Dənizin dili olsa...

Hər insanın dərdini tökdüyü o nəhəng Xəzər dənizi…
Nədənsə kimsə özünü pis hiss edəndə, həyatında hansısa bir çətinliklə üzləşəndə bu küləklə dalğalanan suya yaxınlaşaraq onunla söhbət edirmiş kimi dərtləşir. Ceyhun kimi. Ceyhun yarımçıq qalmış məhəbbətinin qurbanı idi. Artıq illər ötmüşdü, ancaq onun qəlbi bir saniyə belə nakam sevgisinə laqeyd qala bilmirdi. Bu gün o, yenə dənizin qırağına gəlib oturmuşdu. Həzin-həzin əsən külək yaşlılığın ona hədiyyə etdiyi ağ saçlarını üfürürdü. Üzündəki qırışlar isə sanki Mələyi üçün darıxdığı illərin sayı idi. 70-li yaşlarda olan bu kişi yalnız yaşayırdı. Tək-tənha, hər kəsdən uzaq. Bu, onun istəyi idi.
Ceyhun sevgisini doyunca yaşaya bilməmiş insanlardan biri idi. Taleh elə gətirmişdi ki, onun Mələyi mələk olub qollarının arasından uçub getmişdi. Ancaq Ceyhun bir dəfə də olsun, buna üsyan etməmişdi, onun qanadlanıb mələk olmasını qəbul etmişdi. O, sadəcə hər gün Xəzər dənizə gəlib dənizin coşqun sularına Mələyindən danışırdı. Çox vaxt ona elə gəlirdi ki, Mələyi də onun yanında oturub dənizin dalğalı sədalarını dinləyir. Bu xülya idi, hansı ki Ceyhun bu röyadan heç vaxt ayılmaq istəməzdi. Ancaq hər dəfə oyanmağa məcbur qalırdı, sonra isə heyifislənib evinin yolunu tuturdu. Mələksiz qalmış evinə gedib təhnalığını qucaqlayırdı.
Mələk də dənizi seyr etməyi sevirdi, hər istirahət günü birlikdə bura gələrdilər, səssizcə oturub dənizi izləyərdilər. Bəzən Ceyhun işdə çox yorulurdu deyə, istirahət günlərini evdə keçirmək istəyirdi, Mələk isə bundan inciyərdi. İndi o zamana qayıda bilsəydi Ceyhun nəinki istirahət günü, bütün günləri buraya gələrdi ki, təki Mələyin könlü qırılmasın. Ancaq o, artıq buralara Mələyini yad etməyə gələ bilərdi.
Mələk Ceyhunun ilk və yeganə sevgisi idi. Bəlkə də, ona görə bu eşq onun qəlbinin ən dərin yerində iz qoymuşdu. Onu ilk görəndə hələ hərbi xidmətdən təzəcə gəlmişdi. Daha çox gənc idi, ancaq Mələyi görən kimi onunla ailə qurmaq qərarı almışdı. Bu o qız idi, Ceyhunun həyatını birləşdirmək istədiyi o qız idi. Bir müddət sonra ailə qurdular. Bir qızları olmuşdu. Qızlarının adı Ahu idi. Ahu gözlü ahu...
Gözəl bir ailəsi vardı Ceyhunun, ta ki o vaxta kimi. Ahunun bir yaşı olanda Mələk xəstə düşdü. Uşaqlıqdan elə də sağlam olmayan, hər dəfə xəstəlik pəncəsinə düşən Mələyin zəif bədəni bu dəfə tab gətirə bilmədi. Bu, Ceyhun üçün qorxulu yuxu idi. Buna dözə bilmirdi. Mələyi hər keçən gün gözləri önündə əriyirdi. Ceyhun bu hekayənin acı sonuna nə qədər özünü hazırlasa da, o xəbəri gözləsə də, Mələyin gedişini eşitdiyi an dünyası yıxılmışdı. “Mələk öldü”. Bu iki kəlimə Ceyhunun cavan vücudunu iyirmi il qocaltmağa kifayət etmişdi. Ceyhun heç vaxt ağlına belə gətirməzdi ki, bir gün Mələyi onu tək qoyub gedəcək. İlk zamanlar bu cavan oğlana Mələyin gedişi o qədər ağır gəlmişdi ki, öz qızına belə yaxınlaşa bilmirdi. Tək yaşamaq istəyirdi, Ahudan uzaqda qalmaq istəyirdi. Ona görə də, Ahunu Mələyin anası böyüdürdü.
Üç il keçdi. Bu illər ərzində Ceyhun bir dəfə də olsun qızından xəbər tutmamışdı. Nəhayət, bir gün Mələyin anasının, öz ana-atasının təkidi ilə Ceyhun Ahunu görməyə razı oldu. Bu onuncun cəsur bir addım idi, axı bilirdi ki, Ahu Mələyə bənzəyir, onu görsə, Mələyi yenə yadına düşəcəkdi, halbuki Mələk bir saniyə belə beynindən çıxmırdı. Ahunu nənəsi Xəzər dənizinin ətrafındakı parka gətirmişdi. Ceyhun Ahunu ilk gördüyü andan xəta etdiyini anlamışdı, balasını özündən uzaq saxlamaqla həyatının ən böyük səhvini etmişdi. Elə o gündən qızını yanına aldı, özü onun qayğısına qaldı. Ahuyla birlikdə ata-bala kiçik bir yuva qurmuşdular özlərinə, bir də Mələyin ruhu var idi onlarla. Ceyhun, başqasının bu balaca ailəyə daxil olmasına icazə vermirdi. Mələyi unutmaq ağlına belə gəlmirdi, onun gözə görünməz ruhu ilə yaşadığı mənəvi eşq Ceyhuna kifayət edirdi. Ahuya hər gecə Mələklə yaşadığı gözəl zamanları hekayə edib danışırdı.
O vaxtlar Ceyhun hələ cavan olduğu üçün ətrafdakı insanlar ona tez-tez bu cümləni təkrar edirdilər: “Mələk yoxdu, yenidən ailə qurmalısan, yenidən öz həyatını qurmalısan”. Ancaq Ceyhun hər dəfə bunu rədd edirdi: “Olmaz, mənim qızım var, ona ögəy ana gətirmək istəmirəm, özüm böyüdəcəm onu”.
Ancaq bu bir bəhanə idi, qızını bəhanə edirdi. Çünki Ceyhun qəlbinə başqa qadın almaq istəmirdi, evdə başqa qadının simasını görmək, səsini eşitmək istəmirdi. Bunu Mələyə xəyanət kimi hesab edirdi.
İllər bir-birini ötdü. Ahu böyüdü, anası kimi ağıllı, gözəl bir gənc qız olmuşdu. Zaman yetişdi və bu qız gəlin köçdü. Yenə Ceyhuna dedilər:
“Bax qız köçəri quşdur, artıq o da öz həyatını qurdu, bəs sən?”. Ceyhun yenə istəmədi: “Biz onsuz da Mələklə ayrılmamışıq ki! Onun ruhu mənimlədi, sadəcə bir müddət gözləməliyəm ki, axirətdə yenidən görüşək”.
Xəzər dənizinin dili olsa Ceyhunun yaralı qəlbindən danışardı, onun Mələklə keçirdiyi cəmi üç ilin bir ömürə kifayət etdiyindən bəhs edərdi. Ceyhunun sonsuz Mələk eşqindən söhbət açardı. Dəniz suları dilə gəlsə, minlərlə Ceyhundan danışardı.
Dənizin dili olsa
Dənizin dili olsa
Danışar səssiz yaşayanlardan
Ürəklərdə qalmış nakam sevdalardan.
Bəhs edər yaralı könüllərdən
Qəmində boğulan kəslərdən
İztirab çəkən aşiq kimsələrdən
Qüssəyə bürünmüş qəlblərdən
Ürəyi qırılmış kimsələrdən.
Dənizin dili olsa
Söhbət açar o kəslərdən
Dərdini açmış kimsələrdən
Çarə axtaran sevdalı ürəklərdən
Onların dərmansız eşqlərindən
Əlacsız qalmış o kəslərdən.
Diliylə deyil,
Ağzıyla deyil
Könlüylə qəmini bölüşənlərdən
Qurumayan göz yaşıyla
Dincəlməyən ürək ağrısıyla
İçindəki acını tökənlərdən.
Dənizin dili olsa
Danışar dinməz sevdalardan
Qabıq bağlamamış yaralardan
Dənizin sərin sularına
Ən dibdəki torpağına
Qərq olmuş əhvalatlardan
Cavabı olmayan suallardan
Sonsuz yaşama can atanlardan
Onların həyata qarşı
Yaşamağa qarşı
Yarımçıq qalmış sevdalarından.
Gülnar Nəzərova
Manera.az