Ümid həmişə var – Aynurə Xudanlı

Dünyanın ən saf, günahsız məsumu olan uşaqlar, bəşəriyyətin ən dəyərli sərvəti, gələcəyə ümid işığı, insanlığın nicatıdır.
Hər birimiz uşaq olmuşuq, yaşımızın istənilən dövründən bizə daha doğma olan illər məhz uşaqlıq illəridir. Bir anlıq bu illərə döndükdə, uşaqların necə məsum nağıllar aləmində yaşadıqlarını anlayırıq. O nağıllar ki, heç bir qanunu, qaydası yoxdur. Bu nağıllar dünyasının hakimi sevgi, gözəllik, qanunu saf, incə, kövrək duyğulardır. Yaşa dolduqca uşaqlığımız da müqəddəsləşir sanki.
İndi də uşaq aləmimizə ən xırda kənar müdaxilə belə kövrək hislərimizi param-parça edir. Uşaqlıqda verilən kiçik bir hədiyyəni, şəfqətli, mehriban baxışları, sevgi və qayğı ilə zəhmətimizi çəkən ən uzaq insanları belə bu gün xatırladıqda qəlbimiz gülür, könlümüz açılır və onları şükranlıqla yad edirik. Uşaqlar nə pisliyi, nə də yaxşılığı unudur. Heç unutdurmur da.
Böyümüşük artıq, gəncik, yaşlıyıq, ata-ana, nənə-baba, əmi-dayı, xala-bibi olmuşuq. Hər gün bu və ya digər formada uşaqlarla qarşılaşır, onları uzaqdan və ya yaxından sevir, qucaqlayır nəvaziş göstəririk. Hərdən onlara baxaraq öz uşaqlığımızı canlandırırıq yaddaşımızda. Bəs küçədən keçəndə və ya kütləvi informasiya vasitələrində kimsəsiz, şəfqət və qayğıya ehtiyacı olan, işgəncələrə məruz qalan uşaqlara nəzər yetirmisinizmi?!
Yada salın belə uşaqların simasını, öz uşaqlığını xatırlayaraq onların gözlərinə baxıb qəlblərinə daxil olun. O gözlərdən nələri oxumaq olmur?! Ürəkdəki sevinci, kədəri, şıltaqlığı, məyusluğu, iztirabı və daha nələr... Baxışların altında könüldə bəslənən uca hisləri, ta dərinliklərdə keçirilən nisgili, əzabı və eyni zamanda gücü, iradəni və qüruru... kiçik ürəklərdə gizlənən böyük arzuları, sevgini... arzuların nə vaxtsa baş tutacağına əminlik, diləklərinin reallaşacağına inanaraq gözləmək… gözləmək... O inam, o ümid hissi ki, bir məşəl kimi köksdə yanır. O, heç zaman sönməyəcək, çünki ən dəyərli hiss olan ÜMİD həmişə var. Bu uşaqlarda həm də çoxlarında olmayan, böyük gücü özündə ehtiva edən böyük ÜRƏK var!!! Heç nəyə baxmayaraq ümidin qanadlarında məğrurluqla ucala bilməkiradəsi var.
İndi sual edirəm görəsən diqqət göstərilməyə, mahiyyətinin və dəyərinin başqaları tərəfindən qəbul olunmasını xəyal etməyən uşaq varmı? Axı bütün uşaqların, yaşından, cinsindən, sağlamlıq vəziyyətindən asılı olmayaraq ümidləri, xəyalları var və bütün uşaqlar xəyallarını, istəklərini gerçəkləşdirməklə bərabər, ədalətli hüquqa sahibdir. Axı xoşbəxtlik başqalarının həyatlarına qatdığımız dəyərlə çoxalır və məna qazanır. Əmək verdiyimizdə bəlkə yorularıq, amma özümüzü daha rahat hiss edər və ya verdiyimiz əməyin yaratdığı sevinci bizi xoşbəxt edər. İnsan sevgisini gizlətdikcə daha çox əziyyət çəkir, ürəyindəki sevgisini paylaşdıqca böyüyür və insan özünü daha xoşbəxt hiss edir. Əgər belədirsə niyə ürəyimizdəki sevgini daha çox uşaqlarla paylaşmayaq? Axı qəlbimizdəki sevgini verərkən qarşılıqsız cavab verən də məhz uşaqlardır.
Müasir dövrümüzdə uşaqların acınacaqlı həyat tərzi yaşaması, işgəncələrə məruz qalması, cinayətə sövq edilməsi, kimsəsiz qalması və sair neqativ hallar bütövlükdə bəşəriyyətin və ayrı-ayrılıqda hər bir cəmiyyətin ən ağrılı problemidir. Bəzən hamımızı sarsıdan hadisələrə şahid olur və ya xəbər eşidirik. Bax bu halları özləri yaşayan və bu ağır duyğuları çiyinləriylə yüklənməyə çalışan uşaqlara qıymaq və ya məhəl qoymamaq nə qədər doğrudur? Biz əslində öz isti evimizdə cəmiyyətdən geri qalanlardan ayrı yaşamırıq.
Cəmiyyətin gələcəyinə töhfə verməyin ən yaxşı yolu isə uşağa, həm də gələcəyə işıq verməkdir. Bir uşağı xilas etmək, gələcəyi xilas etməkdir. Bir uşağın həyatına isti, mehriban əllərlə toxunmaq gələcəyin işığını sevgi və şəfqətlə böyütmək, onu parlatmaq, bərabərhüquqlu vətəndaş olaraq cəmiyyətə qazandırmaq yetişkin olan hər bir fərdin üzərinə mənəvi-əxlaqi vəzifə olaraq düşür. Bu vəzifənin yerinə yetirilməsi isə həm də hər kəsin vicdan borcudur.
Hər bir uşaq sağlam, təhlükəsiz və şüurlu inkişaf edə bilməsi üçün onu qoruyacaq, sevəcək, sosial və iqtisadi tələbatlarını qarşılaya biləcək isti bir ailə mühitinə ehtiyac duyur. Şübhəsiz uşaqların hərtərəfli inkişafı üçün ən uyğun, gözəl mühit sağlam ailədir. Ancaq həyat hər zaman düşünüldüyü, arzulandığı kimi olmur. Bəzi ailələr əqli, fiziki, psixoloji problemləri və ya maddi imkansızlıq, valideynlərin vəfatı, ağır xroniki somatik xəstəlikdən əziyyət çəkməsi, məhkumluq həyatı yaşaması və s. kimi səbəblərdən ailə bütövlüyünü qoruya, uşaqların ehtiyaclarını qarşılaya bilmirlər. Bir çox hallarda uşaqlar öz bioloji və sağlam ailələrinin yanında böyümə imkanından məhrum olur, işgəncələrə məruz qalır, acınacaqlı həyat tərzi sürməyə vadar edilirlər.
Bütövlükdə uşaq siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, sosial-mənəvi qayğı ilə əhatə olunması və sağlam sosial mühitdə böyüməsi üçün atılan addımlar sağlam cəmiyyətin formalaşmasının əsasını təşkil edir. Bu baxımdan uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün lazımi şəraitin yaradılması, valideynlərini itirmiş uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu kimi digər məsələlər uşaq problemləri sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil etməkdədir.
İnsanların bir uşağa sevgi, güvən dolu ortam bəxş etməsi, onun məsuliyyətini bütün həyatı boyu öz öhdəsinə götürməsi kimi önəmli qərar alması sosial məsuliyyət olduğu qədər, həm də çox önəmli, uca və ilahi davranışdır. Unutmaq olmaz ki, hər bir uşağın onu qarşılıqsız sevə biləcək ailədə böyümək haqqı var və biz bu haqqı onlara verməklə bərabər, həm də cəmiyyətimizi, özümüzü qorumuş olur və beləliklə cəmiyyətin sağlamlaşmasında iştirak edirik. Cəmiyyətimizdə insanlar bəzən övladlığa uşaq götürməyə qorxur, ictimai qınaqla qarşılaşacaqlarından, günün birində uşağın övladlıq olduğunu öyrənib onları tərk edəcəyindən narahatlıq keçirirlər. Ancaq nəzərə alaq ki, güvən ortamında ailəsi tərəfindən dəyərli, önəmli olduğu hiss etdirilərək, sevgi duyğusu ilə böyüdülmüş uşaq heç bir zaman yuvasını tərk edib getməz.
Belə ki, mənsubiyyət duyğusu bioloji deyil, daha çox psixoloji məna kəsb edir. Bir insan üçün ailə özünü dəyərli, önəmli olduğu və sevildiyini hiss etdiyi yerdir. Yaşı neçə olmasından asılı olmayaraq hər uşaq gerçəkdən aid olduğu yerin hara olduğuna qərar verə və seçimini edə bilər. Uşaq üçün əsas hansı qadının bətnindən doğulmaq deyil, ana və atanın qəlbindən doğulmaq, ana və atanın qəlbindən gələn qarşılıqsız sevgi və mərhəmət duyğusuyla bəslənməkdir. Uşağı həyata bağlayan ən önəmli faktor valideynlərinin qəlbindən doğulmaq və onların qəlbində sonsuza qədər qalmaqdır.
Unutmayaq bətnində deyil, ürəyində bir uşağı böyüdən Anadır! Bioloji olaraq bir övlad dünyaya gətirmək deyil, əməyi və sevgisini verən Atadır!
Aynurə Xudanlı
klinik psixoloq