manera.az
manera.az

Kirvə qonaqlığı - Yusif Şükürlünün hekayəsi

📅 25.07.2020 12:00

Kirvə qonaqlığı - Yusif Şükürlünün hekayəsi
Abdurahman göybulaqlı Aşotla bazarda rastlaşdı. Onlar bir-birinə kirvə deyir, qonaq get – gəlləri var idi. Elə görüşən kimi Aşot şikayətə başladı ki:

-A kirvə!Haralardasan? Səsin, sorağın yoxdur...Gəlmirsan, getmirsan!..
-Bəs sən niyə gəlmirsən? Ay kirvə!
-Ara! Köynük uzaqdır. Çata bilmiram…
-Piyada gəlmirsən ki! Şəhərə gələndə işlərini gör, bir zənbil özünə, bir zənbil də bizə bazarlıq elə. Axşam avtobusu ilə gəl. Bir – iki gün qonağım olarsan. Sonra səni özüm yola salaram.
-Kirvə! Roza da təkdi axı…
-Onu da gətir!
-Ara, kirvə! Onu neca gətiriram? Ev – eşik, mal – qara, toyuq – cücə var! Arılar! Hə, yaxşı yadıma düşdü! Bu il yaxşı balım var! Tut arağım da hazırdır, amma qonşular dadanıblar! Tez gəlmasan, sana qalmayacaq! - deyə Aşot Abdurahmanın çiyninə bir şapalaq ilişdirdi və şaqqanaq çəkib güldü.
-Yaxşı! Gəl deyirsən, gələrəm! Bəs sənə nə gətirim?
-Ara, nə gətitaçaxsan? Hamısı özümdə var! sən gəlmaxdan ol!
-Vallah, kirvə! Əliboş da gələ bilmirəm. bir şey tapşır!
-Ara, kirvə! Deyirsan əliboş gəla bilmirsan, onda bir torba kömür gətir ki, kavab çekarıx.
-Həə… bu olar! Yoxsa indi, yayın ortasında fındıq yox, qoz yox ki, əlimə götürüb, gəlim…
-Ara, san sağ ol! Olanda gətirmisan da! Ama, gal, gözlayacam!
Sonra onlar Hacı Zahid oğlunun yeməkxanasında piti ilə ikisinə bir şüşə araq içib, ayrıldılar. Abdurahman da Aşota söz verdi ki, bu həftə mütləq Göybulağa gələcək.

Aradan üç gün keçmiş Abdurahman əlinə keçəndən bir az xırt – xuruş tədarük edib, Göybulağa, kirvəsi Aşotgilə yola düşdü. Şəhərə çatanda hələ hava sərin idi. Bazarda satmaq üçün gətirdiyi bəzi şeyləri avtobus dayanacağındaca, dəyər – dəyməzinə dəllalara verib, avtovağzala yollandı. Dəhnə avtobusuna minib, yola düşdü. Günorta saat 1 radələrində Göybulağa çatdı və şələli – yüklü Aşotun qapısından girəndə istidən nəfəsi kəsilirdi. Onu Aşot qarşıladı:
-Ara!Kirvə!San xoş gəlmısan! Ara, istidən ölürsan ki!...Gəl, gir hamama, yuyun, sərinla!..
Abdurahman əl – üzünü yuyub, bir az sərinlədi və Aşotun təklifi ilə keçib tut ağacının altındakı stolun arxasında əyləşdi.
-İndi Rozanı çağırım, sənə çay dəmləsin, - deyə Aşot eyvana yaxınlaşdı və yumuruğu ilə məhəccəri döyəclədi.- Roza! Roza! Dur, gör kim gəlip?! Abdurahman gəlip, ee…!

Roza Abdurahmanın atasının qonağı Yeqişin qızı idi. Həmişə atası Abdurahmana deyərdi ki, sənə Yeqişin qızını alacağam. Onlar Yeqişlə birlikdə müharibədə olmuş, orada dostlaşmış və bir – biri ilə qohum olacaqlarına söz veriblərmiş. Lakin Abdurahmanın anası heç cür xaçpərəst gəlini olmasına razılıq verməmiş və Abdurahmana öz xalası nəvəsi Sariyəni almışdı.Aşotun da Abdurahmanla yaxınlıq etməsinin səbəbkarı elə Roza olmuşdu…
Çox keçmədi, otağın qapısına vurulmuş pərdə aralandı və Roza qapıda göründü. Ev kürsülü idi və balkonun cəmi dörd pilləli pilləkəni vardı. Roza pilləkənləri asta – asta düşür, hər pillədə də dayanıb, bir əli ilə saçlarını, o biri əli ilə isə yaxasını düzəldirdi. Axır ki, o, pilləkəni düşdü və indi də ayaqqabı geymək üçün aşağı səkidə ləngidi. Hər ayaqqabı tayı üçün ayağını nümayişkəranə xalatın altından çıxarır, bütün bunları Abdurahmandan nəzərlərini çəkmədən edirdi.
Abdurahman düşündü ki, “yenə Rozanın oyunları başladı”.Amma özünü o yerə qoymayıb, Rozanın yaxınlaşmasını gözlədi. Roza stolun yanına gəldi və əl uzadıb Abdurahmanla görüşdü.
-Xoş gəlmisan, safa gəlmisan, Abdurahman! Nə var, nə yox?... Sariya necadı? Uşaxlar?..

-Çox sağ ol, ay Roza! Hamının salamı var! Siz necəsiniz? Sergeyin tələbəliyi necə keçir?
-Abdurahman! İndi Sergey Erevanda, xalasının yanındadır. Demişam sana Sariyanın qızını alacam, deyir nənəsi ermaniya qız vermaz...
-Roza! Yenə başlama! Danış, görüm özünüz necəsiniz? Necə yaşayırsınız? Necə dolanırsınız?.. Sağ ol ki, Aşota yaxşı baxırsan! Maşallah, cavan oğlana oxşayır!...
-Mənə nə olup ki?! Mən qocalmışam?!
-Yox eee!... Mən elə demədim! – deyə Abdurahman yaltaq – yaltaq Rozanı təriflədi. – Yox, yox! Kirvəm də sağ olsun ki, sənə yaxşı baxır! Quyruq kimisən, maşallah!...
Bu təriflərdən məmnun qalan Roza mətbəxə - öz işinin dalınca getdi. Çox keçməmiş çay hazır oldu. Aşot çolpa kəsdi. Roza dedi ki, “çolpa ilə başınızı aldadın, axşama da bir şey fikirləşərik”. Aşot süfrəyə bir şüşə tut arağı, Roza da tutma – sarımsaq və başqa şeylər gətirib qoydu. Oturub Abdurahmana “xoş gəldin” dedilər.
Onlar süfrə başından duranda artıq saat 4 idi. Aşot Abdurahmana dedi ki:
-Kirvə! Sən bir az bağ – bağçanı gəz, mən də mal – qaranı bir sakit eləyim.
Abdurahman bağa keçdi və bir az bağı gəzdikdən sonra Rozanın təklifi ilə götürdüyü adyalı nar topasının kölgəsinə sərib, üstünə uzandı. Çox keçmədən yuxuya getdi. Həmişə də belə olur – yeyib – içindən sonra bir çimir yuxu almasa, Abdurahman o işə iş deməzdi.
Deyəsən, yaxşı yuxu görürdü. Onu yuxunun ağuşundan Rozanın çağırışı aldı. Gözlərini açanda gördü ki, Roza onun başı üzərindədir. Tez qalxıb oturdu və hələ nə baş verdiyini, harada olduğunu anlamamış Roza:
-Sənə çay gətirmişam, Abdurahman! Az yat! Bəs gecəni kim yatacaq? – deyə Abdurahmanın yanında oturdu.
-Sağ ol, ay Roza! Zəhmət çəkmisən...

-Nə zəhmətidir, balam! – deyə Roza Abdurahmana bir az da yaxınlaşdı. Sonra əlini atıb onun saçını tumarladı. Abdurahman başını əyib, çevrildi və sualedici nəzərlərlə Rozaya baxdı.Roza yenə dilini dinc qoymayıb dedi:- Abdurahman! Bayaq o söz nə söz idi dedin?! Xoşuna gəliram?
-Nə demişam, ay qız?! – deyə Abdurahman maraqla Rozanı süzdü.
-Demədin ki, bəs quyruq kimiyəm, bəs cavan qalmışam?- deyə Roza oturduğu yerdən bir az da Abdurahmana yaxınlaşdı və onun sağ qolunu qucaqlayıb sinəsinə sıxdı.
Abdurahman karıxmışdı. Nə deyəcəyini, nə edəcəyini bilmədi və bir anlığa sakit dayandı. Yəqin ki, bundan ürəklənən Roza başını onun çiyninə qoydu. Qadının saçlarının ətri, bədəninin təması sanki Abdurahmanı hipnoz etmişdi... O, özünə gəldi və ürəyində “lənət şeytana” deyib, qolunu ehmalca Rozanın əllərindən ayırıb, ayağa qalxdı. Roza çılpaq ayaqlarını irəli uzadıb, əllərini yanlardan yerə qoyub, yarıuzanmış vəziyyət aldı və altdan yuxarı – düz Adurahmanın gözlərinin içinə baxdı. Abdurahman da yuxarıdan - aşağıya – Rozanın boynuna, demək olar ki, tək bircə nazik ipək xalatla örtülmüş bədəninə baxdı və yenə ürəyində “lənət şeytana” deyib əlini irəli uzatdı. Dedi:
-Roza! Əlini mənə ver!
Roza bütün ağırlığını sağ qolunun üzərinə salıb, sol əlini Abdurahmana uzatdı. Abdurahman onun sol əlini tutub, işarə ilə sağ əlini də istədi. Roza müvazinətini düzəldib sağ əlini də Abdurahmana verdi. Abdurahman inun iki əlini də tutub:
-Ayağa qalx! – dedi.
-Nə olup ki?! – deyə Roza Abdurahmanın üzünə baxdı. Hiss olundu ki, o, çox pərt oldu.- Oturub, çayını içsənə!...
-Yox. Sən bir ayağa dur, sənə sözüm var!
-Haa?...Na deyirsan? – deyə Roza Abdurahmanın köməyi ilə ayağa qalxdı. Könülsüz – könülsüz Abdurahmanın üzünə baxdı.

-Sən get həyətə! Mən də çayımı içib, qab – qacağı da götürüb gəlirəm,- dedi. O, Rozanın əllərini buraxdı və çiynindən tutub, ehmalca həyət qapısına doğru itələdi.
Roza bir – iki addım atıb, dayandı və çiyni üstə çevrilərək, nifrətlə Abdurahmanın üzünə baxdı:
-Abdurahman, deyasan manı bəyanmadın?! Sənin o, axsax Sarıyandan əysiyam?!
-Ay qız! Nə Sariyə, nə zad? Qələt eləmədik ki, buraya ayaq basdıq! Get həyətə! Aşot, qonşular görər, biabır olarıq!...Roza, bir özünə gəl!
-Abdurahman! San nə tahar kişisan?! Niya mənnan belə danışırsan?
-Ay Roza! Sənnən necə danışım? Mən bura dost evinə qonaq gəlmişəm. Buradakı qadın – qız, hamısı mənim anam – bacımdır!
-Ara, yaxşı, yaxşı! Ana – bacıya bax!... Man gediram, ama yaxşı deyip ki, bizimkılar – “musurmanın sonrakı hağılı manim ola”.
-Roza! Dedim ki, Aşot mənim dostumdur!
-Haa! Ara, na vaxtdan ermanıyla musurman dost olup?! Deyirsan Aşot sanin dostundur, qoy olsun dostun! Na olsun ki, man saninla dilxoşluq elədim?.. Hamısını vermadım ki! Sən elə dost – dost diya – diya durmusan! Qorxma, sanin dostuna da qalar!
-Nə qalar?
Roza ürəkdən şaqqanaq çəkib, güldü və çaynik – fincan olan nimçəyə yaxınlaşıb, əyildi və fincana çay süzdü. Qalxan- da elə qalxdı ki, elə bil, Abdurahmana acıq edirmiş kimi “qoynunda olanları onun gözünə soxdu”. Abdurahman yenə “lənət şeytana” deyə pıçıldadı.
-Ara, dodağının altında nə danışırsan? Eşitmiram! Otur çayını iç, soyuyur. Onsuz da musurman qananaçan dünya dağılacaq!... – deyə Roza saçlarını çiyninə atdı, rişğəndyana gülümsədi və ətəklərini yelləyə -yelləyə həyətə doğru getdi.

Abdurahman çöməlib, oturdu. İstədi ki, fincandakı çayı içsin, içə bilmədi. Boğazında qaldı. Başını əllərinin arasına alıb, fikrə getdi ki, “bu nə iş idi mən düşdüm?”
Nə qədər oturduğunu bilmədi və bir vaxt Aşotun səsinə başını qaldırdı. Lakin Aşotun üzünə baxa bilmədi. Utanırdı ondan.Yəqin elə ona görə idi ki, Aşot elə bilmişdi Abdurahman oturduğu yerdə yuxulayıb:
-Ara! Ay kirvə! Ara dur ! Daha bəsdi... Bəs gecəni kim yatacaq?!
Abdurahman bir anlığa ürəyində Rozanın dedikləri ilə Aşotun dediklərini tutuşdurdu. Sözlər eyni, səslər başqa idi! Düşündü ki, “bəlkə Roza düz deyir – erməni ilə müsəlmanın nə dostluğu?! Elə bil, Rozanın sözləri hələ indi ona çatırdı. O, başını qaldırıb Aşotun üzünə baxdı. Sanki Aşotu birinci dəfəydi ki, görür, onun əyri burnu, göy dodaqları, qeyri – adi əyriliyə malik qaşları ilə birinci dəfəydi rastlaşırdı.
-Ara! Nə olup sana? Dursana!... Dur gedax! – deyə Aşot əlini irəli uzatdı.
Abdurahman onun əlindən tutmadı. Özü qalxıb, belini düzəltdi və Aşota:
-Gedək! – dedi.

Aşot qab – qaşıq olan nimçəni götürüb, qabağa düşdü və Abdurahman da onun ardınca həyətə yollandılar. Həyətə çatanda Abdurahman gördü ki, stolun üstündə samovar qaynayır. Deyəsən, quzu da kəsilmişdi. Çünki hinin damında təzə duzlanmış, nisbətən kiçik qoyun dərisi də var idi. Abdurahman əvvəl - əvvəl özünü Aşota borclu hesab etdi. Sonra bfikirləşdi ki, “o da bizə gələr, mən də ona belə yaxşılıqdan dörd dəfə artığını edərəm. Borclu qalmaram buna!... Amma öz aramızdır, zalım oğlu özünə yaxşı şərait qurub. Bağı – bağçası, hini- damı, hamamı – təndirxanası, nə bilim, nə, nə... Biz isə Göynüyün daşlığında, şəhərdən betər sıxlıqda qırılırıq. Bunların məhsulu hara, bizimki hara?! Zəhmətimiz çox, fayda az! Bunlar heç vaxt ağır işə girişmirlər. Elə bil, hökumət də bunlara dəyib - dolaşmır. Biz bir it damı tikən kimi uçastkovı gəlib, durur başımızın üstündə ki, “səndən imzasız məktub var. De görək, bu damı tikmək üçün mismarı haradan almısan? ” Amma bunlar? Hansı erməni zəhmət çəkib, kömür yandırıb, satar? Hansı erməni dağdan odun kəsib, atla kəndə sürüyər, sonra da doğruyub, dəyər – dəyməzinə verər?..”
Yenə Abdurahmanı Aşotun səsi xəyallardan ayırdı:
-Ara, kirvə! Tika kavab istəyirsan, yoxsa qazan kavavı?
-Aşot! Sənin istədiyin mənə də xoşdur!
-Ara, bu lap xoşuma getdi! Bayaq dedim sana çoşqa kəsim.
Roza, qoymadı ki, o, musurmandı. Quzu kəsdım...
-Sağ ol, kirvə! Amma lazım deyildi.

-Yoox, nə danışırsan?!Səndən ötrü lap camış da kəsardım, ama, qorxdum yeməzsan! Ha, ha, ha...
Yenə Aşot Abdurahmanın çiyninə bir şapalaq ilişdirib şaqqanaq çəkdi. Abdurahman fikirləşdi ki, “arsız adamdı bu Aşot”.
Yeməkdən sonra Aşotla Abdurahman söhbət edə -edə yola çıxdılar. Aşot dedi ki, “gedək kəndin başına hava alaq”. Bu fikri Abdurahman da bəyəndi və onlar Göybulağın ortasındakı yol ilə “kənd başına” doğru yollandılar. Yolda rastlaşdıqlarının hamısı onlara ermənicə salam verirdi. Abdurahmanı ən çox maraqlandıran o oldu ki, onun öz qudulalı tanışı da Abdurahmangilə ermənicə salam verdi. Axırda Abdurahman dözməyib Aşotdan soruşdu:
-A kirvə! Niyə bu kənddə hamı ermənicə salamlaşır?
-Ermanı kəndidır, pəs ona göra...
-Burada erməni çoxdur, yoxsa müsəlman?
-Ermanı kəndinda ermani çoxdur, kirvə! Hələ bizi siz qırmasaydınız, biz daha çox olardıq!
-Biz sizi nə vaxt qırmışıq? Kirvə! – deyə Abdurahman mat – məhəttəl qalmış vəziyyətdə dayanıb, Aşotun üzünə baxdı. – Biz sizi nə vaxt qırmışıq?

-Ara, 1918-20 – ci illərdə!.. Qayabaşı, Daşbulaq, Göybulaq, Səbətli, hamısı ermanı idi. Turklarlə sizinkilar – musurmanlar gəlıp, qırıp tökdular...
-Aşot!Sən nə danışırsan?! Mənim eşitdiyimə görə, əlinə silah alıb, bütün bu dağdibi kəndlərini dağa – daşa salan siz ermənilər olmusunuz! Tatevosdan, Andranikdən fitva alıb, birinci siz başlamısınız!..
-Ara, biz heç vaxt başlamarıq!
-Vallah, kirvə! Babamgil danışırdılar ki, əgər türk əsgəri gəlməsə, ermənilər bütün bu dağdibi kəndlərinin müsəlman əhalisini qıracaqmış... Sonra da, axı, biz sizi qırmış olsaydıq, sən burada nə gəzirdin?! Bəs sizinkilər niyə demirlər ki, türklər elə döyüş vaxtı Qanığın üstündən kəndir körpü çəkib, sizin arvad – uşağı Şireyə keçiriblər. Qoymayıblar ki, qadın – uşaq qırılsın. Amma ermənilər ələ keçəni süngüdən keçiriblər. Baxmayıblar ki, bu qadındır, ya uşaq!..
-Mən onları bilmiram, kirvə! Bir onu biliram ki, bu hendavarın hamısı bizim dəda – baba torpaqlarımız olup! Biz çox olmuşuq! Sizinkilər bizi qırıp, biz az qalmışıq!...
-Ay kirvə! Sən lap köhnə qramafon kimi elə dediyini deyirsən. Özü də bir əsasın , bir sübutun olmadığı halda!..
-Onlar nə olan şeydi, kirvə?!
-Onlar odur ki, bura sənin dədə - baba yurdunsa, niyə adına Göybulaq deyirlər? Niyə bu yer ermənicə adlanmır? Əsasız danışmağa qalsa, elə şeylər deyərəm ki, mat qalarsan!
-Nə deyarsan, a kirvə?
-Deyərəm ki, erməni adını da sizə ruslar verib!
-O necə olur, kirvə?
-Elə olur ki, özünüz - özünüzə “hay”deyirsiniz, ruslar isə - “armenin”. Biz də ruslardan götürüb sizə “erməni” deyirik.
-Haa!... Nə olsun ki?!
-O olur ki, buralara müsəlmanlıq gələrkən müsəlmanlığı qəbul etməyən tayfalar olub.O türk tayfaları “ərmənlər” adlanıb.Onlar xaçpərəstdirlər deyə onların adını ruslar götürüb yapışdırıblar sizə.

-Kirvə! Mən belə şeyləri bilmiram! Yaxşı, bəs biz erməni deyiliksə, nəyik?
-Haysınız!
-Kirvə! Belə sözləri Rozanın yanında danışma! Yoxsa o, bizi bu axşam ac qoyar! Ara! O işların biza nə daxlı? Siyasat siyasat adamları uçundur! Sənnən mən, biz adi adamlarıq...
Abdurahman fikirləşdi ki, “Aşot da özünə görə az aşın duzu deyil, bir balaca bərkə düşən kimi sürüşüb aradan çıxır”. Nəhayət, Aşot mətləbi yasalayıb – pasaladıqdan sonra dedi:
-Daha bəsdir. Gəl qayıdaq evə! Mən göruram sana çox içmax yaramır. Çox içanda çox deyma – duşar olursan!
Yenə həmin şapalaq, yenə həmin şaqqanaq... Artıq Abdurahmanın keyfi pozulmuşdu. Bir də qayıdıb Aşotun qapısını açmaq istəmədi. Amma neyləmək olardı?! Bir tərəfdən axşam idi, digər tərəfdən də qayıdıb getməyə nə ad versin – onu bilmirdi...
Abdurahman Aşotun dalınca kəndaşağı yollandı. Yolboyu Aşot özü zarafat edir, özü də gülürdü. Abdurahman isə yalnız qulaq asır, lazım gəldikdə “hə” və ya “yox” deyirdi. Onlar həyətə çatıb, gördülər ki, artıq orada iki kişi oturub çay içirlər. Onlar Abdurahmanla görüşüb, onu süfrənin başında əyləşirdilər. Dedilər ki, “biz qonşular sən qonağın başına yığılmışıq”. Bu iş Abdurahmanı bir az sakitləşdirdi. Fikirləşdi ki, daha onu Rozanın qərəzli eyhamları, Aşotun süni “hörmətləri” təngə gətirməyəcək.
Həyətdə başqa qadınlar da göründü. Deyəsən, qonşular öz xanımları ilə gəlmişdilər. Roza onları gətirib Abdurahmanla tanış etdi:
-Abdurahman! Bu xanım mənim müəllim yoldaşım, məktəbimizin direktoru Murad müəllimin arvadıdır. Tanış ol! Bu xanım da mənim paduruqam Nellidir. – Sonra o, qadınlara müraciətlə, yavaşdan: - Bu da mənim köhnə nişanlımdır!- dedi və çox güman ki, əvvəldən söhbətləri olduğuna görə, qadınların üçü də güldü. Abdurahman xanımların ikisi ilə də əl verib, görüşdü.

-Mən də tanışlığa görə çox məmnunam! – dedi. Və sonra bu “məmnun” sözünün haradan yadına düşdüyünü fikirləşdi.
Söhbət əsnasında məlum oldu ki, Murad müəllim və Mişa dayı Aşotun yaxın qonşularıdır. Susan xanım Muradın, Nelli isə Mişanın arvadlarıdır. Belə qısa tanışlıqdan sonra hamı “qonaqlıq” stolunun arxasına keçdi və məclis getdikcə qızışmağa başladı.
Məclisin əvvəlində söhbət və sağlıqlar Azərbaycan türkcəsi ilə, bir az keçdikdən sonra erməni, rus, türkcənin qarışığı və ən nəhayət, erməni dilində gedirdi. Bayaqkı danışıqlardan xoflanan Abdurahman ya az içir, ya da ki, hər sağlıqdan sonra qədəhi dodağına toxundurub, bir damcı da içmədən yerə qoyurdu. Roza da bir tərəfdən onu dilxor edirdi. Başqa iki xanım kimi o da yüngül və qəşəng geyinmişdi. Naz – qəmzəsini bir az da artırmış, elə bil ki, öz gözəlliyi ilə Abdurahmandan qisas almağa çalışırdı. Yazıq Abdurahman, onu heç adam yerinə qoymayan, artıq məclisin sonlarına yaxın tamamilə ermənicə danışıb, bir – birinin sağlıqlarına arağı su kimi içən bu üç erməni kişi ilə hər kəlməsinin axırında Abdurahmanın “ağrıyan yerinə” vurmağa çalışan Roza və onun rəfiqələrinin arasında qalmışdı. Məsələn, Roza deyir ki, “yesənə Abdurahman, axsax Sariyadan pis hazırlamamışam ha!..”, ya da “musurman nə bilir ağzının dadını...” Hər dəfə də xanımlar “Abdurahmanın bostanına atılan daşlardan” həzz alır və qaqqıldaşıb gülürdülər. Hələ iş o yerə qaldı ki, Roza Göybulaqda Sona adında bir dul qadının olduğunu dedi və Abdurahmanın onunla evlənib burada qalmasını da təklif etdi. Bu təklifə xanımların üçünün də ürəkdən gülməsi Abdurahmanı o qənaətə gətirdi ki, Sona kimdirsə, ya eybəcərliyi, ya qocalığı, ya da hansı eybisə bunları güldürür.
“Sona” söhbətindən sonra Abdurahmanın bu gün ikinci dəfə keyfi möhkəm pozuldu. O, öz – özünü danlamağa başladı ki, “axı niyə gəlib bu itin – qurdun içinə düşüb?!”, “bunlar nə cür millətdir? Nə dostluğu bilinir, nə də düşmənliyi! ” Nəysə, axır ki, Abdurahman üçün üzücü olan bu məclis sona yetdi.

Qonşular salamatlaşıb, getdilər. Aşot əməlli – başlı keflənmişdi. O, ermənicə Abdurahmana nəsə deyir, onun dediyinə Roza etiraz edir, sonra da Aşot Abdurahmanı qucaqlayıb, üzünü – gözünü öpürdü....
Abdurahman Rozanın xahişi ilə Aşotu balkona çıxardı. Aşot isə təkid ilə tələb edirdi ki, “hələ kirvəsi ilə yeyib – içəcək”.Roza balkondakı soyuducudan bir iki litirlik sifon çıxardı və ondan üç stəkana tünd moruğu rəngdə maye süzüb, birini Aşota, birini Abdurahmana, o birini də özünə götürüb:
-İçin! Sərindi....- dedi.
Aşot stəkanı başına çəkib, oxhaylandı və Rozadan xahiş etdi ki, birini də versin. Roza sifonu gətirib onun stəkanını doldurdu. Aşot bu stəkanı da başına çəkdi, sonra bir müddət stəkanı havada saxladı və əlində stəkan, kətildən qalxıb, ləngər vura – vura çarpayıya yaxınlaşdı, üzüqoylu yatağa yıxıldı. Roza Abdurahmanın üzünə baxıb gülümsədi və dedi:
-Abdurahman! Sən niyə içmirsən? İçsənə!.. Sən yatmaq istəmirsən?!
-Bu nədi ki? – deyə Abdurahman stəkanı burnuna yaxınlaşdırdı, qorxusundan bildi ki, albalı likörüdür. – Likördür?
-Haa.
-Arağın üstündən likör!..
-Qorxma, sənə heç nə eləməz! Sən araq içmədin ki! Çək başına!

Abdurahman ürəyində “nə olar, olar!” dedi və stəkandakı likörü son damcısına qədər içdi. Onun bu hərəkəti Rozanın çox xoşuna gəldi və :
-Axır ki, tərsliyindən döndün! – dedi. Sonra əlindəki stəkanı başına çəkib,boş stəkanı soyuducunun üstünə qoydu və elektrik açarının düyməsini basıb, balkonun işığını söndürdü. Gəlib, Abdurahmanın dodaqlarından öpdü və sakit – sakit:
-Di, dur, Aşotu yerinə sakit edək! – dedi.
Abdurahman əvvəlcə Rozaya, sonra üzüqoylu çarpayıya sərilib, xoruldayan Aşota baxdı. Daha deyiləcək bir söz qalmamışdı... O, itaətlə ayağa qalxdı, Roza ilə köməkləşib Aşotu soyundurdu və yatağına uzandırdı.
-Sən də soyun, yat! - deyə Roza ikinci çarpayını Abdurahmana göstərdi. Özü isə otağa keçdi.
Abdurahman soyunub, çarpayısına uzandı və ürəyinin döyüntüsünün nə vaxt dayanacağını gözlədi. Nəhayət, ürək döyüntüləri də keçdi. Hər şeyi unudub, yuxulamağa çalışdı. Elə bil, yerinə qor tökülmüşdü. Çalışırdı ki, bir tərəfi üstə tərpənmədən bir az yatsın, bəlkə yuxulaya bilə, - mümkün olmurdu!.. Bir tərəfdən də Aşotun xorultusu Abdurahmanın lap zəhləsini tökmüşdü. Durub Aşotun yatağına yaxınlaşdı və onun çiynindən tutub, silkələdi:
-Aşot! Aşot! Ə, zalım oğlu, qoymazsan bir çimir alaq?!-deyə Aşotu oyatmağa çalışsa da, heç bir nəticə ala bilmədi. Elə bil çağırdıqca ona daha çox qaz verirsən! Xorultu birə - iki artırdı...
-Zahmat çekma! Oyanmaz!...
Abdurahman çevriləndə Rozanı yanında gördü və bilmədi nə desin. Roza:
-Ara! Niya gəlmirsan! Sən nə tahar kişisən?! Gal buraya, gal!-deyə o, Abdurahmanın qolundan tutub, otağa tərəf çəkdi. Abdurahman hipnoza düşmüş kimi, itaətlə Rozanın arxasınca getdi. Roza onu öz yatağına uzandırdı.
-Sakit ol, Abdurahman! Yaxşı olacaq! – dedi. Qayıdıb otağın qapısını örtdü və cəftəni keçirdi. Sonra əynində olan xalatı da çıxarıb kənara atdı. Rozanın bu hərəkətlərinə baxan Abdurahman öz – özünə fikirləşdi ki, “gör nə fəsaddır bu axçi, axır ki, istədiyinə nail oldu!”
Səhər, hava işıqlaşanda Roza məsləhət gördü ki, Abdurahman durub, öz yerinə getsin.
-Roza! Mən daha bu evdə qala bilmərəm! Durub, heç Aşotu da gözləmədən, çıxıb gedəcəyəm!
-Abdurahman! Sən nə danışırsan?! İstəyirsən ki, qonşular arasında biabır olaq? Yoox! Sən heç yerə getməyacaxsən! Mənim xatırıma!...

Abdurahman durub, dinməz – söyləməz, öz yatağına getdi. Aşot hələ də xoruldayırdı. Və artıq onun xorultusu Abdurahmanın heç vecinə də deyildi! O, yerinə girən kimi yuxuladı.
Abdurahmanı Roza oyatdı.
-Abdurahman! Dur, daha bəsdir yatdın!..-deyə nəvazişlə onun üz – gözünü sığalladı. – Dur, hamamı hazırlamışam, yuyun ! Asşot da mal – qaranı naxıra aparıb. Qayıdar, oturub çay – çörəyinizi yeyərsiniz!
Abdurahman nəsə demək istədi, amma Roza sol əlinin şəhadət barmağı ilə onun dodaqlarının üstündən ehmalca basıb:
-Ssss...-dedi və pıçıltı ilə əlavə etdi:-Sən bizim kirvə qonağımızsan.

Yusif ŞÜKÜRLÜ
AMEA Şəki REM-in direktoru
fizika-riyaziyyat üzrə fəlsfə doktoru, dosent
AYB-nin üzvü


Baxış sayı - 737 | Yüklənmə tarixi: 25.07.2020 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031