Yaradıcılıq fakültəsinin tələbələri üçün QİSMƏT yazır... | MANERA.AZ
![]()
Sözə və sükuta könül vermiş Yaradıcılıq fakültəsinin tələbələri üçün.
Giriş yerinə
İndiyə qədər senzura əleyhinə yazılmış ən yaxşı əsər, bəlkə də, Rey Bredberinin “Farengeytlə 451 dərəcə” romanıdır. Tələbəlik illərimdə böyük zövqlə oxuduğum, sehrindən bir neçə müddət çıxa bilmədiyim bu romanda baş-ayaq, tərsinə bir gələcək təsvir olunur. Bu qəribə gələcəkdə yanğınsöndürənlərin funksiya dəyişib, onlar artıq yanğın söndürmür, təlimat üzrə konkret ünvanlara gedib kitabları müsadirə edir, toplayıb yandırırlar. Həmin romandakı iki yanğınsöndürənin dialoqunu bu gün də xatırlayıram. Təxminən belə, birinci soruşur: Deyəsən işlər kasaddır? İkinci cavab verir: Hə, dünən Dostayevskini yandırmışıq, bu gün Folkneri…
Bredberinin yanğınsöndürənlərindən biri – romanın baş qəhrəmanı Qay Monteq bir gün yandırmalı olduğu kitablardan birini xəlvətcə oğurlayır və necə deyərlər, “bir gün bir kitab oxuyur və bütün həyatı dəyişir.” (Orxan Pamuk, “Yeni həyat) Bundan sonra o, daim “iş vaxtı” kitab oğurlamağa başlayır və get-gedə adı axtarışda olan “cinayətkar”ların siyahısına düşür. Qısaldıb deyim, Monteq sonda öyrənir ki, şəhərdən aralıda, meşənin içində “kitab cinayətkarların”dan ibarət bir qrup yaşayır və gedib onlara qoşulur. Meşədəki bu alternativ cəmiyyətdə hər adam bir kitabı əzbər bilir və bu adamlar öz adlarından imtina edib əzbər bildikləri müəllifin adını götürüblər. Birinin adı Stendaldı, birinin adı Tolstoy, bir başqasının adı Kafka…
Uzaq tələbəlik illərində göz yaşları içində oxuduğum bu kitabın ötürdüyü mesaj bu gün də mənim əsas devizimdir: Xilas ancaq kitablardadır və gələcəyi xilas etmək həmişə mümkündür!
Yazmağa yeni başlayanların, fikrimcə, öz sənətlərinə və dünyaya münasibətdə formalaşdırmalı olduğu başlıca etik-mənəvi dəyər budur: Təşnəliklə oxumaq! Oxumadan yazmaq əxlaqsızlıqdır. İstəyirəm biləsiniz ki, bizim sənət mühitimizdəki ən böyük şizofreniya, nəsildən nəsilə ötürülən ən böyük paradoks həmişə bu olub: həm kitabdan, mütaliədən uzaq qaçmaq, həm də kitablar çap etdirmək, yazılar yayımlamaq. Təcrübə göstərir ki, ani gələn parıltı, şöhrət, zəhmətsiz , mütaliəsiz adətən tez də sönür və əfsus ki, həmin qəfil şöhrətin xarabalığında adətən cahil cəsurluğu, qəzəb, kin-küdurət, qışqırıq çiçəkləri çırtdamağa başlayır.
Gələcək dərslərdə tez-tez xatırlatmaq şərtilə, hələlik mütaliə haqqında bu qədər. Keçək, yazmaq məsələsinə.
İndiki dövrdə ironik və bir az da təhqiramiz səslənən bir ifadə var: “Bizim xalq şair xalqdır.” Bu ifadə nə qədər banal səslənsə də, az qala hər evdə bir şeir qoşan, ya da “istəsəm yazaram” deyən adamın olduğu inkar olunmazdır. Sosial şəbəkələrin, smartfonların çağdaş insan həyatının ayrılmaz hissəsi olduğu indiki dünyada yazmaq – nəliyindən və necələyindən asılı olmadan – gündəlik fəaliyyətdir. Umberto Eko bu barədə Jan Klod Kariyerlə etdiyi söhbətdə deyir ki, biz klaviatura ilə əlifba dövrünə qayıtdıq. Məncə, hamının hər gün status, komment, tvit, mesaj yazdığı indiki dünyada bütün xalqlar artıq “şair xalqdır”.
Şəbəkə ədəbiyyatı bu gün sürətlə populyarlaşmaqdadır. Səbəbi sadədir: burda hər şey bircə anda baş verir – mətni yaymaq da, reaksiyasını görmək də. İndi, deyəsən, meyar “layk”dır, “paylaşım”lardır. Olsun, təbiidir. Harda olur-olsun – virtuallıqda, ya reallıqda – təzə başlayan yazar həmişə yazdığının necə olması ilə maraqlanır, təsdiq gözləyir. Çünki hələlik öz mətni haqqında özü qərar verə bilmir, yoxsa özgələrə üz tutmazdı. Bütün dünyadakı yaradıcılıq atelyelərinin qiymətli tərəflərindən biri də budur: təzə başlayan yazarların daxili tənqidi gözünü açmaq, öz mətnlərinə qarşı qəddar olmağı öyrətmək, özünə inamı artırmaq. Gənc yazarın bədii mətninin keyfiyyəti o vaxt yüksəlməyə başlayır ki, onun içindəki daxili tənqidi göz açılır və o, öz mətnini GÖRMƏYƏ başlayır.
Yeri gəlmişkən, bu gün dünyada məxsusi sahə kimi geniş yayılan yaradıcılıq proqramlarına, yaradıcı yazı dərslərinə münasibət heç də birmənalı deyil. Vərdiş olunmuş düşüncə budur ki, yazmağı öyrətmək mümkün deyil. Şübhəsiz ki, belədir; yaradıcılıq individual, fərdi məsələdir. Bəli, ədəbiyyat aləmində başqa sənət sahələrindən daha çox “ilham, fəhm, təb, istedad” kimi izahsız şeylərdən danışılır. Sözsüz ki, insanın psixologiyası ilə, təhtəlşüuru ilə birbaşa bağlı olan yaradıcılıqda – xüsusən də ədəbiyyatda – bu cür qaranlıq məsələlər çoxdur və görünür həmişə də olacaq. Amma məncə, məsələyə bir az da başqa rakursdan baxmaq olar. Bu cür proqramların məqsədi, kobud şəkildə desək, istedad paylamaq, ya da yazıçı istehsal etmək deyil. Söhbət rəssamlıq kimi, bəstəkarlıq kimi, yazının təməl prinsiplərini, öyrədilməsi mümkün tərəflərini göstərmək, uzun və məşəqqətli yaradıcılıq yoluna könül vermiş gənc yazarların çaş-başlığına çıraq tutmaqdır.
Mənim yadıma öz təlimini gəzə-gəzə tələbələrinə ötürən Aristotelin peripatetik məktəbi düşür. Mənim yadıma şərqdəki məşhur ustad-şəyird münasibətləri düşür…
Kim bilir, bəlkə də gənc yazar üçün bir yox, bir neçə insanın düşüncəsindən keçib öz yolunu tapmaq daha sağlam yoldur. Fərqli fikirlər təklif olunanda, onun seçimi daha obyektiv ola bilər.
Bir də unutmayaq ki, insan nəyi öyrənibsə, analiz edərək, tikə-tikə etmək bahasına olsa da, parçalayaraq öyrənib. Əgər insan nə vaxtsa meyit yarıb anatomiyanı öyrənməyə çalışmasaydı, bu gün nə Da Vinçinin tabloları vardı, nə də biologiya elmi. Ona görə də böyük türk romançısı Oğuz Atay deyirdi: “Qərbli hər şeyi analiz edir, biz hər şeyə heyran oluruq.”
Hələ eşitməmisiniz yəqin, amma tezliklə eşidəcəksiniz ki, bədii mətnin analizinə birmənalı yanaşmayan, hətta düzgün hesab etməyən, bu cür analizlərin əsərin saflığını, bəkarətini pozduğunu deyənlər var. Mən istərdim ki, siz bu saflıq, bəkarət kimi qeyri-ciddi, başdansovdu və basmaqəlib sözlərə inanmayasınız. Yazmaq və yazılanları analiz etmək, yəni avtomatik olaraq oxumaq, insanı yetkinləşdirən, başqalaşdıran prosesdir. Seçiminiz edin: bakir(ə) qalmaq istəyirsiniz, yoxsa yetkinləşmək?
Özgəsi deyilsiniz, gəlin sizə bir sirr də açım. Bütün dünyada “Creative Writing”, yəni Yaradıcı Yazı dərslərinin, proqramlarının çoxalması ədəbiyyatın ticariləşməsi ilə düz mütənasib asılıdır. Bestsellerlərin böyük gəlir gətirməsi, təkcə ən adi adamlara yazmağa təşviq etmir, həm də böyük qurumların bu sahəyə maliyyə ayırmasına gətirib çıxarır. Ona görə də istərdim biləsiniz ki, sizin aranızdan həqiqi ədəbiyyatçılar çıxması ehtimalı ilə müştəri marağına hesablanmış mətnlər yazan müəlliflərin çıxması ehtimalı arasında yəqin ki, uçurum olacaq. Amma bunu da dərd etmək lazım deyil, kitab bazarını dirçəldən katalizatorların da öz xidməti və bu heç də az şey deyil.
Fikrə əlavə kimi deyim: istisna da olsa, bəzən dolanışıq üçün, ticari münasibətlər kontekstində yazılan mətnlərindən içindən də böyük ədəbiyyat çıxır. Xatırlayaq, Çexov bəzi hekayələrini pul üçün yazırdı, hətta ona hekayə ideyası verənə qonorarının yarısını təklif edirdi, Dostayevskinin qumar borclarını isə bilməmiş olmazsınız… Amma unutmayın: istisnalara arxalanmaq olmaz.
Bunun ardınca, çoxunuzun tez-tez ürəyindən keçən başqa bir təlaşlı sualı da eşidirəm elə bil: təsirə düşmək qorxusu. Sizə deyim ki, bu qorxu çox normal, təbii və lazımlı olduğu qədər, həm də həddindən ziyadə şişirdilmiş, hətta bəzi adamların dilində axmaqcasına özünümüdafiə alətinə də çevrilmiş məsələdir. Bu, bir az da yaşadığımız coğrafiya, bağlı olduğumuz ənənələrlə bağlıdır. Gələcəkdə bu haqda danışarıq. Hələlik isə sizə deməliyəm ki, çağımızın ən böyük ədəbiyyatşünaslarından olan Harold Blum bu qorxu haqqında ayrıca kitab yazıb: “Təsirlənmə əndişəsi”. Bu kitabda Blum yazır ki, təsirə düşmək qorxusunun özünü yaradıcılığa xidmət etdirmək mümkündür, məsələn, Şekspir öz sələfi Marlonun təsirindən canını qurtarmaq istəyə-istəyə şedevrlər yaradıb. Müəyyən dövrdə ədəbi təsir nəinki qaçılmazdır, hətta vacibdir. Valerini xatırlayaq, o deyirdi: “Bir şey heç nəyə bənzəmirsə, demək ümumiyyətlə mövcud deyil.”
Giriş üçün bunlar kifayətdir. Gələn dərslərdən artıq müzakirə etməyə başlayacağıq ki:
Seçdiyiniz mövzular nə qədər məxsusidir, yoxsa elə hamının ilk ağlına gələn şeyləri təkrarlayırsınız?
Yazı diliniz gündəlik, şifahi nitqinizə oxşayır, yoxsa sözləri ölçüb-biçib istifadə edirsiniz? Bunlardan hansı məqsədəuyğundur?
Yaratdığınız personaj boş-boş danışır, yoxsa hər cümləniz onun vəziyyətinin və xarakterinin bir tərəfinə işıq salır?
Kompozisiya hissiniz necədir?
Və əlbəttə ki, təkcə bunlardan yox, həm də başqa şeylərdən danışacağıq. /Sİm-SİM.az