın, – dedi. – Yadımdan çıxmışdı. Lazım olsa...

Kişi neçə gündən bəri dolmuş bulud kimi tökdü və oğlunun boynunu qucaqladı. Lap yaxın illərə qədər eyni boydaydılar, sonra Süleyman yerində qaldı, o isə azca aşağı endi. İndi burnu onun çiynini güclə keçirdi. Kişi ayrıldığına görə yox, böyütdüyü bu boyda oğulu və öz genetik davamını tanımadığı, görmədiyi adamlara həmişəlik verdiyinə görə ağladı.

– Yaxşı, ata, sakit ol, – Süleyman da doluxsunmuş səslə deyib əlini onun kürəyinə vurdu və geri çəkilib yaxın işığın altında bərq vuran tanış silaha baxdı. – Mən neynirəm onun şəklini?

– Sən çək, lazım olsa, deyərsən ki, bunnan mənim atamı prezident özü təltif edib. Sonra da...

Kişinin səsi yenə boğuldu və o, “ıhı-ıhı-ıhı” eləyib boğazını arıtlayandan sonra danışmaq istəsə də, bir neçə dəqiqə ərzində buna nail ola bilmədi.
Süleyman otuzu haqlamışdı. Çıxanda həyət qapısı onündə ayaq saxlayıb illər boyu dəyişməzliyi ilə onun gözlərini yormuş köhnə daşa-divara, yeganə ağaca baxdı. Ağac ona həmişəkindən oyaq, yaşıl və uca göründü. Üzrxahlıqla əlini cod gövdəyə sürtdü, daşı-divarı nə vaxtsa söküb yerində təzə bir şey tikmək arzusu ilə gözlərini bir anlığa qapamaqla vidalaşdı.

Qaramtıl göyüzü ulduzla dolu idi. Yatmadığı, yuxusunun ərşə çəkildiyi uzun gecələrdə Süleyman bu evin, hər tini, hasarı, küçəsi tanış bu qəsəbənin üzərindəki göyüzündə belə ulduzları çox görmüşdü. Ancaq ulduzlar öz parlaqlığı ilə heç vaxt ona indiki qədər qəribə təsir etməmişdi. Elə bil bu son məqamda ulduzları belə çıraqbanlıqla onunla vidalaşmaq üçün yandırmışdılar, o, maşına oturan kimi söndürəcəkdilər. Uzaqlardakı ölkə ilə qoyub getdiyi bu evi birləşdirən göyüzü indi həmişəkindən daha böyük və əndazəsiz idi. Və ulduzlar sönəndən sonra bu tünd qübbənin altı ilə hansısa uzaq, naməlum nöqtəyə gedib çatmaq indi Süleymana az qala qeyri-mümkün göründü.

–Ihı! Ihı! – kişi küçədə də boğazını arıtladı və sanki oğlunu yola salmaq üçün daha nə etmək lazım olduğunu bilmədiyinə görə başını qaldırıb ulduzlara dedi: – Gecəyə bax e-ee...

Belə gecədə ayrılmağın ikiqat ağırlığını hiss etdiklərindən dinməzcə getdilər. Gecə onların hər ikisinin həyatını atılan hər addımla dəyişirdi. Uzaq dəmiryol stansiyasında yuyulan neft sisternlərinin acıtəhər oksid iyisə həmişəki kimi dəyişməzdi. Sükutu bir neçə ev o yanda bütün ölkə ilə küsülü kimi ağızucu hürən itdən başqa pozan yox idi.

– Yeməyini bura qoymuşam, çamadanı verərsən baqaja, bunu özünlə borta götürərsən, – nəhayət, kişi əlindəki böyük çantaya işarə ilə axşam dediklərini təkrar etdi.

Çamadan təkərlərinin asfaltdan çıxardığı səs gecənin bir qırağını şüşəkəsən almaztək cıza-cıza gedir, indiyədək ata ilə oğulun bir-birinə dediyi və demədiyi sözlər arasında məsafəni daha da qısaldırdı. Ancaq indi deyilən hər söz elə bil öz müstəqim mənasının yanından keçib onların başının üstü ilə gedən, bir an belə unudulmayan məcazi mənaları doluxsundururdu.

– Əgər orada hər şey yaxşı olsa, sənə tezliklə ölkədən çıxmağa icazə verməyəcəklər, – kişi bu aramsız və mərhəmətsiz təkər xarıltısının davamından qorxurmuş kimi dedi. – Gələrsən bura, gəlməzsən, bilmək olmaz. Mənə görə narahat olma, öz həyatını qurmağa çalış. Mənim həyatım elə sən bildiklərindən ibarətdir, başqa bir şeyim yoxdu...

Son anda kişi elə bil çoxdan oğluna deyə bilmədiyi sözlərin hamısını demək istədi, odur ki, mövzudan-mövzuya keçidi və bu, bir qədər pərakəndə,
rabitəsiz alındı.

– Orada səni sorğu-suala çəksələr, mənim adımdan istifadə elə. Denən, atam İkinci Respublikanın döyüşçülərindən olduğu üçün mən buradayam. Soruşsalar, atan sağdı, ya ölüb? Denən, atam sağdı, ancaq respublikanı bilmirəm. İnternet doludu yazıynan, hansını qaldırsan, mənim adım çıxacaq. Çap elə, tök qabaqlarına, tapançanın da şəklini göstər, denən, atama bunu filankəs şəxsən bağışlayıb. Bu da üstündəki yazı.

Asfaltın dağılmış yerindən keçirmək üçün köməkləşib çamadanı əldə apardılar. Çamadan Süleymanın indiyəqədərki həyatından lazım bilib götürdüyü pal-paltar, xırda-xuruşla dolu idi. Başlanmış köçdə bunlardan vaz keçmək də olardı, əsas bunlar deyildi. Lazım olanlar onun qəlbində idi. İş elə gətirmişdi ki, o qapını yalnız atası açıb içəri daxil ola bilirdi. İndi yolun hamar yerində çamadan təkərlərinin xırıltı dolu qüssəli musiqisi o qapıları yenə-yenə taybatay açmışdı. Bu qüssənin içində Süleyman reysin sübh üzü uçmasından özünə sevinc düzəltməyə çalışdı. Çünki gündüz olsa, onları görən hər kəs sorğu-suala tutacaqdı. Bu səhər isə onun yoxluğunu atasından başqa heç kim hiss etməyəcəkdi. Fənər işığında böyüyüb uzanmış qoşa kölgələrinin zəhmi onları tələsdirdi.

– Birdən elə yerə düşərəm ki, internetə-filana əlim çatmaz, bir gün, iki gün yazmaram. – Süleyman onu gözləyən maşınını görəndə dedi. – Sən nigaran qalma, imkan olan kimi yazacam.

– Yaz, – kişi öskürdü. – Həmişə yaz.

Maşının yüklüyündən gələn benzin iyinə görə kişi yemək olan çantanı salona qoymağı məsləhət bildi. Yuxulu, daz başına güllü çit papaq keçirmiş sürücü etiraz eləmədi:

– İstəyirsənsə, çamadanı da içəri qoyaq, ikimizik də... Yoxsa general da gedir?

– Yox, – Süleyman dedi. – Getmir.

Kişi cibindən qatlanmış yüz dollar çıxarıb oğluna uzatdı.

– Al bunu da, – mızıldandı. – Lazımın olar...

Süleyman etiraz eləmək istədi, ancaq kişi aman vermədi. Onu qucaqlayıb özünə sıxdı. Yenə bayaqkı ağır və kövrək hislər dağ boyda iki kişini bircə anın içində yumşaldıb əydi. Bütün dünya, ulduzlu göyüzü qarşıq, iki damla gözyaşının içində görünməz oldu. Kişi bu prospekti oradan zorla dartıb çıxardı ki, oğlu aeroporta vaxtında gedib çata bilsin. Elə bil bütün vücudu ilə başının üzərindəki ulduzlu səmanı dinləyib onun dərinliklərindən gələn və yaşamağı əmr edən qeybanə bir səsi eşitdi, tez özünü toparlamağa çalışdı.

İstədi oğluna desin ki, bütün hallarda çalışıb bura qayıtmasın. Ancaq qıymadı – oğluna, bu şəhərə, bu qəsəbəyə, bu bomboş, yorğun prospektin ulduzla dolu gecə yuxusuna qıymadı. Olub-keçənlərin bütün sərtliyinə baxmayaraq, kişi buraya münasibəti o cür ifadə etməyi özünə sığışdırmadı. Düşündü ki, valideyn qadağası hər şeydən öncə bütün pislikləri və günahları bağışlamağa qadir bu yay gecəsinə xoş getməz və onda oğlunun işləri orada da düz gətirməz.

Maşın guruldayıb-xırıldayıb tərpəndi, prospektin uca fənərlərinin sarı işığı içindən heç zaman geri qayıtmamaq inadı kimi süzüb getdi; səsi də, arxasındakı qırmızı işıqları da ulduzlu, sakit gecənin qaranlığında yavaş-yavaş əriyib yox oldu. Kişi dayandığı yerdən tərpənmədən gecənin uzaq və yaxın pıçıltıları içindən məhz o maşının xırıltılı səsini axtarıb dinləmək istədi. Sanki öz dəmir dilində hökküldəyə-hökküldəyə yaxınlaşan, bütün hüznlü avazları öz gurultusu ilə darmadağın edib keçən sərnişin qatarı yalnız prospektin üzərindəki körpüdə zəif işıq ləkəli vaqon pəncərələrini göstərdi.

Qatarın gurultusu onunla oğlu arasında əlaqəni bir anlığa tam kəssə də, evdən buradək yolda danışdıqları sözlərin məna uçuntularını, yaşadıqları həyəcanı dağıda bilmədi. Sakitlik bərpa olandan sonra oğlunun getdiyini tam aydınlığı ilə hiss edib çaşdı. Evə qayıtmaq istəmədi, gedib mağazanın qabağındakı səkidə oturdu və fikirləşdi ki, kaş indi aradan neçə-neçə illər keçəydi və o, Süleymanın heç olmasa qonaq kimi gəlişini beləcə, kimsəsiz, lal gecənin dərinliyində, bu daşın üstündə oturub gözləyəydi.

“Götürüb əlinlə verəsən... Özün də ayağına düşüb yalvarasan ki, mən ölüm, bunu götür!” – yenə belə fikirləşdi. Bunların indi və heç zaman belə olmaması üçün zamanında nəinki nəsə tələb etməyə, hətta söz deməyə belə ehtiyacı yox idi, bircə dəfə gözünü qırpmaq yetərdi. Eləməmişdi və əgər bircə dəfə gözünü qırpmadığına görə sonrakı bütün həyatı boyu göz yummağa məcbur olurdusa, kişi bunu pozusu olmayan yazı kimi qiymətləndirib qəbul edir, hər dəfə yadına düşəndə bununla özünü susdura bilirdi.

Mağazalar sırasının qarovulçusu Qasım qaranlığın hansısa arxa qapısından bozumtul kölgə kimi işığa çıxıb əlindəki bel sapını addımbaşı taqqa-taq
daşa vura-vura nəyisə gecənin boyuna ölçürdü. Elə bil daşdan qopan hər taqqıltının hara, hansı ünvana qədər getdiyini dinləyir, sonra növbəti addımını atır və ağacın ucu ilə seçdiyi yeni ünvana fənər dirəklərindən də uca səslə “Buradayam!” deyirdi. O minvalla çoxlarını xəbərdar edəndən sonra, nəhayət, gəlib çatdı və çiyninə atdığı yekə pencəklə dəyənəyə söykənib təəccübləndi:

– Xeyir ola, general, gecənin bu vaxtında.

Kişi fikirlərində çox dərinə endiyindən nəinki danışmaq, heç başını da qaldırmaq istəmirdi. Burada oturduğuna peşman kimi mızıldandı:

– Oğlumu yola salırdım...

– Hara?

– Nə bilim! Allah bilir hara...

– Həəə, – Qasım bu dəfə ucalan səslə yox, sanki üfüqi gedən səslə mızıldandı və elə bil məkanına mütləq çatacaq o səsin ultrasəs formasında qayıdıb gəlməsini, özü ilə nə xəbər gətirəcəyini gözlədi.

Kişi də başını ağır-ağır tərpətdi. Elə bil göydəki ulduzların hamısı dolu kimi onun başına yağa-yağa yerə tökülüb ayaqları altında əridi və yuxulu prospekt boyu iti su şırnaqları ilə axışmağa başladı.

Oğlundan sonra qalmış boşluq indi həm də qaranlıqlaşdı, soyudu sanki. Bir anlığa kişiyə elə gəldi ki, onun bir yox, çox oğlu olub və onların hamısı döyüşdüyü cəbhələrdə düşmənlə savaşda qəhrəmanlıqla həlak olub.

Göydən təyyarə səsini eşidəndə general başını qaldırıb onu görmək üçün yuxarı baxdı və göz qırpan qırmızı işığı tapanda sevindi ki, onun içindəki adamların hamısı eyni sərnişin hüquqlarına malikdir, heç kim heç kimin yerində oturmayıb, kimsə kimsəni sıxışdırmır. Təyyarə gözdən itəndə isə fikirləşdi ki, Süleyman hələ heç aeroporta çatmaz, onun təyyarəsi uçanda hava işıqlanacaq: gecənin qaranlığında itirdiyi oğlunun yoxluğnu gündüzün işığında necə həzm edə biləcək.

– Elə bir uşaqdı? – Qasım qısaca, bayaqkına nisbətən gur səslə soruşdu.

General başını tərpətdi, sonra təəssüflə əlavə elədi:

– Yaxşı ki, biriymiş. Belə baxıram, burada ala qarğa bala çıxartmaz...

– Dünya görmüş adamsan, – Qasım dedi. – Buranın qanunlarını hələ bilmirsən.

Hərdən gecələr gördüyü Qasımın bu sabit, dəyişməz məşğuliyyətindən, adamlara təftişçi nəzərlə baxışından, dediklərinin mütləq həqiqiliyinə qətiyyən şübhə etməməsindən generala həmişə elə gəlmişdi ki, burada məhz bu sayıqlıqla yaşamaq olar: sanki gecə-gündüz, əldə silah, sənə məxsus olan nə varsa, hamısının qarovulunda durursan heç zaman, bir anlığa da olsa, postu tərk etmirsən. Qasımı bu ayıq-sayıq baxışları, ucadan danışığı və dediklərinin tam doğruluğuna cahil inamı ilə tabeliyində işlədiyi rəislərin kəlləsində tutduğu yerdən heç kim vurub çıxara bilməzdi. General isə onilliklər öncə uzaq ellərdəki xidmət yerindən buranı, məhz bu adamları düşməndən qorumağa gələndə qayıdıb getməyi unutmuşdu.

– Bax, mən bu iyirmi altı dükanın gecə qarovulçusuyam, – Qasım müəllim kimi davam etdi. – Əslində, buranı guya polis qoruyur, ancaq mən də qoruyuram. Polis gəlib gecəni burada yatandı? Özü də, görürsən, yeriyəndə bu lapatka sapının bir ucunu səkinin daşına vurub danqıldadıram. Niyə?
Qasım gördü ki, general onun üzünə baxmır, sadəcə dinləyir. Allah bilir, bəlkə heç dinləmir də, eləcə susur. Ona görə təkcə özü üçün danışırmış kimi sözünə daha inamla davam etdi:

– Çünki hamı görməlidi, bilməlidi, həm də eşitməlidi ki, mən buradayam. Görməsə, bilməsə, eşitməsə, ağlına gələni eləyər. Məsələn, keçəndə şüşə qapıya bir təpik vurar, siqareti də içəri vızıldadıb gedər. Ondan sonra di eşşək gətir, mərəkə yüklə...

– Təmsilin mənasını başa düşmədim, – general fikrini dağıtmaq naminə dedi.

– Mənası odur ki, burada hər işin qazan kimi iki qulpu var. O televizorlarda bəzilərinin mənim kimi yalandan ağacla taqqıltı salmağına baxma.

– Başa düşdüm. Bir olsa, yaxşı olardı da...

– Olsa! Olsa, nə vardı ki, a rəhmətliyin oğlu?!

Göydə yenə təyyarə peyda oldu. General onu gözləyirmiş kimi yerindən qalxıb Qasımla dinməzcə sağollaşdı və prospektin alaqaranlıq qırağı ilə körpüyə tərəf getdi ki, evə o biri küçədən qayıtsın. Elə bil oğlunun da aeroporta getdiyini yox, o biri küçə ilə evə döndüyünü zənn edirdi. Əslində isə kimsəsiz evə qayıtmaq, qayıdıb işığı yandırandan sonra onu daha da boş və lazımsız görmək ağır idi.

Təyyarənin uzaqlaşan qırmızı işığı gözdən itəndən sonra yerimək də mənasızlaşdı. Göyün qaranlıq yerlərindən qopmuş nəhəng, kölgə kimi quru bir şey ayağının birini asfalta, o birini isə mağaza sıralarının üstünə qoya-qoya onunla yanaşı gedir, irəlidə mütləq ciddi bir xəta törətmək qəsdiylə uzaq küçə fənərlərinin işığını bir-bir söndürürdü.

Hündür dəmiryol dambasının ətəyi boyu qoca şam ağaclarının arası ilə kor it kimi fəhmlə gedən asfaltsız küçə gah əyilir, gah da nazilərək bir maşınlıq olurdu. Şəhərə girən baş dəmiryol arteriyasının hər iki tərəfilə nə vaxtsa, bəlkə əlli il, bəlkə də yüz il əvvəl bu şam zolaqlarını əkmişdilər.

Onları əkənlər, bu dambanı qaldırıb iki tərəfi platformalı stansiya yaradanlar buranı heç zaman tərk etməyəcək adamlar üçün çalışmışdılar. Burada qatarlar daha dayanmırdı: balaca bina, asfaltının çox yerlərini ot basmış platformalar gurultu ilə keçən qatarları körpüyədək ölü sükutla ötürürdü.
O burada bir dəfə olmuşdu. Onda bura şəhərətrafı qəsəbə sayılırdı, indi şəhər onu udmuşdu. Qəsəbənin dalınca uzaq kəndlər də ovsunlanmış kimi ağzıaçıq şəhərin qarnına sovrulmaqda idi.

Kişi ağacların arası ilə qalxıb dağılmış pilləkənləri tapdı və platformanın üstündə dayanıb ucalıqdan yerin-göyün tala-tala qaranlığını, ala-ala işıqlarını seyr etməyə çalışdı ki, görsün bayaqdan bəri onlarda nəsə dəyişibmi. Sonra aeroportdan qalxan təyyarələri görmək üçün oturub yerini rahatladı və göydə parlaq, gümüşü ulduzlarla, yerdə isə kirli, sarımtıl işıqlar və qaranlıq talaları ilə dolu böyük vektoru nəzarətdə saxladı. Şəhərin ayrı-ayrı yerlərində sanki səhvən, anlaşılmazlıq üzündən yaranan səslər bura tez çatırdı. Relslərin gizlicə siçan xışıltısı uzaq qatarların, lokomotivlərin hərəkətini yada salmaqla haralardasa tamam fərqli və bənzərsiz, bəlkə də xoşbəxt bir həyatın davam etdiyindən xəbər verirdi. Amma bunlar, eləcə də göydəki ulduzlar, yerdəki işıq və qaranlıq talaları kimi onu maraqlandırmırdı.

O, təklikdən, tənha qalmaqdan qorxmurdu, bütün bu yerin, göyün, qatarların və təyyarələrin bundan sonra ona lazımsızlığından qorxurdu. O öz həyatını xatırladı. Həyatı ona cəmi bir neçə hadisədən ibarət qısa, hətta mənasız səfər sərgüzəşti kimi göründü: uşaqlığı, hərbi məktəb, xidmət və müharibə. Sonralar həmişə fikirləşmişdi ki, müharibə ona həlak olmaq üçün fürsət kimi verilmişdi, o isə taleyinin bu eyhamını vaxtında başa düşmədiyinə görə sağ qalıb öz başına iş açıb.

Hələ görünməyən qatarın uzaq səsi aşağıda relslərin qımıltısını su kimi basıb boğdu. Gecənin dərinliyindən qaranlığı qova-qova gələn bu böyük səs həşiri yatmış qəsəbənin üstünə yayılanda lokomotivin işıqları döngədən yırtıcı əsəbilə şığıyıb onun üstünə gəldi. Bir anlığa qatarın ondan yan keçəcəyinə şübhə edən kişi ayağa qalxıb geriyə çəkildi. Qatar heyvan böyürtüsünə oxşar bir səslə qəsəbə əhlinə nədənsə narazılığını bildirib stansiyaya girdi və yalnız bu an kişi anladı ki, o, sağ yolda durub. İşıq və səs onun qənşərində ən gur nöqtəyə çatanda yuxarıdan boylanan maşinistin qışqırığı vaqon pəncərəsinin küləkdə yellənən pərdəsi kimi onun üzünə dəyib keçdi: “Get evə!” Həmin andaca işıq seli, ətraf ağaclar qarışıq, hər iki platformanı, kor damçanı sanki qabağına qatıb özü ilə apardı, dalbadal ötən bomboş yük vaqonları irəlidə çapan yekənin quyruğuna bağlandıqlarına sevinə-sevinə, soncuq ata-ata şütüyüb getdilər.

Səhər saat beşə qədər neçə qatar ötürdüyünü bilmədi: hesab elmi özünü qatarın altına atmışdı. Hava da qəribə işıqlanmışdı, elə bil hər keçən qatar qaranlıqdan və göydəki ulduzlardan öz yükünü vurub aparmaqla qəsəbəni işığa çıxarmışdı. Haradasa aeroport səmtdə dənizdən doğacaq günəşin dünəndən qoyub getdiyi kirli mələfəyə oxşayırdı göydən sallanan ağ şey. Uca şamların iki-üç yerində eyni avazla oxumağa başlamış yuxulu quşlar gecə küsülü kimi ağızucu hürən itin bu qəsəbəyə dediklərini təkrar edirdilər. Gecə oğlunu tək özü deyil, o itlə birlikdə yola saldığını fikirləşdiyi anda kişiyə elə gəldi ki, oğlunun uçduğu təyyarə aeroportdan qalxıb şəhərlə vida qövsü cızaraq yoluna davam etdi. Təyyarə gözdən itənəcən onun ardınca baxdı və başlanmış böyük ayrılıqla çarəsizcəsinə barışaraq fikirləşdi ki, ata-oğul sevgisinin əbədi davamı üçün məsafələr önəmli deyil.

2020

Səfər Alışarlı
İkinci Respublikanın generalı - Hekayə


Baxış sayı - 1 234 | Yüklənmə tarixi: 22.08.2020 16:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031