Qaç, Lola, qaç | Sabir Yusifoğlu
Üstünə viruslar, infeksiyalar
böhtanlar, bombalar tökülər.
Havada xərçənglər uçur,
yerdə-xərçəngkimilər.
“Nə sağalt, nə də öldür!”
tapşırığını alıb həkimlər.
Hələ ki, tutmayıb səni xəstəlik
dayanma qaç.
Şəhid anasını qapıdan qovan fərariyə “Vətənə xidmət”,
şərəfsizə “Şöhrət” ordeni,
Xalqsıza “xalq...nə bilim nəyi.” adı verilir,
gözəlim Lola...
Fil sümüyü daşıyır
adamyeyən prezidentin
ölkəsində ac uşaqlar
toppuş xanımların yumşaq yerinə.
Qarabağ atları öyrənib daha
xəyanət dilində sığallanmağa.
Bir qız "Qız qalası"ndan,
bir kişi “Koroğlu” körpüsündən
atacaq indi özünü ölümün qucağına.
Qaç Lola,
hələ ki havalı maşınlar tapdalamayıb,
bəlkə göydə tutdun ruhlarını...
Sürüşkəndi “Torqovı”nın yolları
Səhra kişilərini ərəb atları kimi
minir gecəquşları.
Hamı bir-birindən qaçır,
Hamı bir-birinə qaçır,
Qaç Lola, sən də qaç!
Anam o dünyada üzü qibləyə
əlini başına, dizinə çırpır:
“Bu uşaq əl çəkmir kafir qızından”.
Qaç Lola,
nə ola-ola!
Şengen vizasından, bu Yer üzündən...
Ərəb yarımadası bolluqdan çökür,
Dübay qızlarının sonu boşluğdu.
Keşişlər, abbatlar, şeyxlər, mollalar
Nəşə alverində, qaz alverində,
uşaq alverində, qız alverində,
hamısı, hamısı öz alverində...
Şeytanı daşlayır
pinqvin-pinqvin yumru xanımlar.
şeytanlar başını əyər,
daşlar ayağına dəyər,-
Qaç Lola!
İllər əlimdən çıxır,
güllər əlimdən çıxır,
tellər əlimdən çıxır.
Allah da bezib qaçır,
sən də qaç Lola...
Sabir Yusifoğlu
İyul, 2016