manera.az
manera.az

Yaşantının yeni məcrası – Akif Azalp yazır

Yaşantının yeni məcrası – Akif Azalp  yazır
Çağdaş Azərbaycan gənclər poeziyasında baş verməkdə olan axtarış və yenilənmələri görə bilmək baxımından onun istedadlı nümayəndələrindən biri kimi Tural Turanın yaradıcılığı ayrıca maraq doğurur. Belə ki, gənc şairin son illərdə ana dilində ard-arda çap olunmuş “Mənə bir az o dünyadan danışın” (2010), “Bələksiz qığılcım” (2015), “Tanrı qağaya ismarış” (2017) kimi bir sıra şeir kitablarında dünya poeziyasına məxsus son yeni estetik istiqamətlərin ovqatını və özünəməxsus yaradıcı vəhdətini yaxından müşahidə etmək mümkündür.

Başqa tərəfdən, həmin şeirlər təxminən otuz il ərzində amansız müharibə faciələrini yaşamaqda olan bir xalqın, xüsusən, onun qadınları və uşaqlarının mürəkkəb ruhi durum və ovqatının əks etdirməsi ilə diqqəti çəkir. Nəinki diqqəti çəkir, son nəticədə daha çox Tural Turanın o məşum müharibənin yaşıdı, şeirlərinin isə həmin xalqın tale yoldaşı olduğuna oxucunu dərindən inandırır.
Şeirlərindəki bir çox obraz və rəmzlərin ilk baxışda bir qədər çətinliklə həzm olunması, ancaq həzm olunandan sonra uzun müddət oxucunu özünə vurğun etməyi də, hər şeydən öncə onların forma və məzmun özgürlükləri ilə bağlıdır. Sözügedən yeni obrazlılıq tərzini və yalnız Tural Turana məxsus bədii ifadə üsulunu hətta topludakı bir sıra poetik örnəklərin sərlövhələrində, yaxud ilk misralarında da asanlıqla tutmaq olar: “Çöl-çöl quruyan yerişlər”, “Gecə vaxtı Heynrix Böldən kitab oğurla gətir”, “Qapısız qonaq”, “Salam qara çadır, günaydın olsun!”, “Əzrailə qoşulub qaçan adam”, “Süd qoxulu ağrılar”, “Qırışlarım at nalı”, “İşıqlar üstümə hürür”, “Gözlərin həmişə qolumdakı saatdan on-on beş dəqiqə qabağa qaçır”, “Ağaclar avqustda danışır”, “Bütün səslər öpüşün belindən gəlib”, “Səninləyəm, ay işığı”, “Üstü tozlu huş” və s. və i.a.x.

Ən mühümü, lirik “mən”in ən müxtəlif yaşantıları nə qədər ağrılı və mürəkkəb olur-olsun, onların özgün poetik ifadəsi nə qədər qəribə duyulur-duyulsun, adından da göründüyü kimi özbək türkcəsində nəşr olunan “Qaranlığın aydınlıq adı” toplusuna girən şeirlərin əsas qayəsini və mahiyyətini sabaha ümid və gələcəyə inam müəyyənləşdirir.
Kitabdakı şeirlərin özbək dilində necə səslənməsi məsələsinə gəlsək, istedadlı gənc tərcüməçi Şahistə Artıq Kamranlının bu olduqca çətin vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələ bildiyini ayrıca vurğulamaq lazımdır.

Akif Azalp
Azərbaycan – Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031