manera.az
manera.az

Külək gətirmir xəbər saçından - Yeni şeirlər

📅 20.07.2020 16:28

Külək gətirmir xəbər saçından - Yeni şeirlər
MANERA.AZ Tərlan Əbilovun yeni şeirlərini təqdim edir:

***
(İki qafiyəli və iki rədifli qəzəl)

Cana gül hesabı gəldi, canımın azarı getdi,
Gülə can əzabı gəldi, gileyi, güzarı getdi.

Elə oldu ətri əzbər, ləçəyin öpən dönəmdə
Çəkilən gülabı gəldi, üzünün qabarı getdi.

Qışı yolladım həvəslə yara bir sual dilimdən,
Yaza gül cavabı gəldi, qışın intizarı getdi.

Gülə döndü ağ varaqlar yenə gül əlində bir-bir,
Yerə göy kitabı gəldi, göyə yer yazarı getdi.

Zəmi saçlarından ötrü dəli bir sığala uymuş
Əlin inqilabı gəldi, telin ixtiyarı getdi.

Yarı məndə qaldı güldən, yarı güldə qaldı məndən,
Kimin iztirabı gəldi, yarı qaldı, yarı getdi.

Dilə düşdü Tərlanın çox, dedi hər bilən şeirdə,
Sözə ruh cənabı gəldi, sinəmin qübarı getdi.
19.03.2020


***
Külək gətirmir xəbər saçından, bu cür binadan yorulmamışdım,
Üzür nə cür gör canım bu həsrət, deyim, bu cür heç qırılmamışdım.

Havadı gəlmiş başa bu sevdan, nə illah et, mövsümün dəyişməz,
Bu cür ki, sevdan alır bu canım, görən deyər heç sağ olmamışdım.

Qurulmamışdım bir eşqə taxt bu cür min illər, ötən nə bilsin,
Bir eşqə rəğmən bu ayrılıqçün saat kimi heç qurulmamışdım.

Axıb gedirdi gözüm yaşıyla sular da birgə, di gəl ki, içdən
Axar sularla, gözüm yaşıyla axıb dalınca durulmamışdım.

Vurulmamışdım divarə baştək, divarə diztək bu ayrılıqdan,
Heç olmamışdı min ildə böylə, bügünkütək heç vurulmamışdım.

Bu çatlayan bağrımın içindən günəş də doğmazdı böylə heç vaxt,
Nə çatlamışdı gedəndə bağrım, nə böylə zəhri yarılmamışdım.

Ölüncə Tərlan gün ağlamışdı bu eşqə, bir şey qazanmamışdı,
Sarılmamışdı ona bu həsrət, bu cür bu eşqə sarılmamışdım.
23.04.2020


***
Ha söylənsin ki, dünya, su, qədimdir yaddaşımdan çox,
Ola bilməz suyun ömrü mənim bu göz yaşımdan çox.

Gözüm üstə yerin olmuş da olsa, yar, qürurlanma,
Gözüm üstə yerin olmuş deyil vallah qaşımdan çox.

Odun yaşın əbəs soxma gözə, çünki qərib düşsəm,
İsitməz kimsəsiz yerdə məni od, sirdaşımdan çox.

Əlim ağırdı, neyçün söyləyir hər gün başı daşlın?
Olubmu səncə dünyada bir əl ağır daşımdan çox?

Sənin eşqindən əvvəl yoxdu heç bir şey bu aləmdə,
Qələt etmiş də olsam gər hüzurunda başımdan çox.

Ha gəzsin tazəlik insan qədimlikdə, əzəllikdə,
Bir işdə mənfəət tapmaz mənim bu nimdaşımdan çox.

Sudan, oddan yaşım çoxdur, bilir Tərlan, onunçün, yar,
Səriştəm vardı yardan ötrü ölməkçün yaşımdan çox.
30.03.2020

DİNCƏLSİN

Məni ağlar qoyub eşqdə yar, dincəlsin,
Məni-bimari çəkib aləmə car, dincəlsin.

Hər ləçəkdən tutub öz ətrinə yaşmaq, tapsın
Gül olan qoynuna bab gizlicə xar, dincəlsin.

Həm dincəlsin özü yar vuran töhmətdən,
Həm yaratsın yara imkan, bu zar dincəlsin.

Adını vəsf eləməkdən götürüm əl, azca
İstirahət eləsin dildə qabar, dincəlsin.

Ya da dincəlməyə heç verməsin imkan mənə,
Oxşayım, sinəsi altında qübar dincəlsin.

Dağ çəkilmiş sinəm üstündə uzatsın saçın,
Saçları sinəmin üstündə hamar dincəlsin.

Mənə od qoymaq üçün Tərlana bağlansın çox,
Mən kimi yar qoyub zar, kübar dincəlsin.
24.05.2020

CANIM-GÖZÜM, BAĞIŞLA

Canım-gözüm bağışla, gecikdim, ömür də gəldi keçdi kənardan,
Yayındı əllərim öz gözümdən, şəkillərim də küsdü divardan.

Nə vardı sənli, mənli unutdum, kəsildi əl-ayaq da xəyaldan,
Sənin də saçların küsdü, bezdi o köhnə evdə yoxsul tumardan.

Töküldüm üz-gözündən dodaqtək; payız da çəkdi yarpaq hesabın,
Başım qarışdı şe'rə, gecikdim, soruşmağa səni intizardan.

Nə vardı gəldi keçdi böyürdən, xəbər də tutmadım heç nə işdi,
İçimdə şaxta düşdü... sürüşdüm, tutanda təknəfərlik qübardan.

Yazıldı qaldı ancaq bu nüsxə səninçin onda-bunda qəzəltək,
Nə vardı əldə, dildə perikdi könüldəki sən adlı qabardan.

Nə qaldı yol qayıtmaqdan ötrü, nə qaldı yol çıxıb da gedim mən,
Ölüm də çox geçikdi, yubandım, qoyum nə var kənarda bu ardan.

Canım-gözüm, bağışla, bu Tərlan tələsdi, tərsə düşdüm, yubandım,
Yubandı bir qaranquş sevinci, yubandı sevgimiz bu bahardan...
9.06.2020

QOY QALSIN

Gözəlim, zülfünü aç, sinəmə sər, qoy qalsın,
Çordu çor, çərdisə çər, sərdisə, sər qoy qalsın.

Azacıq olsa belə kəsmə ucundan, ölləm,
Necə var, öyləcə bu şah əsər qoy qalsın.

Əskik etmə bir ovuc sünbülünü qoynumdan,
Bir ovuc sünbülün üstümdə nəzər qoy qalsın.

Ac-susuz günlərim az olmayıb, ey gül, sənsiz,
Bir ovuc dən kimi ovcumda bu zər qoy qalsın.

Şərə düşsəm belə altında onun, qaldırma,
Yəni xeyrim olacaqdırsa o şər, qoy qalsın.

Gecə düş zülfünü üstümdə, yumum gözlərimi,
Zülfünü əllərim altında səhər qoy, qalsın.

Saçlarınla süpür üstümdəki beş-on baxışı,
Tərlana bircə baxış, bircə nəfər qoy qalsın.

HARDASAN?

Hardasan, gəl, qaytar
geri bu mirasa qalmış vaxtı.
Oyada gözlərinin yaşı bu yatmış baxtı,
qoymayım ölməyə bu əqrəbi çalmış vaxtı...

Bir qələmnən gecə nəm pəncərəmə yol çəkilib,
bir qucaq gülçün, bax,
hasarın böyrünə sıx kol çəkilib...

Kölgəsindən üşənir çöldə ağac...
Bir hörümçəkdir eşq,
toxuyur xatirələrdən mənə tor-
çırpınıram.

Bircə dağ yoxdu çəkib göndərəm ah,
nə bu gün var, nə sabah,
uçurumdur evimin hər tərəfi,
daha əltək mənə heç yerdən uzanmır Allah.

Hardasan, gəl qaytar
geri bu mirasa qalmış ömrü.
Əyilib qaldıra yerdən bir də,
yerə girmiş yerə salmış ömrü...

UNUTDUM SƏNİ

Ayrılıq məni də muma döndərdi,
zaman keçə-kecə unutdum səni.
Bu qara gündə də ağı qaradan
şükür, seçə-seçə unutdum səni.

Uçurum qalmadı sənin üzündən;
Əcəb gözəl düşdüm məxmər gözündən...
Səni razı salıb, hər gün özümdən
keçib küçə-küçə unutdum səni.

Qırdım, öz aramla bağımı qırdım,
Olmadı, başıma yüz yol çığırdım...
Mən yenə ölmədim, kəfəni cırdım,
dözüb, incə-incə unutdum səni...

Boynumda budaqca qolun qalmadı...
Qəbrimə, evimə yolun qalmadı...
Gülüm, mənim kimi kolun qalmadı,
bilmədin heç necə unutdum səni...

Mağar qurulmadım könül yasında,
Çökmədim, dik durdum yenə azından.
Bu çölün, bu düzün tən ortasında,
qısılıb bir küncə unutdum səni...


***
Xoşbaxt olmağıma səbəb olmadın,
Bədbaxt olmağım da əlimdən çıxdı;
Bu sevgi hər yerdən yolumu kəsdi,
Yalqız qalmağım da əlimdən çıxdı...

Səni də azdırdı məndən gedən yol,
Bir yol tapmadın ki, yola gələsən...
Nə gedəndə dərdi bütöv apardın,
Nə bütöv saxladın, gəlib böləsən...

Guya məndən başqa kişi yoxdu heç,
Harda bir qadın var gözü məndədi...
Canımda bir belə şəhvət hardandı,
Dünyanın ehtiras közü məndədi?!.

Bu necə getməkdi, hələ burdasan,
Çəkdiyin dağlara duman da gəlib.
Mənəm, sənsən, bir də beş-on qafiyə,
Bu andır şeirçin zaman da gəlib.

Pənah aparmağa yer hanı... səndən
Allah da yorulub, bezib, ay dəli.
Nə məni bəxtəvər edə bilirsən,
Nə bədbaxt eləmək əlindən gəlir...

ÇƏKİRSƏN

Ağlama, çətir yox tutam gözünə,
nədən ayağımı selə çəkirsən?..
Bu nə rəssamlıqdı, töküb saçını,
acığa qış günü yelə çəkirsən?!.

Neyləsək, daxmatək çökür bu sevgi,
Ağzımda loxmatək çökür bu sevgi...
Görmürsən, doğmatək çökür bu sevgi,
niyə ətəyindən belə çəkirsən?!

Başına qəhətmi iş, dizin-dizin
Sürünüb silirsən ayrılıq izin?!.
Qapısı bağlanmış ilişkimizin
bıçaq dəstəyini ələ çəkirsən?!.

Balası üstündə anamı gözün?
Həyəti su basmış binamı gözün?
Yoxsa bir yaşılbaş sonamı gözün,
gözünün yaşını gölə çəkirsən?!

Al o lələyini batır qanıma,
Toxta, içini çək kağız canıma.
Bilim, hasarını bu dörd yanıma,
niyə nəfəsimi çölə çəkirsən...

Nə olsun, aparır bu sel bu ruhu,
Yuyub təmizləməz su, sel, bu ruhu...
Rəngi avazımış bu gözü toxun,
ruhunu bükülmüş belə çəkirsən?

Hanı fikri gözəl çəkən mən kimi?
Dərdimin yerinə çəkim mən kimi?
Çəkib bitirmişəm çoxdan rəsmimi,
sən kimin dərdidir hələ çəkirsən?..


***
İşə bax, hər yerdən əlim üzülüb,
Yer yox, ətəyimin daşını tökəm...
Allah, təklik sənə mənsub bir şeysə,
Bəs niyə min ildi mən belə təkəm?

Kimə dua edim, kimə tapşırım,
İçimdə sən boyda bu tək qalanı?
Mən necə ovudum bir bardaq suyla,
Kimsəsiz qəbrinə çiçək olanı...

Bu nə ayrılıqdı, bu nə sevgidi?
Nə çəkilmək olur, nə yetmək olur...
Nə dayanmaq olur başı üstə daş,
Nə də qəbri üstdən daş getmək olur...

Açarı əlimdə son mənziləm ta,
Çoxdandı bir ulduz gözümdən axır.
Üstümdə ağlayan o gürzə deyil,
Şamın göz yaşıdı, üzümdən axır.

Elə bilirsən ki, sənə yanmıram?
Min ildi bu tüstün təpəmdən çıxır.
Təkliyim bir bəndə təkliyidirsə,
Niyə məni Allah təkliyi sıxır?

Mən heç, mən bəndəyəm, sən ki Allahsan,
İlahi, bəs səni kim ağlar qoyub?
Niyə seçilmirik bir-birimizdən,
Hansı itin qızı sənə də qıyıb...


***
Soruşan yox, nə var, nə yox?
ölməyə kimin nəyi var?..
Bu dünyada hər bir kəsin
dünya boyda göynəyi var,
kəfəndən ağ köynəyi var...

Hamı eyni yolda çaşır,
eyni səmtə gedir hamı...
Hamı özünə yubanır,
öz səbrini ötür hamı,
hamının vallah boşuna
öz-özünü öyməyi var...

Sevgidən kəsilən adam,
nə bilsin ayrılıq nədi?..
Nə bilsin təbin təzədi,
nə bilsin yaran köynədi?..
hərənin bir sevməyi var...

Əvvəlin nə olur, olsun,
sonun daşa qısılmaqdı.
Əcəl qapını döyəndə,
son nəfəsi qıc olmaqdı...
İstəyirsən soruş, ya heç
soruşma, bu gedən kimdi?
Onsuz da, onsuz da elə
ölənin dalınca baxıb
hamının göz döyməyi var...


***
İçimdə bir sızıltı var,
örtülməyən yara kimi.
Mən çoxdan param-parçayam,
hisslərimdən yara kimi.

Sığmayır gecə addıma,
Sığmışam necə addıma?
Bilmirəm neçə addımam
çarmıxdan mismara kimi.

Təzə əzabdı köhnə qəm,
Gör necə bitkin düşmüşəm,
Evimdə itkin düşmüşəm
qapıdan divara kimi.

Çəkilmişəm elə tarım,
Simin qırıb könül tarım...
Buz bağlayıb barmaqlarım
saçımdakı qara kimi.

Sağam, ölməmişəm, öyün,
Altında hələ bu göyün
Dartıram tanrı ətəyin
beşikdən məzara kimi...

SƏNƏ AİD OLMAQ BİR BAŞQA HƏZDİR

Sənə aid olmaq bir başqa aləm,
Sənə aid olmaq bir ayrı həzdir.
Sən Allah yanından uzağa qoyma,
Hərdən əllərimi yaxanda gəzdir.

Dər məni nəfəstək, çək öz içinə,
Adım dodağında yer saxlamasın...
Saçların sinəmdə zəmiyə dönsün,
Qollarım özgəni qucaqlamasan.

Köklənim əlinə, ayağına, qoy
Yerini bir kimsə soraqlamasın!
Səni məndən başqa bilən olmasın,
Məni də özgəsi varaqlamasın.

... Ötüb neçə əsr, neçə yüz min il,
Hələ də getməyib dadın ağzımdan.
Yüz yerdə qanıma qəltan ediblər,
Bir dəfə çıxmayıb adın ağzımdan.

Hələ də sirdi, sirr, o mənzil, o ev,
Dünya yaranandan ora gəlirəm.
Sənə aid olmaq bir başqa həzdir,
Gör bir səndən ötrü hara gəlirəm!..

Haçandı bir ürək qalamaq üçün
Gözümün odunu almısan mənim...
Məni bir kişitək tutmusan uca,
Məni öz yadıma salmısan mənim.

Heç qarğış adamı bu sayaq tutmaz,
Gör səni nə yaman tutubdu gözüm.
Bir mömin savaba tuş gəlməz belə,
Nə gözəl günaha batıbdı gözüm.

Başıma düşmüsən köhnədəkitək,
Açıq qoy qapını, gəlib sevinim.
Öpüm dönə-dönə əl-ayağıntək
Yenə kandarını min il evinin.

Tək mənim pirim ol, ocağın olum,
Sındır, kəs hər yerdən ayaqlarımı.
İçim ovcundakı sudan bir qurtum,
Sənə nəzir qoyum dodaqlarımı.

Çevir istədiyin tərəfə məni,
Ha yana çevrilsəm, o yanım sən ol.
Sənə aid olmaq bir başqa həzdir,
Sənə aid olum, qıyanım sən ol...


***
Tövbə etdim neçə yol, düşməyəsən bir də yada,
Öhdəsindən gələ bilməkmi olur sevdanın?
Ya səni xatirələrnən edəcək məhv, ya da
Salacaqdır səni od, qoynuna bir səhranın.

İş kimi gəlməyə həsrətdi əlindən aşiq,
Naəlaclıqdı işim burda min illərdi sənə.
Bir şirin kəlmə də çıxmır ki, dilindən, aşiq
Qalxa anlatmağa bir eşqdə yüz dərdi sənə.

Başıma gəlməyən iş yoxdu mənim, illərdi,
Biçilir əynimə hisdən kəfənim illərdi,
Yox qoyan duyğularıyla qəbirə burda məni.
Daş olan qəlbin ilə, gəl, mənə dur daş, sevinim,
Gəlişinlə yenə sal aləmi çaşbaş, sevinim,
Gəl, çevir sağ çiyin üstündə üzü yurda məni...

KARANTİN

Şəkillər tüpürcək kimi yapışıb
şəhərin küçələrindəki divara...
İşıq dirəkləri veyillənir səkilərdə avara-avara...

Qapınızın ağzında
iri tut ağacı kimi ayaqqabısının bağına əyilib
bir qoca.
Dimdiyində çöl,
harasa uçur vətən quşları təyyarə-təyyarə,
qoltuğunda dayanacaq
harasa köçür şəhər avtobus-avtobus,
içində bir haray var: yaşamaq istəyirsənsə sus!

Hasarın o üzündə dənizi ləpələndirir
qağayı hay-küyü,
hasarın bu üzündə içindən görmək olmur göyü.

Qızı zorlanan ata kimi başıaşağı-başıaşağı yolu keçir qanun.

Minaya düşmüş evdi ordu,
namusu çökmüş tövlədi kənd,
anası ölmüş uşaqdı,
balası ölmüş anadır Vətən.

Üzünü şəkillərə tutub,
dalını həqiqətə çevirə-çevirə
general-general
mundirinin düymələrini bərkidir
müharibə...

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 130 | Yüklənmə tarixi: 20.07.2020 16:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031