manera.az
manera.az

Günəş də bir rəssamdır - Uşaq şeirləri

Günəş də bir rəssamdır - Uşaq şeirləri
MANERA.AZ Ələsgər Əlioğlunun uşaq şeirlərini təqdim edir:

Tərsinə əssin...

Gözə görünməsə də,
Külək haray qopardı.
Əlimdən alıb şarı,
Cəld özüylə apardı...

Şarı geri qaytarmaq,
Fikrinə düşsə külək,
Bundan ötrü qayıdıb,
Tərsinə əssin gərək!..

Budaqda...

Güllükdədir Ələsgər,
Gəzir belədən-belə.
Bircə gül də görmürəm,
Onun əlində hələ...
Bu qədər gül içində,
Ələsgər əliboşdur...
Deyir:
- Gülü budaqda
İyləmək mənə xoşdur!

Dənizdə çimən torpaq

Turqut mindi gəmiyə,
Dənizdə gəzsin deyə.
Kiçik bir ada görüb,
Gülümsədi bu qoçaq:
"Yəqin, çox istilənib,
Dənizdə çimir torpaq!..".

Rəssam günəş

Günəş də bir rəssamdır,
İşə başlayar səhər.
Qəribədir,
Şəkli o,
Daim fırçasız çəkər.

Çəkər adam, inək, at,
Qoyun, quş, ağac, dirək...
Bu rəssamın hər şəkli,
Olduqca çıxar qəşəng...

Şəkillərin hamısı,
Pozular axşam çağı.
Günəş şəkillərini
Kölgəylə
çəkər axı!..

Carçı qırov

Yenə qış gəlir,
Qırov
Ələnir narın-narın.
Turqut deyir ki,
Qırov
Carçısıdır ilk qarın...
O qabaqca gəlib ki,
Xəbərdar etsin bizi.
Çox çəkməz...
Bu gün-sabah,
Görünər qarın özü!..

Torpağın darağı

Dırmıqla
Daradım
Torpağı.
Dırmıqdır
Torpağın
Darağı.

Qaçmağın sirri

Qış bürüyüb obanı,
Hər tərəfi alıb qar.
"Qaçdı-tutdu" oynayır,
Həyətdəki uşaqlar.

Kiçik Turqutu ancaq,
Bir kimsə tuta bilmir.
Özündən böyüklər də,
Ona heç çata bilmir.

Bunun sirri nədir, nə,
Sizə mən açım gərək.
Oğlanın ayağında
Var bir cüt qəşəng xizək...

Dəcəl cığır

Ora-bura dolanan,
Bu cığır çox dəcəldi.
Dayanmadı bir yerdə,
Üz tutdu hara gəldi...

Gah dırmaşdı qayaya,
Gah da dərəyə çıxdı.
Nə bir bizi eşitdi,
Nə də bir sözə baxdı...

Hərləndi sola-sağa,
Axır tamam yoruldu.
Bizi çıxardı yola,
Amma özü yox oldu...

Buzov

Qəşəng buzov, səs-küy salma,
Sakit dayan, dəcəl olma.
Sən ki hələ ot yemirsən,
Səhər-axşam süd əmirsən.
Kürrüklənmə anan üçün,
Gəlib çıxar...
Qoy batsın gün...
Otlaqdan tez gəlsə anan,
Sənin qarnın doymaz, inan...

Üç xoruz yemişəm...

- Evdə əyləşib bayaq,
Düz üç xoruz yemişəm.
- Qarnın partlayar sənin,
Yalan danışma, Qəşəm.
- Niyə inanmırsan sən,
Danışmıram mən yalan...
Doğru sözümdür axı,
Dediklərimə inan.
Üç xoruz da yeyərəm,
Deyərəm hələ azdı.
Mənim bu yediklərim
Bil ki, şirni xoruzdu...

Yazda sayaram

- Bir de görüm,
Ovcumda
Neçə tum var, ay Sabir?
- Apar ək,
Qoy cücərsin,
Yazda sayaram bir-bir!..

Günəbaxan

Yazda dirriyimizdə
Günəbaxan əkmişəm.
Hər cür qulluq göstərib,
Qayğısını çəkmişəm.

Böyüyüb günəbaxan,
Qəşəng dişləri çıxıb.
Mən qayğı göstərsəm də,
Boylanıb günə baxıb...

Tamam yetişib indi,
Boylanmır günə sarı.
Bir an da ara vermir,
Baxır o,
Mənə sarı...

Güclənən çay

Ələsgərin dostları,
Gəlmişdilər şəhərdən.
Onlar dərəni-dağı,
Gəzirdilər səhərdən...
Uşaqlar dolandılar,
Yaşıl dərəni-dağı.
Sonra da gəzə-gəzə,
Endilər çay aşağı.
Hər tərəf gül-çiçəklik,
Hər tərəf də yaz idi.
Burada cayın suyu,
Çox deyildi,
Az idi...
Saymaq olardı bir-bir,
Dibindəki daşları.
Seçilirdi rəngləri -
Qara, boz, yaşıl, sarı...
Gəzə-gəzə uşaqlar,
Gəldilər çay aşağı.
Burda bacarmadılar,
Bu çaydan adlamağı...
Özünün məcrasına
Güclə sığışırdı çay.
Həyəcanlanıb onlar,
Saldılar tez hay-haray...
Ələsgər durub indi,
Bir xeyli getdi fikrə.
Təbəssüm qondu onun
Üzünə birdən-birə.
O dedi:
"- Bilirsiniz,
Çay niyə aşıb-daşır?..
Axı yuxarılarda,
Ona çox arx qarışır...
İki yolumuz vardır,
Gəlin birini seçək.
Ya geri qayıdağın,
Ya da körpüdən keçək.
Körpüyə çox qalmayıb,
Cəmi beş-on addım var.
İkinci yol yaxşıdır,
Düşünürəm, uşaqlar!"
Uşaqlar boylandılar,
Gah sola, gah da sağa...
Onlar razılaşdılar,
Körpüdən adlamağa...

Bal qoxusuna...

Qışda ayı getmişdi,
Qış yuxusuna.
Yazda ayı oyandı
Bal qoxusuna.

"Rəssam Turqut" silsiləsindən

Qanadsız ley

Bir ley şəkli çəkdi Turqut,
Baba yaxın gəlib baxdı.
Dedi:
- Turqut, leyin axı,
Caynaqları niyə yoxdu?..
Turqut güldü,
- Bil, ay baba,
Ona caynaq çəkmək olmaz.
Yoxsa bizim qapımızda
Nə toyuq, nə cücə qalmaz!

Yumurta şəkli

Kiçik Turqut albomunda,
Bir yumurta şəkli çəkdi.
Sonra dedi:
- Nənə, bir bax,
Gör bu cücə nə qəşəngdi.
Nənə tərs-tərs baxdı ona:
- Yumurtadır!..
Cücə nədir!?
Turqut güldü:
- Cücə hələ,
Yumurtanın içindədir!..

Günəş də bir rəssamdır - Uşaq şeirləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031