manera.az
manera.az

Özümü unutdum - Səməd Şıxı

Özümü unutdum - Səməd Şıxı
(hekayə)

Zərdanın tək sərvəti ailəsi idi. Tək düşündüyü onları qorumaq, onların xoşbəxt olması üçün əlindən gələni etmək idi. 17 yaşı olmasına baxmayaraq, özünü indidən yalnız ailəsi üçün yaşamağa öyrəşdirmişdi. Nə evlənməyi, nə kimisi sevməyi, nə də övlad sahib olmağı düşünmürdü.

Ailə dördlüyünə əlavə şəxs almağı düşünmürdü. Onları da kiminləsə paylaşmaq istəmirdi. Sevir, bununla yanaşı qorxurdu da. Zərdadan 10 yaş kiçik bacısı Malanın 7, anasının 44, atasının isə 48 yaşı var idi. Yaşları keçdikcə qorxusu da artırdı. Onları itirmək qorxusu idi bu. Hər gün biraz daha uzaqlaşırdılar ondan. Əzab verirdi ona. Bacısını elə balaca qalmasını, anasının üzündə qırışların olmamasını istəyirdi. Atasının sürətli yerişinin yerinə yavaş atdımlar atmasına öyrəşə bilmirdi. Onlara bildirməsə də, bu onu çox üzürdü. Zamanı saxlamaq, hər günü dəfələrlə təkrar yaşamaq istəyirdi. Sıxılmadan edə bilərdi bunu.

Məktəbin sonuncu sinfində oxuyurdu. Yaraşığlı və hündürboy idi deyə qızların diqqətini asanlıqla çəkir, heç nə etmədiyi halda belə özünü onların yanında tapırdı. Qadınlardan uzaq durmağı, bunun yerinə ailəsi ilə zaman keçirtməyi özünə söz versə də, qızların gözəlliyi bu sözünü unutdururdu. Buna baxmayaraq ailəsinə qarşı olan sevgi və bağlılığı bir gün də olsun azalmırdı. Düşüncəsinin bir küncünə onlar üçün nə edə bilərəm? – sualını qazımış, hey düşünürdü. Bunu ixtisas olaraq mənimsəmişdi özünə. Əsas işi bu idi.

Ailəsi Zərdanı oxumaq üçün məktəbi bitirəndən sonra universitet üçün Macarıstana göndərəcəkdi. Zərdanın dayısı təklif etmiş, atası Dündar da, anası Ləhəst də razılaşmışdı. Dayısının Zərdanın təhsili üçün əla fürsət olacağına ailəsini inandırması Zərdanın kefincə deyildi. Evindən, ailəsindən uzaq durmaq istəmirdi. Qorxurdu ki, o olmayanda onlara nəsə olar. Onları qoruyan heç kəs olmaz. Ya başlarına bir iş gələrsə və o olmadı deyə onlara nəsə olarsa deyə içi-içini yeyirdi. Getməksə istəyirdi. Dayısı uzun müddət idi ki, Macarıstanda yaşayırdı. Ona görə ona güvənib getməsinə razı olmuşdular.

Zərdanın yaxın olub, sirrini bölüşdüyü dostu Şani idi. Şani Zərdanla bir sinifdə oxuyurdu. Ayağının biri, digərinə nisbətən 5 sm uzun idi deyə gəzərkən ayağını çəkirdi. Sinifdəki çox insanın ona gülməsi və lağ etməsi, onun dost çevrəsini kiçikdib, daraltmışdı. Səmimi gördüyü Zərdanın ona göstərdiyi hörmətə görə isə güvənir, onu özünə ən yaxın dost olaraq görürdü. Zərdan isə hər kəslə yola getməyi bacarırdı. Heç kimin onu əzməsinə icazə verməz, yanındakını da əzdirməzdi. Dost münasibətində də hər kəslə mehriban idi. Bu təkcə Şaniyə aid deyildi. Şaniylə yaxınlığı, əslində, onun yox, Şaninin seçimi idi. Özünü Zərdana yaxınlaşdırmışdı. Dərs çıxışı birlikdə çıxıb evə gedərdilər. Şaninin evi Zərdanın yolunun üstündə idi. Buna baxmayaraq Zərdandan çox Şani qonaq gedərdi. Hər evdə sıxılanda özünü Zərdanın evinə atardı. Mala Şaniyə kərtənkələ deyirdi. Sürətli amma dik gəzməsini kərtənkələyə oxşadırdı. Zərdanın Şaninin ayağına görə lağ edilməsindən xoş olmadığını bildiyi üçün Malaya - elə demək olmaz – desə də, Şaninin incimədiyini, tam tərsi xoşuna gəldiyini görüb daha demirdi. Sanki öz eviymiş kimi gəzər, acarsa, gedib mətbəxdən özü üçün nəsə hazırlayar, susuzlayarsa, qalxıb su götürərdi. Həm də açıq sözlü idi. Yeməyi bəyənərsə, əla olub deyərdi, bəyənmədiyində isə susardı. Ləhəst heçnə demədiyində bəyənmədiyini bildiyi üçün bilərəkdən necədir, xoşuna gəldi?–soruşardı. Şani də yalan deməmək üçün susuram cavabını verərdi.

Dərs çıxışı evə gedərkən Zərdanın kefsiz olduğunu görən Şani ondan niyə kefsiz olduğunu soruşur.

-Macarıstanı düşünürəm.

-Yerində olmaq istəyərdim.

-Yerimizi dəyişmək şansım olsaydı sevə-sevə verərdim.

-Getmək istəmirsən?

-İstəyirəm. Sadəcə ailəmdən ayrılmaq istəmirəm.

-Həmişəlik getmirsən ki, istədiyin zaman gələ biləcəksən. Universiteti bitirəndən sonra yenə gələ biləcəksən.

-Qorxuram. Onlara nəsə olar deyə qorxuram. Yanlarında olmayanda kiminsə onlara nəsə etməyindən qorxuram. Onları itirməkdən qorxuram. Ağlıma nə zamansa onları itirəcəyimi gətirəndə...

-Hər birimiz nə zamansa, çıxıb gedəcik, öləcik. Dəyişmək mümkün deyil.

-Bunun olması üçün nə lazımdısa etməyə hazıram. Bir yolu olaydı.

Şani evinə çatır.

-Kefini pozma. Belə şeylər düşünərək də həyatını qorxaraq keçirtmə. Heç kim ölüb eləmir. Hələ çox yaşayacıq.

Sağollaşıb evinə gedir. Məktəbi bitirməyinə yarım ildən az qalmışdı. Dayısı indidən gedəcəyi universiteti dəqiqləşdirməyə başlamışdı. Şəkillərini, imtiyazlarını atır, necə bir yer olduğunu başa salırdı ki, seçimi özü eləsin.

Otağında əyləşib dərs oxuyurdu. Zəng gəlir. Şani idi.

-Eşidirəm.

-Çıx çölə, həm də gör.

-Niyə?

-Bir xəbərim var.

-Belə de.

-Naz eləmə, düş. Sonra peşman olacaqsan.

Bu cavabın qarşılığında maraqdan özünü saxlaya bilən tapılmayıb hələ.

Aşağı düşür.

-Eşidir, həm də görürəm. Buyur.

-Xəbəri deməmişdən əvvəl bir şey istəyəcəm. Mənə 50 manat verə bilərsən?

-Gəl onu 80 edək.

Şani sevinib, gülümsədi.

-Bilirdim. Yox deməyəcəyini bilirdim. Əsl dost olduğunu göstərdin yenə.

-Hə. Sən onu 50 yox, 80 elə. Tap və 50-ni öz işini həll elə, 30-un da mənə ver. Onsuz lazımdı, tapmalısan. 30-da mənə verərsən, bir-iki şey edəcəm.

Şaninin üzü çökdü. Qaşlarını oynadıb, alçaq səslə nəsə söyüş söydü.

-Sənin üçün buracan gəlib xəbər gətirmişəm. Sevinəcəyini düşünürdüm. Özün bilərsən. Demirəm.

-Yaxşı, yaxşı. De.

-Bizim kirayədəki evə bir nəfər köçüb, hardasa, 2 ay qalacaq. Ev işlərində kömək edəcək birisini də istəyir. Mən çatdıra bilmirəm.

-Bunun nəyi məni sevindirir? Vaxtım yoxdur, özün edərsən. İnanıram sənə. Bacaracaqsan.

-Kömək istəmirəm. Onun işini öyrənəndən sonra sənə də xeyri dəyər deyə səni də tanış etmək istəyirəm.

-Nə işləyir?

-Sehirli bir şeylər etdiyini dedi. Başa düşmədim tam olaraq. Amma dediyinə görə nə istəsə, edə bilirmiş. Kim ona kömək eləsə onun bir istəyini reallaşdıracaqmış.

-Bizi işlətmək üçün aldadır.

-Ya aldatmırsa. Düşün. Bir istədiyini həyata keçirdəcək.

-Sən nə seçdin? Demə ki, 50 manat istəyəcəm. – Zərda gülməyə başladı.

-Bəlkə, 100 istəyim. – deyib, o da güldü. – Başqa bir şey istəyəcəm.

Zərda inanmasa da, şansını yoxlamaq istədiyi bir istəyi var idi. Şanidən gözləməsini istəyib evə qalxıb. Beş dəqiqə keçməmiş düşərək, getdik dedi. Kirayəyə köçən həmin adam 1.90 boylarında, başının ortasında saçı tökülmüş, kənarlarını isə uzadıb keçəlini gizlətməyə çalışan birisi idi. İnamlı baxışı və gülüşü var idi. Gülərkən dişlərini göstərməzdi. Səsi də qalın, ağır tonlu idi. Bir opera ifaçısı ola biləcək səs potensiyalı var idi. Salamlaşdığdan sonra onun əşyalarına kömək elədi. Kiçik, kiçik ağızları bağlanmış paketləri daşıdır, yerə qoyarkən diqqətli olmalarını tapşırırdı. Evdə 2 ay qalacaqsa, bu qədər əşyanı niyə köçürdürdü bura?- deyə düşündü Zərda içində.

İşləri iki saat keçmədi ki, qurtardılar. Uşaqlara oturmalarını deyib, çay gətirdi, yanında da alınmış keks təqdim elədi.

-Eşidirəm sizi. Hərənizin bir arzusunu yerinə yetirəcəm. Söz vermişəm.

Şaniylə Zərda bir-birinə baxdı. İkisi də bir-birinə ilk sən başla deyə baxış atırdı. Sonra qalib gəlməyəcəyini görən Zərda başladı.

-Nə kimi bir şey istəyə bilərik.

-Ağlından keçən hər bir şeyi. Nə istəsən.

-Məsələ, bir insanı ölümsüz etmək.

-Ola bilər. Kimi?

-Ailəmi. Onları itirmək, ölmələrini görmək istəmirəm. Elə bu yaşlarında qalsınlar. Bacımın böyüməyini, anamla-atamın ölməyini istəmirəm.

-Mümkündür. Şəkillərini gətirərsən özünlə, kifayətdir.

-Necə yəni? Bu mümkündür?

-Normal insanlar üçün yox. Mənim üçünsə, hə.

Zərdanın inamı yox idi. Qarşısındak dayanan özündən razı adama isə inanmaq istəyirdi. Dediyinin məntiqsiz olmasına baxmayaraq, kaş dediyi düz olsun – deyə yalvarırdı.

Sıra Şaniyə çatanda ailəsinin onu xaricə göndərməsini, bir də gedərkən uğurlu olmasını, yaxşı bir həyata sahib olmağı istədi. Hər ikisinin istəyi qəbul olunacaq dedikdən sonra uşaqlar ordan çıxıb evlərinə yollandılar. Zərda şəkilləri gətirib verdi. İçində isə hələ də güvənsizlik var idi. “Ya olmazsa, dediyinin doğru olacağını necə biləcəkdim? Öləcəkləri günəcən gözləməliyəm ki, dediyinin yalan olduğunu isbatlayım?”

Heç nə olmamış kimi həyatına davam etməyə başladı. Həmin hadisədən iki-üç ay keçir və həmin şəxs köçüb gedir. Universitetin bitməyinə bir aydan az zaman qalıb. Şani gələrək atasının işiylə əlaqədar xaricə gedəcəyini, onun da təhsilini orda davam elədəcəyini dedi. Hələ ölkəni dəqiqləşdirməyib deyə bu il universitetə sənəd verməyəcəkdi. Sevinirdi. Sonunda istədiyi alınmışdı.

-Yadındadır, bizə verdiyi sözü tutdu. Dediyi oldu. Gedirəm.

Zərda həmin günü xatırladı. Həqiqətən, həmin vədin biri artıq gerçəkləşmişdi.

-Hə. Dediyi oldu. Görək məndə necə, gerçəkləşəcək?!

-Bir şey yadıma düşdü. Əslində, o gündən sonra bir neçə dəfə sənə deyəcəm desəm də, yadımdan çıxırdı. Sən o gün atan, anan və bacın üçün istək istədin. Onların ölümsüz olmasını istədin. Amma özün üçün istəmədin. Özün istəmədin, yoxsa... – deyib dayandı. Dedikdən sonra Zərdanın üzündəki ifadədən yoxsanı başa düşmüşdü. Unutmuşdu.

-Şşşeyyy... Mən demədim...

-Onlarda dəyişiklik sezmisən? Fərqlilik yoxdur?

-Fikir verməmişəm.

-Əgər dediyi düz çıxsa, onlar eyni yaşda qalacaq, böyüməyəcək. Hətta bir müddətdən sonra sən anandan və atandan yaşlı olacaqsan.

Zərda bunu heç düşünməmişdi.

-Onu necə tapa bilərik? – dostunun yaxasından yapışdı.

Şani əliylə itələyib, onu geri atdı:

-Mən hardan bilim. Çıxıb, gedib. Çox danışıb, eləməzdik. Havayla qidalanardı elə bil. Evdən çıxmaz, işıqlarını belə yandırmazdı. Evdə olub, olmadığını bilmək olmurdu.

-Onu mütləq tapmalıyıq.

-Maraqlanaram evdəkilərlə. Amma çətin nəsə çıxsın.

Şani evə gedəndən sonra atasından soruşsa da heçnə çıxmadı. Tanımadığını, qalacağı ayın pulunu bəribaşdan vermişdi deyə razı olduğunu dedi. Heç düz əməlli haqqında soruşmamışdı da. O gedəndən sonra evdə nə edib deyə evi eşələsə də, heç nə tapmamışdı. Sanki o evdə yaşamamışdı. Hər şey eyni qalmışdı.

Gün gəlib çatır, məktəb qurtarır. Məktəbin son gününü iyrənc bir şəkildə qeyd elədiklərindən sonra bir ay sonra atasıyda Macarıstana yollandı. Əvvəl Budapeştə, ordan da Debreçenə. Şani ilə əlaqəsi kəsilmişdi. O da ondan üç-dörd ay sonra Avstriyaya köçmüşdü. Univerisitetdə oxuduğu il ərzində, universitetdən sonra onunla əlaqə saxlaya bilmədi. Ancaq universiteti bitirdikdən 6 il sonra köhnə məhəllələrinə qayıdarkən rastlaşmışdılar.

Macarıstana gedərkən Zərdanın qorxusu yenə qalmışdı. Bu dəfə ailəsini itirmək qorxusu yox, özünə nəsə olar qorxusu var idi. İnsan necə olardı da özünü unudardı?

Zərdanın hər ili onu biraz daha yetkinləşdirir, böyüdürdü. Artıq iyirmili yaşlarında bir gənc idi. Həyat onun üçün sürətlə axıb gedirdi. Universitet, iş həyatı, sevgi yolu və öz həyatını qurma mərhələsi. Bu ardıcıllıq yazılmış qanun idi və hər canlı kimi o da əməl etməli idi. Ailəsindən qorxusu yox idi. Malaya hər gün baxanda onun itirmədiyi məsumluğuna uzun-uzadı baxırdı. Hər şeydən xəbərsiz idi, qardaşının sürətli böyümünü başa düşmürdü. Atası ilə anası da bunun fərqinə varmamışdı hələ. Oğlulları az qala onlarla eyni yaşa çatacaqdı, hələ də 17 yaşlı oğulları kimi görürdülər onu. Ya zamanın axışını başa düşməyəcək qədər zehinləri pozulmuşdu.

Zərdanın həyat yoldaşı aradakı yaşın fərq edən ilk insan idi. Zərdan ona heç nə demək istəməsə də, sonra birinə danışmasa ürəyinin partlayacağını görüb, açıb, içini tökdü. Həyat yoldaşı inana bilmirdi. Necə ola bilərdi bu? Yəni bir nəfərdən onların yaşlanmamasını istədin, o da etdi, amma bunu edərkən özünü deməyi unutdun. Buna görə də sən yaşlanırsan, onlarsa, eyni yaşda qalır.

-Tamamilə doğrudur.

-Buna inanmağımı gözləmirsən yəqin ki.

-Gördüyün qədəri ilə yalan demirəm. Bunun sən də fərqinə varacaqsan illər keçdikcə.

-Deyək ki, düz deyirsən. Bunu sonra niyə düzəltmədin? Ən azı özünü də ölümsüz edə bilərdin. Ya onları normala qaytara bilərdin.

-Tapa bilmirəm həmin adamı.

Həyat yoldaşının təziqi ilə açıb hər şeyi ailəsinə danışır. Verdikləri ilk rekasiya belə şey olmaz! – olur.

-Fikir verməmisiz? Həmin illə indinin arasında heç bir fərq yoxdur. Mən yaşlanıram, böyüyürəm, sizsə, eyni qalmısız.

Biraz fikrə gedirlər. Mala isə heçnəyi başa düşmədən nə danışdığlarını başa düşməyə çalışırdı. Üzlərindən ciddi söhbət getdiyini başa düşüb sakitcə dayanıb, onları izləyirdi.

Ləhəst oğluna baxaraq aradan keçən illərin fərqinə varmağa başlamışdı. Necə yaşlanmışdı oğlu. Neçə il keçmişdi? Oğlu çoxmu böyümüşdü? Evlənmişdi, deyəsən. Yanındakı həyat yoldaşı idi. Niyə fərqinə varmamışdılar? Niyə indiyəcən aradakı məntiqsizliyi sezməmişdilər? Gözündən axan yaşlarla oğlunun üzünü ovucları arasına alıb, sıxdı.

-Özün üçün niyə nəsə etmədin?

-Özümü unutdum.

Anası nəsə demək istəsə də, deyəmmədi, ağlayırdı. İçindən necə yəni? Mən bu yaşda qalacam, sənsə gözümün önündə yaşlanıb öləcəksən? –deyirdi. Danışıb dilinə gətirə bilməsə də, hər göz damlasında bunu çatdırırdı. Sevginin dili deyilən bir vasitə var onsuz da. Hansı ki, bütün dünyanı birləşdirən dəyərdi. Musiqi kimi. Kimin hansı ölkədən olması, hansı dildə danışması vacib deyil, bu vasitə ilə bir-birilərinə istədiklərini çatdıra bilirlər.

-Necə olacaq bəs?

-Bu cür yaşayıb, həyatımızın dadını çıxartacıq.

-Ya biz. Bizi bu həyata dustaq etdin.

-Hər günümüz ən qoca olduğumuz gündür. Hər gün son günümüzün xatirəsidir.

Yanlarından ayrılıb həyat yoldaşı Fəqcanla şəhərə çıxır. Ərinə necə dəstək ola biləcəyi barəsində düşünürdü. Əlindən tək gələn ona sığınıb, yanında olduğunu göstərmək idi. Öz enerjisindən ona ötürərək rahatlamasını istəyirdi. Zərdanın ailəsi üçün etdiyi fədakarlığdan o da ona etmək istəyirdi. Öz gücündən ona vermək istəyirdi. Onu belə solğun, üzgün görmək istəmirdi.

-Yaşamaq elə də maraqlı deyilmiş. Bunu yaş artdıqca daha yaxşı başa düşürsən. Nə yaxşı ki, özümü ölümsüz etmədim deyə düşünürəm. Ailəmə görə isə peşmanam. Onları qurtarmaq istəyirdim. Onlara nəsə olmasını istəmirdim. Böyüməsinlər, zaman keçməsin. Eyni günü yaşayaq. Amma nə elədim? Həyatlarını məhv elədim. Məcbur bu həyatı yaşamalarına qərar verdim. Özü də onlardan icazə almadan.

Məhəllədəykən Şaninin köçdüyü xəbərini alır. Qarşılamağa gedir. Neçə il olmuşdu görüşməmişdilər. Qucaqlaşıb illərin həsrətini çəkdikdən sonra sabah axşam ailəvi onu evə qonaq çağırdı.

Söhbətlərinin başlanğıcı universitet həyatları, ayrı qaldığları müddətdə etdikləri oldu. Şaninin həyatındakı uğurları, qazandığı statusları, gəzdiyi ölkələrini danışdığdan sonra sıra Zərdana çatdı. O da eyni ardıcıllığla danışıb ən sona verdiyi qərardan danışmağa başladı. Şani diqqətlə dinləyirdi. Nə deyəcəyini düşünərək qalxıb özünə qırmızı şərab süzdü. Onlardan istəyən varmı deyə soruşdu. İkisi də istədiklərini gözləri ilə bildirdi. Badələrini verib pəncərəyə yaxınlaşdı. Pəncərənin kənarlarına gözü sataşdı. Gedəndən bəri dəyişilməmişdi. Çürüməyə başlamışdı. Yaxınlaşıb bıçaqla oyduğu hissəsini tapdı. Çöldə güclü qar yağmışdı deyə dərsə gedə bilməmişdi həmin günü. Sıxıntıdan pəncərədən çölə baxaraq pəncərənin künclərini deşirdi. Anası əlindən alıb, ona heçnə etməmişdi ancaq.

-Nə edəcəyimi bilmirəm.

-Bir müəllimimiz vardı, bizə belə deyərdi. Bu gün dünən edə bilmədiklərimiz üçün var. Bu gün etsək sabaha ehtiyac qalmaz əslində.

-İnsanın etməli olduğu o qədər şey var ki, təkcə nə etməli olduğumuzu öyrənməyə başlasaq ömrümüz bitər. – Fəqcan dedi.

-Ən azı başlamalıyıq. Niyə bu dünyaya gəldiyimizi, niyə böyüyüb, bir gün öldüyümüzü. Nəyə lazımdır axı bu həyat. Həmin müəllimimiz belə deyərdi ki, bu dünyadan başqa dünya varmı, öldükdən sonra hara gedəcik bilmirəm, bildiyim dünyadan doyub getmək lazımdır. Həyatı yaşamaq, hər şeyin dadını bilmək lazımdır. Öyrənə bildiyimiz qədər öyrənməli, görə bildiyimiz qədər görməli, yaşaya bildikcə həyatımızı yaşamalıyıq.



Mala da olanları başa düşməyə başlamışdı. Qardaşının yanına gələrək niyə böyümədiyini soruşur, ona böyümək istədiyini deyirdi. Məktəbə getsə də, onun problemli olduğunu düşünüb məktəbdən uzaqlaşdırmışdılar. Ailəsi də üstünə getmirdi. Zərdanınsa, əlindən heç nə gəlmədən ailəsinin qarşısında qocalmağını gözləyirdi.

İki il sonra bir oğlu olur. Həmin oğlu zamanla böyüyüb bibisi ilə eyni yaşa çatır və onu keçib, böyüyür. Ləhəst yenə ağlayırdı. Bu dəfə nəvəsi üçün. Oğlunun özüylə yaşıt olduğunu görəcəkdi bir neçə il sonra. Nəvəsi oğlu yaşına gəlib çatırdı. Hətta bir müddətdən sonra onu da keçəcəkdi. Bir müddət sonra gəlib onları da ötüb keçəcəkdi. Oğlu atasından böyük olacaqdı. Oğlu anasından böyük olacaqdı. Nəvəsi onlarla yaşıt olacaqdı. Sonra onlardan da qoca olacaqdı. Onlarsa, bir yaş belə qocalmadan eyni yaşda qalacaqdılar. Su belə bir müddətdən sonra eyni yerdə qalanda iylənir, içilməz hala düşür. Nə qədər belə yaşayacaqdılar? Daha kimləri görəcək, kimləri yola salacaqdılar? Yerlərində başqası olsa, bunları düşünməz, həyatlarını yaşayar, heçnədən qorxmadan həyatlarını yaşayardılar. Dünyanı gəzər, hər şeyin dadını almağa çalışardılar. Onlara isə bu lazım deyildi. Onlara nə dünyanın malı, nə gözəlliyi önəmli idi. Bu dünyaya niyə gəldiklərini bilmirdilər, amma həyatlarını övladları üçün yaşamağa qərar vermişdilər. Öz həyatlarını fədakar ana-ata olaraq onlara qurban verməyə hazır idilər. Sonra eynisini övladlarından gözləyəcəkdilər. Beləliklə, heç biri xoşbəxt olmayacaq, heç biri istədiyi həyatı yaşamayacaq, amma özlərindən çox istədikləri ailələri üçün şam kimi əriyib onlara yollarındakı işıq olacaqdılar. İndi isə nə olmuşdu? Hər kəs tərəfindən qorxulu varlıq kimi qəbul edilirdilər. Hər kəs onlardan qaçırdı. Xeyli məşhurluq qazanmışdılar. Bəziləri onların uğursuzluq əlaməti olduğunu, bəziləri isə onların şanslı olduğunu deyirdi. Onların yerində olmaq istəyən insanların sayı da az deyildi. Qoxlayıb çox yeməyi sevərik, xoş gələr ətri bizə. Dadandan sonra gözləmədiyimiz dadlarla rastlaşarıq. Bilmirdilər ki, itirmək necə bir hisdi. Yaxşı bir şey idimi ki, qocalmamaq? Bəlkə də.

Zərdanın atası ilə yaşıt olması və onu keçməsi bir göz qırpımında baş verdi. Zamanın necə sürətlə gəlib keçdiyini heç kəs başa düşməmişdi. Fəqcan belə qaynanasını qısqanırdı. Özündən cavan qaynanası var idi. Hətta gəlini yaşında qaynanası var idi. Kim görsə, gülür, bu necə olur? –deyə suallar verirdilər. Bəziləri Zərdanın övladlıq olduğunu düşünürdü. Amma insan niyə özündən yaşlı uşağı övladlıq götürə. Oturub hesabladığlarında özləri ilə yaşıt birisinimi övladlıq alıblar? –deyə təzdən gülərdilər.

Nəvəsinin 20 yaşını qeyd edəndə isə Zərdan atasından daha böyük idi. Bəzən atasına, anasına müraciət edərkən öz-özlüyündə gülmək tuturdu. Özündən balaca insanlara ata, ana deyirdi.

Necə bitəcəkdi bu hekayə? Yatağa düşmüş Zərdanın can verərkən ətrafına toplaşmış övladları, nəvələri və kənarda onu izləyərək ağlayan atası, anası və 7 yaşlı bacısı ona baxacaqdı. Sonra hər kəslə vidalaşıb yaşamına son verəcəkdi. Üstündən illər keçəcəkdi. Nəvəsi qocalacaq, eyni yatağda uzanıb ətrafında övladları, nəvələri ilə vidalaşacaqdı. Yenə eyni küncdə dayanan babası, nənəsi, bibisi olacaqdı. Ağlayır, əlllərindən heçnə gəlmir ancaq. Bu bir neçə nəsil davam edəcək, bir yerdən sonra həmin küncdə dayanan insanların kim olduğunu unudacaqdılar. Onlar da kimdir elə? Bilmirəm, babamın öldüyü vaxtda orda idilər, mən də xatırlayıram, babam demişdi, onun da babası öləndə burdaydılar. Kimdir axı onlar? Hardan gəliblər?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31