manera.az
manera.az

Dərd-qəmim arxamdı mənim - Əsəd Təhləlinin şeirləri

Dərd-qəmim arxamdı mənim - Əsəd Təhləlinin şeirləri
...Əsəd Təhləlinin şeirləri üzdə görünməyən köklərilə xalqın yaddaşından su içir, bəlkə elə bu səbəbdən bizdə kövrək, amma tezliklə ötüb-keçməyən hisslər doğurur...
Əsədin şeirlərində peşəsindən irəli gələn etnoqrafik naxışlar göz oxşayır, oxuyandan sonra mütləq yaddaşının gizlinlərinə baş vurur, öz yaşantılarının tozunu çırpırsan..
Əsəd Təhləli sözün məsuliyyətini dərindən dərk eləyən qələm adamıdı, yazdıqlarını cilalamamış oxucuya təqdim eləmir...
Nəriman Əbdülrəhmanlı


DÜNYA ŞAİRLƏRİN İÇİNDƏN KEÇİR

Kiminsə içindən keçər bu dünya,
Kimi də dünyanın içindən keçər.
Kimin ki, içindən keçir bu dünya,
Saplasan, iynənin gözündən keçər.

İynənin gözündən keçər şairlər,
Səbirdən, dözümdən keçər şairlər,
Ölümün özündən keçər şairlər,
Dünyanın içindən keçəmməz amma.

Külləri sovurar, qorundan keçər,
Ruhunu adlayar, gorundan keçər,
Hörümçəyin tilov-torundan keçər,
Dünyanın içindən keçəmməz amma.

Dünyanın içindən keçəmməz şair,
Dünya şairlərin içindən keçər.
Bu dünya içindən keçən şairi,
Saplasan, iynənin gözündən keçər.

FARAĞAT DUR, QOÇ KƏSMİRLƏR DİNƏNƏ

Göyü yerdən, yeri göydən alıblar,
Neyi səsdən, səsi neydən alıblar.
Məni, səni lap çox şeydən alıblar,
Say düz gəlmir sən sayanla, Təhləli.

Hər itiyin sağalmayan dərdi var,
Dərdlərin də namərdi var, mərdi var.
Dözə bilsən, deyərəm ki, nərdi-var,
Bacarmazsan bu tufanla, Təhləli.

Nələr, nələr… şırım çəkib sinənə,
Qəm ləşkəri yeriyibdi binənə.
Farağat dur, qoç kəsmirlər dinənə,
Oynamaynan qızıl qanla, Təhləli.

Demirəm ki, bu xiffətdən solarsan,
Bir gün gələr kefdən dəli olarsan.
Harda olsa, itiyini bularsan
Əsəd kimi halal canla, Təhləli.

DİLİMİ SÖZÜMƏ QUNDAQ EYLƏDİM

Dost-müsab adına, yoldaş adına
Çox saman çöpünü budaq eylədim.
Bir ölgün sevinci görmədim, amma
Özümü min dərdə ortaq eylədim.

Qorum alışmadı külümün altda,
Sıxdım ürəyimi əlimin altda.
Neçə söz uyudu dilimin altda,
Dilimi sözümə qundaq eylədim.

Ömrüm heç dadmadı günün ağını,
Sinəm az görmədi eşqin dağını,
Öpüb tərsa qızın al yanağını
Dodağmı günahkar dodaq eylədim.

Tanrı ismarıcı çatmayır yerə,
Təhləli ta bundan belə nə görə?!
Hər “saqqalı ağa” yol verə-verə
Yolumu, izimi batdaq eylədim.

GÖZ-QAŞ ARASINDA

Sənə can qoyurdum, sənə, bir sənə,
Özünə sığmırdı dilim ağzımda.
Getdin, dad-tamını apardın, indi
Zəhər yalayıram əlim ağzımda.

Açan tumurcuğum çiçək olmadı,
Ürəyim eşq keçən kəsik almadı.
Könlümdə sağ-səlləm istək qalmadı,
Nəmlədi gün-ayım, ilim ağzımda.

Kişnəyin həsrətin səmtinə çöndüm,
Göz-qaş arasında yağmura döndüm.
Qəlbində alışdım, dilində söndüm,
Sevgi dadıyırmı külüm ağzında?

Tənhalıqdı ömrün gövhəri, ləli,
Dəlin-divanənəm, “dəli”, ay “dəli”.
Ölümün başına dönər Təhləli,
Üstümə qayıtsan ölüm ağzında.

YAVAŞ-YAVAŞ

Yaxşı yazammıram daha sevgidən,
Çox şeylər tutulur baha, sevgidən.
Bir zaman dönmüşdüm “ah”a sevgidən,
İndi mənə dönür “ah” yavaş-yavaş.

Burub, qandallayıb qolumu kimsə,
Div kimi kəsibdi yolumu kimsə,
Boynuma biçibdi zulumu kimsə,
Zulum daşıyıram bax, yavaş-yavaş.

Yel döyüb, gün vurub, daş olub dərdim,
Ağlayıb, nəmləyib yaş olub dərdim.
Neynəyim, hər yerdə baş olub dərdim,
Çeynənib udulur haqq yavaş-yavaş.

İtibdi, tapılmır işimin çəmi,
Batıbdı içində olduğum gəmi.
Göynətsə qəlbini eşqin sitəmi,
Əsədi tap yandır-yax yavaş-yavaş.

SƏNDƏ NƏ ADƏTDİ ÜRƏYİ SOYMAQ

Gəlişin gözəldi, gedişin zulum,
Zulumdu gözləri şeh altda qoymaq.
Dərimi soysaydın “uf” eləməzdim,
Səndə nə adətdi ürəyi soymaq?!

Həsrətin könlümdə-dörün başında,
Kəsdi kəndirimi yarı yaşında.
Hicranın bağrımdan dəyən daşında
De, qan kəkəsini asanmı saymaq?!

Nəfəsim sinəmə batır iynə tək,
Yaxama tikilib əzab eymə tək.
Ağrı yağ kimidi, canım eymə tək,
Haçanacan bilim kədəri qaymaq?!

Əsəd kirpiyində oddu tutduğu,
Qəlbində ilahi addı tutduğu,
Ağzında sən verən daddı tutduğu,
Heç sən verən daddan doymaq olarmı?!

YALIN AYAQLARIM DİZİMİ SORUR

“Dəli” söz dilimdə çoxdumu görən?
Çoxdusa, mən onun ağrısın alım.
Dəli kələk bilməz, yalan söyləməz,
Dəli söz de, sözün doğrusun alım.

Mən çox ağıllını gor eşən gördüm,
Lalı gümanıyla dilləşən gördüm,
Qanımı içimdə gölləşən gördüm,
Təbib yox, loğman yox sorğusun alam?!

Zəli baxışlar var gözümü sorur,
Yol verdiyim kəslər izimi sorur.
Yalın ayaqlarım dizimi sorur,
Daha kim istəyir qarğasın, alım.

Əsədi qınayan, ruhunu öpüm,
Üstümə çəkdiyin ahını öpüm,
Yarama atdığın oxunu öpüm,
Aman ver, yaramın sarğısın alım.

ƏLİM DANIŞMAQ ÖYRƏNİR

Ürək, sinəm altda yerin
Soyuqdumu, istidimi?
Bir de, içində dünyamın
Altıdımı, üstüdümü?

Ay, ilə bel bağlamıram,
Günlərim düşüb surundan.
Damcı-damcı dolur badəm
Ömrün əriyən qarından.

Qəfəsdəki quşdu ruhum,
Yerdə, göydə yerim yoxdu.
Sümüyüm göz qamaşdırır,
Bürünməyə dərim yoxdu.

Hamı lal fırlanır, ürək,
Mən də udmuşam dilimi.
Əlim danışmaq öyrənir,
Cürət ver kəsim əlimi.

DƏRD-QƏMİM ARXAMDI MƏNİM

Ömrün bu payız ilində,
Dindir məni saz dilində.
Canım günlərin əlində
Fırlanan çarxımdı mənim.

Bağrım tel-tel sökülən yer,
Sinəm-dağlar çəkilən yer.
Yanağımda çökələn yer
Yaş axan arxımdı mənim.

Ələnmişəm düz ələklə,
Əyilmərəm yüz kələklə.
Hərdən susmağım fələklə
Sualım-soruğumdu mənim.

Təhləliyəm, zorsuz qolum,-
Qaçaq, quldur kəsən yolum.
Qorxmuram, ağrın alım,
Dərd-qəmim arxamdı mənim.

ÖZÜMLƏ DAVALIYAM

Yağan yağışmı, dolumu,
Dəf kimi döyür yolumu.
Havanı kəsən qolumu
Özgəyə dirək kəsmişəm.

Göyə çəkir od təndiri,
Bişmir, qalıb bu dən diri.
Aramızdakı kəndiri
Təzədən hörək, kəsmişəm.

Səsi zildi lal, kar anın,
Susun, ya da lal, kar anın.
Gözü sulanan yaranın
Loğmanı gərək, kəsmişəm.

Daha oxunur pəsə də,
Eh, nooldu quru cəsədə?
Bir toy tutardım Əsədə,
Neynəyim, çörək kəsmişəm.

SÖYLƏ GÖRÜM, BU SƏNSƏNMİ?!

Olma, gözlərim aldadır,
Söylə görüm, bu sənsənmi?!
Sükutun zəqqudum dadır,
Söylə görüm, bu sənsənmi?!

Üzdə təbəssümün hanı,
Qaçıb dodağının qanı.
Sən canımın üzgün canı,
Söylə görüm, bu sənsənmi?!

Əlin əlimdə durmayır,
Ürəyin elə vurmayır…
Nazın heç məni yormayır,
Söylə görüm, bu sənsənmi?!

Baxışın özgə cürədi,
Necə dönməyim Kürə, di?
Dərd məni dağa dirədi,
Söylə görüm, bu sənsənmi?!

Mən tanıyan sən hardadı,
Ney könlüm intizardadı.
Şipşirin olar yar dadı,
Söylə görüm, bu sənsənmi?!

QOLLAR UZANA YOL KİMİ…

Yollar açıla qol kimi,
Qollar uzana yol kimi.
Xoş xavarlı bir yel kimi
Əsəm məndən aralıya.

Könül göynərtim-yaslanan,
Qarıyan dərdim-paslanan.
Tənhalığınnan islanan
Səsəm məndən aralıya.

Sirr söyləyib söz daşıma,
Üz yaladıb göz yaşıma…
Gərək qurban öz başımı
Kəsəm məndən aralıya.

Rəbbin adını çək, ləli,
İmandı qəlbin tək ləli.
Pak ölümlə, a Təhləli,
Bəsəm məndən aralıya.

DIRMANIR

Haram nərdivan-nərdivan
Burda hər şeyə dırmanır.
Sözdən işə, işdən cibə,
Cibdən də öyə dırmanır.

Yağış-yağmur havasıdı,
Nəfəs alma, hava sudu.
Xeyrin, şərin davasıdı,
Sağ-sol çəkiyə dırmanır.

Dartıb, dildən qan alırlar,
Çəkib, əldən can alırlar.
Gədalar meydan alırlar,
Əsəb kəlləyə dırmanır.

Təhləli çətin güləcək,
Adam yox qədir biləcək.
Allah, Ay-ulduz öləcək,
Ah-naləm göyə dırmanır.

ÖZÜMÜZƏ QIRAQ OLDUQ

Batan biz, boğulan sudu,
Bizi su, yoxsa qan yudu?
Su hansıdı, qan hansıdı,
Allah, göz göndər tanıyaq.

Yıxıl da, dur da torpağa,
Vurul da, vur da torpağa.
Nə verdik yurda-torpağa
Barmaq qatdayıb, sanayaq?!

Dişi sınan daraq olduq,
Özgə yazan varaq olduq,
Özümüzə qıraq olduq-
Yad olduq, kimi qınayaq?

Gecə-gündüz, axşam-sabah,
Əkdik-səpdik neçə günah.
A Təhləli, min nalə-ah
Vallah, suç yumur son ayaq.

BƏNDƏDƏN PAY İSTƏMİRƏM

Allahım versin payımı,
Bəndədən pay istəmirəm.
Dost başıma qaxacaqsa,
Etməsin hoy, istəmirəm.

Sözün altdan, üstdən keçən,-
Şər toxumu əkən, biçən…
Yurdumu vay yeri seçən,
Yurdunda toy istəmirəm.

Özüm kağız, dilim qələm,
Zərgər bilir zərəm, lələm.
Oxunmayıb şərqim hələm,
Zülmət gün, ay istəmirəm.

Əsədim, göz-könül yaşdı,
Fikrim min bir bələn aşdı.
Mənə yaz da, yay da qışdı,
Nə yaz, nə yay istəmirəm.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031